Qadından daha ehtiraslı...

Qadından daha ehtiraslı...
8 iyun 2019
# 17:10

Kulis.Az Sonuncu Orxanın “Somerest Moemin “Ay və qara qəpik” romanı haqqında bir neçə söz” yazısını təqdim edir.

Yağışlı günlər keçib gedib, ardından günəşli günlər təşrif buyurub. Evdəyəm yenə, bekar günlərimdən biridir. Amma bu dəfə darıxıb eləmirəm, lap yaxşıyam. Son günlər məndə şiddətli oxumaq ehtiyacı yaranıb. Bunu qarşılamaq üçün hərisliklə kitab şkafıma baxıram, nədən başlayım deyirəm öz-özümə. Knut Hamsun “Aclıq”, yox bunu oxumuşam, Kafkanın “Atama məktub”u... Bunu da oxudum o gün. Somerest Moemin “ Ay və qara qəpik” romanın üstünə diqqət kəsilirəm. Bunu çox tərifləmişdi dostlarım, dedim, oxuyum görüm bu nəmənədir.

“Ay və qara qəpik” romanı dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır. Üstəlik yazıçı “Sənətkar yaşadığı cəmiyyətin əxlaq qanunları ilə uzlaşmalıdırmı?” sualına qarşılıq rəssam Striklendin həyatını qoyur.

Özü də insan təbiətinin bütün ziddiyətləri ilə. İstedad, qəddarlıq, alicənablıq, xudpəsəndlik.

Striklend ənənəvi ingilis həyatı yaşayan, sakit, qaradinməz, heç bir maraqlı tərəfi ilə diqqəti çəkməyən bir obraz kimi təqdim olunur oxucuya.

Bir gün o heç bir səbəb olmadan evi tərk edir və birdəfəlik Parisə köçür...

Çaş-baş qalırsan, Striklend niyə evdən getmişdi?! Hamının ehtimal elədiyi kimi bəlkə bütün pullarını toplayıb hansısa əxlaqsız qadına qoşulub qaçmışdı? Bu anlaşılmazlığın sehrinə düşüb başlayırsan hər sətri diqqətlə oxumağa.

Yazıçı birdən kameranı Parisə tərəf döndərir. Görürük ki, Striklend əslində bura nə hansısa qadından ötəri, nə də başqa bir qayğıdan ötəri gəlmişdi.

Striklendi Parisə çəkib aparan sənət eşqi olmuşdu ki, o birdən-birə içində partlamışdı və bu fövqəlgücə qarşı çıxa bilməmişdi, bütün bədəni bu ehtirasın dalınca getmişdi. Bu bəlkə də həyatın adiliklərinə qarşı insan romantikasının qiyamı idi.

Striklend qaradinməz idi, az danışırdı, görünür sözlər onun zəkasını işıqlandıracaq qədər qüdrətli deyildi. O, özünü ifadəni, həyata etirazı sənətdə tapmışdı - rəssamlıqda. Həm də o həqiqətinə möhkəm şəkildə bağlı idi.

Amma eyni zamanda xaraktercə ziddiyyətli adam idi. Nə sevə bilirdi, nə kiməsə xoş bir münasibət göstərə bilirdi, üstəlik ona emalatxanasından, evindən təmənnasız istifadə üçün şərait yaradan rəssam dostu Stryova da xəyanət eləmişdi... Arvadını əlindən almışdı, sonra həmin qadını da buraxıb getmişdi.

Sevgi insan təbiətinin nəcibliyindən doğur, sevgidə qayğı, xeyirxahlıq, sevinc bəxş etmək, özünü fəda etmək duyğusu var - Striklenddə bu yox idi. Onun əvəzinə istehza var idi onda...

Striklendi birdən Taitidə görürük... Bura onun üçün xoşbəxtlər ölkəsi idi bəlkə də. Burda ruhi rahatlıq tapmışdı. İnsanlar onun qəribəliklərinə, yaradıcı təbiətinə təbii bir şey kimi baxırdılar. Striklendin axtardığı bu idi - onu bütün mənfi, müsbət tərəfləri ilə qəbul edən insanların əhatəsində olmaq, heç bir maneəsiz yaradıcılıqla məşğul olmaq.

Yaradıcı insan təbiəti bu cürdür, özünü heç bir yalana inandıra bilmir, adilikdən, təkrarlardan bezir, tükənir, cəmiyyət qanunları onu öz burulğanında boğmaq istəyir...

Amma sənətin gücü Tanrının gücüdür, bütün yaradılışın gücüdür, o hər şeyi bir rəssam barmağı ilə kənara itələyə bilir, hər şeyin fövqündə dayana bilir.

Striklendin də etirazı yaradıcı etiraz idi. Cəmiyyətin bütün iyrəncliklərinə, saxtakarlığına qarşı. İncəsənətdə ən maraqlısı sənətkarın şəxsiyyətidir, sənətkar heç kimə bənzəmirsə, orijinaldırsa onun səhvlərini bağışlamaq olar.

Belə...Qabağımda çayım soyuyub, dəyişməyə ərinirəm.

# 1980 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #