Bob Dilan türk olduğunu harda deyib?

Bob Dilan türk olduğunu harda deyib?
4 noyabr 2016
# 12:24

Orxan Aras

On il əvvəl günəşli bir bazar günü Frankfurtda Main çayının sahilində oturub günəşlənərkən telefonum çaldı. Doğrusu kefim pozulsun istəmirdim. Telefonu açmadan əvvəl axtaranın kim olduğuna baxdım. İş yoldaşım Dieterdi. İşlə əlaqədar bir vəziyyət var düşüncəsiylə telefonu açdım. Gülərək;

- Sənin türklərin gəliblər, dedi.

Çaşdım.

- Mənim türklərimmi? Hansı türklərim?

- Römerberg meydanına gəl, görərsən, dedi.

Həyəcanla qalxdım və sürətli addımlarla köhnə körpüdən keçib Römeberg meydanına getdim. Meydanın ortasında bir qrup amerikalı arxalarına yerli rəngli kilimlərindən atmış, hörgülü saçlarını önlərinə tökmüş, qısa fleyta və davullarıyla maraqla izləyən almanlara musiqi ziyafəti verirdilər.

Musiqi qrupuna ən yaxın yerdə Dieter xanımıyla durmuş musiqiyə temp tuturdu. Məni görüncə yanıma gəldi.

- Həmişə deyirdin bizə ki, bunlar sizə qohumdurlar… Bax, kilimləri də sizin kilimlərə bənzəyir.

Həqiqətən də arxalarına atdıqları kiçik kilimlər eynilə bizim oralarda toxunan kilimlərə bənzəyirdi.


Əslində bütün bunların “günahkarı“ türkoloq Prof. Dr. Hermann Vary idi. Almaniyaya ilk gəldiyim aylarda Bochum Universitetində dil məktəbinə başlamış və boş zamanlarımda da Hermann Varynin dərslərinə davam etmişdim. Müəllim çox maraqlı adam idi. Altı il Türkiyədə qalmış və çox gözəl türkcə danışırdı. Dərslərində romalı etrusklardan, şumerlərdən bəhs edər, onların dillərindəki türkcə sözlərdən nümunələr verirdi. Bir dərsində Koreya dilində iki min türkcə söz olduğunu söylədi. Sonra Amerikadakı qırmızıdərililərin Asiyadan buzlaqların üzərində necə Amerikaya keçdiklərini, ənənələrində və dillərindəki türkcə bənzərlikləri izah etdi. Bütün bunlar mənə o qədər təsir etmişdi ki, sonra çalışdığım yerlərdə almanlara da bunları danışmışdım. Onlar da harada romalı, amerikalı yerlilər və koreyalılarla əlaqədar bir şey görsələr dərhal mənə xəbər verirlər, "gəl, sənin türklərin gəlib," deyərdilər.


Bu aralar məşhur müğənni Bob Dilan Nobel Ədəbiyyat Mükafatı alınca yadıma iş yoldaşım Dieterin zarafatcıl baxışları gəldi. İndi desəm ki, Bob Dilan da türk, dərhal yenə istehza ilə zarafatlarına başlayacaqdı. Amma mütləq ona Bob Dilanı 2008-ci ildə almancaya da tərcümə edilən "Salnamələr" kitabını göstərər, özümü haqlı çıxardardım. Bob Dilan kitabında uzun-uzun atalarının haradan gəldiklərini izah edir. Onun babası Zigman Zimmerman və nənəsi Anna Zimmerman Qağızmandan Odessaya, oradan da Amerikaya köçmüşlər. Qağızman dedikləri yer bizim İğdıra 40 kilometrdir. “Salnamalər“ kitabında babası və nənəsi haqqında bunları yazmış:

"Nənəmin üzündə həmişə bir ümidsizlik vardı. Nənəmin çox çətin bir həyatı olub. Trabzondan Rusiyada bir liman şəhəri olan Odessaya, oradan da Amerikaya köç etmişlər. Nənəmin ailəsi əslən Ermənistan sərhədindəki kiçik bir qəsəbə olan Qağızmandanmış. Soyadları "Qırğız" mış. Ata ailəsi də eyni bölgədən gəlir. Dəri və ayaqqabı işləri varıymış. Nənəmin ataları İstanbuldan bu bölgəyə gəlmişlər. "

Gəncliyində, müğənni Ritchie Valesin səmadakı uzaq ulduzları və sirr dolu türkləri izah edən "Bir türk qəsəbəsində" mahnısını davamlı oxuduğunu yazan Bob Dilan, anasının da bir türk dostu olduğunu və davamlı evlərinə gəlib getdiyini izah edir.

Bəli, Bob Dilanın kökü bizim torpaqlardandır. Bu artıq iddia deyil, onun öz sözləridir. Onun sözləri bir başqa həqiqəti də bizlərə xatırlatması baxımından çox əhəmiyyətlidir. Qağızman, Qars, İğdır bu əsrin əvvəlində türk, erməni, kürd, alman, yəhudi, hətta Rum kökənli kimi müxtəlif növ xalqların, mədəniyyətlərin bir arada sülh içində yaşadıqları və dostluğun mahnılarını söylədiyi bir yer idi. Çar Rusiyasının o doymaz iştah və fitnəkarlığı ilə bu birlik pozuldu, o dostluq mahnıları qarğışa çevrildi. Xalqlar yerlərindən edildilər, aralarına qan, düşmənçilik girdi və hər biri dünyanın müxtəlif bölgələrinə dağıldılar. Amma çoxunun dillərində eynilə Bob Dilanın dilində olduğu kimi həmişə sirr dolu türk qardaşlarını xatırladan mahnılar və həsrət qaldı.

Bob Dilan bu il Nobel ədəbiyyat mükafatını alınca ədəbiyyatçıların çoxu çaşdı, hətta qarşı çıxanlar, ağız büzənlər oldu. Amma onun "On dəqiqədə Nyu-Yorkda bir kafedə yazdım," dediyi "Blowin in the Wind" (Küləkdə uçur) mahnısı və sözləri əslində insanı, təbiəti və onların bilinməzliklərini izah edən ən gözəl ədəbiyyat nümunəsi deyilmi? 1960-cı illərə damğasını vuran və bütün üsyançıların dillərində gəzən bu mahnının sözlərini yaza bilmək üçün hansı ağrıların içindən keçmək, hansı sirlərin qollarına atılmaq lazımdır?

”The Rolling Stone“ qrupunun "Bütün Zamanların Ən Yaxşı 500 Mahnısı" yığmasına bu mahnı üçün bunlar yazılmışdı: "Hər şeyin dəyişməsi lazım olduğunu və dəyişəcəyini qarşıya qoyan, hər məqsədə uyğun yenilikçi bir marşdır".

Həqiqətən də dillərdə bir etiraz marşı halına gələn "Blowin in the Wind" mahnısı Martin Luther Kingin, Lincoln abidəsi qarşısında təşkil etdiyi mitinqdə və irqçiliyi, zalımlığı yerlərə vuran, qardaşlığa qucaq açan "Bir xəyalım var" sözlərindən əvvəl səsləndirildi və orada olan minlərlə insan tərəfindən bir marş kimi oxundu. Mahnının sözlərində keçən "Toplar", "Kuğular" kimi sözlər Vyetnam döyüşü əleyhdarı mitinqlərdə də şüar kimi dillərdə idi.

Onun hər söylədiyi mahnı, hər yazdığı şeir öncə insanların reaksiyasını çəkir, sonra da dillərə düşürdü. O, əslində bu dünyada bir yabançıydı və bu yabançı adam yaşadığı yeri tanımağa çalışırdı. Onun mahnılarını da oxuyan müğənni Peter Yarrov Bob Dilanın mahnıları üçün bunları söyləyir:

"Onun mahnılarında bir həsrət, bir ümid, bir ehtimal, bir hüzn və bəzən də müzəffər bir dayanıqlılıq sözü eşidə bilərsiniz. Yəni əslində bu bir şərh məsələsidir, açıqcası Bobby qəti və müəyyən şərh bildirməməkdə haqlı idi".

Qağızmanlı Bob Dilan Nobel Mükafatını almağa gedəcəkmi, bilinmir. Çünki onun etirazçı və baş qaldıran mahnıları Nobelə də baş qaldıracaq gücdədir. O, mükafatı almasa da onun mahnıları və sözləri bu göy qübbəsi altında küləkdə uçmağa davam edəcək.

Bir adamın qət etməsi lazım olan nə qədər yol var?
Ona kişi deməniz üçün ...
Bəli! Və neçə dəniz aşmalı ağ bir göyərçin?
Qumlarda yatmadan əvvəl ...
Bəli! Və top güllələri neçə dəfə atılmalı?
Sonsuza qədər yasaqlanmalarından əvvəl ...
Cavab, dostum, küləklə əsir.
Cavab küləkdə uçur.
Bir adam neçə dəfə yuxarı baxmalı,
Göyü görə bilməsi üçün,
Bəli! Və bir adamın neçə qulağı olmalı?
İnsanların ağladığını duya bilməsi üçün ...
Bəli! Və neçə ölüm olmalı onun bilməsi üçün?
Nə qədər çox insanın öldüyünü?
Cavab, dostum, küləkdə əsir ...
Cavab küləkdə uçur ...
Neçə il keçməli bir dağın var ola bilməsi üçün?
Suyla yıxılmaması üçün ...
Bəli və neçə il keçməli bəzi insanların yaşaya bilməsi üçün?
Azad olmaları üçün icazə verilmədən əvvəl ...
Bəli və bir adam neçə dəfə çevirər başını
Yalnız görməmək üçün?
Cavab, dostum, küləkdə əsir ...
Cavab küləkdə uçur ...

# 870 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #