Bu hekayələr düşüncənizi dəyişəcək - SUFİ HEKAYƏLƏRİ

Bu hekayələr düşüncənizi dəyişəcək - SUFİ HEKAYƏLƏRİ
1 noyabr 2016
# 13:03

Kulis.Az Azad Yaşarın tərcüməsində sufi hekayələrini təqdim edir.

Bağdad oğruları

Bir kəndli eşşəyinin belinə minib Bağdada tərəf gedirmiş. Boynundan zınqırov asdığı keçisini isə iplə eşşəyinin quyruğuna bağlayıbmış.

Yol üstündə oturan üç oğru bu zavallı kəndlini soymaqda öz bacarıqlarını göstərmək üçün mərc gəlirlər. Onlardan biri “Mən bu kəndçinin keçisini elə çırpışdıraram ki, heç ruhu inciməz” deyir. Digəri dillənir: “Bundan asan nə var ki?! Mən onun altındakı eşşəyi də oğurlayaram”. Bunlara hava atmaq istəyən üçüncü oğru isə kəndlinin əynindəki paltarı oğurlayacağını həmkarlarına vəd edir.

Birinci oğru kəndlinin dalınca düşür və elə ilk imkan düşən kimi zınqırovu keçinin boğazından açıb, keçiylə birlikdə qeybə çəkilir. Eşşək yeridikcə quyruğunu tərpətdiyindən yolboyu zınqırov cingildəyir və kəndli elə sanır ki, keçi arxasınca gəlir.

Digər oğru dar bir dalanda kəndlini saxlayır və canıyananlıqla deyir: “Val­lah, əcəb qəribə adamsan sən! Biz görmüşdük ki, zınqırovu eşşəyin boğazından asarlar, sən isə onu eşşəyin quyruğuna bağlamısan!”

Geriyə qanrılan kəndli keçisinin yoxa çıxdığının fərqinə varır və çığır-bağır, hay-haray salır, keçisini səsləməyə girişir.

Oğru onu:“Mən bayaq gördüm ki, birisi keçi ilə birlikdə bax, o dalana girdi” deyə sakitləşdirir.

Ondan razılıq edən keçi sahibi deyir:

- Allah səndən razı olsun, ey xeyirxah insan! Bir yaxşılıq daha eylə: burada durub, mənim eşşəyimdən göz-qulaq ol, gedim keçimi o hərifdən alıb gətirim.

Oğru dillənir:

- Göz-qulaq olaram. Amma əldən-ayaqdan iti ol, çünki mən bu məhəllə məscidinin azançısıyam, azan vaxtına da lap az qalır.

Kəndli qarşıdakı dalanda gözdən itən kimi ikinci oğru eşşəyi ipindən çəkərək aparır. Kor-peşman geri dönən kəndli bayaqkı yerdə nə eşşəyini, nə də ki o “nəcib” insanı tapır. Bir az da irəli gedincə, üçüncü oğru onun qarşısında peyda olur. Quyunun kənarında çömbələn oğru kəndlini görən kimi səsini başına atır. Kəndli onun halına acıyaraq soruşur:

- De görüm, sənin başına hansı oyun gəlib? Mənim eşşəyimi də oğurlayıblar, keçimi də. Amma heç sənin kimi vay-şivən qoparmıram…

- Əlimdə içi qızıl pullarla dolu bir mücrü vardı. Bilmədim, onu bu quyuya saldım. İndi bilmirəm qorxudan evə hansı üzlə dönəcəyəm. Əgər quyuya enib, mücrünü ordan çıxartsan, bunun qarşılığında sənə on dənə qızıl dinar verərəm.

Daha itirəcək bir şeyi qalmayan kəndli paltarlarını soyunub, quyuya enən kimi oğru onun geyimlərini qoltuğuna vurur və aradan sivişir. Quyunun dibinə enən kəndli oradan dışarıdakı adama səslənir:

- Ehey! Burada mücrü-zad yoxdur!

Mücrü sahibindən bir cavab gəlməyincə o, çarəsiz qalıb, bayıra çıxır. Paltarlarının oğurlandığını, özünün isə yarıçılpaq qaldığını anlayınca yerdən də, göydən də əli üzülür. Yerdən tapdığı bir çubuğu havada durmadan belədən-beləyə fırlatmağa başlayır. Oradan keçənlər onun bu hərəkətinin mənasını anlamadıqları üçün bunun səbəbini xəbər alırlar. O da cavabında qayıdıb bağdadlılara deyir:

- Bu yolla özümü soyğunçulardan qoruyuram. Bir az da belə getsə, qorxuram elə özümü də əlli-ayaqlı oğurlasınlar!

Çatlaq güyüm

Bir adam öz mürşidinə bulaqdan gündəlik su daşıma qarşılığı ondan irfan elminin sirlərini öyrənirdi. Hər gün çiyinlərinə aldığı ağacın iki ucuna bağlanan bir cüt güyümlə su daşıyırdı. Bu güyümlərdən biri çatlaq, digəri isə çatsız və nöqsansız idi. Elə buna görə də bulaqdan kəndə gələnə qədər bu güyümlərdən çatlaq olanı yarıyacan boşalırdı. Digər güyümün suyundan isə bircə zərrə də əskilməzdi.

Düz iki il bu adam öz mürşidinə hər gün bulaqdan həmin güyümlərlə su daşıdı. Hər səfər çiynində iki güyüm olsa da, mənzil başına çatdırdığı su güyüm arımı aşmadı. Aydın məsələdir ki, çatsız güyüm yolboyu su axıdan güyümə qarşı tənə və kinayə etməyindən qalmırdı. Buna görə də öz nöqsanından əziyyət çəkən güyüm gördüyü işin yarımçıqlığını anlayıb, elə hey bunu özünə dərd edirdi.

Axır ki, dözməyib, ürəyindəkiləri öz sahibinə, yəni suçuya açdı:

- Bu nöqsanımın sənə zərər verdiyini anladığımdan gizlicə vic­dan əzabı çəkirəm. Odur ki, səndən səmimi üzrxahlığımı qəbul etmə­ni dilə­yi­rəm.

- Axı niyə? Niyə vicdan əzabı çəkirsən ki?

- Tam iki il boyu mən hər gün sən dolduran suyun yarısını yolda axıdıram. Bulaqdan mürşidinin evinə qədər uzanan yolboyu böyrümdəki çatdan su dışarıya sızır. Mənim ucbatımdan sənin gördüyün iş də nöqsanlı alınır, zəhmətin zay olur.

Bu köhnəlmiş güyümün belə incə ruha sahib olmasından xeyli təsirlənən sahibi dedi:

- Bunu özünə heç dərd eləmə. Yaxşısı budur, mürşidimin evinə aparan yol boyunca bitən o gözəl çiçəklərə diqqət yetir.

Yoldakı təpəyə qalxdıqları zaman çatlaq güyüm yolun ancaq bir cınahında al-əlvan güllərin bitdiyinin ilk dəfə fərqinə vardı. Bundan ürəyinə fərəh hissi doldu. Bir müddətə də olsa, dərdini unutdu. Amma elə ki, gəlib yolun sonuna çatdılar, içindəki suyun yarıbayarı azaldığını sezib, təkrar kədərləndi. Suçudan bağışlanmasını dilədiyində ondan belə cavab aldı:

- Əgər fikir verdinsə, bu yolun ancaq sən olan tərəfində gözoxşayan güllər, çiçəklər bitmişdi. Digər tərəfdə isə həmin güllərdən əsər-əlamət yox idi. Mən sənin çat verdiyini işin əvvəlindən də bilirdim, sadəcə olaraq bu iki il boyunca sənin nöqsanından yaxşı mənada yararlanmağa çalışdım. Bundan ötrü səni daşıdığım cinah boyu torpağa çiçək toxumları səpdim ki, hər səfər bulaqdan dönəndə sənin sayəndə onları sulama imkanı qazanım. İki il ərzində yol kənarından topladığım o zərif çiçəklərlə mən hər gün ustadımın masasını bəzədim, ona ən xoş hisslər aşıladım. Sənin varlığın və bu çiçəklərin misilsiz gözəlliyi sayəsində o böyük insanın gözü-könlü bir az da işıqlandı, ömrünə-gününə rəng qatıldı.

Dərviş və tülkü

(Şeyx Sədi Şirazidən bir hekayət)

Sərgərdan bir dərviş günlərin birində yolda şikəst tülküyə rastlayır. Ayaqsız olduğu üçün hərəkət edə bilməyən bu heyvanın dolanışığını necə təmin etdiyi onda dərin maraq yaratdığından tülkünü güdmək qərarına gəlir.

Təzəcə pusquya yatmışdı ki, haradansa bir aslan peyda oldu, ovladığı çaqqalın böyük qismini yeyəndən sonra artığını orada qoyub getdi. Şikəst tülkü sürünərək ora yanaşdı, çaqqalın geriyə qalan parçalarını yeməklə qarnını doyurdu.

Bu ayaqsız heyvanın ruzisinin ayağına göndərildiyini anlayan dərviş heyrətdən barmağını dişlədi: «Dilsiz-ağızsız heyvanın yemini bir vasitə ilə çatdıran uca Yaradan mənim ruzimi də eynilə beləcə təmin edə bilərsə, niyə bundan ötrü özümü oda-suya vurmalıyam? Nədir bu mənim çəkdiklərim?» deyib, heç nə etmədən bir küncə çəkilmək qərarına gəlir.

Əlini ağdan-qaraya vur­mayan dərviş düşünür ki: «Əgər bütün varlıqların keçimini o gözəgörünməz Allah öz üzərinə götürübsə, onda mən də, eynilə bu tülkü kimi, bir tərəfdə oturub, öz hazır payımı gözləməliyəm».

O, yorulub usanmadan gözlədi, gözlədi, amma bununla heç nə dəyişmədi ki, dəyişmədi. Dərviş o dərəcədə arıqladı ki, taqətdən kəsildi, bir dəri oldu, bir sümük. Aclıqdan, halsızlıqdan gözlərinin önü qaralmağa başlayanda yaxınlıqdakı məscidin mehrabından yüksələn bir səs eşitdi: «Ey tənbəl dərviş! Niyə özünü o çarəsiz tülkü ilə müqayisə edib, «Allahdan buyruq, ağzıma quyruq» şüarına tapınmısan?! Niyə belə sustalmısan? Niyə aslanların artığına göz dikmisən? Sənin aslanlardan nəyin əskikdir? Gəl, sən də aslan ol, başqasının əlindən, ətəyindən asılan olma. Azad ol, asılı olma. Qoy başqaları, yəni gerçək zavallılar və miskinlər sənin artığını yesin, sənə möhtac olsun. Gücü-qüvvəti, canı, sağlamlığı, əl-ayağı yerində olan birisi süfrələrin artığını yeməyi özünə necə sığışdırar? Dur o oturduğun yerdən, qollarını çırmala, iş axtar, öz alın tərinlə çörəyini və suyunu qazan. Özünü də, sənə möhac olanları da yedir-içir! Yardım etsinlər deyə başqalarına yalvarma, möhtac olma. Əksinə, gəl, səndən yardım umanlara arxa, dayaq ol, onlara yardım əlini uzat. Çünki Allah bəndələrinə yardım edənlər hər iki dünyada məsud olacaqlar. Unutma ki, çalışmayan insanın beyni yoxdur».

Dəlinin vəliyə məsləhəti

Sufiliyin böyük ustadlarından sayılan Bəyazid Bistami (tam adı Əbu Yəzid (və ya Bəyazid) Tayfur ibn-İsa əl-Bistamidir, 875-ci ildə vəfat edib - A.Y. ) bir gün dəlixananın önündən keçirmiş. Görür ki, dəlixananın xidmətçisi əlindəki həvəngdəstə ilə nə isə əzir. Ondan nə etdiyini xəbər alır. Xidmətçi bildirir ki, içəridə saxlanan dəlilər üçün dərman hazırlayır. Bistami öz dərdinə də bir əlac qılmasını xahiş eləyəndə dəlixana xidmətçisi ondan xəstəliyinin adını soruşur. Məşhur vəli («müdrik» deməkdir – A.Y.) Bistami günah xəstəliyinə tutulduğunu, çox günah işlədiyini bildirincə xidmətçi ona bu xəstəliyin adını ilk dəfə eşitdiyini və əlacını bilmədiyini açıqlayır. Onların söhbətini barmaqlıq vurulmuş pəncərədən dinləyən bir dəli deyir:

- Bəri gəl, qardaş! Mən sənin xəstəliyinin çarəsini bilirəm.

Gözləmədiyi birisindən dərdinə əlac tapan Bistami sevincək həmin pəncərəyə yaxınlaşıb: «Dərdimin dərmanı nəymiş?» deyə soruşur.

Dəli olduğu sanılan kəs bizim böyük müdrikə bunu məsləhət görür:

- Tövbə köklərini istiğfar yarpağıyla qarışdır. Qəlb həvəngdəstəsində tövhid toxmağı ilə yaxşıca döyəndən sonra alınan qarışımı insaf ələyindən keçirt, göz yaşlarıyla yoğurub, eşq sobasında bişir… Gecə-gündüz bundan gen-bol yesən, xəstəliyindən heç bir əsər-əlamət qalmadığına şahid olacaqsan.

Belə gözəl dərmanı dəlidən öyrənən vəli özü-özünə dedi:

- Ey gidi dünya! Belə bir arifi «dəli» adıyla dəlixanaya salıblarsa, mənim daha sənə deyəcək heç bir sözüm yoxdur.

Dəlinin ona tövsiyə elədiyi çarə bugünün özündə də günahkarlar üçün ən dəyərli dərmandır, çünki onun təsir gücü hələ də qüvvədə qalır.

Neyçinin köynəyi

Bir vaxtlar bu dünyada yaşayan bir padşahın dünya malından hər şeyi varmış: var-dövləti, taxtı-tacı, möhkəm sağlamlığı. Xanımını və övladlarını sevsə də, həyatda özünü heç xoşbəxt saymazmış. Elə buna görə də taxtında oturanda üzü gülməzmiş, hər şeydən narazı görünərmiş.

Bu da təbii sayılmalıdır: insanın bu fani dünyaya bağlılığı nə qədər çox olarsa, onun içindəki mən daha çox ön plana çıxır, getdikcə qabalaşır, kobudlaşır. Onun bədbinlik duyğusu da bundan su içib, pöhrələnir. Bəxtəvər padşahlar barədə nağıllar, rəvayətlər də elə bundan dolayı çox azdır və ya heç yoxdur. Bəlkə elə bunun nəticəsidir ki, həm Budda, həm də Mahavira malik olduqları taxt-tacdan, zənginlikdən könüllü əl çəkərək, dilənçi kökündə yaşamağa üstünlük tanıyıblar. Və mənəvi baxımdan bu hallarını, bəxtiyarlıqlarını aşağıdakı sözlərlə ifadə ediblər: Bax, yalnız indi mən əsl səltənət sahibi oldum.

İçində gedən mənlik, şəhvət, ehtiras duyğularından qalib çıxan, içindəki təkəbbürlü məni yenən şəxs bütöv bir aləmin zərrəsinə çevrilmə haqqı qazanır. Özünü bir heçə çevirən, hər şeydən imtina edən birisi isə tamın, bütünün parçası olur…

Qayıdaq özünü bədbəxt sayan padşaha. O, qət elədi ki, xoşbəxt olması üçün təcili tədbir görülməlidir.

Saray həkimini hüzuruna çağıraraq ona belə buyurdu: Mənim xoşbəxtliyə qovuşmam üçün hər şeyi et. Bunu bacarsan, səni dünya malından qəni edəcəyəm. Yox, əgər əlindən bir şey gəlməsə, boynunu vurduracağam.

Həkimbaşı dərin fikrə daldı ki, neyləsin, başına haranın külünü töksün. Bir adamın başqa birisini bəxtəvərliyə qovuşdurmasının və bunu necə etməsinin sirri, düsturu axı, heç yerdə, heç bir dəftər-kitabda yazılmayıb. Amma o da var ki, padşahın gözü tamam dönüb. Vallah, haqqa-nahaqqa baxmaz, adamın başını bir göz qırpımında göyə uçurtdurar.

Bu işə bir çarə tapmaq məqsədiylə həkim padşahdan sabaha qədər möhlət istədi ki, qədim kitabları araşdırma imkanı qazansın.

Gecəni sübhə qədər ora-bura vurnuxdu, eşələmədiyi kitab qalmadı və ən nəhayət, belə qərara gəldi ki, bu işin son dərəcə asan həlli var.

Dəfələrlə oxuduğu, illərdən bəri gözünün nurunu qoyduğu tibb kitablarında yalnız mərəzlərlə bağlı çarələr var idi. Xoşbəxtliyə aparan yollar isə orada təsvir olunmamışdı. Qibleyi-aləmin hüzuruna gedərək ona bildirdi ki: Zati-aliləri! Xoşbəxt olmanız üçün sizə həyatından, taleyindən razı birisinin köynəyini geyindirmək yetərliymiş. İndi əsas məsələ – belə bir bəxtəvəri tapmaqdır.

Belə asan çözümü eşidən padşah da xeyli heyrətləndi. Öz baş vəzirinə tapşırdı ki, təcili ölkəsinin ən bəxtəvər insanını tapsın və onun köynəyini padşaha çatdırsın.

Saraydan çıxan baş vəzir ölkənin ən zəngin tacirinin evinə yollanıb, ondan köynəyini istədi. Tacir heç düşünüb-daşınmadan dilləndi: Əgər məsələ köynəkdədirsə, sənə istədiyin qədər köynək verməyə hazıram. Padşahımızın yolunda köynək nə olan şeydir, mən hər şeyimdən, hətta canımdan da keçməyə hazıram. Amma bir məsələ var ki, zənginliyimə baxma, mən özümü heç də Allahın xoşbəxt bəndələri siyahısına aid eləmirəm. Bu çarəni mənə söylədiyin üçün sənə min-bir təşəkkür borcluyam. Bədbəxtlikdən qurtulmaqdan ötrü elə mən özüm də məmləkətin dörd bir yanına adam salacağam ki, mənə xoşbəxt birisinin köynəyini tapıb gətirsinlər.

Ondan ayrılan baş vəzir ölkənin bir sıra tanınmış adamlarının qapısını döysə də, onların da arasında bəxtəvər birisini bulmadı. Amma bir nəfər ona dedi: Ürəyini sıxma, mən bu miskin ölkədə taleyindən razı birisini tanıyıram. Bəlkə elə sən özün də onu görmüsən: o adam gecələr çayın kənarında oturub, aramsız ney çalır.

Baş vəzir dilləndi: Hə, hə, hərdən gecələr çayın sahilindən gələn ney səsi özümdən xəbərsiz məni də ovsunlayır. Kimdir o çalğıçı? Onu necə tapım?

Adam dedi: O, hər gecə eyni yerdə oturur. Gecə yarısı gedib, birlikdə onu oradaca yaxalayarıq.

Sözləşdikləri kimi gecə yarıdan keçəndə onlar çayın kənarında görüşdülər. Neyçi öz aləminə qapılaraq, yanıqlı və gözəl melodiyalarla könülləri əfsunlamağında idi. Çaldığı musiqi necə ürəyəyatımlı və şux idisə, bir-iki dəqiqə ərzində baş vəzir də içində bir yüngülləşmə, fərəh və könülxoşluğu hiss elədi. Özü-özünə sevinərək: “Bunu çalan adam mütləq dünyanın ən xoşbəxt adamı olmalıdır. Ən nəhayət, axtardığımı tapdım!” - dedi.

Neyçalana yaxınlaşıb soruşdu: De görüm, xoşbəxtsənmi?

Musiqiçi arxayınlıqla dedi: “Əlbəttə ki! Dünyanın dərddən-qəmdən uzaq tək sakini varsa, o da mənəm! Bunu niyə soruşursunuz ki?”

Baş vəzir göydə axtardığını yerdə tapdığı üçün sevincdən qanad taxmışdı, az qalırdı uçsun. Səbirsizlənərək dedi: “Mənə sənin köynəyin lazımdır, köynəyin!”

Amma neyçi bunun cavabında susdu. Ondan bir cavab gəlmədiyini görən vəzir dedi: “Niyə mumladın elə? Köynəyini çıxart, ver mənə. Onu padşahımıza ərməğan edəcəyəm, çünki indi qibleyi-aləm sənin tək gerçək bir bəxtəvərin köynəyinə möhtacdır.”

Neyçalan dedi: “Məndən imkandışı bir şey istəyirsən. Mənim əynimdə köynək nə gəzir? Bu qatı zülmətdə göz-gözü görmədiyindən sən mənim əynimdə paltar olub-olmadığını seçə bilmirsən. Mən lüt-üryanam. Mən indi sənə nəinki köynəyimi, hətta canımı da qurban verərdim. Amma neyləyim ki, əynimdə elə əynimdir.”

Baş vəzir heyrətlə xəbər aldı: “Bəs onda sən nədən belə xoşbəxtsən axı? Bu çarəsiz durumda səni xoşbəxt edən nədir elə?”

Bir müddət susan neyçi dedi: “Sonuncu köynəyimi və bütün qalan var-yoxumu itirdiyim andan mən dünyanın ən bəxtəvər insanı oldum. Mənim gerçəkdən də heç nəyim yoxdur. Mən dünya malından da, özündən də keçmiş birisiyəm. Amma bu neydə çaldığım musiqi vasitəsiylə mən bütün kainatın birliyini, harmoniyasını əks etdirirəm. Ona görə xoşbəxtəm ki, mən - heç kiməm, mən - heç nəyəm…”

# 3418 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #