Yuxularıma girən aparıcı ilə necə dostlaşdım?

Yuxularıma girən aparıcı ilə necə dostlaşdım?
28 oktyabr 2016
# 11:32

Yadınıza gəlir, bir yaraşıqlı oğlan xəbərlər proqramı aparırdı AzTv-də. Onda mən uşaq idim. Hər gün televizorda cizgi filminə baxırdım. Pişik siçanı tutan ərəfədə yayım kəsilirdi və bu kişi peyda olub ciddi-ciddi nəsə danışırdı. Ağlayırdım, özümü yerdən-yerə vururdum. Sakitləşdirirdilər hərə bir tərəfdən: “Ayxan, gözəl əmidir də”, “İndi gedəcək”, “Yeməyini ye, başlayacaq mutfilim”.

Bu kişi yuxularımda da məndən əl çəkmirdi. Yuxumda əlim cibimdə meşədə gəzişirdim, ceyranlar, quşlar, dovşanlarla dostluq edirdim. Belə yerdə çox vaxt aslan gəlib söhbətin içinə nərildəyir axı. Amma mənim yuxumda bu kişi gəlib ciddi-ciddi danışırdı. Oyanıb qışqırırdım. Qaranlığa ox kimi işıq sancılırdı. Anam: “A bala, nolub?” Mən: “O kişi girmişdi yuxuma”. Atam: “Mənim dostumdur, tanış eləyərəm, qorxma ondan”.

Ancaq atam tanış eləmədi o adamla məni. Sonra o kişi AzTV-dən yoxa çıxdı, atam da bu dünyadan köçdü.

Cizgi filmin ortasında gəlib ciddi-ciddi danışan və uşaqların qorxulu yuxusu olan bu kişi kim ola? Növbəti abzasda.

Bir məclisdə qonaq idim. Elçin Əlibəyli, Aqşin Yenisey, Cəlil Cavanşirlə oturub içirdik. Bu dəm içəri uzun boylu, saçı azacıq ağarmış bir adam girdi. Uşaqlığım ildırım kimi başıma dəydi. O günlər film kadrları kimi montajsız, dayanmadan sıra-sıra gözlərimin önündən keçdi. Cizgi film, pişiyin siçanı tutması səhnəsi, kişinin ciddi baxışları, dil qəfəsə qoymadan danışması, qaranlıq, yuxu, meşə, aslan...

- Salam.

- Salam. Siz Nəsimi Nəbizadəsiz?

- Bəli.

Sonra mənə diqqətlə baxdı, gözlərindəki ciddilik yoxa çıxdı.

- Bıy! Sən Ayvazın oğlu deyilsən? Gəl səni qucaqlayım.

Siz də çaşdınız? Mən də başımı silkələdim. İlahi, bu həmin adam idi? Bəlkə səhv edirəm? Kostyumlu, qalstuklu, səliqəli cümlələr sahibi Nəsimi Nəbizadə. Cizgi filmlərinin qənimi.

Onunla xeyli söhbətləşdik. Məclis dağılışanda qolunu çiynimə atdı:

- Gedək içək.

Gecənin tünd vaxtı, üstəlik yol uzaq. Bu adam nə deyir? Mən hələ onda cizgi filmlərinə baxan uşaq qədər məsumdum.

Mızıldandım, xeyri olmadı, yaxama yapışdı. Çarəsiz razılaşdım.

Həmin gün çox içmişdik. Metro da bağlanmışdı, hələ yollar da bakirəliyini itirmişdi. Maşın tapana qonaqlıq verərdim o gün.

Birdən bir taksi qabağımızda saxladı. Nəsimi pəncərədən bizə baxan sürücüyə sərxoş cümlələrə böyük bir mühazirə oxudu. Sonra maşına mindik.

- Alə, sən məni tanıyırsan? – Nəsimi sürücüdən soruşdu.

- Yox, qardaş. Hardan tanıyım? Şofer olmusan?

- Nə şofer, ala? Başın xarabdı? Mən tanınmış adamam e...

Mən əlavə elədim:

- AzTv-də aparıcı idi. Yadınızda deyil?

Kişi duruxdu, maşının işığını yandırıb Nəsimiyə diqqətlə baxdı. Amma deyəsən inanmadı.

- Ona oxşayırsan, amma nə bilim məni dolamırsınız? İkiniz də zır piyan.

Nəsimi bunu eşitcək əsəbləşdi:

- Ala, biz fırıldaq gələnə oxşayırıq? Sən Vüqarı tanıyırsan? Meyxanaçı?

- Həri, qaqaş, nöş tanımıram?

Taksi şoferi meyxanaçı Vüqar haqqında uzun bir əhvalat danışdı. Məlum oldu ki, bu əməlli-başlı fanatı imiş.

Nəsimi telefonu qulağına yapışdırdı:

- Alə, Vüqar! Necəsən? Yanımda sənin bir fanatın var. Ölür sənin üçün. Al danış.

Sürücü inamsız telefonu götürdü.

- Biz ailəliklə qulaq asırıq sizə... Ləzzət eləyir... Düz sözümdü... İnana bilmirəm sizlə danışıram...

Telefonu alan kimi Nəsimi sərxoş bir tövrlə dedi:

- Gördün, indi mən kiməm? Mən Nəsimi Nəbizadəyəm e. AzTv-nin aparıcı.

- Əlbəttə, müəllim. Bağışlayın. İşdən adamda ağıl qalır ki? Üzrlü bilin.

Biz maşından düşəndə sürücü and-aman elədi ki, sizdən pul götürən deyiləm.

Başım partlayırdı, özümü birtəhər evə saldım. Bacım, qardaşım deyinməyə başladı. Səhərə yaxın idi, axır ki, məni atəşə tutmaqdan vaz keçib yatdılar. Televizoru açdım və gözlərimə inana bilmədim: AzTv-də çizgi film gedir. Nədənsə, Nəsiminin sərxoş halda əlini-qolunu sallaya-sallaya ciddi danışmağa çalışmasını ağlımdan keçirtdim. Gülümsündüm.

# 942 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #