Dodaq qarmonundan Nobelə - Bob Dilanın həyat yolu

O, Amerikanın məşhur müğənni, şair və yazarıdır. Rok musiqisinin canlı əfsanəsi sayılır. Son zamanlar adı daha çox hallanır. Buna səbəb 2016-cı ilin ədəbiyyat üzrə Nobel mükafatı qazanmasıdır.

 

Uşaqlığı

 

Abram Simmermanla Beatris cütlüyünün övladı olan Bob Dilan 1941-ci il 24 mayda ABŞ-ın Minnesota əyalətinin Bulut  şəhərində dünyaya göz açıb. Əsl adı Robert Allen Simmermandır. Onun David Simmerman adlı bir qardaşı da var. Babası və nənəsi əslən Türkiyədən - Qars vilayətinin Kağızman dairəsindəndir. Osmanlı dövlətinin vaxtında Trabzondan Ukraynanın Odessa şəhərinə köçüblər. 1905-ci ildə antisemit dalğasından sonra ABŞ-a köçüblər.

 

Bob Dilan 10 yaşından piano dərsləri almağa başlayıb. O, paralel olaraq gitara da ifa edib. Hibbing liseyini bitirdikdən sonra Minnesota Universitetinə daxil olub. Amma bir müddət sonra 1960-cı ildə universitetdən “Qocalar evi ilə müqayisədə, daha çox insanın öldüyü yer” deyərək oradan çıxıb.

 

İyirmi yaşında kirli saçlarda, köhnə geyimlərdə gitara ilə Nyu-Yorka gedib və klublarda səhnəyə çıxmağa başlayıb. Gitara ilə birlikdə dodaq qarmonu çalaraq maraqlı ifa nümayiş etdirib. Elə o vaxtlardan Bob Dilan adı ilə səhnəyə çıxıb.

 

Karyerası və şəxsi həyatı  

 

Bob Dilan 1961-ci ildən məşhurlaşmağa başlayıb. Klubların birində çıxış edərkən tənqidçi Robert Şelton ona valeh olub və “Nyu-York Tayms” qəzetində onun haqqında geniş məqalə ilə çıxış edib. Bir ay sonra “Columbia Records” Bob Dilanla müqavilə imzalayaraq ilk albomunu çıxarıb. Bob Dilan öz sözlərinə yazılmış iki musiqini də həmin albomunda səsləndirib.

 

1963-cü ildə ikinci albomu olan “The Freewhelin”, Amerika pop musiqisində o zamana qədər bənzəri görülməyən bir səs idi. Albomun üz qabığında Nyu-York küçələrində sevgilisi Suz Rotolla birgə çəkilmiş fotosu yer alıb. 1963-cü Suzdan ayrılıb, məşhur müğənni Joan Baezlə sevgili olub. Joan Bob Dilanın yayımlanmamış bəstələrini alıb və qarşılığında onu öz konsertlərinə çıxararaq tamaşaçıları heyran edib.

 

Bob Dilan musiqilərində müharibələrin mənasızlığından, Allahdan, ədalətsizlikdən, seksdən, eşqdən bəhs edib.

 

1963-cü ildən Joan Baezlə birgə azadlıq və insan haqlarına aid yazılan musiqilərin əvəzolunmaz ifaçısı olub. Ancaq cütlüyün münasibətləri 1965-ci ildə İngiltərəyə qastrol  zamanı pozulub. Bobun şöhrəti Joan Baezın şöhrətini keçməyə başladığı üçün aralarında problemlər yaranıb.

 

Joan Baez onun haqqında deyir: “Sadəcə özü üçün bir şey ifadə edirdi. Başqalarının ehtiyacları üçün özünü yoran biri deyildi.”

 

Buna baxmayaraq Baez ona aşiq idi.

 

 

Dilanın xalq yaradıcılığından rok ulduzluğuna keçməsi ağır olub. 1965-ci ildə “Nyu-Port” xalq festivalında yeni musiqilərini Blus Bandla söyləyərkən fitə basılıb və səhnədən çıxıb. Bir müddət sonra menecerinin dostu Albert Qrosmanın həyat yoldaşı Sara Loundes ilə münasibətə başlayıb. Münasibətləri o qədər ciddi olub ki, ərindən boşanan Sara 22 noyabr 1965-ci ildə Bob Dilanla ailə qurub. Bu evlilikdən 4 övladları dünyaya gəlib.

 

Bob-Sara cütlüyü 1977-ci il boşanma ilə nəticələnir.

 

Bir neçə ildən sonra, 4 iyun 1986-cı ildə Bob Dilan vokalisti Karolin Dennislə evlənib. Cütlüyün evlənməmişdən bir il əvvəl Desiree Qabriyel adlı qızları olub. Ancaq bu evlilik də ayrılıqla nəticələnib və cütlük 1992-ci ildə boşanıb.

 

Bob 29 iyul 1966-cı ildə motosiklet qəzasına düşüb və ölümün pəncəsindən çətinliklə yaxa qurtarıb. O, 2008-ci ildə prezident seçkilərində Barak Obamanı dəstəkləyib. 2012-ci ildə ABŞ prezidenti Barak Obama ona "Azadlıq" medalını təqdim edib.

 

Bob Dilan 1994-cü ildən etibarən rəssamlıq və qrafika üzrə altı kitab nəşr etdirib. Müğənninin albomlarının ümumi satış tirajı 100 milyon nüsxədən çoxdur. Bob Dilan 2008-ci ildə ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidmətlərinə görə verilən "Pulitzer" mükafatına layiq görülüb.

 

Bob Dilanın “Blowinin the Wind” və “The Times They Are a-Changin” mahnıları ABŞ-da vətəndaş hüquqları uğrunda mübarizədə himnlər kimi istifadə olunub. O, 9 dəfə "Qremmi", "Vunderkindlər" filminin saundtreklərinə görə 2000-ci ildə "Oskar", 2001-ci ildə isə "Qızıl Qlobus" mükafatlarını qazanıb.

 

Bu yaxınlarda 75 yaşlı müğənni ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. O, mükafatı Amerika musiqi ənənəsi çərçivəsində yeni poetik ifadə tərzi yaratdığına görə alıb. Mükafatın təntənəli təqdimat mərasimi dekabrın 10-da Stokholmda olacaq. Nobel ədəbiyyat mükafatının məbləği 8 milyon İsveç kronu (923 min dollar) təşkil edir.

 

Ancaq İsveç Kral Elmlər Akademiyası açıqlama verərək bildirib ki, Nobel mükafatına layiq gördükləri Bod Dilanla əlaqə yarada bilmirlər. Bundan əlavə o, istifadə etdiyi internet saytından “Nobel mükafatını qazanan” yazısını da silib. Bu səbəbdən onun mükafatı qəbul edəcəyi və təqdimetmə mərasiminə qatılıb, qatılmayacağı hələ ki, məlum deyil.

 

Bob Dilanın fikirləri:

 

* Susmaq qəbul etmək deyil, başa düşən üçün cavabdır. Əgər insan qısa cümlələr qurursa, sadəcə uzun yorğunluqları var.

 

* Mənə nifrət etdiyini eşitdim. Əgər səni düşünəcək vaxtım olsa, mən də sənə nifrət edərdim.

 

* Əslində, biz nə etdiksə, özümüz üçün etdik. Çünki az bir hörməti eşq, iki söz deyəni özümüzə dost sandıq.

 

* Tanrım, mən mən olmadığım üçün xoşbəxtəm.

 

* Bəzi kişilər çoxlu pulun qızlara təsir edəcəyini fikirləşir. Bu makyajlı qadının özünü çox gözəl bilməsi kimidir

 

* Heç səhv etməyən insan heç bir şey etməyən insandır. Və həyatda ən böyük xəta özünü xətasız hesab etməkdir.

 

* Eyni anda anlayışlı və aşiq ola bilməzsən.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017