İlhan Mansızın ayaqları

 İlhan Mansızın ayaqları
21 oktyabr 2016
# 12:03

İlhan Mansız var idi. Xatırlayırsınız? Əfsanəvi futbolçu. Türkiyənin Ronaldinyosu.

Mən onu 2002-də keçirilən Dünya Çempionatında tanımışdım. Yaraşıqlı, boy-buxunlu, uzun saçlı, qıyıq gözlü İlhan Mansız...

Yadınızdadır, Braziliya ilə oyunda nə möhtəşəm görünürdü. Roberto Carlos kimi müdafiəçinin başının üstündən topu rahatlıqla atıb keçdiyi həmin əfsanə səhnəni kim unudar ki?

İlhan Mansızdan sonra futbolun idman deyil, sənət olduğunu anlamışdım. Necə ki sonradan Messidə bunu görəcəkdim. İlhan Mansız topla oynamırdı, topu müqəddəs bir əşya kimi əl üstündə saxlayırdı. İlhan Mansıza baxandan sonra anladım ki, ayaqlar təkcə əzab çəkmir, həm də o ayaqlar milyonları xoşbəxt edə bilir.

Ayaqlar da müqəddəs imiş, sən demə!

Bəs Beşiktaşda oynadığı oyunlar? Yadınızdan çıxıb, yoxsa? Qol kralı olmuşdu. Əziz Nesin sağ olsaydı, bir “Qol kralı” da İlhan Mansızdan yazardı. Həmin dövr Beşiktaşın heyəti nə idi, İlahi?! İlhan Mansız, Ahmet Dursun, Paskal Numa...

Zeki Demirkubuzun ən çox bəyəndiyi futbolçudur İlhan Mansız: “Bu qədər saf, amma qürurlu, özünə qapanmış, namuslu olduğu üçün… Beşiktaşa düşkün olduğu üçün. Gənclər birliyi oyunu var idi və çempionat yarımfinalı keçirilirdi. Yağışlı bir gündə 4-3 uduzduq və turniri tərk etdik. O cür uduzmağı və yoldaşlarının uğursuzluğunu özünə sığışdırmadı. Yağışın altında ağlaya-ağlaya ağlasığmaz dərəcədə mübarizə apardı, qol vurdu. Onda ağlamışdım. Bax elə o gün “Bu oğlan Beşiktaşın tarixidir” dedim”.

Və Zeki Demirkubuz “Bulantı” filmindəki Beşiktaş formalı uşağın adını da İlhan qoyur...

Türkiyə tarixinin ən acımasız matçı deyə bilərik həmin oyuna. Yağış yağırdı, Beşiktaş uduzurdu, üstəgəl iki qırmızı kart almışdı. Doqquz nəfərlə oynayırdı... Amma elə bil İlhan Mansız tək başına oynayırdı həmin oyunda, üç qolu da o vurmuşdu. İki qırmızıdan sonra yəqin ki, uduzduq dedik. Ancaq İlhan Mansız bərabərlik qolunu vurdu. Əlavə hissələrə keçən oyunda Beşiktaşın qapısı qol gördü. Və İlhan Mansız diz çöküb ağladı...

Qürurlu, namuslu, özünə qapanmış və saf. Zeki Demirkubuz əfsanəni belə təqdim edir. Almaniyadan gəlmiş, yeni ümidlərlə dolu bir gənc. Aktyorluq da edir, buz yarışlarına da qatılır və sonra futbola gedir. Gələn kimi fırtınalar əsdirir meydanda və hamını mat qoyur. Türklərin dediyi kimi, gəldi bir boran, getdi bir tufan.

Avtomobil qəzasından sonra tərk etdi futbolu.

O gündən sonra futbolun saflığı, qüruru sarsıldı. İlhan Mansızsız futbolun sənəti getdi. İndi elə baxmaq olmur futbola. Hər an adama elə gəlir ki, o qıyıq gözlü, saf uşaq çıxacaq qabağına.

Bir serialda oynamışdı İlhan Mansız. Canlandırdığı qəhrəman ürək köçürmə əməliyyatından sonra gözlərini yummuşdu həyata. Bilmirsən, özününmü taleyini oynadı, yoxsa başqasınınmı? Amma həqiqət budur: İlhan Mansızın ayaqlarının olmadığı futbol mənə kədərli bir filmi xatırladır.

Sonu faciə ilə bitən filmi...

# 884 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #