Tülküyə tələ qururlar, adam düşür - “NAMƏLUM KİNO”

Kulis.az “Naməlum kino” layihəsində Hüseyn Mehdiyev və Əbdül Mahmudovun 1986-cı ildə çəkdiyi  “Şəhərli biçinçilər”  filmini təqdim edir.

 

Süjet: Şəhərdə yaşayan Səlim (Həsənağa Turabov), Mədət (Fəxrəddin Manafov) kəndə valideynlərinə kömək üçün ot biçməyə gedirlər. Səlim məşhur aktyordur, kənddə böyük hörmət sahibidir. Onun anası Humay (Sədayə Mustafayeva) tək yaşayır. O, kəndə həm də xəstə anasını yanına gətirmək üçün gedir.

 

Kəndin digər sakini Mədət valideynlərindən gizli ailə qurub. O, arvadıyla (Səidə Vəlibəyova) kəndə gəlir, həm ailəsinə baş çəkir, həm də ot biçininə yardım edir. Amma valideynlərinin tənəsindən qorxaraq arvadını nişanlı kimi təqdim edir.

 

Kolxoz sədri Hümmət (Səməndər Rzayev) isə  Səlimə məşhur olduğu üçün yarınır.

 

Ümumiyyətlə, bu filmdə əsas qəhrəmanlar yoxdur. Əhvalatda əsas qəhrəman kimi predmet – qoca Əlişin (Rafiq Əzimov) tülkünü tutmaq üçün hər yerdə qurduğu tələdir. Bunun da öz tarixçəsi var.

 

Səlimin yaddaşı ilə keçmişə baxırıq. Müharibə illəri, aclıq dövrü. Əliş toyuqları aparan tülkünü tutmaq üçün tələ qurur. Amma bu tələyə əri müharibədə həlak olmuş, beş uşaqlı gənc qadının toyuğu düşür. Qadın bütün kənd camaatının qarşısında iddia eləyir ki, Əliş toyuğu oğurlayaraq öldürüb. Əliş isə toyuğu oğurlamadığını sübuta yetirməyə çalışır. O, toyuğu qadına verir. Qadınsa ölü toyuğun ona lazım olmadığını deyib, nalə çəkir. Sonra məlum olur ki, toyuq diri qalıb. Səlimin atası (Həsənağa Turabov) Əlişə qahmar çıxır, ona tələ bağışlayır ki, məhz toyuqları oğurlayan həmin tülkünü tutsun.

 

 

Bir qayda olaraq müharibə illərindən bəhs edən filmlərdə sovet insanının fədakarlığını, ağır vəziyyətə baxmayaraq ləyaqətini itirmədiyini, son tikəsini bölüşdüyünü önə çəkirlər. Burda isə müəlliflər göstərir ki, aclıq insani hissləri də yox edə, özünü qoruma instinktini ön plana keçirə bilər.

 

...O gündən başlayaraq Əliş kəndin hər yerində tələ qurur.

 

Hadisələr müasir dövrə qayıdanda bəlli olur ki, bu tələyə tülkü yox, məhz adamlar düşür. O adamlar ki, vicdanını itirib, bir-birini  tapdalamağa da hazırdırlar. Tələ simvolik anlam daşıyır. Və tələnin mənası Səlimin dilindən izah edilir: “Əliş kişi, sənin tələn ətrafa boylanır, mühakimə eləyir, bizim vicdanımız, yaddaşımız kimi. Bəlkə elə ona görədir ki, hami o tələdən qorxur.”

 

Əvvəlcə tələyə Hümmət, sonra Səlim düşür. Amma məsələ ondadır ki, Səlim mənfi obraz kimi göstərilmir, onun da öz ağrıları, yaraları var. Onun yaddaşı ilə keçmişə qayıdırıq. Müharibə vaxtı atasının fədakarlığı göstərilir, Səlim uşaqkən onun yeməyini oğurlayıb yediyini yadına salır, vicdan əzabı çəkir. Onun vicdan əzabı həm də onun tələsinə çevrilir. Burda hər obrazın öz zəiflikləri, qüsurları var. Və bu zəifliklər, naqisliklər onların çabaladığı tələdir. Yəni tələ predmet olmaqdan çıxaraq, psixoloji, mənəvi məsələyə çevrilir.

 

Əhvalatda konflikt daha çox obrazların daxilində, vicdanları ilə mühakimədə baş verir.

 

Filmin əsas motivlərindən biri kənddən şəhərə köçən insanların özlərinə, ailələrinə yadlaşması problemidir. Onlar yadlaşmanın, keçmişlərindən, ailələrindən qopmağın ağrısını yaşayırlar. Amma alışdıqları komfortdan kənd həyatına qayıtmaq da istəmirlər.

 

Mədət şəhərdə tanış olduğu imkanlı ailənin qızı ilə evlənib. Şəhərli qızın davranışının kəndin mədəni-mənəvi mühiti ilə uyğunsuzluğu ən ziddiyyətli şəkildə göstərilir. O, açıq-saçıq geyinir, çayda çimir, kənd oğlanlarının onu gizlicə seyr eləməsini təbəssümlə, adi qarşılayır, sərt təbiətli qayınatasını (Sadıq Hüseynov) saymadan yelləncəkdə yellənir, kəndlilərin adət ənənələrinə, davranışlarına istehza ilə yanaşır: “Sizin kəndin camaatın hamısı dəhşətli dərəcədə gülməlidir. Ən gülməlisi isə anandır, yerişi, davranışı, danışığı, hətta öpüşməyi də gülməlidir. Yekə arvaddı, elə bil ömründə öpüşməyib”.

 

 

Atası biləndə ki, oğlu gizli evlənib onları evdən qovur.

 

Arvadı Mədətdən valideynlərinin nədən toyuna dəvət eləmədiyini soruşanda o, susur, onun üzündə qəribə ifadə yaranır. Üz dili ilə mesaj verir ki, valideynlərindən utanc hissi keçirdiyi üçün dəvət eləməyib. Onun üçün öz mənafeyi daha üstündür. 

 

Son səhnələrdən birində isə Əliş tələyə düşən tülkünü azad eləyir.

 

Kinoda, xüsusən ədəbiyyatda şəhərlə kənd mədəniyyətinin, fərqli davranışların toqquşması zaman-zaman yer alıb, müəlliflər də çox zaman kəndin üstünlüyünü önə çəkirlər.

 

“Şəhərli biçinçilər” bunu məkan problemi faktorundan çıxararaq, daha çox personajların özünün özünə özgələşməsi problemi kimi qoyur.

 

Əvvəldə evlərin əhatəsindən keçən, yuxarı rakursdan çəkilən qatarın kəndə gəlişi səhnəsi var. Bu kadr Yasudziro Odzunun “Tokio əhvalatı” filminin ilk kadrlarının eynisidir. Həmin ekran əsərinin də mövzusu doğma insanların yadlaşması, nəsillər arasında bağlantının qırılmasıdır. Hərəkətdə olan qatar kiçik qəsəbədən meqapolislərə gedib qayıtmayan gəncləri ifadə edir.   

 

Ssenari müəllifi Ramiz Rövşən, operatoru Hüseyn Mehdiyevdir.

 

Film Hüseyn Mehdiyevin rejissor kimi ilk işidir.

 

LENT

23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017
18 May 2017