Hikmət Rəhimov “Azdrama”dan niyə qovulur?

Üç-dörd il əvvəl Gənc Tamaşaçılar teatrının rejissoru Bəhram Osmanov müsahibələrinin birində çox tarixi, dəqiq bir sual vermişdi: Aktyor nədir axı, onun da sözü ola?

 

Buna xeylimiz qəzəblənmiş, Bəhram müəllimi qınamışdıq ki, guya bizim rejissorumuz şüurlu canlıların “Kim?” sualına cavab verdiyini bilmir. Halbuki, bu bir cümlə ilə rejissor çox ciddi bir mətləbə toxunmuşdu, aktyora öz yerini xatırlatmışdı. Nə üçün? Onun üçün ki, aktyor qəfil roluna uyar, qəhrəman olmaq xəyalına düşər, başını qaldırıb bir fikir deyər. Hara və nə dediyinə fikir verməz.

 

Azərbaycanda bir-iki teatrdan başqa hamısı dövlət teatrıdır,  aktyorların 99 faizi bu dövlət teatrının aktyorlarıdır, dövlət teatrları isə SSRİ-dən qalma bir idarəetmə ənənəsi ilə, mərkəzdən idarə olunur.  Senzuradan danışmaq bizim teatrlar üçün lüks olar, onsuz da elə ciddi sənət mühiti, proses getmir ki, senzura lazım gələ, buna heç bir ehtiyac yoxdur. Sadəcə kim özünü necə aparır, kimə ad vermək olar, kimin adı təqaüd siyahısına düşsün, xarici festivallarda hansı teatr bizi üzüağ edə bilər ciddilikdə məsələlər bu idarəetmənin, nəzarətin prioritetləridir.  Əlbəttə, mənim yazdığım bu cümlələr, fikirlər olduqca diletantdır.

 

Amma bu, həm də jurnalistlərin teatr, kino adamlarına verdiyi mürəkkəb sayılan, əslində sadə bir sualın sadə bir cavab tapmaq istəyidir. Niyə bu gün kino və ya teatr heç kimə maraqlı ola bilmir?  Əzilən, nə sualına cavab verməli olan birinin böyük sənət yaradacağına inanmaq sadəlövhlükdür.  Sənət deyilənin ilk şərti azadlıqdır, individuallıqdır, çərçivəsiz düşüncədir.

 

Azad fikrin bədəli isə işindən məhrum olmaqdır. Müstəqil teatr üçün imkanlar sıfırdır, dövlət müəssisələrində susmalısan. Arzuolunmaz ictimai mövzular, arzuolunmaz saytlar var. Onlara danışa bilərsən, heç kim ağzını tutmaz, amma sabah yavaş-yavaş səni işlərindən məhrum edərlər.

 

Məsələn, həmkarlarımdan birinin dediyinə görə, adının çəkilməsini istəməyən aktyor tənqidçi sayta müsahibə vermək istəmir. Yaxşı edir istəmir, borclu deyil ki. Amma ona görə istəmir ki, “Seriallardan çörəyim çıxır, ordan əlim üzülsə necə yaşayaram?” deyir...

 

Təəssüf ki, Amerika zad kəşf etmirik bu yazıda, (çox heyf, yoxsa aborigenləri öz teatr və kinomuzun inkişafı ilə təəccübləndirərdik), məlum məsələlərdir. Amma  bəzən ən məlum məsələlər haqqında da kimsə danışanda....

 

Davam edir 36

 

Məsələn, iki ay əvvəl Akademik Milli Dram teatrının aktyoru Hikmət Rəhimov Kulis.Az saytına müsahibə verir. Səhv-düz öz fikirlərini deyir, teatrı, repertuarı, sistemi tənqid edir. Amma xeyli qeyri-etik qalmaqalları, dava dalaşları ilə məşhur teatrın aktyorlarını və baş rejissoru həmkarlarını teatrın ünvanına dediyi “bu teatr 144 ildi belədir, 244 il də belə olacaq” fikri hiddətləndirir, özlərini təhqir olunmuş sayıb, aktyordan təkzib və hətta kollektivdən üzr diləməyini istəyirlər. Azca sonra teatrda vaqe olmuş başqa bir qalmaqal səbəbi ilə aktyoru “öz ərizəsi ilə” işdən azad edirlər.

 

Əlbəttə,  Azdramada nə baş verdiyindən bəlkə şeytan da baş açmaz, (müdriklərimiz demişkən, bəlkə təqsir elə ölənin özündədir - müdriklik bundadır ki, öləni niyə müdafiə edəsən ki, onsuz da ölüb), amma kimin hansı şəxsi keyfiyyətlərə sahib olmasından asılı olmayaraq, Hikmət Rəhimov teatrın peşəkarlar tərəfindən qiymətləndirilən,  istedadlı sayılan, tamaşaçılar tərəfindən təxminən tanındığı qədər sevilən aktyorlarındandır.

 

Hikmət olmasın, qeyrisi olsun. Biri bir tənqidi müsahibə verir, az sonra işdən çıxarılır. Bu, kənardan necə görünür? Özünüz baxın.

 

Özünü əzdirmədən teatrı tərk edirsə aktyor sənət üçün ən vacib şərt olan azadlığı, bütövlüyü qoruyur.  Ən yaxşı halda belədir. Ən pis halda, özündən qəhrəman düzəldib publikanın sevimli kuklası olmağa razılaşır və olan azadlığını da itirir.

 

Bəs görək teatr nə qazanır?  “İş yerini, rəhbəri tənqid etmək olmaz, başını sal aşağı, işini gör, ümumiyyətlə, yaxşı olar ki heç başın olmasın qaldırmağa” fikrini. Belə yerdə hansı əsərləri tamaşaya qoymaq olar? Əlbəttə ki, istisnasız olaraq bütün əsərləri. Məsələn, Akademik teatrda  “Ölülər” artıq camaata da göstərilir.

 

“Hər yerdə belə deyilmi?” - deyə haqlı bir sual verəcəklər. Belədir. Hər yerdə belədir, tənqidə görə adama heç yerdə “sağ ol” demirlər. Amma biz ifli-sadiqlərin sənətdən umduğu başqadır. Biz sadəzəmirlər sənətə ruhumuzu etibar etmək istəyirik.

 

Bizim misalda isə, ölüdən can istəyirik.

 

Hekuba

 

Fürsət düşmüşkən, Kulis.Az saytında təşkil olunmuş debatda kinoşünaslardan ssenari istəyən, keyfiyyətli ssenari olmadığına görə məcbur qalıb nazirliyin kino yayımı sektorunun müdiri Yusif Şeyxovun yazdığı  ssenariləri ard-arda çəkdiklərini deyən  Müşfiq Hətəmova (“Azərbaycanfilm” kinostudiyasının direktoru – A.) bu yazının motivlərindən indicə uydurduğum sinopsisi təklif edirəm. Qısametrajlı ola bilər, büdcə kəmdir, həm də Yusif müəllimin daha bir ssenarisi olsa, bizimki çıxdaş olmasın.

 

Sinopsis belədir:

 

Saytların birinə müsahibə verib artıq-əskik danışdığına görə aktyora teatrda psixoloji təzyiq edirlər, korifeylərin qarşısında dayanıb 144 illik tarixdən, bu gündən, sənət məbədinin dər-divarından üzr istəməyini istəyirlər. Aktyor rollarına uyur, oyunbazlığı üzündən yenə də özünü qəhrəman sanaraq bu humanist təklifə razılaşmır. Bir müddət keçir, (montaj həlli ilə əlbəttə) bir gün qəzadan və ya  həmin aktyor məşqdə biri ilə dalaşır.  Bunu o saat işdən çıxarırlar. Teatrda onsuz da yaradıcı mühit yox imiş, (əvvəlki epizodlarda bu barədə o, müsahibəsində deyir, çayxanada dostlarına şikayətlənir), özünün dediyinə görə aktyor aldığı 200, ya 300 manata görə heyfsilənir, çünki kredit verirmiş. Bu yandan da zərərçəkmişin polisə şikayətinə görə ya 1000 manat cərimə verməli, ya da 15 sutka həbs çəkməlidir.

 

1000 manat yoxdur, üstəlik 15 sutka həbs çəksə serialdakı işindən olacaq. O serial rejissorunun yanına gəlib başına gələni danışır. Xahiş edir ki, oynadığı müsbət qəhrəmanı birtəhər şərləyib həbsə-zada atdırsın və ya başına bir qəziyyə gətirsin ki, bir müddət serialda görünməsin, həbsdən sonra qəhrəmanı da özü də ekrana qayıdıb kəsbkarlığını eləsin. Serial rejissoru insaflı adam olur, aktyoru narkotiklə tutdurur. Amma aktyorun qəhrəmanına 15 sutka yox, 7 il verirlər. Nağıl dili yüyrək olar, 7 il 15 günə keçir gedir. Aktyor öz qəhrəmanı ilə birgə həbsdən çıxır, (bu yerdə bir klişe kadr da çəkmək yerinə düşər) geridə qalmış həbsxana qaplarının fonunda qara plaşlı mistik bir adam aktyora yaxınlaşıb ondan soruşur:

 

- Qardaşım, Hekuba sənin nəyindir?

 

Aktyor:

 

- Hekuba kimdi, ala? - deyib plaşlıya kinli bir nəzər salır və inamlı addımlarla naməlum istiqamətə gedir. Kamera onun xoşbəxt gələcəyə doğru getməyini çəkir...

 

LENT

21 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017
15 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017