Qonşu qızını sevən oğlanın məşqdən qovulması

Kulis.az “Naməlum kino” layihəsində Gülbəniz Əzimzadənin 1984-cü ildə çəkdiyi “Avqust gələndə” filmini təqdim edir.

 

Süjet: Əhvalatın qəhrəmanı yeniyetmə Arifdir. Onun atası Nadir (Hamlet Xanızadə) gəmidə kapitan işləyib və günlərin birində vəzifəsini yerinə yetirərkən həlak olur. Anası (Şükufə Yusupova) həkimdir. O, iki oğlunu təkbaşına böyüdür. Arifin dayısı Cümşüd (Şahmar Ələkbərov) əczaçıdır, aptekdə işləyir və bacısının övladlarının qayğısına qalır. 

 

Arif xilasedicilər dərnəyində məşqlərə gedir, amma sudan qorxur. Buna görə də məşqçi (Rafiq Əliyev) onu dərnəkdən qovur. Arif bununla barışa bilmir. O, hər kəsə üsyan edir, müəlliminə, anasına, onların qayğısını çəkən, evlərində sözü keçən, maddi ehtiyaclarını ödəyən dayısına. Arif qərara gəlir ki, özü pul qazansın, müstəqil olsun, atası kimi gəmidə işləsin. Anası buna etiraz eləsə də, Arif fikrindən dönmür.

 

 

Əhvalatda eyni zamanda sevgi xətti də işlənilib. Arif qonşu qız Nailəyə (Ayan Mirqasimova) vurulur. Nailə xalasının yanında dincəlir, o, bağdan gülləri yığaraq, adamların gur olduğu yerlərdə satır, amma ucuz qiymətə. Bununla da vağzalda gül satan alverçilərə maneçilik törədir. Gülsatan arvadlar Nailəni döymək istəyəndə Arif onu müdafiəyə qalxır. Bu, onların arasında sevgi münasibətinin yaranmasına gətirib çıxarır.

 

Ümumiyyətlə, rejissor Gülbəniz Əzimzadənin yaradıcılığında yeniyetmə, uşaq mövzusu xüsusi yer tutur. O, uşaqların həyatı tanımasını, ətrafla ünsiyyətdəki ilk çətinliklərini ekrana gətirən filmlərin müəllifidir: “Təkcə adanı özünlə apara bilməzsən”, “Qaladan tapılan mücrü” və bir neçə sənədli filmin...

 

 

“Avqust gələndə” filminin ilk epizodu yadıma istər –istəməz Asif Rüstəmovun “Axınla aşağı” ekran işini yadıma saldı. İlk epizodda Arif məşqlər zamanı bacarıqsızlıq nümayiş elətdirir, ona qorxu hissi hakim kəsilir, o, şərti olaraq dənizdə boğulan həmyaşıdını xilas etmək üçün dənizin dərinliyinə enə bilmir. Müəllimi onu həmyaşıdlarının qarşısında təhqiramiz münasibət bildirir və xilasedici itin ondan daha bacarıqlı olduğunu deyir. Nəticədə o, dərnəkdən qovulur.

 

“Axınla aşağı” filmində isə avarçəkmə müəllimi olan ata oğlunun da onun kimi eyni peşəyə yiyələnməsini istəyir. Və onun bacarıqsızlığını sərt şəkildə üzünə çırpır, ona həqarət edir. Və atanın anlayışsız münasibəti son nəticədə oğlunun itkisi ilə nəticələnir.

 

Hərçənd, G. Əzimzadənin film yeniyetmələr üçün nəzərdə tutulub, burda qəhrəman Arifdir. İlk epizoddaca müəllif filminin konsepsiyasını bəyan edir ki, əhvalat boyu – dərnəkdən qovulan, sərt baxışlarla “müəlliminə mən məğlub olmayacağam” çağırışını edən yeniyetmənin özünütəsdiq mübarizəsini izləyəcəyik.

 

 

Arifin simasında həm də yetkinliyə, müstəqil həyata keçid prosesinin ağrılarını, çətinliklərini yaşayan yeniyetmələrin ümumiləşmiş obrazını görürük. Burda bir nüans da var ki, atasını vaxtsız itirən Arif həm də öz üzərində daha artıq məsuliyyət, yük hiss edir. O, qarşısına evin kişisi olmağı, pul qazanmağı, dayısına möhtac olmamağı, anasına yadım eləməyi, kiçik qardaşının qayğısını çəkməyi və eyni zamanda öz arzularının dalınca getməyi məqsəd qoyur.

 

Filmdə konflikt yalnız Arifin anası, dayısı ilə problemli münasibəti, fikri ayrılığı üzərində yox, eyni zamanda onun həyatı tanıması prosesində büruzə verir: Nailə ilə münasibəti, matros olmaq üçün qarşılaşdığı çətinliklər və ən əsası öz qorxusuna qalib gəlməsi. Və özünə qalib gəlmək, qorxu hissini məğlub etmək - əhvalatın başlıca motividir. Və bu prosesdə də ona Nailə yardım eləyir. Üzgüçülüyü yaxşı bacaran Nailə özünü dənizdə batmış kimi göstərir. Arif tərəddüdlərini yenir, dənizə baş vuraraq onu xilas eləyir. Məhz bu, Arifin həyatında dönüş nöqtəsinə çevrilir, gəmiçilik rəhbərliyi onun addımını müsbət qiymətləndirərək matros şagirdi kimi işə götürür. Bəlkə də rejissor qadın olduğunda qadın gücünə xüsusi vurğu eləyir.

 

 

Finalda ailəsinin etirazına baxmayaraq, Arif dayısının istəyinə uyğun olaraq əczaçılıq texnikumunu yox, atasının yolunu seçir.  Bu, onun həyatda müstəqil qərar verdiyi ilk və vacib addım olur.

 

Əhvalatın əvvəlində Arifin dənizə çıxan atasını görürük. O, qayğılı halda oğlu ilə vidalaşır, sanki ölümünü əvvəldən hiss edirmiş kimi görünür. Bu kadr zaman-zaman Arifin yaddaşında canlanır. Sonlara yaxın isə həmin kadrın vizual izahı verilir, məlum olur ki, dənizdə gəmilər toqquşur və kömək üçün kapitana müraciət edilir. Arif atasını dənizə yola salır, bu, son görüş, ayrılıq Arif üçün travmaya çevrilir.

 

Musiqi həlli digər filmlərimizə nisəbətən təsvirlə daha uyğun işlənib. Amma məsələ ondadır ki, Aqşin Əlizadənin musiqisi keyfiyyətinə, gücünə görə təsviri kölgədə qoyur, istər-istəməz musiqi sənə hakim kəsilir. Bu isə təsviri akt olan kino üçün üstünlük sayıla bilməz.

 

 

Ümumiyyətlə, demək olmaz ki, “Avqust gələndə” ekran işi kimi yüksək keyfiyyətə malikdir, amma hər halda problematikasına görə aktualdır.

 

Filmin ssenari müəllifi Asim Cəlilovdur. Qeyd edək ki, o, məşhur “Yol əhvalatı” filminin ssenari müəllifidir.

 

Arif rolunun ifaçısı Natiq Abdullayev eyni zamanda “Qəm pəncərəsi”, “Qara gölün cəngavərləri”, “Nəğmə müəllimi” filmlərində də oynayıb.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017