Sədərək bazarının tütəkçisi Vaqif: “Tütək çaldım, qadının ürəyi getdi”

Sədərək bazarının  tütəkçisi Vaqif: <span style="color:red;">“Tütək çaldım, qadının ürəyi getdi”
6 oktyabr 2016
# 09:00

Vaqifi Sədərək bazarında gördüm. Musiqisinin səsi ətir kimi bir anda ətrafa yayıldı, hay-küyün, qara-qışqırığın içindən novruzgülü kimi boy verib qalxdı. Bir də gördüm, budur, gəlir Vaqif. Zənbilində bir neçə tütək. Əlində tutduğu tütəkdə isə elə ifa edir, hər kəsi, hər şeyi unudub. Elə bil tütək alverçisi deyil, xəyali bir səhnədə dayanıb musiqi ifa edir. Qərara gəldim ki, Vaqiflə söhbətləşim.

- Vaqif, səni ilk dəfə “Sədərək” bazarında görmüşdüm. Tütək çala-çala gəzirdin. Çiynindəki zənbilin ağzından tütəklərin ucu ilan başı kimi çıxmışdı. Tütək satmaqlamı dolanırsan?

- Bəli, tütək satmaqla dolanıram. Tütəyi şəhərdən alıram, Sədərəyə aparıb gəzə-gəzə satıram.

- Alıcıların çox olur?

- Bəli, olur. Baxırlar ki, gözəl ifa edirəm, ona görə alırlar. Tütək çalmayıb əlimdə tutsam heç kim almaz. İfa eləyəndə hamı alır.

- Elə bilirlər onlar da gözəl ifa edəcəklər, ona görə həvəslə alırlar.

- Yəqin. Bəlkə də tütək çalmağım xoşlarına gəlir deyə alırlar, ya da elə bilirlər özləri öyrənə biləcəklər. Çünki mən də çalmağı özüm öyrənmişəm. Müəllimim olmayıb. Uşaq vaxtından tütək çalmağı xoşlayıram.

- Əvvəl nə işlə məşğul idin?

- Əvvəl alverlə məşğul idim. Mağaza açmışdım. Uşaq paltarları satırdım. Bir az işləyəndən sonra “bankrot” oldum, işsiz qaldım. Bacardığım iş tütək çalmaq idi. Qərar gəldim ki, həm tütək satışı ilə məşğul olum, həm də sevdiyim bir işi görüm - tütək çalım. Beləliklə, oyuncaq tütək satışına başladım.

- Özün də oyuncaq tütəkdə çalmağı öyrənmisən?

- Bəli. Lap əvvəl raskladuşka turbasında çalmağı öyrənmişəm. Biz Lerikin dağ kəndində yaşayırdıq. Rayon mərkəzinə düşmək imkanı az idi. Ondan əvvəl atam rayon mərkəzindən tütək almışdı mənə. Almırdı, ağlayıb özümü öldürdüm, məcbur qalıb, oyuncaq tütək aldı. O tütəyi də atam evdə səs-küy bəhanəsi ilə əlimdən alıb qırmışdı. Onu deyirdim axı. Bizim evdə də bir dənə təzə raskladuşka var idi. Onun turbasını kəsdim, sonra da mismarla üstünə dəliklər açdım. O tütəyi düzəldənə kimi əlimi kəsik-kəsik elədim, indi də izləri qalıb. Bu tütəyə görə atam məni danladı ki, niyə raskladuşkanı korlamısan. Yəni həvəsim bu qədər çox idi.

- Tütəkdə çalmağı həmin düzəltdiyin alətdə öyrəndin?

- Bəli, onda öyrəndim. Sonradan oyuncaq tütək aldım, onda çalmağa başladım.

- Deməli, mağaza işin alınmayandan sonra tütək satmağa keçdin.

- Mağaza işim batandan sonra bir müddət işsiz qaldım. Ailəliyəm, iki uşağım var. Nəsə iş tapıb işləmək lazımdır. Axırda fikirləşdim ki, tütək alıb Sədərək bazarında gəzə-gəzə satım. Sözün açığı, çox götür-qoy elədim, utanırdım. Bir-iki dəfə bazara çıxandan sonra həvəsləndim. Gördüm, hamının xoşuna gəlir, hamı məni tərifləyir. Soruşurdular, niyə televizora çıxmırsan? Sən canlı ifa edəndə bizim tüklərimiz biz-biz olur. Bəzən heç tütək almırdılar, ifa edirdim, bir də gördün bazar adamları, ya müştərilər cibimə pul qoyurlar. Çoxu heç tütək almayıb, cibimə pul basıb gedir.

- Nə əcəb şəhərdə ifa eləmirsən. Küçə musiqiçiliyini nəzərdə tuturam.

- Bir-iki dəfə metro ağzına çıxmışam, amma utanırdım. Burda da pis qazanmıram. Dolanışığım olur. Gələcəkdə bu sənət üzrə başqa iş tapıb işləsəm bazara çıxmayacam, yox alınmasa, elə bu işlə də dolanacam. Mənə deyirlər ki, peşəkar çalırsan, halbuki musiqi təhsilim yoxdur.

- Evə özün üçün məşq edirsən?

- İçimdən gələndə çalıram, özümə qulaq asıram.

- Tütək çalanda hər şeyi unudursan, yoxsa fikirləşirsən ki, görəsən nə qədər tütək sata biləcəm?

- Hər şeyi unuduram. Özüm üçün çalıram. Bir də görürəm ki, başımın üstünü kəsdiriblər. Elə olub hamı dayanıb, əllərində sumkalar, mənə qulaq asıblar. Gördürdüm, ətrafıma topalaşıblar, ən çox boş yerlərdə çalırdım, adam çox olan yerə girməyə utanırdım. Bəzən elə bilirdilər ki, tütək səsi radio qovşağından gəlir.

- Dedin tütək almasalar da nəmər verirlər. Ən çox nə qədər nəmər veriblər?

- Dəqiq yadımda deyil, 50 manat verən olub.

- Vaqif, deyirsən tütək çalanda hər kəsi unuduram. Nə hiss yaşayırsan onda?

- Sözlə deməyə çətinlik çəkirəm. Məndə başqa hisslər oyanır. Çoxları deyir ki, sən qəmli mahnılar ifa edərsən.

- Problemlərin əlindən bezəndə, çarəsiz qalanda tütək sənə kömək edir?

- O qədər belə hallar olub ki! Elə sıxıntım olub həll edə bilməmişəm, oturub tütək çalmışam. Tütək mənim sirdaşımdır.

- Gündə neçə tütək satırsan?

- Elə gün olub yüz tütək satmışam.

- Kimlər alır bu qədər tütəyi?

- Nə bilim, bazara gələn, bazar adamları.

- Bazarda gəzə-gəzə tütək çaldığın yerdə satıcılardan deyən olub ki, bəsdir, imkan ver alverimizi edək?

- Yox. Olmayıb. Mənə tez-tez deyirlər ki, bizdə çox gözəl hisslər oyadırsan. Eləsi var deyir, filan rayonda yaşayırdım, uşaq idim, keçmişimi yada salırsan. Belə sözlər eşidəndə adama xoş olur.

- Vaqif, nə qədər mahnı bilirsən?

- Nə bilim? Eşitdiyim musiqini o dəqiqə götürürəm. Ən çox sevdiyim mahnı “Sarı gəlin”di. Onu çox ifa edirəm.

- Toylara dəvət edirlər?

- Arada dəvət edirlər. Keçən ay hardasa yeddi-səkkiz toya getmişəm. Elə də tanınmıram deyə az çağırırlar, tanınsam bəlkə də çox çağırarlar. Elə toy olub ki, “Sarı gəlin”i dörd dəfə-beş dəfə sifariş ediblər.

- “Sədərək”də nə qədər vaxtdır tütək satırsan?

- Hardasa bir il olar.

- Daha satmırsan?

- Məhərrəmlik ayıdır deyə indi satmıram. Dinimizə hörmət mənasında bu ayda nə tütək satıram, nə də ifa edirəm. Bəlkə də satmaq olar, amma çalmasan alan olmayacaq axı. Tütək çalanda daha çox müştəri cəlb etmək olur. Onsuz Məhərrəmlik ayında bazarda alver az olur, satıcılar bütün gün fikirli-fikirli müştəri gözləyirlər. Mən də gedib orda qəmli mahnılar ifa eləsəm onları daha da kədərləndirərəm. Bəlkə, elə qulaq asan var, işi lap sıfırdadı. Bayaq dediniz ki, elə bir insan olubmu desin bəsdi çaldın. Bax o sözü eşitmək istəmirəm. Məhərrəmlik ayını Allah verəndən tapıb yeyərik.

- Olub ki, səni tütək çalanda kimsə dinləyib təsirlənsin?

- Olub. Bazarda tütək çalırdım. Bir xanımın ürəyi getdi. Sözün açığı, bir az durub baxdım, özümə də pis gəldi və səssizcə ordan uzaqlaşdım. Daha öyrənə bilmədim ki, nə səbəbdən ürəyi getmişdi. Sonra orda işləyən uşaqlar mənə dedilər ki, sən ifa edəndə o da oturub qulaq asır, ağlayırdı. Bir də görüblər, ürəyi getdi.

- Müştəri idi?

- Bəli.

- Vaqif, Məhərrəmlikdə özün üçün də ifa eləmirsən?

- Darıxanda Allaha müraciət edirəm ki, ay Allah, əgər günahdırsa günahımdan keç, ürəyim o qədər istəyir, dayana bilmirəm. Elə olub ki, lap qohumum rəhmətə gedib. Heç yeddisi çıxmamış tütəyin səsini eşitmək istəmişəm. Evdə qapı-pəncərəni bağlamışam ki, məndən başqa heç kəs eşitməsin, çalıb rahatlaşmışam.

- Vaqif başqa deyəcəyin, söz arzun varmı?

- İmkanım olsa özümə klarnet alaram, qabağa gedərəm.

- Sağlıq olsun. Müsahibəyə razılıq verdiyin üçün təşəkkür edirəm.

- Mən təşəkkür edirəm, sağ olun.

# 2671 dəfə oxunub

Oxşar xəbərlər

Təcili əməliyyat olunan Hasan Can Kayanın ilk açıqlaması

Təcili əməliyyat olunan Hasan Can Kayanın ilk açıqlaması

11:00 23 aprel 2024
“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

10:40 23 aprel 2024
Almaniya prezidenti Orxan Pamukla Məsumiyyət muzeyində

Almaniya prezidenti Orxan Pamukla Məsumiyyət muzeyində

10:21 23 aprel 2024
Xalq yazıçısı Elçin əməliyyat edildi

Xalq yazıçısı Elçin əməliyyat edildi

21:34 22 aprel 2024
Mikayıl Azaflının şeirləri yeni kitabda

Mikayıl Azaflının şeirləri yeni kitabda

18:30 22 aprel 2024
Leonardo Di Kaprio Frank Sinatra obrazını canlandıracaq

Leonardo Di Kaprio Frank Sinatra obrazını canlandıracaq

18:00 22 aprel 2024
#
#
# # #