Aristoteldə başlayıb Belinskidə dayanan akademiklərimiz

Aristoteldə başlayıb Belinskidə dayanan akademiklərimiz
3 oktyabr 2016
# 16:53

Kulis.az İradə Musayevanın “Siz ey “ədəbiyyatşünaslıq elmimizin sərkərdələri!..” məqaləsini təqdim edir.

Azərbaycan ədəbiyyatının ləng inkişafında, dünyayla ayaqlaşa bilməməsi problemində Azərbaycan ədəbiyyatşünaslığının da “xidmətləri” çoxdur. Sadəcə bu sahənin terminlərlə dolu bəlağətli və “elmi” mətnləri on illərdir “ədəbiyyat sərrafı”, “ədəbiyyat bilicisi” kimi ad almış müəlliflərin imzalarıyla kitablaşır, dissertasiya cildlərində qəliblənir, monoqrafiyalar siyahısında yerləşdirilir, həmin müəlliflərin bioqrafiyasında elmi kəşf mənbəyitək dəyərləndirilir və s, və i.a...

Adlar, adlar, adlar... Müdafiə Şuralarının zəhmli iclas salonları, aliməqam tribunalar, konfranslar, seminarlar, şablon hesabatlar, plagiat yazılar, iş planları, fərdi yaradıcılıq anketlərindəki saxta (3-4 il dalbadal adı, mövzusu təkrar-təkrar yazılan, özü isə heç vaxt yazılmayan) məqalə adları... Görəsən kimi aldadırıq?

Ədəbiyyatşünaslıq adına bircə qənaətbəxş dərslik tapa bilmirik. Amma hər professorun, akademikin tərcümeyi-hal salnaməsində onlarla kitab, yüzlərlə ədəbiyyatşünaslıq məqaləsi adının siyahısı əks olunur. Biz müstəqillik illərində sovet dövrü ədəbiyyatşünaslığımızı dərhal yenidən oxumalı, saf-çürük edib gərəklilərini mənimsəməli və mənimsətməli, sovet ideologiyasının diktəsi ilə yazılmış gərəksizləri isə arxivləşdirməli idik. Amma belə olmadı. Ədəbiyyatşünaslıq elmi çox hallarda öz köhnə, sovet ideologiyası əsasında hazırlanmış kitabların tendensiyalı nəzəri qanunları ilə ədəbiyyata diktələr etmək, yol göstərmək iddiasından əl çəkmədi. Nəticədə ortada qalaq-qalaq lazımsız kağız-kuğuz toplandı. Azərbaycan yazarı ilə Azərbaycan ədəbiyyatşünasının ədəbi-bədii düşüncələri, ədəbi-estetik axtarışları heç bir halda ünsiyyətə girə bilmir. Qarşılıqlı qəzəb və inkar intonasiyası dəyişilmir. Elə təkcə tənqidçi və yazıçı söhbətlərində bu ahəngin davamlılığını yada salmaq fikrimə sübut ola bilər... Və ədəbiyyatla məşğul olmalı olan qurumlarda fəaliyyət göstərən ədəbiyyat alimləri acı da olsa etiraf edək ki, bəzi hallarda, əslində daha çox hallarda öz nüfuzunu itirdi... Onların çoxu hələ də ancaq və ancaq Aristotel, Bualo, Xətib Təbrizi və Belinski tarixi səddində dayanıblar. Müasir dünya ədəbi-nəzəri fikri ilə düşünməyi, yazmağı, müqayisələr aparmağı lüzumsuz sayırlar. Ədəbiyyatımız bu gün sanki, öz mücadiləsi hesabına (“şünas”ından nəzəri, tarixi bilgi almadan belə), dünyaya çıxmaq və öz sözünü demək uğrunda çarpışır. Sirr deyil ki, bu gün bizim gənc yazarların ədəbiyyatşünaslıq bilgisi, dünya ədəbiyyatı tarixinə bələdliyi çox qocaman, yaşı 50-ni keçmiş ədəbiyyatşünaslardan daha üstündür, daha çoxdur. Onlar israrla axtarır, oxuyur, fikir mübadiləsi aparır, polemik ədəbi səhnələr qurmağa can atır və s.

AMEA-nın vitse-prezidenti, akademik, Nizami adına Ədəbiyyat İnstitunun direktoru İsa Həbibbəyli “Böyük ədəbiyyatşünaslıq uğrunda” adlı məqaləsində (525-ci qəzet, 2014,24 may) yazır: “1936-cı-ildə Dil və Ədəbiyyat sektorlarının bazasında Dil və Ədəbiyyat İnstitutunun yaradılması Azərbaycan ədəbiyyatşünaslıq elminin ardıcıl, sistemli və mütəşəkkil surətdə inkişafının möhkəm təməlinə çevrilmişdir. Bütün bu proseslərin nəticəsində az sonra Nizami adına Ədəbiyyat İnstitutunun zəminində Azərbaycan ədəbiyyatşünaslarının bir neçə nəsli yetişib formalaşmışdır. Həmin ədəbiyyatşünas nəsillərinin sıralarından Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri səviyyəsinə çatan, hər biri özlərinə məxsus elmi məktəblər yaratmış Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd CəfərCəfərov, Həmid Araslı, Feyzulla Qasımzadə,

Kamal Talıbzadə, Bəkir Nəbiyev, Abbas Zamanov, Mir Cəlal, Mirzağa Quluzadə,Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Yaşar Qarayev, Əziz Mirəhmədov, Azadə Rüstəmova, Azad Nəbiyev, Əliyar Səfərli,Teymur Kərimli və başqaları kimi görkəmli elm xadimləri çıxmışdır.

Bu gün də ədəbiyyatşünaslıq elminin həmin sərkərdələrinin əsərləri və onların formalaşdırdıqları ənənələr yeni elmi nəslin və elmi-ədəbi proseslərin inkişafına öz təsirini göstərməkdədir”.

Ədəbiyyatşünaslıqda İsa Həbibbəylinin təbiri ilə desək, “elmi məktəb yaratmış”, “ədəbiyyatşünaslıq elminin sərkərdəsi” titulunu almış insanlardan bu gün yalnız iki nəfəri sağdır- Əliyar Səfərli və Teymur Kərimli... (Halbuki digər adlar ətrafında da suallar yarana bilər. Məsələn, M.İbrahimov ədəbiyyatşünaslıqda hansı elmi məktəbin banisidir?-sualı kimi və s. M.İbrahimovun ədəbi-estetik görüşləri və ədəbiyyatımıza xidməti müsbət qarşılanmalıdır. Amma bu xidmətin də öz adı var, onun bu sahə ilə bağlı fəaliyyətini həmin adla ifadə etmək daha obyektiv səslənər. Hər halda “ədəbiyyatşünaslıqda elmi məktəb yaratmaq” həddində deyil... ) Hər ikisinin şəxsiyyətinə dərin hörmətim var. Ə.Səfərli Bakı Dövlət Universitetində müəllimim olub. Amma doğrudan da ədəbiyyatşünaslıqdan və müəllifin də dediyi kimi “böyük ədəbiyyatşünaslıq uğrunda” mübarizədən söhbət gedirsə, hər iki müəllifin yaratdığı, ədəbiyyatşünaslıq elmində iz qoyan “elmi məktəb”in yeni-elmi nəzəriyyələrini və bu məktəbin yetirmələrini saya bilərikmi? Amma əsla və əsla dissertantlar, aspirantlar, son dövr istilahı ilə desək - doktorantlar siyahısı və saysız-hesabsız konfrans, məqalə, kitab adları gəlməsin ortaya. Konkret faktlara əsaslanan, ELMİ MƏKTƏB(!) konsepsiyasını səciyyələndirən “elmi məktəb” ağırlığında elmi nəzəriyyələr və həmin məktəbin ədəbiyyatımızın inkişafında intibahi çevriliş yaradan yetirmələrinin fəaliyyət fundamentallığı misal kimi çəkilsin... Mümkün olacaqmı? Bu gün ədəbiyyatşünaslığımızın ən problemli sahəsi məhz klassik irslə bağlıdır. Ədəbiyyat tarixi kitablarında, dərsliklərdə bu sahəyə aid qüsurlar hər nəşrdə təkrarlanır. Auditoriyalarda qədim və orta əsr ədəbiyyatımıza aid suallar, ziddiyyətli, araşdırılmamış məqamlarla bağlı mübahisələr istinad mənbəyi tapa bilmir. Heç kim heç kimin xətrinə dəymək istəmir. Qəzet, jurnal səhifələrində, hesabatlarda alqışlanan, təriflənən bu qüsurlu kitablar ədəbiyyatşünaslıq elmi adına rəflərə düzülür, dekorativ element kimi rəfləri “bəzəyir”, amma praktiki vəsaitə çevrilə bilmir.

Məqalənin “Ədəbiyyatşünaslıq elminə müasir baxış” başlıqlı bölümünü böyük ümidlə oxudum. Çünki “ədəbiyyatşünaslığa yeni baxış” zərurəti 25 ildir zərurət olaraq qalmaqdadır. “Bəllidir ki, ədəbiyyat haqqında olan və onu öyrənən elmə ədəbiyatşünaslıq deyilir. Ədəbiyyatşünaslıq – ədəbiyyatı və ədəbi prosesi öyrənən elm sahəsidir. Ədəbiyyatşünaslıq – ədəbiyyat və ədəbi proses haqqında tam, bitkin, əsaslı və əhatəli elmi təsəvvür yaradan elmdir. Ədəbi proses anlayışına yaranan yeni ədəbiyyatla yanaşı, ədəbi-elmi mühitdə baş verən hadisələr - yaradıcılıq müşavirələri, ədəbiyyatşünaslıq prosesləri müzakirələr, mübahisələr, iddialar, dialoqlar və monoloqlar daxildir.Ədəbiyyatşünaslıq elmi ədəbiyyatın tarixini, inkişaf yolunu, əsas istiqamətlərini, nəzəriyyəsini, sənətkarlıq xüsusiyyətlərini vəədəbi prosesi öyrənib ümumiləşdirir”.

Müəllif bu bölmədə XX əsr Azərbaycan ədəbiyyatşünaslarının adını sadalayandan sonra dünya ədəbiyyatşünaslıq elminin əsaslarından söz açır. Bu “müasir baxış” kontekstində isə dünya ədəbiyyatşünaslığı elə hey Aristotel ilə başlayıb Belinski ilə bitməkdə davam edir:

“Dünyada ədəbiyyatşünaslıq elminin əsasını qədim yunan alimi Aristotel qoymuşdur. Böyük alim və mütəfəkkir Aristotel ümumiyyətlə dünya elmində əfsanəvi şəxsiyyətdir. Aristotelin “Poetika” əsəri ədəbiyyatşünaslıq elminin möhtəşəm başlanğıcıdır. Fikrimizcə, Aristotelin “Poetika”sı həm də dünya ədəbiyyatşünaslıq elminin mükəmməl proqramıdır. Sonralar uzun əsrlər boyu poetika istiqamətində bir çox sanballı əsərlər meydana çıxsa da, Aristotelin ədəbiyyatşünaslıq konsepsiyasından çox da uzağagetmək çətin olmuşdur. Məşhur fransız mütəfəkkiri Onore Depore de-Bualonun “Poeziya sənəti” əsəri mənsur şəkildə yazılmış ədəbiyyatşünaslıq əsəri olmaqla bərabər, həm də orta əsrlər ədəbiyyatından gətirilmiş misalların zənginliyinə və klassizim haqqında yeni baxışlara görə fərqlənir. Bualo klassizmin böyük nəzəriyyətçisidir. Ədəbiyyat haqqında elmin inkişafında Vissarion Belinskinin müstəsna dərəcədə böyük rolu vardır. Vissarion Belinskinin “Ədəbiyyatın növlərə və şəkillərə bölünməsi” əsəri dünya ədəbiyyatşünaslıq elmində yeni mərhələdir. Ədəbiyyatşünaslıq elminin özünəqədərki çoxəsrlik elmi ənənələrinin zəminində meydana çıxmış bu böyük ədəbiyyatşünaslıq əsəri Avropa ədəbiyyatının, daha çox isə rus ədəbiyyatının zəngin materiallarının sintezindən yoğrulmuş yeni nəzəri baxışlar sisteminin ifadəsidir. Fikrimizcə, Vissarion Belinskinin ədəbiyyatşünaslıq təlimində Aristotelin dərin elmi düşüncəsi və Bualonun poetik şəkildə ifadə olunan nəzəri baxışları sintez halında təzahür edir. VissarionBelinski ədəbiyyatşünaslığın şairidir. Vissarion Belinski – ədəbiyyatın mahiyyətinin, fəlsəfəsinin elmini yaratmışdır”.

Ədəbiyyatşünaslıq elminə “vəzn və qafiyə elmi, təzkirəçilik ənənəsi” kimi klassik töhfəmizi xatırladan müəllif “mütəfəkkir düşüncəli ədəbiyyatşünaslığımızı” dönə-dönə təqdir edir:

“Azərbaycanda da professional ədəbiyyatşünaslıq elmi (?-İ.M) müəyyən fərqlə, irəliyə-geriyə həmin prosesi yaşamışdır. Qədim dövrlərin və orta əsrlərin vəzn və qafiyə elmi, təzkirəçilik ənənəsi də nəzərə alınmaqla Azərbaycan ədəbiyyatşünaslığı əsasən Aristotel-Belinski məktəbi əsasında formalaşıb inkişaf etdirilmişdir. Heç şübhəsiz, Azərbaycanda ədəbiyyata geniş baxan, ədəbi cərəyanları və sənətkarlıq məsələlərini öyrənən mütəfəkkir düşüncəli ədəbiyyatşünaslıq da yaranmışdır. Azərbaycan ədəbiyyatşünaslığı bu yollardan keçərək müstəqillik dövrünə qədəm qoymuşdur”.

Bəli, yenə və yenə Aristoteldən başlayıb “müstəqillik dövrünə qoyulan qədəm”də dövrə qapanır. Müstəqillik dövrünün fürsət, imkan və azadlığından yararlana bilmədi ədəbiyyatşünaslığımız. Həqiqətə söykənən, nəzəriyyə və praktikanı, akademik bilgilər, kəşflər, yeniliklərlə təhsil, tədris təcrübəsini əlaqələndirən yeni elmi düşüncə hasil olmadı 25 illik əlverişli müstəqillik şəraitində. Hələ də akademiya işçiləri ilə universitet müəllimlərinin bir araya gəlib ədəbiyyatşünaslıq dərslikləri hazırlamaq layihəsini reallaşdırmaq müşkülə çevrilməkdə davam edir. Dövlət bu istiqamətli elmi qurumların fəaliyyətinə, layihələrinə, saysız-hesabsız nəşrlərinə dəstək verdi, diqqət göstərdi, nəticəsi isə göz qabağındadır...

Müəllif daha sonra elə əvvəlki fikrinə qayıdaraq yazır: “Dünya ədəbiyyatşünaslıq elminin aşağıdakı şöbələri, istiqamətləri qəbul edilmişdir: Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid. Ədəbiyyat tarixi haqqında ciddi bir mübahisə yoxdur. Mətnşünaslığı ədəbiyyattarixinə aid edənlərlə ədəbiyyat nəzəriyyəsinin tərkib hissəsi sayanların elmi-ictimai fikir meydanına çıxmayan fərqli baxışlarına rast gəlmək mümkündür. Bundan başqa, dünyada mətnşünaslığı ədəbiyyatşünaslıq elminin müstəqil şöbəsi hesab edənlər də vardır. Fikrimizcə, tədricən bu istiqamət daha da inkişaf edəcəkdir. Ədəbiyyat nəzəriyyəsinin əhatə dairəsinə dair elmi fikirdə demək olar ki, mübahisə yox kimidir. Hamı (?-İ.M.) bu fikirdədir ki, ədəbiyyat nəzəriyyəsi bədii yaradıcılıq proseslərini, ədəbiyyatın inkişaf qanunauyğunluqlarını, sənətkarlıq xüsusiyyətlərini, ədəbi cərəyanları öyrənməklə məşğuldur. Arabir poetikanın ədəbiyyatşünaslığın ayrılıqda ədəbiyyat nəzəriyyəsinin müstəqil şöbəsi olmasına dair keçici fərziyələr (?-İ.M) meydana çıxır və ötüb keçir (?-İ.M). Bu fikirdə olan azlıq Aristotelin “Poetika”sına da istinad etməyə çalışır. Halbuki “Poetika” əsəri geniş mənada ümumiyyətlə ədəbiyyat, ədəbi növlər və janrlar haqqında baxışlar sistemindən ibarətdir, ədəbiyyatşünaslığı bütöv halda əhatə edən elmi əsərdir. Poetika ədəbiyyat nəzəriyyəsinin nüvəsidir. Fikrimizcə, poetikanı ədəbiyyat nəzəriyyəsindən ayrılıqda təsəvvür etmək heç cür doğru sayıla bilməz. Ədəbiyyatşünaslıq elminin şöbələri içərisində nisbətən daha çox mübahisə doğuranı ədəbi tənqiddir. Ciddi elmi-nəzəri yanaşmalardan çıxış edənlər ədəbi tənqidi ədəbiyyatşünaslığın üzvi tərkib hissəsi olaraq qəbul edir və ona elmi istiqamət kimi baxırlar. Ədəbi tənqid müasir ədəbiyyatşünaslıq elminin ədəbi prosesi öyrənən, izləyib araşdıran, ümumiləşdirib proqnozlar verən konkret (?-İ.M) bir sahəsidir”.

Ədəbiyyatşünaslıq elminin klassik bölgüsünə (ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid) akademikin 2 yeni şöbə (folklorşünaslıq və ədəbi əlaqələr) əlavə etmək niyyəti də təəccüblü göründü:

“Ona görə də ədəbiyyatşünaslıq elminin şöbələrinin, istiqamətlərinin təsnifləndirilməsinə də yenidən baxmaq lazım gəlir. Fikrimizcə, indiki şəraitdə folklorşünaslıq da ədəbiyyatşünaslıq elminin müstəqil sahəsinə çevrilmişdir. Hələ ki, folklor irsi, şifahi xalq ədəbiyyatı ədəbiyyatşünaslıq elminin ədəbiyyat tarixi istiqamətinin qaydaları ilətədqiq olunur. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının oxşar cəhətləri ilə yanaşı, fərqli xüsusiyyətlərinin də kifayət qədər olması bu irsə özünəməxsus şəkildə elmi yanaşmaları tələb edir. Bundan başqa, ədəbiyyatşünaslıq elminin şöbələrinin müəyyən edildiyi dövrdən keçən yüzilliyə yaxın dövrdə şifahi xalq ədəbiyyatının toplanılması və nəşri sahəsindəki böyük nailiyyətlər, meydana çıxan cild-cild kitablar, kitabxanalar, folklor abidələri və zəngin folklor irsinə həsr olunmuş saysız-hesabsız tədqiqatlar məxsusi bir bucaqdan elmi təhlil və dəyərləndirilmə zərurətini meydana çıxarır. Buna görə də, fikrimizcə, folklorşünaslıq ədəbiyyatşünaslıq elminin ayrıca bir istiqamətinə, şöbəsinə çevrilmişdir”.

Ədəbiyyatın şifahi və yazılı olaraq iki yerə bölünməsi onların tədqiq, araşdırma, nəzəri və dəyərləndirmə prinsiplərini nə səbəbdən ayırır, aydın deyil. Ədəbiyyat nəzəriyyəsi yazılı ədəbiyyatda olduğu kimi folklor nümunələrində də növ, janr, məcazlar sistemi, forma-məzmun və s. bu kimi sənətkarlıq məsələlərini öyrənmirmi? Yoxsa folklor nəzəriyyəçisi, tarixçisi ya da tənqidçisi başqa nəzəri qanunlarla işləyəcək? Onda “Nizamişünaslıq” və s. bu kimi sahələri də sabah kimsə təklif edəcək ki, ədəbiyyatşünaslıq şöbəsi edək.... Təbii ki söhbət elmi-tədqiqat mərkəzlərinin, institutlarının şöbələrindən getmir. Ədəbiyyatşünaslıq elminin sahəsi, bölməsi, xüsusi qanunları və prinsipləri olan sahələrindən gedir. Ədəbi əlaqələr də həmçinin... Ədəbiyyatın istənilən bir tədqiqat obyektini dünya ədəbiyyatı kontekstində öyrənmək və ya müqayisəli təhlillər aparmaq hələ o demək deyil ki, bu metod və təhlil prinsipi xüsusi elm adı alsın.

Daha sonra müəllif ədəbiyyatşünaslığın mərhələlərini bu şəkildə təsnif edir:

1. XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatşünaslığı
2. İkinci Dünya müharibəsi dövrü Azərbaycan ədəbiyyatşünaslığı

3. Azərbaycan sovet ədəbiyyatşünaslığı

4. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığı

Maraqlıdır, “Azərbaycan sovet ədəbiyyatşünaslığı” mərhələsi “İkinci Dünya müharibəsi dövrü Azərbaycan ədəbiyyatşünaslığı” mərhələsindən nə ilə ayrılır? İkinci Dünya Müharibəsi illərində Sovet hakimiyyəti dağılmışdı, ya hələ qurulmamışdı?

Həmin məqalənin davamında (525-ci qəzet, 02 iyun, 2014) oxuyuruq:

“Bu gün Azərbaycan ədəbiyyatşünaslıq elmində orta nəsil ön mövqedədir. Bu nəslin əksər nümayəndələri mükəmməl ustad dərsləri keçmiş təcrübəli ədəbiyyatşünaslardır. Eyni zamanda, hazırkı tarixi dövr həm ürək genişliyi baxımından, həm də yeni elmi nəslə diqqət və qayğı cəhətdən, xüsusən də müdriklik səviyyəsində onların da üzərində ustad mərtəbəsinə çatmaq və ustadlıq missiyasını şərəflə və məsuliyyətlə yerinə yetirmək vəzifələrini qoyur. Fikrimcə, yeni ədəbiyyatşünaslar nəslinin sıralarında böyük ədəbiyyatşünaslıq miqyasında düşünə bilən, sərrast yazmağı və danışmağı bacaran, mütaliəsi ilə seçilən istedadlı gənclik vardır. ..

Heç şübhəsiz, yeni ədəbiyyatşünaslar nəslinin istedadlı nümayəndələrindən zəhmətə qatlaşmağa ömür sərf etməkdən mənəvi zövq almağı bacaranlar böyük ədəbiyyatşünaslığın yeni liderlərinə çevrilə biləcəklər”.

Bu gün ədəbiyyatşünaslıq elmi sahəsindəki problemlərin ədəbi-estetik düşüncədə və təhsil sahəsində çox ciddi fəsadlar törətməsi faktı danılmazdır. Klassik, müasir dövr ədəbiyyatımızın tarixi, nəzəri və tənqidi aspektdə araşdırılması və qiymətləndirilməsi məsələlərinə həsr edilmiş kitabların, monoqrafiya və məqalələrin böyük əksəriyyəti qüsurlar, təhriflər və qeyri-eimi, qeyri-obyektiv səciyyələndirmələrlə doludur. Orta və ali məktəb dərsliklərindəki ədəbiyyatşünaslıq məsələləri ilə bağlı mövzuların tədrisi prosesində saysız-hesabsız suallar yaranıb. Bəlkə “ədəbiyyatşünaslıq elminin sərkərdələri” və “ustad dərsi keçmiş təcrübəli ədəbiyyatşünaslar” bu barədə daha ciddi düşünməlidir? Ədəbiyyatımızın və millətimizin elmi-ədəbi təfəkkürünün tənəzzülə uğramaması naminə...

# 1462 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  -"Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması -"Sevgi şəhəri" haqqında

13:39 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #