Sovet filmində Azərbaycanın müstəqilliyini istəyən bəy obrazı

Kulis.az “Naməlum kino” layihəsində Şamil Mahmudbəyovun 1978-ci ildə çəkdiyi “Od içində” filmini təqdim edir.

 

Süjet: Hadisələr 1919-cu ildə Azərbaycanın cənub bölgəsində Muğan və Lənkəranda cərəyan edir. Film kadrarxasında diktor mətni ilə başlayır: “Sovet Rusiyasının Antanta ilə gərgin çarpışmada olduğu bir vaxtda menşeviklər, daşnak və müsavatçılar Zaqafqaziyada hakimiyyəti ələ aldılar. Azərbaycanın neftini, taxılını ələ keçirməyə çalışan denikinçilər Muğanı tutdu. Belə şəraitdə bir tərəfdən müsavatçıların, o biri tərəfdən denikinçilərin əhatəsində qalan Muğan torpağı Azərbaycan bolşeviklərinin mübarizə meydanı oldu”. 

 

Yerli bəylərdən biri olan Tomar bəy (Səməndər Rzayev) müsavatçıdır, Denikini təmsil edən İlyaşeviç (Anatoli Falkoviç) təzyiq edərək, onları taxıl satmağa məcbur edir. O, isə nə Çar Rusiyası, nə denikinçilərlə əlbir olmaq istəyir. Onun oğlu Əmir (Yalçın Rzazadə) atasının əleyhinə gedərək, kəndliləri ac qoymamağı tələb edir, acların içində tox yaşamağın günah olduğunu deyir. İnqilabı yox, maarifçiliyi seçən Əmirin bolşevik Tatyana (Alla Panova) ilə sevgi münasibəti var. Tatyananın dayısı Arseniç (Nikolay Barmin) Çar Rusiyasının bərpasına ümid eləyir, o, bolşevik olduğuna görə bacısı qızını evdən qovur. Tomar bəy oğlunun başqa dindən olan qızla evlənməsinə razı olmur və Əmir intihara əl atır. Finalda bolşeviklər mübarizədə həlak olurlar, amma film nikbin notlarla bitir: “Onlar son imkana, son nəfəsə qədər döyüşdülər, azadlıq, bərabərlik, xoşbəxtlik uğrunda canlarını qurban verdilər. Azərbaycanın inqilab mübarizə tarixində 1919-cu il Muğan Sovet Respublikasının adı ilə əbədiləşdi. 1920-ci ilin baharında isə qədim tarixə malik Azərbaycan üzərində azadlıq günəşi doğdu”.

 

 

Şamil Mahmudbəyov “Şərikli çörək” kimi kult film çəksə də, “Od içində” haqqında təəssüf ki, eyni sözü demək olmur. Filmin kinematoqrafik dəyəri yoxdur, epizodların demək olar ki, heç birində uğurlu bədii həll gözə dəymir, müxtəlif vəziyyətlər sıradan təqdim olunub, üstəlik, əhvalat da maraqlı deyil, insan dramlarını göstərmək üçün material olaraq yararsızdır. Qeyd edək ki, ssenari müəllifi Əhmədağa Muğanlıdır.

 

Döyüş səhnələri plakat ritorikasında çəkilib, bolşeviklərin kəşfiyyata getməsində, Əmirin intihar səhnəsində zərrə qədər də həyəcanlı temp yoxdur, bütün bu səhnələr sadəcə texniki əks olunub.

 

“Od içində” sıradan ideoloji ekran əsəridir. Sadəcə, burda bir nüans var. Sovet dövründə tarix birtərəfli təqdim olunduğundan əhvalata bolşevik nəzər nöqtəsindən baxırdıq. Amma artıq tarixlə bağlı həqiqətlər üzə çıxdığından filmdəki hadisəyə fərqli tərəfdən nəzər sala bilirik.

 

Məsələn, ilk epizodda hətta mənfi obraz kimi təqdim olunan Tomar bəy Mirzə ilə Müsavat partiyasını gücləndirmək üçün birliyin olmamasından gileylənir, həm Çar Rusiyasından, həm Denikindən xilas olmağın vacibliyini, neftin də, taxılın da ancaq Azərbaycana məxsus olmasını qeyd edir. Fikirlər bu günümüzdə çox aktual və haqlı hörünür.

 

 

İlyaşeviç isə iclasda Müsavatla münasibətlərin aydın və dəqiq olmasının zəruriliyinə diqqət yönəldir: “Müsavat lideri Usubbəyov (Nəsib bəy Yusifbəyli nəzərdə tutulur-S.S.) bilməlidir ki, zəif deyilik biz. Onların hücumunu dəf etmək üçün hərtərəfli, hazırlıqlı, müsəlləh ordumuz var”.

 

Yəni “Od içində” - sovet dönəmində bolşeviklərin xeyrinə çəkilmiş bir əhvalatın indi fərqli yozumlara açıq olması ilə maraqlı ola bilər.

 

Filmdə klişe səhnələr boldur. İnqilab motivli digər filmlərimizdə olduğu kimi burda da yerli əhalidən bəylərə qarşı mübarizə aparan maskulin, sərt birisi peyda olur, kəndlilərə qahmar çıxır, onun mərdliyi ilə bəyin qorxaqlığı arasında dərin ziddiyyət verilir.   

 

Ümumilikdə sərt, qanlı-qadalı əhvalatı Əmir-Tatyana sevgi xətti ilə yumşaltmaq cəhdi var. Zira, sevgi xətti də romantikadan çox inqilabi əhvalla yüklənir.

Çay qırağında vaxtaşırı görüşən sevgililər münasibətlərindən çox, siyasi baxışlarındakı ziddiyyəti müzakirə edir, inkişafın, dəyişikliyin yalnız maariflənmə yolu ilə əldə ediləcəyinə əmin olan Əmir Tatyananın silahlı mübarizəsinə qarşı çıxır, onun bolşeviklərə qoşulmasını istəmir. Həmin epizodlarda Əmirin bir növ feminal tərəfi ağır basır, o, daha mülayim, yumşaqdır, Tatyana isə əksinə, sərt, qətiyyətlidir.

 

 

Filmdə aktyor oyunu kimi inqilabçı Əjdər obrazını canlandıran Yaşar Nurinin ifası diqqəti çəkir. Y.Nurinin ifası onun dramatik obrazları da məharətlə oynamaq potensialını bir daha göstərir.

 

Final od-alov fonunda dörd atlının çapması ilə bitir və epizod İncildə qiyamət əlaməti olaraq dörd süvarinin ortaya çıxması haqda inancı xatırladır. Alman rəssamı Albrext Dürerin həmin motivdə məşhur əsəri var: “Qiyamətin dörd süvarisi”. Birinci atlı zəfərin, ədalətin, ikincisi müharibənin, üçüncüsü aclığın, dördüncüsü ölümün rəmzidir.

 

Rejissorun epizodu çəkərkən bilincli şəkildə bu motivdən yaralanmasını demək çətindir, amma hər halda “qiyamət gününün dörd süvarisi” sovet hakimiyyətinin mahiyyətini dəqiq səciyyələndirən obrazlar kimi görünür.   

LENT

23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017
13 Mart 2017