İnternet haqda film çəkən rejissor: “O, mənə lazım da deyil”

“Sizin rəqəmsal sivilizasiya adlandırdığınız şey, müşahidə etdiyimiz dehumanizasiyanın bir üzüdür.” Bu fikri rejissor Verner Hersoq virtual şəbəkə mövzusunda çəkdiyi “İnternet! Rəqəmsal dünyanın vaqeəsi” adlı yeni filminin təqdimatı zamanı səsləndirib. Yeni sənədli filmində rejissor internetin qəribə və utopikliyini açır. Kulis.az dünyaca məşhur alman rejissorunun bu günlərdə Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edir.

 

- Əvvəllər insan sivilizasiyasının ayağı dəyməyən yerlərdə çəkiliş edirdiniz, amma indi yeni dünya həyatının döyünən qəlbinə toxunmağa cəhd edirsiniz. Müasir dövrün insanına ismarıc etmək arzusu hardan yaranıb? Bu ismarıcın ilkin məzmunu nədir?

 

- “İsmarıc” sözünə diqqətlə yanaşmaq lazımdır, mən ancaq ismarıc göndərmək istəsəm çoxdan poçtalyona çevrilmişdim. Axı mən filmlər çəkirəm, əhvalatlar danışıram və festivalda təqdim olunan filmimdə internet sadəcə hadisələrin baş verdiyi məkandır. Mən özüm internetdən ayda ildə bir dəfə istifadə edərəm, mobil telefonum yoxdur, o mənə lazım da deyil. Ola bilsin, virtual məkan yeni ərazidir, amma mənim son illərdə çəkdiyim əvvəlki filmlərdə də hadisələrin baş verdiyi əsas məkan müasir dünya idi. Ona görə də yeni filmimin internet barədə olmasında təəccüblü heç nə yoxdur.

 

- Olubmu ki, siz çəkilişlərə başlayanda filmin ana fikri kimi bir fikir nəzərdə tutursunuz, amma çəkiliş bitəndən sonra məlum olur ki, əvvəlkindən fərqli bir fikir ortaya çıxıb?

 

- Ümumiyyətlə, film çəkiliş ilk günündən öz həyatını başlayır. Ona görə də mən ssenari yazanda onu proses başlayanadək yenidən oxumuram. Bəzən onu ikinci dəfə 2 il sonra oxumalı oluram. Pul tapmaq, aktyor axtarmaq, özünü kökləmək lazım gəlir. Bunu qəsdən belə edirəm, çünki filmə yenilik hissləri ilə başlamaq, bütün vəziyyəti yaşamaq istəyirəm. İstehsal həmişə yeni şeylər ortaya çıxarır, buna görə də mən gözlənilməzliklərə yer saxlayıram. Bütün dəyişikliklərə baxmayaraq mən filmin mahiyyətini və ona yükləmək istədiyim vəziyyəti saxlamaq istəyirəm.

 

- Yəni, sizə nəticənin ilkin fikirdən azacıq fərqlənməyi bəsdir.

 

- Mütləq deyil. Amma bu onsuz da baş verir. Uşaqla necə olur? Bax elə. Uşaq doğulur, siz onu tərbiyə edirsiniz, amma o, öz həyatını yaşayır. Uşaqlar sürprizlərlə doludur fikrini filmlərlə bağlı da demək olar. Ona görə də mən kadr düzülüşünü sevmirəm. Əlində kadr bölgüsü olanda sən yalnız onları çəkirsən və başqa heç nə haqda düşünmək lazım gəlmir. Və bu bir mexaniki prosesə çevrilir. Bizsə film çəkirik, əhvalat yaradırıq, mühasibatlıqla məşğul deyilik.

 

- İlk telefon zənginizi 17 yaşınızda etmisiniz, səyahətə isə 14 yaşınızda başlamısız. Belə çıxır ki, dünyanı öz gözünüzlə görmək istəyirsiniz, nəinki onun haqqında başqalarından həm də daha rahat məlumatlar toplamaq. Bütün bu rahatlıqları ilə sivilizasiya sizin üçün nədir?

 

- Düzünə qalsa, bu film mənim üçün yeni sahədir, əsasən ideyalar haqqındadır. O qismən tarixi qapsayır, bütünlükdə isə internetin mövcud olduğu dövrdə bəşəri irslə nə baş verməsi haqqındadır.

 

- Sizin filmoqrafiyanızda iki vacib aktyor var: Klaus Kinski və Bruno C. Bu iki adamın tamam fərqli taleyi, fərqli temperamenti var. Onlar hər biri sizi nə ilə özünə çəkib?

 

- Əgər sən rejissorsansa bunu yalnız hiss etmək olar. Ekstroordinarla baş verə bilən bir şeydir bu. Kinski ekranda gərginliyin tam hakim olması deməkdir. Bruno bundan əvvəl ekranda görünməsə də hiss etdirir ki, indi nəsə möcüzəvi bir şey baş verəcək. Və bu yalnız onunla bağlı deyil. Bu kastinqin əsas prinsipidir və bu prinsipə ciddi yanaşmaq lazımdır. Gələcəyiniz qabaqdadır və düşündüyünüz hər şeyin seçilənlərlə gerçəkləşməlidir. Özü də kastinq sənədli filmdə də olmalıdır. Mən yeni filmimin kastinqində olduqca diqqətli idim. Sirli-sehrli bir adam tapmalı idim, axı bu məkanda gündəliklik, yeknəsəqlik və darıxdırıcılıq çoxdur. Elə adamlar var ki, onlar haqda çəkməyə heç nə yoxdur. Belə adamlarla işə başlamağa heç gərək də yoxdur. “Dibsizlikdə” filmi var. İnternetdə də var. Tapıb baxa bilərsiniz. Bu film çox soyuqqanlı qətl haqqındadır. Qatillər öz qəddarlığı ilə ani olaraq heyrətləndirir, amma onların ailə üzvləri və digərləri elə görünür ki, onları rol üçün “xüsusi” seçiblər. Ona görə də mənim filmim cəmi bir həftəyə çəkildi. Çəkilişə qoşulan adam az sonra filmdə idi artıq. Orda heç bir montaj, ayrıca hissələr yoxdur. Başqa sözlə, mən lazımi miqdarda materialı olduqca minimal çəkmişəm.

 

Film iki saat çəkir, çiy material isə 6-8 saatdır. Ona görə də uğurlu heyət seçə bildim. Sənədli film çəkirsizsə çəkiləcək adamları özünüz seçməlisiniz.

 

- Bu yaxınlarda verdiyi müsahibədə Nikolas Keyc deyib ki, sizin “Pis leytenant” filmində çəkildiyi üçün qürur duyur. Hollivud aktyorları ilə necə işləyirsiniz?

 

- Mən “Pis leytenant”a Nikolas Keyc oynayacağı təqdirdə çəkmək şərtilə başladım. Bilmirdim ki, Keyc də müqavilə bağlamazdan əvvəl haqqımda eyni sözləri deyib. Bu zaman o Avstraliyada hansısa çəkilişdə idi. Mən zəng edib rol təklif etdim və razılaşdıq. Bizim agentliklər və prodüserlər qarşısında konspirasiya planımız var idi. Məncə Keyc başa düşdü ki, mənimlə işləyən aktyorları çox qiymətləndirirlər. Kinski zirvədəydi, Bruno da yəqin ki, elə. Nikolas Keyc çox yaxşı rollar oynayıb, amma ona Oskar gətirən “Las Veqası tərk edərkən” filmində belə mənim “Pis leytenant”ımdakı kimi güclü deyil.

 

Ona dedim, kinonun elə bir tərəfini göstərəcəyəm ki, onu heç vaxt görməyib.

 

Öz aktyorlarınla işləyəndə onların vəziyyətini anlamaq və hiss etmək, onların ruhunu görmək vacibdir. Daha sonra onlara özünü daha gur işıqların altında ifadə etməyə kömək edirsən. Amma bu həmişə belə işləmir.

 

Mən Keycin xarakterini bilmirdim, bir çox situasiyalarda öz personajını özü yaratdı. Bəzən aktyora azadlıq lazımdır. Bəzənsə əksinə, mən dəqiqlik tələb edirdim. Mən onunla səmimi və birbaşa danışırdım. Məsələn, dedim ki, hər şey düzdür, mətn də, dialoq da, fokus da, amma məni bu epizoda baxanda yuxu tutur, yenidən çəkəcəyik və yeganə istədiyim odur ki, zəncirlərini qırasan (gülür). Nikolas məni başa düşdü.

 

- Aktyorlar ona görə sizi qiymətləndirir ki, siz onlarla işləmirsiz, həm də onları anlayırsız? Bəlkə də buna görə ekspressiv və dəlisov adamları sevirsiniz?

 

- Əslində elə deyil. Mən adi adalarda da qeyri-adi nəsə tapa bilirəm. Bunu “İnternet! Rəqəmsal dünyanın vaqeəsi” filmində də görəcəksiniz. İş ondadır ki bəzi adamlar, məsələn, İlon Mask inanılmaz dərəcədə utancaqdır, bununla heç nə etmək mümkün deyil. Eyni zamanda onu söhbətə çəkməyin yollarını bilmək lazımdır, aktyorlara da bunu bilmək lazımdır.

 

- Bir dəfə siz Ralfın çəkisi 32 funt olan xoruzu haqqında danışmışdınız. İstəyirdiniz ki, bu xoruz cırtdan bir poninin dalınca qaçsın. O vaxtdan bəri Ralfın xoruzundan daha böyüyünü tapmamısınız?

 

- (gülür) Bu elə ən böyüyü idi. Daha belə “monstr”ların axtarışını dayandırmışam. Bu motivi “Sən nə etdin, mənim oğlum?” filmində istifadə etdim. Orada qoçdan böyük olan xoruz və balaca cırtdan haqda söhbət gedir. Xoruz tennis kortu kimi geniş bir təpənin ətrafında qaçmalı idi. Belə bir yer tapdım Kaliforniyada. Boyu 90 santimetr olan cırtdan da tapdım. Amma xoruz tapmadım. Qoyundan balaca olan poni də tapdım. Onun sahibi də bu atı mənə satmağa hazır idi. Amma sonra o soruşdu ki, bu atı hansı səhnədə çəkəcəm. Mən izah edəndə o, satmaqdan imtina etdi. Hesab edirdi ki, belə səhnədə onun sevimli ponisi yaxşı görünməyəcək. Beləliklə, bu ideya arzu olaraq qaldı. Təpədə xoruzu da, atı da çəkmək reallaşmamış ideya kimi bu normaldır. Amma istehsal prosesi başlayanda ideya mütləq gerçəkləşməlidir, film bitməlidir. Heç bir istisna ola bilməz. Heç vaxt. Hətta siz öz filminizi qurtara bilməsəniz, mən özüm sizi tapıb onu bitirəcəm.

 

LENT

28 Mart 2017
27 Mart 2017
26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017