Dissidentlərin ən böyüyü Azad Mirzəcanzadə

Kulis.az İbrahim Nəbioğlunun “Müəllimim Azad Mirzəcanzadə və Salvador Dali” yazısını təqdim edir.

 

Görkəmli alim, akademik Azad Mirzəcanzadə (1928-2006) aspirantlarını ildə 2 dəfə yay və qış məktəblərinə toplayırdı. Yayda Qara dəniz sahilindəki Gelincikdə (Krasnodar yaxınlığında), qışda isə Ufa (Başqırdıstan) və ya Moskvada.

 

Əfsanələr dolaşırdı o məktəblər haqda. Aspirantları ilə birlikdə elmlər doktorları və professorlar belə 2 həftəlik kampus həyatına can atırdılar. Freyddən Froma, Stravinskidən Q. Qarayevə, Bodlerdən H. Cavidə, etnogenezdən xaos nəzəriyyəsinə qədər doyumsuz söhbətlər, müzakirələr olurdu.

 

Azad müəllim elmi rəhbərim idi, aspiranturaya qəbul olduğum il məni də Ufaya apardı. Ufada - 27 dərəcə şaxta var idi. Axşam bir-neçə həmyerlimlə aspirant yataqxanasının qazanxanasında külxançı (koçeqar) dyadya Fedyanın yanında toplandıq. İçəri girən kimi əlimizdəki araq şüşələrini alıb bizi masaya buyur etdi. Paslı boru və qazanların əhatəsində ilk sağlığı 3 böyük çuvaşın – Lenin, Çapayev və külxançının özünün - sağlığına qaldırdı. Qazanxananın dərinliyində onların 3 portreti asılmışdı. Ən yaraşıqlısı Fedya idi. Heç fəhləyə oxşamırdı, sərrast idi, gecə gec saatlara qədər sosializm cəfəngiyatından danışdı. Amma səmimi olmadığını sezmişdik. 

 

O qədər içkidən sonra yatıb yuxuya qaldıq, 5 azərbaycanlı aspirant auditoriyaya girəndə Azad müəllim tək bir söz dedi: ”Sizə görə hamı səhərə qədər soyuqdan donub.” Baxanda gördük ki, içəridə hamı paltoda oturub. Dyadya Fedya elə vurmuşdu ki, qazanxananın hərarətini saxlaya bilməmişdi.

 

Mövzum “Feygenbaum nəzəriyyəsi və fraktallar” idi. Çıxışımın sonunda Azad müəllim Vilhelm Tellin kim olduğunu sordu. Cavab verəmmədim, amma bunun Fedya ilə bir əlaqəsi olduğunu düşünmüşdüm.

 

* * *

 

Bir müddət sonra Azad müəllimin Bakıda, 28 aprel küçəsindəki evində bacısı İra xanım Mirzəcanzadənin (bacısı da onun kimi ailə qurmamışdı, ömürlərini bir evdə, o möhtəşəm kitabların əhatəsində yaşadılar) çayından içirdik. Azad müəllim mənim bitməkdə olan dissertasiyamı vərəqləyirdi. Anidən qalxıb rəfdən Salvador Dalinin reproduksiyalarından ibarət bir kitab endirdi və əvvəldən işarətlədiyi səhifəni açdı…

 

 

“Mən hər zaman başqalarının görmədiyini görür, başqalarının gördüklərini isə görmürdüm”`

 

Bu sözlər Salvador Daliyə aiddir. O, 1930-larda Oktyabr çevrilişinin memarı və Qırmızı terrorun banisi V. İ. Leninə qarşı dünyadakı ilk böyük ideoloji üsyanı başlatmışdı.  

 

İlki 1931-də  “Qismi qarabasma və ya fortepiano üzərində Leninin 6 portreti” adlı tablosu idi. Bu hadqa “Ayna” qəzetinin 06.12.2013 tarixli sayındakı “Piano üzərində dolaşan kabus” adlı məqaləmdə yazmışam. Dali Leninə 2-ci “badalağı” isə 1933-də çəkdiyi məhşur “Vilhelm Tellin sirri” tablosu ilə vurmuşdu…

 

Salvador Dalinin çocuqluq və gənclik illəri üstünlüyünü, şəksiz istedadını isbatlamaqla keçib. Ateist atası arvadının ölümündən sonra qardaşının keçmiş həyat yoldaşı ilə evlənir. Anasının vəfatı, atasının seçimi gənc Dalini dərindən sarsıdır. Bu sarsıntı onun rəngli fantaziyasında ilk alleqoriyanın yaranmasına təkan verir. İsveçrə folklorunun qəhrəmanı Vilhelm Tell Dalinin bir çox tablosundakı obrazdır. Dali V. Telli despotik ata olaraq görür. Freydin kastrasiya kompleksində olduğu kimi ataya qarşı başqaldırış və üsyan, ata ocağı ilə göbək bağını kəsmək.

 

 

Tabloda rəssam Vilhelm Telli oğlunu məhv etmək istəyən ata, yəni Edipin atası kimi təsvir edir. Lakin Dali V. Tellin sifətinin yerinə Leninin üzünü çəkir. Məqsəd “Proletariatın atasını” aşağılayaraq gülüş, istehza obyektinə çevirmək, onun “ölməz” ideyalarını çürütmək idi.

 

Dali fantasmaqorik təxəyyülünü işə salaraq Telli Leninə transformasiya edir. Leninin anormal böyüdülmüş qılçası və kepkasının dimdiyi dəstək sayəsində durmaqdadırlar. Dimdik Dalinın əsərlərində güc və hakimiyyəti təmsil edir. Əriyib, saqqız kimi uzanan dimdik Lenin ideyalarının iflasını tərənnüm edir. 

 

Onun sol əlində kiçik uşaq var. O, balaca Salvadordur, despot onu yeməyə hazırlaşır. Sol ayağının altında içində uşaq olan araba var, massiv ayağın altında onlar da əziləcəklər. Dali rəsmdə bütün uşaqlıq vahimələrini, səksəkə və qorxularını ifadə edib. Tablodakı Salvador dünyanın obrazıdır. Dali Lenin və leninizmin bütün dünyanı məhv edəcəyini deyir…

 

Hər 2 tablo sürrealistlərin qəzəbinə səbəb olmuşdular. Onlar Dalini özlərindən uzaqlaşdırdılar. Dali də “Sürrealizm - mənəm. Mən həqiqətən də belə hesab edirəm, çünki ancaq mən sürrealizmi inkişaf etdirməyə qadirəm” deyir. Və sözünü tutur, sürrealizmi XX əsr mədəniyyətinin zirvələrinə daşıyır.

 

Dali dahi idi, Lenin isə yox.....

 

Azad Mirzəcanzadə atamın da, mənim də müəllimimiz, elmi rəhbərimiz idi. O, bütün həyatı boyu Lenin və onun qurduğu sistemə qarşı idi. Bu fikirlərini söyləməkdən çəkinmir, tələbə və aspirantlarını da o yöndə yetişdirirdi. Vəfatından bir müddət əvvəl onu Neft Akademiyasının “köhnə binasının” 2-ci mərtəbədəki kabinetində ziyarət etdim. Nağıl kimi maraqlı və rəngli olurdu onunla söhbətlər. O son söhbətində nələrdən danışmadıq. Səhhətindən şikayət etdi, artıq yay-qış məktəblərini toplamadığını dedi. Kefini açmaq üçün qazanxanadakı macəramızı xatırlatdım. Qımışıb, Fedyanın içkiyə qurşanmadan əvvəl ciddi bir anti-sovetçi və buna görə sürgün həyatı yaşadığını dedi. Donub qalmışdım, bir gün ondan yazacağım ağlıma gəlməzdi… 

 

Tanıdığım ən böyük dissident idi Azad Mirzəcanzadə, həm də tanıdığım ən böyük alim və müəllim.

 

İşıqlar içində yatsın…/ayna.az/

 

LENT

24 Fevral 2017
23 Fevral 2017
22 Fevral 2017
21 Fevral 2017
20 Fevral 2017