Qoqolu belə diriltdilər

Teatra kababçı Həsən kimi borcunun dalınca yox, mənəvi qida almağa gedənləri görəndə gözlərim böyüyür, nadir eksponatlara baxırmış kimi onu yadda saxlamağa çalışıram.

 

Çünki, sənətlər içində ən çox teatr mənəvi qida, ruh vermək gücünü itirib. Əlbəttə, mənim başqalarından xəbərim yoxdur, yerli teatrlarımızdan danışıram. Həmkarlarımın çoxu teatra qohum toyuna gedər kimi gedir. Qohum demişkən, axırıncı dəfə Gənc Tamaşaçılar Teatrında kalmık rejissorun “Qohumlar” adlı olduqca darıxdırıcı komediyasına baxanda qanım qaraldı: Oynamağa heç nə olmadığını  görən aktyorlar əsl fədakarlıq göstərirdi: bər-bəzəkli sirk atı kimi səhnə boyunca qaçmağa da razılaşmışdılar – təki tamaşaçı gülsün, həyəcanlansın, şadlansın. Onların bu fədakarlığının qabağında şadlana bilmədiyim, gülə bilmədiyim üçün xəcalət çəkir, utanırdım. Özümdən zəhləm gedirdi. 

 

Bütün bunlardan sonra teatra, daha doğrusu Akademik Milli Dram Teatrının “Müfəttiş” tamaşasına getməyə özümdə güc, ümid, inam tapdım. Nə olsun ki,  “Müfəttiş”siz də bütöv, özünü tamamlamış məmur tipləri həyatımızı rəngarəng edir. Teatrdansa, əlbəttə, teatrallıq, parlaqlıq umuruq, adamların istedadını görmək istəyirik. Yoxsa ki, məmurlardan ətrafda nə qədər istəsən (özümüzünkülərə nə gəlib, rusların şəhər merinə qalmamışıq ki) Qoqolu da oxumusan, daha “Azdrama”ya niyə gedəsən?

 

İlk görüntüdən anladım ki, tamaşanın rejissoru Mikayıl Mikayılov da aktyorlardan məhz mənim istədiyimi istəyib. İrili-xırdalı boş çərçivələrin fonunda tamaşa başlayır. Aktyorlar o boş çərçivələri parlaq boyalarla işlənmiş karikaturalarla doldurmalıdırlar, daha doğrusu, rejissor obrazlarını rəsm etmək işini onlara buraxıb, istedadlarını göstərmək üçün onlara meydan verib, bədii məkan yaradıb ki, bunu “Azdrama”da, necə deyərlər, qardaş qardaşa eləməz. Belə imkan aktyorlara bir də allah bilir, nə vaxt verilər. Ölçüsünə baxmayaraq heç kimin çərçivəsi dar deyil ki, gendir. Yəni, buraya yazım, bu tamaşa, bu nəzəri yanaşma keyfiyyətinin aşağı-yuxarı olmasından asılı olmayaraq rejissor Mikayıl Mikayılovun, rəssam Mustafa Mustafayevin aktyorlara verdiyi bir fürsətdir.

 

 

Aktyorların işi obrazlarını dərindən öyrənib vizuallaşdırmaqdır. Tamaşa rahib möminlər sayaq qara plaş geymiş əli şamlı iştirakçıların gəzişməsi ilə başlayır. Və ikinci belə səhnəni siçovulların təhlükə anındakı vurnuxmasına oxşadacağıq.

 

Pyesdən sizə məlumdur, şəhərin rüşvətlə çürüyən həyatında yenilik baş verir: mərkəzdən tanımadıqları müfəttiş gəlir. Bu yeni xəbər siçovul-məmurları narahat edir: onun nə tip adam olduğunu öyrənmək və razı salmaq, yola salmaq lazımdır. Məmurlar Xlestakov familiyalı avaragor gənci müfəttiş bilib olmazın “hörmət” edirlər. Adam kefini çəkib gedir. Xlestakov demişkən, unikal bir əhvalatı yazmaya bilmirəm. Bu günlərdə xəbərlərdə yerli bir Xlestakov haqda xəbər oxudum. İcra məmurlarından birinə işini aşırmaq üçün rüşvət vermək istəyən biçarə bir kişi məmurun nömrəsini yığanda bir rəqəm səhv edib. Adamın dediyinə görə, səhvən yığılan nömrənin sahibi üstünü vurmadan məmurun yerinə pulu alıb. Polisə şikayət etsə də biçarə kişiyə bir faydası olmayıb. Çünki, rüşvəti alacaq məmur da əlbəttə ki, məsələni danıb, pulu alıb aradan çıxdığı güman olunan “Xlestakov” da. Bir zəngdən söhbəti anlamaqda arif adam olsa da, bizim Xlestakova halal deyil. Çünki bu əhvalatda Anton Antonoviç Dmuxanovski və onun kimilərdən başqa biçarə Məhəmmədhəsən əmi də var. Yəni, bu, tamam başqa məsələdir. Bizsə teatrın “Müfəttiş”indən danışırıq.

 

Mikayıl Qoqolun yaltaq, heysiyyətsiz, əxlaqsız, özünü inanılmaz həddə qədər alçaldan, dara düşəndə siçovul kimi bir-birini yeyən məmurların obrazlarına aydın, xarakterik plastik duruş, mizanlar verib. İştirakçıların bədbəxtlik və xoşbəxtlik anlayışları, həyat tərzi anlaşılır. Məsələn, şəhər valisinin arvadı Anna Andreyevna üçün əyalətdə yaşamağı faciədir. Burda nəinki keyfiyyətli (şəhərli) məşuq, ümumiyyətlə, məşuq problemi yaşayır. Faciənin ən ağrılı tərəfi odur ki, qadın özünü “yüksək cəmiyyətə layiq ikən əyalətdə çürümüş bilir. Qonaq qalan müfəttişə “Qu gölü” baletindən rəqs göstərmək ev teatrları dövrünün qonaqpərvərliyi deyil, hisslərin romantik yüksəlişinə də oxşamır, Aktrisa Şəlalə Şahvələdqızı, daha düzü rejissor qəhrəmanının gülünclüyünü, mənəvi çəkisizliyini göstərmək istəyir. Anna Andreyevna isə əlbəttə ki, “müfəttiş”ə yüksək cəmiyyətə layiq olduğunu, analoqsuz gözəlliyini.

 

Dobçinski və Bobçinskinin (Ramin Şıxəliyev və Cümşüd Zeynalov) “Qu gölü”nün musiqisinin ritmiylə uyğunlaşan səhnə yerişləri də eynən Anna Andreyevnada olduğu kimi mənəvi çəkisizlikdir, hər cür təlxəkliyə hazır olmaq haqda bildirişdir.

 

Bu rəqslər tamaşanın vizuallaşan, bədii ifadə qazanmış məqamlarıdır. Uğurlu olsa belə bu tanışlıqlardan sonra bəlli süjetin davamını gözləyirsən. Gözləmək varsa teatr gücsüzdür. Janr da aydındır, temporitm də var, problemlər də aktualdır. Sənsə Akademik Milli Dram teatrının zalında oturub tamaşanın bitməsini gözləyirsən. Niyə? Sadə. İştahan böyük idi...

 

LENT

28 Aprel 2017
27 Aprel 2017
26 Aprel 2017
25 Aprel 2017
24 Aprel 2017