Xilasedici, küçə ticarətçisi, aktyor və məhbus - Film kimi ömür

Xilasedici, küçə ticarətçisi, aktyor və məhbus - Film kimi ömür
13 dekabr 2020
# 16:30

O, Türkiyənin ən yaraşıqlı aktyoru idi. Bir qış günü İstanbulda dünyaya göz açan bu uşağın bir gün çox məşhur, çox sevilən biri olacağını hələ heç kim bilmirdi.

Bir müddət xilasedici işləmək, sonra küçə ticarəti ilə məşğul olmaq, jurnalistikada oxumaq... bunların heç biri ona aktyorluq qədər uğur gətirə bilməzdi. Onu ən çox gənc qızlar sevirdi, filmləri, rolları dillər əzbəri idi. Ona həm də Türkiyənin ən gözəl adamı deyirdilər. Yaraşığı, saç düzümü, geyimləri onu hamıdan fərqləndirirdi.

Bir sözlə, o, əfsanə idi.

Bu əfsanə də bitdi, əbədiyyətə qovuşdu, aramızdan getdi.

Özü getsə də, filmləri, rolları uzun illər yaşayacaq. Buna şübhə yoxdur.

Bu dəfə sizə bir neçə gün öncə dünyasını dəyişən məşhur aktyordan – Tarık Akandan bəhs edəcəyik…

Həyatı

Əsl adı Tarık Tahsin Üregül olan Tarık Akan 13 dekabr 1949-cu ildə İstanbulda anadan olub. Aktyorun atası Yaşar Üregül hərbçi idi. O, məhz atasının işi ilə bağlı bir müddət Ərzurum və Dumlupınarda yaşamalı olub. Tarık atasının Kayseriyə təyinat alması ilə əlaqədar ibtidai sinfi orada oxuyub. Aktyorun atası pensiyaya çıxdıqdan sonra ailə yenidən İstanbula köçüb. Və Akın orta məktəbi Bakırköydə bitirib.

Daha sonra “Yıldız Texniki Universiteti”nin maşın mühəndisliyi fakültəsində təhsil alıb. Aktyor olmamışdan əvvəl Tarık Bakırköydə çimərlikdə xilasedici işləməyə başlayıb. Eyni zamanda, küçə ticarəti ilə məşğul olub. Sənətçi bundan sonra ali məktəbə daxil olaraq jurnalistikanı oxuyub və oradan da məzun olub.

Tarık Akan solçu idi. 1977-ci ildə qismən, 1978-ci ildən isə sərt sosial mesaj verən filmlərdə rol almağa başlayıb. Aktyor, xüsusilə, Yılmaz Güneyin “Sürü” və “Yol” filmlərində oynadıqdan sonra hər cür filmdə oynaya biləcəyini sübut edib və Avropada daha da məşhurlaşıb.

1979-cu ildə Dənizlidə hərbi xidmət keçən aktyor film sahəsinin zəiflədiyi illərdə dolanmaq üçün taksi alaraq onu kirayəyə verib.

Akan Türkiyədə 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra 1981-ci ilin əvvəllərində Almaniyadakı bir çıxışı səbəbindən aeroportda tutulub və bir neçə ay həbsdə saxlanılıb. Aktyor aktiv ictimai fəaliyyəti ilə də Türkiyənin digər sənətkarlarından fərqlənib. Ölümünə qədər Nazim Hikmət və Əziz Nesin Vəqflərinin idarə heyətində olub

Image result for Acun Günay

Karyerası

Tarık Akanın aktyorluq qabiliyyəti qatıldığı bir müsabiqəylə üzə çıxıb. Aktyor 1970-ci ildə “Səs” adlı jurnalın hazırladığı “Film aktyoru yarışı” müsabiqəsinə qatılaraq birinci yerə layiq görülüb. Müsabiqədə qalib olduqdan sonra 1971-ci ildə Filiz Akın və Əkrəm Boranın baş rol aldığı “Əminə” adlı filmlə karyerasına başlayıb. 1970-ci ildə aktyorun ikinci filmi “Bəyoğlu Gözəli” olub. O, bu filmdə Hülya Koçyiğit ilə baş rolda oynayıb. 1971-ci ildə “Vəfasız Mələkmi, Şeytanmı?”, “Solan bir yarpaq kimi” adlı filmlərdə rol alıb. Daha sonra “Azat Quşu” və “Taleyimin Oyunu” adlı filmlərdə oynayıb. Eyni ildə romantik-komediya filmi olan “Günahkar”da Fatma Bilgenlə birgə baş rolları bölüşüb.

Akan 1972-ci ildə Kamal Sunalın ilk sənət işi olan “Şirin Dilim” filmində Filiz Akın ilə baş rolda oynayıb. Filmdə Halit Akçatepe, Metin Akpınar, Zeki Alasya ve Münir Özkul kimi məşhur aktyorlar çəkilib.

Image result for Tarık Akanın ailəsi

1973-cü ildə “Qızıl Portağal Film Festivalı”nda “Ən yaxşı kişi aktyor” mükafatını alıb. Bu uğurlarından sonra “Pul”, “Eşqlərin ən gözəli” və “Üç Sevgili” adlı filmlərdə çəkilib.

1975-ci ildə “Yeşilçam”ın ən yaxşı filmlərindən biri kimi qəbul edilən “Mavi Boncuq”da yer alıb. Daha sonra “Yeşilçam”ın ən yaxşı komediya filmlərindən olan “Hababam Sinfi”ndə “Damat Fərit” adlı obrazı canlandırıb. Film o dövrdə böyük populyarlıq qazanıb. Hətta indi də sevilərək izlənir. Aktyor daha sonra “Atəş Böcəyi” adlı romantik-komediya filmində Necla Nazır ilə baş rolda çəkilib. Akan “Yeşilçam”ın daha bir romantik-komediya filmi olan “Ah Harada”da Gülşen Bubikoğlu ilə baş rolda oynayıb. Bu film də digərləri kimi xeyli uğur qazanıb.

1976-cı ildən etibarən 28 yaşlı Tarık Akan daha ciddi filmlərdə oynamağa qərar verib. Aktyorun 1977-ci ildə oynadığı sonuncu komediya filmi “Sevgili Dayım” olub. Bu həm də onun bığsız çəkildiyi sonuncu filmidir. Elə həmin ildən bığ saxlayan aktyor daha ağır rollarda oynayıb. Ancaq o, az da olsa yenə romantik-komediya filmlərində yer alıb.

Bığlı çəkildiyi ilk filmi isə “Baraj” adlı dramdır. O, daha sonra Cüneyt Arkın ilə “Mədən” adlı filmdə baş rolları oynayıblar. Bu film çox böyük uğur qazanıb.

Image result for Yol filmi

Onun 1979-cu ildə çəkildiyi “Kanal” adlı film “Qızıl Portağal” festivalında “ən yaxşı musiqi” mükafatını alıb. 1978-ci ildə çəkilişlərinə başlanan “Sürü” adlı filmdə baş rolları Məlikə Dəmirağ və Tuncel Kurtiz ilə bölüşüb. Film 2011-ci ildə “Qızıl Portağal” festivalının “Gec Gələn Qızıl Portağallar” tədbirində “ən yaxşı film” mükafatını alıb. 1980-ci ildə baş verən hərbi çevrilişə görə, həmin il festival keçirilməyib. Məhz bu səbəbədən filmin mükafatı 31 il sonra verilib.

Tarık Akanın baş rolda oynadığı “Dəmiryol” filmi də “Qızıl Portağal” film festivalı”nda qalib olub. Aktyor daha sonra Yılmaz Güneyin və Şerif Görenin rejissorluğu ilə Şerif Sezerlə birlikdə baş rolda oynadığı “Yol” filmində çəkilib. Filmin adı ssenari mərhələsində “Bayram” olub, lakin sonradan dəyişdirilib.

1982-ci ildə dünyanın ən prestijli mükafatı olan “Kann Film Festivalı”nda ən böyük mükafat olan “Qızıl Palma”nı alaraq Türkiyədə ilkə imza atıb. Tarık Akan “Kann Festival”ında “Ən yaxşı kişi aktyor” mükafatına namizəd göstərilib.

Image result for Tarık Akanın ailəsi

Film 1983-cü ildə qadağan olunub, ancaq 1999-cu ildən studiyalarda göstərilməyə başlanıb.

Akan 1984-cü ildə “Pəhləvan” adlı filmlə 21-ci “Qızıl Portağal” Film Festivalının yenidən “ən yaxşı kişi aktyor” mükafatına layiq görülüb. 1985-ci ildə Muammer Özerin rejissorluğu ilə çəkilən “Bir Ovuc Cənnət” filmində sənətkar Hale Soygazi ilə baş rolu bölüşüb. Türkiyə-İsveç ortaq işbirliyi olan film həm Türkiyədə, həm də xaricdə 5 mükafat qazanıb. Həmin il Hülya Avşarla “Tele Kızlar” adlı filmdə Şahin obrazını canlandırıb .

1999-cu ildə Atıf Yılmazın rejissorluğu ilə çəkildiyi “Sentyabr Fırtınası” adlı film 1980-ci il hərbi çevriliş zamanı bir ailənin başına gələn hadisələrdən bəhs edir. Filmdə Tarık Akan, Zara, Nejat İşler, Hazım Körmükçü, Kutay Özcen və Deniz Türkalı kimi məşhur aktyorlar yer alıb. 2000 və 2002-ci illərə qədər filmlərə çəkilməyən Tarık Akan daha sonra “Gülüm” adlı filmə çəkilib.

“Əbdülhəmid Düşəndə” adlı filmdə böyük aktyorlarla birgə yer alıb. Bu film böyük “Yeşilçam” büdcəsinin ən bahalı filmi olaraq tarixə düşüb. Aktyor daha sonra “TRT”də yayımlanan gənclik teleserialı olan “Koçum Benim”də baş rolda oynayıb. Bu serial davam edərkən 2001-ci ildə “Vizontele”, 2004-cü ildə “Vizontele Tuuba” adlı filmdə Güner Sernikli obrazını canlandırıb. Tarık Akanın çəkildiyi daha bir teleserial “Gecə Yürüşü” olub. Lakin bu teleserialın ömrü uzun olmayıb.

2006-cı ildə “Ankara cinayəti” adlı filmdə çəkilən aktyor həmin il dördüncü teleserialda - “Ah İstanbul”da rol alıb. Tarık Akan 2009-cu ildə “Dəli dəli olma” filmində rol alıb. Filmdə Akanın gəncliyini böyük oğlu Barış Zeki Üregül canlandırıb. Bu, aktyorun çəkildiyi sonuncu film olub.

O, ümumilikdə, 111 filmdə və 4 teleserialda rol alıb.

Tarık Akan 2002-ci ildə “Ana, başımda bit var” adlı kitab çıxarıb. O, bu kitabda 12 sentyabr çevrilişindən sonra yaşadıqlarını qələmə alıb. O dövrün vacib məsələlərinin də qeyd olunduğu kitab daha sonra dəfələrlə yenidən çap edilib. Kitabda “Yol” filmindən də bəhs olunub.

Image result for Sürü filmi

Ailəsi

1986-ci ildə Yasemin Erkutla evlənən aktyorun həmin ilə Barış Zəki Üregül adlı oğlu dünyaya gəlib. Cütlüyün iki il sonra, 1988-ci ildə Yaşar Azad Üregül və Özləm Üregül adlı əkiz uşaqları anadan olub. Ancaq bu evlilik 1989-cu ildə boşanmaqla nəticələnib.

Bir il sonra, 1990-cı ildə aktyor Acun Günay adlı xanımla birgə yaşamağa başlayıb və ölənə qədər bu bərabərlik davam edib.

Image result for Tarik akan son anları

Aktyorun ölümü

Tarık Akan ağciyər xərçənginə tutulub. Müalicəsini İstanbulda davam etdirən aktyor il yarım sonra dünyasını dəyişib.

Aktyorla vida mərasimi Muhsin Ertuğrul adına Teatrda keçirilib. Daha sonra Teşvikiye məscidində cənazə namazı qılınan aktyor Bakırköy Zuhuratbaba qəbiristanlığında dəfn edilib.

Aktyorun qızı Qəmzə Üregil vida mərasimində çıxış edərək deyib: “Atamın ölümündən sonra Türkiyə onu qazandı. Həmişə zəhmətkeşlərin tərəfində durdu. Onun sənətinin və ictimai fəaliyyətinin bundan sonra ölkəmizə daha çox fayda verəcəyinə inanıram.”

Image result for Tarik akan cenazesi

# 3901 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #