Prust həyatımızı necə dəyişə bilər?

Prust həyatımızı necə dəyişə bilər?
21 sentyabr 2016
# 09:00

Mirmehdi Ağaoğlu

Marsel Prust təkcə yaradıcılığı ilə deyil, həyatı ilə də XX əsrin ən qeyri-adi yazıçılarından hesab olunur. Onun “İtmiş zamanın sorağında” silsiləsinə daxil olan yeddi romanının təkcə üçü sağlığında nəşr olunmuşdu. Özü də çox çətinliklə. Nəşriyyatlar romanı qəbul etmirdilər. Buna görə də yazıçı əsərlərini öz puluna çap etdirməyə məcbur olmuşdu. Düzdür, sonradan naşirlər peşman olub özləri yazıçının qapısına dayanacaqdılar, amma buna qədər romanı oxuyan naşirlər təəccüblə çiyinlərini çəkib 700 səhifəlik romandan heç nə anlamadıqlarını bildirirdilər.

Dostları da onu oxuyub başa düşmürdülər və ya laqeyd yanaşırdılar. Hətta qardaşı Robert belə onun yazdıqlarından şikayətlənirdi: “Kədərli olan budur ki, “İtmiş zamanın sorağında”nı oxumaq üçün insanların ya xəstə olmaları, ya da ayaqlarını sındırmaqları lazımdır.”

Bəs nədən Prusutun romanları bu qədər darıxdırıcı idi! Əvvəla Prust ləng, xırdaçı idi. Heç bir təfərrüatı qaçırmırdı. Naşirlər onu lağa qoyub (indi də oxucular belə edir) deyirdilər ki, xırda bir detalı, məsələn qəhrəmanın yuxusuzluqdan əziyyət çəkməsini tam 17 səhifə təsvir edir. Biri isə Prusta belə məktub yazmışdı: “Əziz dostum, bəlkə də mən axmağam, amma yatmağa çalışan bir adamın yataqda necə oyan bu yana fırlandığını anlatmaq üçün niyə otuz səhifə yazdığınızı çox da anlamıram.”

Prustun bu astagəlliyi həyatda da özünü göstərirdi. Biri ona əhvalat danışdıqda ən xırda detallara qədər soruşurdu. Bir dəfə bir ziyafətdə diplomat Harold Nikolsonla görüşür. Nikolson Birinci Dünya Müharibəsindən sonra gerçəkləşən sülh konfransında ingilis heyətini təmsil edibmiş. Ziyafətdə Nikolsun Prusta konfrans barədə danışmaq istəsə də sonradan bu fikrindən az qalır peşman olsun. Çünki Prust həmsöhbətindən qonaqların Orsay limanına gəlişlərini, pilləkənlərdən necə çıxmaqlarını, olduqları salonun divar kağızını və başqa bu kimi detalları soruşurmuş və hər dəfə də diplomata “bir az yavaş, dostum, bir az yavaş” deyirmiş.

Bundan başqa Prust uzun cümlələr yazmağı sevirmiş. Onun ən uzun cümləsi isə deyim biləsiz nə qədərdir. Deməli bu uzun cümlələrin ən uzunu beşinci cilddə yer alır. Tək aralıqla standart ölçüdə yazıldıqda 4 metrdən bir az olur, yəni o cümləni şərab butulkasına düz 17 dəfə sarımaq olar.

Onun romanlarında demək olar ki, hərəkət yoxdur, elə öz həyatı kimi. Təsəvvür edirsizmi, XIX əsrin ortalarında rus yazıçı Qonçarovun yaratdığı Oblomov XX əsrin əvvəllərində Paris burjua həyatında peyda olmuşdu. Bəs ömrünün çox hissəsini yataq otağının çarpayısında yorğana bürünərək keçirən bir adamın əsərləri, özü də ağır, yorucu əsərləri nədən dünyada məşhur oldu? Bəlkə də Marsel Prust haqqında olan bu məqalənin əvvəlində bu fikirləri səsləndirmək yerinə düşməz, amma ta yeri gəlibsə elə burda da deyək, sonra keçərik yazımızın mabədinə.

Əgər yazının bu cümləsini oxuyursa o zaman Prustla heç tanış olmayan oxucuya da məlum oldu ki, Prust olduqca astagəl yazıçı idi. Onun əsərləri dinamizmdən məhrumdur. Prust qəhrəmanının yerinin içində o tərəf bu tərəfə fırlanmağını belə otuz səhifə yaza bilər və ya qəhrəmanın çaya peçenye batırıb yeməsini onlarla səhifədə təsvir edə bilər. Bəs Prust bu səhifələri necə doldururdu. Hər şeydən əvvəl onu qeyd edək ki, Prust yarıavtobioqrafik yazıçıdır. Onun yeddi cildlik “İtmiş zamanın sorağında” əsəri də müəyyən mənada yazıçının həyatından bəhs edir. Bəs demək olar ki, ömrü boyu Fransanı tərk etməmiş, həyatının çox hissəsinin çarpayıda keçirən adam nədən yaza bilərdi. Romanın adından da göründüyü kimi Prust əsərləri ilə sanki özünün uşaqlıq yaddaşını bərpa etməyə çalışırdı və bu “uzunçuluqları” ilə əslində xatirələrinə, uşaqlığına, keçmişinə qayıdır və özünün təkadamlıq çarpayısında nəhəng bir keçmişi, uşaqlığını, ailəsini, o dünyanı yenidən canlandırırdı, itmiş zamanı axtarırdı, onu bərpa etməyə cəhd edirdi.

Buna görə də Prust üçün süjet, dinamizm vacib deyildi. Onun üçün əsas olan xəyal qurmaq, keçmişə qayıtmaq idi. Məhz bu xüsusiyyətinə görə Prust üfüqi yazıçı deyil, şaquli yazıçıdır. Prusta dərininə işləmək daha çox maraqlandırır. Onu əsərin dinamizmindən çox qəhrəmanın daxili dinamizmi, təbəddülatları, şüurunda baş verən proseslər, psixoloji haləti maraqlıdır. Onu hərəkətdən çox hərəkətsizlik, süstlük maraqlandırır. Prust hərəkətsizliyin, süstlüyün yazıçısıdır. Bunu ilk dəfə ədəbiyyatda edən də o idi. Sən 700 səhifəlik əsəri oxuyursan və görürsən ki, faktiki olaraq heç nə baş vermir. Amma bu ilk baxışdan belədir, əslində isə Prust qəhrəmanın daxili aləmini mədənə çevirir, onu qazıyıb-qazıyıb “faydalı qazıntılar” üzə çıxarır. Sanki öz əsərləri haqqında danışırmış kimi Prust sənət haqqında bunları deyirdi: “Bir sənət əsərinin böyüklüyü üzdəki mövzusundan deyil, o mövzunu dərində necə işləməsindən asılıdır.”

Prust hər gördüyü şeydən xəyal dünyası işə düşən adam idi. Buna görə bu qədər sıxıcı həyatı (bir düşünün, evin pəncərələrini bağlayıb, pərdələrini çəkib bütün günü yataqda o tərəf, bu tərəfə çevrilmək) belə ona mənalı görünürdü. Gündəlik qəzetləri böyük diqqətlə oxuyurdu və onları böyük romana çevirə bilirdi, yata bilməyəndə isə qatar cədvəlini oxuyurdu.

1922-ci ildə vəfat edən Prust sağlığında layiq olduğu qədər olmasa da artıq tanınmağa başlamışdı. Düzdür, onun zamanında olduğu kimi öləndən sonra da əsərlərini oxuyub başa düşənlər az oldu. Hətta sağlığında olan münasibət demək olar indi də dəyişməyib, bu gün də Prust çoxluğun oxuyub başa düşmədiyi çətin yazıçılardandır. Hətta bir ara İngiltərədə “Prustu qısa şəkildə danışmaq” yarışı keçirilmiş. İştirakçılardan Prustun əsərlərinin məzmunu 15 saniyədə danışmaq tələb olunurmuş. Bəlkə də bu yarışmanı “Prust uzunçuluğuna ironiya” da adlandırmaq olar.

Bəs bu çətin yazıçını necə başa düşməli, tanımalı. Axı, bu sürət əsrində fələkdən zaman oğurlayıb Prustun yeddi cildliyinə vaxt ayırmaq da hər oxucunun işi deyil? Bəs o zaman Prust xəzinəsini necə əldə etməli, ondan necə faydalanmalı?

Yəqin Prust oxumanın çətinliklərini anladığı üçün İsveçrə əsilli Britaniya yazıçısı Alen de Bottin "Prust həyatımızı necə dəyişdirə bilər" adlı əsər yazmaq qərarına gəlib.

Alen de Botton əslən Misirdən olan, Nasir dövründə qovulmuş səfarad yəhudilərindəndir. İsveçrədə böyüyüb. Hazırda Londonda yaşayır. “Həyat məktəbi” adlı məktəb açıb, televiziya proqramı aparır və bir də müxtəlif qavramları fəlsəfi tərzdə işləyərək kitablar yazmaqla məşğuldur. Alen de Botton hazırda dünyanın ən tanınan qələm adamlarındandır. Kitabları fərqli dillərə tərcümə olunur.

“Prust həyatınızı necə dəyişdirə bilər” adlı bu kitaba fərdi inkişaf kitabı da demək olar, Marsel Prust haqqında avtobioqrafik əsər də.

Adından da göründüyü kimi kitabın bir məqsədi Prust vasitəsi ilə bizə həyat dərsi verməkdirsə digər məqsədi də Prustun həyatını anlatmaqdır.

Gəlin bölmələrə diqqət edək:

Bu günü yaşamağı necə sevə bilərik

Özümüz üçün oxumağı necə öyrənə bilərik

Zamandan yaxşı istifadə etmək üçün nə etməli

Necə uğurla əzab çəkə bilərik

Hisslərimizi necə ifadə edə bilərik

Necə yaxşı dost ola bilərik

Gözlərimizi necə aça bilərik

Sevgidə necə xoşbəxt ola bilərik

Kitabları necə əlimizdən buraxa bilərik

Və bu bölmələrin hər birində Prustun həyatına, məktublarına, yaradıcılığına, dostlarının onun haqqında yazdığı kitablara istinad olunur. Nəticədə biz Prustdan öyrənməklə yanaşı onun həyatını da öyrənmiş oluruq.

Prusta görə hər bir yazıçı dilə qarşı hücum mövqeyində olmalıdır. Dili müdafiə etməyin də yolu ona görə bu idi. Prust qəlib ifadələri sevməzdi, hər zaman özünəməxsus ifadə yaratmağın tərəfdarı idi. Misal üçün küçədə yağış lap vedrə ilə tökülsə də (Prustdan fərqli olaraq mən hazır ifadə işlədəsi oldum) Prust heç vaxt “elə yağır, tut ucundan çıx göyə” deməzdi. Buna görə də özündən əvvəlki yazıçıların üslubundan qaçmağa çalışırdı, onların yolu ilə getmirdi. Prust deyirdi: “Hər bir yazıçı öz dilini yaratmağa məcburdur, hər bir skripkaçının öz tonunu tapmağa məcbur olduğu kimi... Özünəməxsus olub da pis yazan yazıçılardan xoşuma gəldiyini demirəm. Mən yaxşı yazanlara üstünlük verirəm-bəlkə də bu mənim zəifliyimdir. İnsanlar ancaq özünəməxsusluq əldə etdiklərində, öz dillərini yaratmağa başladıqları zaman yaxşı yazmağa başlayırlar.”

“Prust həyatınızı necə dəyişdirə bilər”i oxuduqca təkcə yazıçı Prustun yox, Paris sakini olan, insan Prustun da həyatı gözlərimiz önündə canlanır. Onun xarakterini, dostlarına münasibətini görürük. Misal üçün ömrü boyu kef-damaq içində yaşayan Prust getdiyi restoranlarda hesabdan iki dəfə artıq çay pulu verərmiş. Və ya dostlarını dinləməyi çox sevərmiş, onların sözünü kəsməzmiş. Hətta yazda belə palto ilə gəzər, qışda isə bəzən üst-üstə dörd palto geyərmiş.

Yuxarıda qeyd etdiyim kimi “Prust həyatınızı necə dəyişə bilər” kitabı həm də fərdi inkişaf dərsliyidir və müəllif Prust (istər həyatı, istərsə də əsərləri vasitəsilə) nümunəsində bizə həyatımızı düzgün yaşamaq üçün tövsiyələr verir. Gəlin onlardan biri ilə tanış olaq.

Həyatımızı necə maraqlı edə bilərik?

Prust hələ məşhur Prust olmadığı illərdə incəsənət jurnallarından birinə məqalə göndərir. Məqalə dərc olunmur düzdü, bəlkə də jurnalın redaktorunun gözü ilə o məqalə incəsənətdən uzaq yazı imiş, amma ordakı fikirlər bu gün öz həyatından məmnun olmayanlar üçün əvəzsiz vasitə ola bilər. Prust o məqalədə öz həyatından razı qalmayan, burjua həyatına qibtə ilə yanaşan bir oğlandan danışır, tutalım Fransuadan. Fransua öz kasıb daxmasında oturub və bütün günü varlıların dəbdəbəli mülkləri barədə düşünür, öz həyatından məmnun deyil. Prust Fransuaya Luvr muzeyinə getməyi və Jan-Babtist Şardinin əsərlərinə baxmağı təklif edir. Şardin nə prinsləri, nə də sarayları çəkirdi, meyvə qablarını, çaydanları, şərab dolu bardaqları, dilimlənmiş ətləri çəkirdi. Onun insan fiqurları da qəhrəmanca işlər görmürdü; biri kitab oxuyurdu, o biri kart kağızlarından qüllə düzəldir, başqası əlində bir neçə çörək evinə gedirdi.

Prust bununla Fransuaya demək istəyir ki, əgər Şardin belə adi şeylərdən möhtəşəm əsərlər yarada bilibsə deməli sən də öz həyatına Şardinin gözü ilə baxa bilərsən. Vacib olan o estetik yanaşmanı tapmaqdır. O sanki hər şeyin, hər hansı bir limonun belə gözəl ola biləcəyini, başqalarının həyat şərtlərini qısqanmağımız üçün heç bir səbəb olmadığını, bir daxmanın bir villa qədər yaxşı görünə biləcəyini, zümrüdün torpaq qabdan daha çox dəyər daşımadığını deyir bizə.

Yaxşı tövsiyədir deyilmi, buna əmin olmaq üçün Google-da Jan Babtits Şardin yazın, özünüz də görəcəksiz.

Bəs Prustdan daha nələr öyrənmək olar? Bunun üçün isə iki yol var; ya gərək Prusutun yeddi cildliyini oxuyasan, ya da Alen de Bottonun “Prust həyatımızı necə dəyişə bilər” kitabını.

Tənbəllik canınızı alırsa, ya vaxtınız azdırsa hələlik ikinci yolu da seçə bilərsiz. Mənim kimi.

# 2722 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #