Gözün ecazkar sehri – II yazı

Gözün ecazkar sehri – <span style="color:red;">II yazı
8 sentyabr 2016
# 16:45

Kulius.Az professor İlham Rəhimlinin Xalq artisti Rasim Balayev haqqında yazdığı məqaləni təqdim edir.

“Səmimiyyətin qəm nuru” silsiləsindən II yazı (I yazı)

Gözün ecazkar sehri

Və yaxud göz bəbəyinə sığan dünya

Göz yoludur ki, könül mülkinə xublar girər ondan

Tutma, ey əşk, onu billah ki, əcəb rah güzərdir.

Məhəmməd Füzuli

Aktyor gözünün yaradıcılıqda mühüm faktor kimi böyük və vacib əhəmiyyət daşıdığına xüsusi qiymət verən məşhur eston rejissoru Voldemar Panso maraqlı bir qənaətə gəlib. Onun fikrincə, “göz qəlbin aynasıdır” atalar sözü yer üzündəki bütün millətlərin folklorunda var. Rejissor buna görə də gözü xalq oyun-tamaşalarının, eləcə də peşəkar teatrın ifaçıları üçün ən tutumlu, ən sirayətedici ifadə vasitəsi sayır.

Həqiqətdir!

Elə mən özüm vaxtilə atalar sözü və dramaturgiya mövzusunda elmi araşdırmalar aparanda otuzdan çox xalqda həmin el zərb-məsəlinə rast gəldim. Onun da şahidi oldum ki, son dərəcə didaktik-məişət xarakterli atalar sözlərinin qarşılıqlı mənaları digər xalqlarda da var.

Maraqlı, poetik, şeiriyyətli, musiqili, cingiltili səslənən fikirdir.

Həm də bu fikrin çoxşaxəli emosional yozumları ilə yanaşı son dərəcə elmi əsasları var. Psixologiya və tibb elmləri dönə-dönə insan gözü problemi ilə bağlı çoxlu, bir-birindən maraqlı elmi qənaətlər irəli sürüblər.

Ancaq mən haqqında söhbət gedən atalar sözünün işığında Rasim Balayevin aktyor yaradıcılığının, aktyor üslubunun formalaşmasında gözün rolunu açıqlamağa çalışacam.

Əvvəlcə “göz qəlbin aynasıdır” fəlsəfi fikrini geniş miqyasda götürək. Onda bir xeyli fəlsəfi-estetik tezislərlə üzləşirik.

İnsanın qəlbindəki sevgisi gözlərindən şölə saçır.

İnsanın qorxusu ilk əvvəl gözlərdən oxunur.

İnsanın kədəri gözlərindən yağır.

İnsanın gözləri yalan “danışmağı”, aldatmağı bacarmır.

İnsanın cəlalı, daxili paklığı gözlərdə halələnir.

İnsanın qürur və ləyaqətinin ucalığı gözlərin ehtiraslı baxışlarından görünür.

İnsanın dahiliyi və müdrikliyi gözlərin nurunda möhtəşəmləşir.

İnsanın donuq və küt baxışları sahibinin əbləhliyindən soraq verir.

İnsanın gözlərindəki qara eynək onun başqaları ilə ülfətinə və ünsiyyətinə sipər çəkir.

İnsanın gözləri başqa insanlara iltifatın təcəssümüdür.

İnsan kor adamla həssaslıqla, emosional səmimiyyətlə danışa bilmir.

İnsan bütövlükdə gözlərdə ifadə olunur.

Gözün bu qədər geniş və rəngarəng imkanlarından az və ya çox şəkildə bəhrələnə bilməyən aktyor istedadsız və kütdür.

Image result for rasim balayev

Rasim Balayev bir də ona görə qüdrətli, görkəmli aktyordur ki, gözlə bağlı saydığım çoxlu məna dəyərlərini müxtəlif rollarda istedadının gücü ilə reallaşdırıb, ilhamının şövqü ilə təsdiqləyib.

Rasim Balayevin gözlərində fikir və hisslər, ehtiraslar və emosiyalar qovuşub.

Rasim Balayev söz olmayan kadrlarda oynadığı epizodda obrazın bütün daxili gərginliyini və keçirdiyi psixoloji halları, dramatik dəyişmələri gözləri ilə oynayır. Sadəcə oynamır, canlandırır, daha geniş anlamda yaradır. Nəsimi (“Nəsimi”), Babək (“Babək”), Beyrək (“Dədə Qorqud”), Əziz (“Qatır Məmməd”), İsrafil bəy (“Birisigün gecə yarısı”) obrazları oynanılmış rol anlamından daha yüksək estetik qatda dururlar. Geniş mənada və dərin məramda o surətlər ilhamın qüdrətilə yaradılmış sənət abidələridir.

Rasim Balayev göz və sifət ifadələrini bütövlükdə oynadığı insanın xarakterinə, daxili aləminə açılan pəncərə kimi xarakterizə edir.

Rasim Balayev bir sıra filmlərdə obrazın müəyyən psixoloji ovqata söykənən sözsüz daxili monoloqunu gözlə oynayıb. Aktyor obrazın daxili monoloqunu gözdə verməklə xarakterin qəlbindəki fikir və hisslərin müxtəlif ovqatlı (lirik, tragik, həzin, müəmmada qalan, sarsıntılı və sairə) axınını tamaşaçılara çatdırır.

Daxili monoloq ritm ahənginə görə bəzən qızğın, bəzən sakit, bəzən aram-aram, bəzən çılğın, bəzən qırıq-qırıq… olur. Aktyor buna uyğun olaraq daxilindəki ritmə baxışlarında daha canlı emosional mənalar verir. Obrazın təbiətən fəallıq dərəcəsini dəqiqləşdirən aktyor özünün daxili ehtiraslarının emosional həddi ilə xarakterin daxili monoloqunun dürüstlüyünü tənzimləyir.

Rasim Balayev göz, söz və jestin vəhdəti ilə müəyyən insan obrazının xaraterini səciyyələndirməyə qadirdir. Aktyor obrazın öz içində gizlənən “mənini” gözlə üzə çıxarır.

Rasim Balayevin bir qədər qəmli, bir qədər dalğın, lakin ifadəli və parlaq, büllur saflığı olan gözləri heç vədə tamaşaçını aldatmır.

Rasim Balayev, az da olsa, ironiyalı boyalarla da rol oynayıb. Özü də aktyor bu ironiyanı gizlətmir, onu xarakter barədə özünün estetik qənaətləri kimi ümumiləşdirir. Amma və di gəl ki, aktyorun gözlərində ironiya duyulmur. Əvəzində həmin ironik xüsusiyyətlərə sərt münasibət duyğuları sezilir.

Rasim Balayevin gözləri yöndaşla səmimi ünsiyyət vasitəsidir.

Eyni zamanda həm yöndaşın, həm də tamaşaçının diqqətini heyrətdə, gərginlikdə, diqqətdə, həyəcanda, iztirab duyğularında, sevincdə saxlamaqda ahənrüba cazibəsindədir.

Rasim Balayev tamaşaçıları gözünün ovsununa salır. Bunun əsasını çəkiliş meydançasında qoyur və əvvəlcədən fəhmnən bu ovsunun qüvvə və cazibəsini müəyyənləşdirir. Mən qorxusuz və hürküsüz, tərəddüdsüz və şübhəsiz, cəsarətlə deyirəm ki, bu ovsun aktyorun özünün də hiss etmədiyi maqiya sehri ilə mümkündür.

Rasim Balayev bacardıqca artıq qrimdən qaçır və bununla da sifətinin sərbəstliyini, ifadəliliyini, psixoloji təsir gücünü qoruyub saxlayır.

Rasim Balayevin gözlərinin hipnoz cazibəsində, hipnoz təsirində təlqin gücü var. Məsələ ondadır ki, bu hipnoz ötəri və aldadıcı deyil, tamaşaçını süng etmir, illüziya doğurmur. Əksinə, kinonun nümayişindən də çox-çox sonra tamaşaçıların duyğularını tərk etmir.

Tamaşaçı çox-çox “tapmacalara”, çox-çox aktyor müəmmalarına, çox-çox incə yaradıcılıq mətləblərinə Rasim Balayevin ekrandan iri planda göstərilən, canlanan gözlərindəki mənalardan cavab tapır.

Çəkildiyi bu qədər kino lenti arasında elə bir film yoxdur ki, həmin əsərdə oynadığı rolda aktyor gildir-gildir göz yaşı töksün. Lakin gözün dərinliyindən içəri, obrazın qəlbinə, duyğusuna axan göz yaşı Rasim Balayevin obrazlı səsində ağlayıb. “Nəsimi” filmində Nəiminin şaqqalandığı epizodda “Ey müsəlmanlar, bu gün ol yar pünhan ayrılır, Ağlamayım neyləyim, çün gövdədən can ayrılır” və Hələb şəhərində “Canım yandırdı şövqün, ey nigarım hardasan?” misraları ilə başlanan qəzəlləri nalə ilə söylədiyi epizodları xatırlamaq kifayətdir.

Oynadığı obrazın məişət mənsubiyyətindən, yüksək mənəvi keyfiyyətlərindən və ya qeyri-insani xüsusiyyətlərindən, təzadlı xarakterindən asılı olmayaraq, Rasim Balayevin baxışlarına biganə qalmaq heç cürə mümkün deyil. Bu baxışlar danışır, düşündürür, təəssüratlandırır, təəssüfləndirir, qəzəbləndirir, tıncıxdırır, bəzən ikrah doğuran duyğulardan soraq verir… Amma və di gəl ki, qətiyyən heç kimi biganə qoymur.

Rasim Balayevin baxışları müxtəlif ovqatlı hissləri təzadlı-təzadlı, acı-acı, heyrətli-heyrətli, tufanlı-tufanlı, ağır-ağır, ləngərli-ləngərli musiqi ritminə salır.

Məşhur alman bəstəkarı, yazıçısı, rəssamı Ernst Hofman deyir ki, söz qurtaran yerdə musiqi başlayır. Rasim Balayevin oynadığı obrazın sözü qurtaranda ekranda qalan aktyor baxışlarının musiqisindən istifadəyə başlayır.

Rasim Balayevin öləziməz ilham enerjisi sözdə, daxili ehtirasda, hərəkət plastikasında, sifət ifadələrində və eyni zamanda baxışlarda möhtəşəmlik tapır. Beyrəyin mərdi-mərdanə, silahsız Aruzun sarayına getməsi və burada namərdcəsinə qətlə yetirilməsi epizodunu yada salaq. Mənə elə gəlir ki, aktyorun bu epizoddakı ilham enerjisinin coşqunluğu, hiddətlə kükrəməsi sal qayanı yerindən oynada bilər.

Rasim Balayev gözləri, baxışlarının çoxçalarlı ifadəsi ilə reallığı həqiqətəbənzər şəkildə oynamaqdan uzaqdır. O, bütün sərtliyi, reallığı, xoşagəlməzliyi, şirinliyi ilə həqiqətin özünü, həqiqətin bədii-estetik obrazını təqdim edir.

Rasim Balayevin ekrandan bizə zillənən baxışları nəfəs alır, ürək kimi ritmlə “vurur”, isti və ilıq duyğulu pıçıltı ilə danışır, məhrəmliklə adama sığınır, əlimizdən ehmalca tutub bizi ustuf-ustuf arxasınca aparır…

# 865 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #