Kasıbın uşağı

Kasıbın uşağı
7 sentyabr 2016
# 12:12

Şərif Ağayar

Kasıbların ən çox sınağa çəkildiyi günləri yaşayırıq.

Bir yandan iqtisadi böhran, bir yandan da mövsümün açılışı – dərs, dərslik, hazırlıq kursları, məktəb pal-paltarı, kirayə ev və s.

Dünən elə bu gərgin günlərin damarını tutan bir status oxudum.

Qardaş kim idisə, ah-fəryadla yazırdı ki, uşaqlarıma məktəb çantası ala bilmirəm.

Torbayla gedəcəklər-filan...

İmam Əli deyirdi, yoxsulluq cümlə dərdlərin ən böyüyüdür.

Yoxsulluq doğrudan da əclaf şeydir.

İllah da o vəziyyətdə ki, bu yoxsulluğun səbəbkarı sən özün deyilsən.

İllah da o vəziyyətdə ki, inanılmaz qeyri-bərabərlik mühiti yaradılıb.

İllah da o vəziyyətdə ki, uğrunda canından keçdiyin qanun-qaydalar sənə yiyə durmur.

Yoxsulluq qlobal yetimlikdir.

Beynəlxalq kimsəsizlikdir.

Burası aydın.

Burası heç...

Burası başqa qonu.

Ancaq, adama deyərlər, a kişi, ay Əlqasımlı balası, hər şey bir yana, bəs sənin özünün ağlın hardadır?

Adam da, icazəsiz tikilmiş amanabənd gecəqonduda beş uşaq dünyaya gətirər?

Gəliblərsə xoş gəliblər də, gəlməmiş nə düşünmüsən?

Yoxsa, elə hər gün axşamdan çırağı püfləyib dürtülmüsən arvadın yanına: iş yox, güc yox, əyləncə yox, ANS də bağlı, “Mikayıl şou” da...

Əminəm, bu uşaqların çoxu “Kurtlar vadisi pusu”nun qurbanlarıdır.

Həftədə bir yox, iki-üç dəfə verilsəydi, doğulmazdılar.

Lap gəncliyimdən düşünmüşəm: kasıbın uşağı niyə çox olur?

Bəlkə, Usta Zeynal demiş, bu dünyadakı cəhənnəmin boş qalmaması üçün...

Lazım olanda ölmək, lazım olanda qaraltı eləmək, lazım olanda istismar olunmaq üçün?

Amma və billah, yüzü-yüz söz deyə, özüm də qoşulam onlara, arada yenə düşünəcəm ki, bu situasiyanı idarə etmək mümkündür.

Normal adam dünyaya uşaq gətirməyin məsuliyyətini anlamalıdır.

Bir şair var, o gün iki pəriçöhrə qız övladıyla şəkil paylaşıb, yazır, acından batırıq, gedib şeirlərimi satacam.

Dedim, ay oğul, sən Məhəmməd Hadidən, Sabirdən, Əli Kərimdən bu yana bir azərbaycanlının şeirlə yaşaya bildiyini gördünmü?

Sən Ramiz Rövşəndən, Aqşin Yeniseydən artıqsan?

Nə vaxt şeirlə çörək tapdılar ki?

Niyə bu qədər ağılsızsan?

Adam da iki-üç burnufırtıqlı şeirə umud olub evlənərmi?

Hələ bir dünyaya uşaq gətirmək...

Özü də qoşa-qoşa...

Gətirmək və buraxmaq bu amansız cəmiyyətin cənginə...

Qanmadım, qanmıram və qanmayacam!

# 947 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #