O arvadı vuran cini tanıyırdım – HEKAYƏ

Kulis.az Tahir Tahiroviçin “Qıfıl” hekayəsini təqdim edir.

 

Zeli (Zeynalabdın) kəndlərindən bir qız sevirdi. Dərdindən dəli-divanə olmuşdu. Gündüz ağlından, gecə yuxusundan çıxmırdı. Lap hind filmlərindəki kimi. Qızı mən də tanıyırdım. Kəndin gözəllərindən idi. Onu ilk dəfə tətilə gedəndə lobya yığımında görmüşdüm. Qızlar ən yaxşı paltarlarını geyinib tarlaya gəlirdilər. Zeli də kənardan dayanıb qıza baxardı. Mənə deyərdi ki, qız onluqdur. Amma qız iki ayağını bir qaloşa dirəyib deyirdi ki, səni sevmirəm, ağ atlı oğlan gözləyirəm.

 

Bax beləcə illər keçirdi. Qızgilin “Marus” adlı bir inəkləri vardı. İnəyi Zeligilin evlərinin qabağındakı otlağa buraxardılar. Bir dəfə hava qaralmışdı. Qəfil şimşək çaxdı, göy gurladı, leysan başladı. Hamımız evə qaçdıq.

 

Zeli qızgilin inəyinin yağışda qaldığını görüb özünü bayıra atdı. İnəyin ipindən yapışıb eyvana gətirdi. Bu hərəkətinin üstündə Zelini danladım. Zelisə inəyi düz qonaq otağına apardı. İnək başını bulaya-bulaya divar boyu şəkillərə və servantdakı madonna servislərə baxırdı. İnəyin gözü servantdakı inək heykəlciyinə sataşanda böyürməyə başladı.

 

Bu vaxt qız inəyin dalıyca otlağa gəlibmiş. İnəklərini yerində görməyəndə hay saldı, Zeli onun səsini eşitcək bayıra çıxıb onu səslədi: “İnək bizdədir, gəl apar.”

 

Qız inəyi qonaq otağında görəndə Zeliyə nəvazişlə baxmağa başladı. Zeli elə bildi qız bunun hərəkətindən təsirlənib sevgisini qəbul edəcək. Amma o, inəyin ipindən yapışaraq otaqdan çıxdı və hər şey yenidən öz köhnə halına qayıtdı. Zelisə kor-peşman dağlara tərəf getdi.

 

Bu hadisədən altı il keçmişdi. Şaxtalı yanvar günlərindən biri idi. Universitetin ikinci kursunda oxuyan Zeli mənə zəng vurub görüşmək istədi. Çayxanada görüşdük. Zeli söhbətə başladı. Dedi, qız nəhayət buna razılıq verib. Amma bir əngəl var. Qohumları qıza nişan gətirib. Bir ay sonra toydur. Oğlan ondan 15 yaş böyük olduğu üçün qız bu izdivaca razı deyil. Ona görə də Zeliyə deyib ki, sən elə et toy baş tutmasın, ya da geciksin. Sonra da vaxtdan istifadə edib məni qaçırt.

 

Zeli söhbətə davam edərək mətləbə gəldi: şəhərdə Aminə adlı falçı var. Deyirlər o qadın elə edir ki, istənilən adamın ağzı bağlanır.

 

Mən öz etirazımı bildirib dedim belə şeylərə inanma. O, razılaşmadı. Ayaqlarını yerə möhkəm vuraraq qətiyyətlə dedi ki, toyu yubadacaq.

 

Falçı şəhər ətrafı binaların birində qalırdı. Yollandıq falçıgilə. Məni görüb tanıyan olmasın deyə üz-gözümü şərflə bağlamışdım. Zeli isə sevincək halda uça-uça gedirdi. Elə bil dünyanın ən xoşbəxt adamı idi. Birdən binan həyətində gombul bir qadın göründü. Qadın belinə yun şal bürmələmişdi. Hər iki əlində su dolu yekə vedrə vardı. Zeli mənə dedi ki, falçı bu qadındır və qaça-qaça özünü yetirib vedrələri falçının əlindən aldı. Zelinin üzü gülürdü. Mən isə binanın qabağındakı qarajın yanına çəkilib papiros yandırdımm.

 

Hardasa yarım saatdan sonra Zeli həyətə düşdü. Mənə pul uzadıb iki dənə qıfıl almağımı xahiş etdi. Taksiyə əyləşib bazara getdim. Gec olduğundan çox çətinliklə iki iri və ağır qıfıl tapdım. Gətirib Zeliyə verdim. O, pilləkənləri qaça-qaça çıxaraq dördüncü mərtəbəyə qalxdı. Bir azdan balaca bir oğlan əlində qıfıl həyətə düşdü. Diqqətlə baxdım, uşağın əlindəki mən aldığım qıfıllardan biri idi. Yəqin oğlan da falçının uşağı idi. Nə isə. Oğlan qıfılı aparıb qarajın qapısına asdı. Görünür onlara qıfıl lazım idi. Qəribə hadisə idi.

 

Çox keçmədən Zeli əlində uzun kəndirə bağlanmış qıfıl, sevinə-sevinə həyətə yendi. Dişlərini ağarda-ağarda mənə “Gəl, gedək” dedi. Taksidə soruşdum ki, bu qıfıl nə məsələdir. Dedi, falçı qızın dədəsi ilə anasının ağzını bağladı. Soruşdum, bəs bu qıfılı neynirsən? Dedi ki, aparıb qızgilin həyətində basdırmaq lazımdı. Bununla da toy təxirə salınacaq və vaxtdan istifadə edib bir ay ərzində qızı qaçırmaq olacaq. Sonra da əlavə etdi: “Falçıya yaxşı pul vermişəm.”

 

Qıfıla niyə ip bağlandığını soruşanda isə izah elədi ki, falçı deyib əgər basdırmağa imkanın omasa, uzaqdan həyətlərinə tulla.

 

Kəndə çatanda artıq hava qaralmışdı. Göz-gözü görmürdü. Qızgilin həyətlərinin divarı düz yola baxırdı. Zeli bir neçə dəfə divardan aşmağa cəhd eləsə də həyətdəki itin hürməyi ona imkan vermədi. Divardan uzaqlaşıb yola çıxdıq. Zeli həyətə girməyin mümkün olmayacağını görüb qıfılı göydə bir neçə dəfə fırladıb var gücüylə həyətə tulladı. Ağac budaqlarına toxunduqca onların üstündəki qarı dağıdan qıfıl həyətə doğru uçurdu. Birdən möhkəm bir səs gəldi: Vay anaaaaa...

 

Biz səsə fikir verməyib evə qayıtdıq. Zeli sevindiyindən səhərə kimi yatmadı. Hey deyirdi ki, vəssalam, toy yubanacaq və qızı qaçıracam. Səhər kəndə çıxdıq. Bir də baxdıq qızgilin qapısının ağzına xeylaq adam yığışıb. Təcili yardım maşını da varıydı.

 

Hamı deyirdi ki, Zivər nənəni axşam cin vurub. Sinəsi sınıb.

 

Sən demə dünən axşam Zelinin tulladığı qıfıl, qızın tualetə getmək üçün həyətə düşən nənəsinin sinəsinə dəyib, arvadın körpücük sümüyü sınıb, vəziyyəti pisləşib, həkim çağırıblar.

 

Kənddə heç kəs başa düşə bilmirdi ki, gecə vaxtı arvadın sinəsinə dəyən nə ola bilər. Deyilənlərə görə xəstə arvad elə hey sayıqlayırmış: “Məni cin vurdu, cin.” Kənd arvadları həyətə dua oxuyub piləyirdilər. Balaca uşaqlar da arvadların tapşırığı ilə həyəti murdarlayırdılar. Heç kəsin ağlına gəlmirdi ki, nənənin sinəsini qıfıl qıra bilər, çünki, qıfıl qarın altına qalmışdı.

 

Bu hadisənin üstündən iki gün keçməmiş qızgilin həyətindən vağzalı səsi gəldi. Nənənin öləcəyindən ehtiyatlanan qız yiyəsi toyu bir ay qabağa çəkməli olmuşdu.

 

Arzusu ürəyində qalan Zeli bu hadisədən sonra kor-peşman Bakıya getdi.

 

O, kəndə bir də qar əriyəndən sonra qayıdır. Bəlkə qızı görər deyə yolunu onların qapısının ağzından salır. Əlbəttə Zeli artıq ər evində olan qızı görə bilmir. O, qızgilin qapısının ağzında bir uşaqla rastlaşır. Uşaq ipə bağlanmış qıfılı həyətin qabağında o tərəf bu tərəfə sürüyürmüş. Zeli boynu büküb qıfılı sürüyən uşağa xeyli baxıb. Baxıb... Baxıb... Birdən gözlərindən iki damla yaş gilələnib. Lap hind filmlərində olduğu kimi. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017