Alim rüşvət almaq istəməyəndə başına nə gəlir?

Alim rüşvət almaq istəməyəndə başına nə gəlir?
23 iyul 2018
# 21:00

Kulis.az “Naməlum kino” layihəsində Gülbəniz Əzimzadənin Şahmar Ələkbərovla 1987-ci ildə birgə ekranlaşdırdığı “İmtahan” filmini təqdim edir.

Süjet: Qiyas (Hamlet Xanızadə) institutda müəllim işləyir, onu imtahan komissiyasına məsul katib seçirlər. Qohumlar, tanış-bilişlər Qiyasın yanına xahişə gəlir, övladlarının imtahandan keçməsi üçün rüşvət təklif eləyirlər. O, isə tamamilə başqa prinsiplərlə yaşayır, güzəştə getmir. Qiyası uşaqkən himayəsinə almış əmisi, professor Bəhramın (Rauf Atakişiyev) və ətrafının isə həyata baxışı, prinsipləri Qiyasdan fərqlənir. O, Qiyasdan müstəntiq Şamxalın (Fuad Poladov) bisavad oğlunun ali məktəbə qəbul olunmasında köməklik göstərməsini xahiş edir. Qiyas xahişi nəzərə almır, ədalətli davranır və onu imtahandan kəsir. Qiyasın oğlu Namiq (Samir Rzayev) avtomobil qəzası törədir və dost olduğu qız Qumru (Gülzar Qurbanova) qəzada həlak olur. Onun oğlunun törətdiyi qəzanı Şamxal araşdırır. Əmisi Qiyası çətin seçim qarşısında qoyur, oğlunu həbsdən xilas eləmək istəyirsənsə, Şamxalın oğlunu digər bilikli tələbələri imtahandan kəsmək hesabına instituta qəbul elətdirməlisən. Qiyas vicdanı ilə üz-üzə qalır.

Film yazıçı Anarın "Şəhərin Yay Günləri" pyesinin motivləri əsasında çəkilib.

Əsərin ekranizasiyası kinematoqrafik, təsvir həlli, dialoqlar, mövzuya yanaşma baxımından zəifdir, amma toxunduğu problemlər bu gün üçün də aktuallığını itirmir.

Filmin adının “İmtahan” olması çox mənalı yozula bilər. Çünki burda tələbə adını qazanmaq istəyənlərin imtahan prosesindən çox, ölkəyə məsul olan ziyalıların konkret vəziyyətlərdə öz vicdanı ilə imtahana çəkilməsi əsərin nüvəsini təşkil edir.

Filmin həlledici məqamlarından biri Qyasın seçim anının təsviridir: o, ya Namiqi həbsə yollamalı, ya da Şamxalın oğlunu imtahandan keçirərək yeganə övladını xilas eləməlidir. Ümumiyyətlə, sənətin araşdırdığı əsas məsələlərdən biri insanın düşdüyü ekstremal situasiyaya reaksiyası, necə davranmasıdır. Bu baxımdan Qiyasın çətin vəziyyətdə seçim anının, tərəddüdlərinin, davranışının təsviri önəmlidir. Amma filmdə dediyim məqamların təsvir həlli son dərəcə klişe, bəsit üsulla işlənilib. Müəlliflər onun mənəvi əzablarını yuxu vasitəsilə maddiləşdirir: o, yuxuda işgəncələrə məruz qalır, qəzada həlak olmuş Qumrunu görür və qan tər içində ayılır. Və bütün gecəni həyəcanla, statik, donuq vəziyyətdə qaranlıqda oturur.

Yəni Qiyasın düşdüyü situasiya süjetin əsas motivini təşkil elədiyi üçün bu, təsirli, orijinal, yaradıcı ifadə vasitələrilə həllini tapmalıydı.

Filmin əvvəlki epizodlarından birində Bəhramın gümüş toyu təsvir olunur, intelligensiya onun evinə yığışıb mənəvi məsələləri müzakirə edir və artıq burda Qiyasla onlar arasında - əhvalatın gedişatında baş verəcək ziddiyyətin ilk işartıları görünür.

Sadəcə, bizim intelligensiyanın polemikası çox bəsitdir. Məsələn, müzakirə olunan mövzulardan biri həqiqətin, yoxsa yaxşılığın önəmli olmasıdır.

Şamxal konkret misallarında bunun daha çox şərqli, milli xüsusiyyətlə izah edir ki, biz yaxşılığı həqiqətdən üstün tuturuq. Yəni sadə desək, bizə yaxşılıq eləyən kimsə sonradan ədalətsiz addım atarsa, həqiqətə göz yumarıq.

Professor Bəhram Çikaqoda Qərb alimlərilə də yaxşılığın, yoxsa həqiqətin vacib olmasını müzakirə elədiyini deyir. Bilmirəm, yazıçı Anar bunu nəyə əsaslanıb yazıb. Doğrusu Amerika intellektuallarının belə primitiv müzakirələr aparmasına inanmıram. Üstəlik, personajlardan da birinin dediyi kimi, bu, milli xüsusiyyətlərlə bağlıdırsa, Qərbdə heç bir halda aktual məsələ və müzakirə mövzusu olmaz. Çünki bizdən fərqli olaraq, tamam başqa dəyərlərlə yaşayan Amerika intellektuallarının obrazlarını yaradan Vudi Allenin də filmlərinə istinad eləsək, onda, Çikaqoda professorun belə bir polemikada iştirakı inandırıcı görünmür.

Məclis səhnəsində nədən kameranın qonaqlardan birinin Bəhramın xaricdə çəkdirdiyi fotolara baxmasına, evin qulluqçusunun işvə-nazına xüsusi aksent eləməsi, bunun süjetdən hansı funksiyanı yerinə yetirməsi aydınlaşmır.

Bundan başqa niyəsə bizim ədəbiyyatda, kinoda ziyalı arvadları daha çox eyni xarakterdə meşşan təqdim olunur: onlar pulgirdilər, ərlərinin üstünə çımxırırlar, onlardan yaxşı həyat tələb edirlər və ərləri də susur.

Hətta yeganə vicdanlı adam Qiyasın arvadı Dilarə (Səfurə İbrahimova) də belədir, yaxşı gün-güzəran istəyir, deyinir, ərini qınayır, oğlunun xilası üçün Bəhrama yalvarır.

Qiyasın oğlu təslim olur, Qiyas isə əmisinin xahişindən imtina eləyir və bu, ona mənəvi böhran, qınaqların bahasına başa gəlir.

Final səhnəsində Dilarə Qumrunun anasını (Sona Mikayılova) pulla ələ almaq istəyir, amma övladını itirmiş ananın acısını görəndə səhv etdiyini anlayır.

G.Əzimzadə “Ötən ilin son gecəsi”, “Qətl günü” və s. filmlərin rejissorudur.

Bu, aktrisa Gülzar Qurbanovanın kinoda ilk işidir.

# 1806 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #