Bu yazıçılarımız zirvəyə çıxacaqdılar. Ancaq... – SORĞU

Bu yazıçılarımız zirvəyə çıxacaqdılar. Ancaq... – <span style="color:red;">SORĞU
26 iyul 2016
# 09:00

Azərbaycan ədəbiyyatında elə şair, yazıçılarımız var ki, onları indi heç kim tanımır. Hansısa səbəbdən qiymətini ala bilməyib bu yazıçı və şairlər.

Yazarlarımız hansı qələm adamının öz qiymətini almadığını düşünür?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Azər Abdulla: “Qubadan bir yazıçı vardı, Rəhim Dünyamalı. Layiqincə tanınmadı. Ciddi yazıçı idi. Psixoloji janrda çox mükəmməl əsərlər yazmışdı. Bəxti gətirmədi, sonra da intihar elədi. Daha sonra Əli Həsənlinin adını çəkə bilərəm. Tanınmayan və istedadlı yazıçıdır. Tənqidçilərdən çox inciyirəm. Haqqında yazmadılar, araşdırmadılar. Əli boyda yazıçını heç kim görmədi, adını çəkmədi. Çox təəssüf”.

Aqil Abbas: “Əlisa Nicat. Çox görkəmli yazıçıdır. Böyük bir filosofdur həm də. Baxmayaraq ki, layiqli qiymətini almayıb. Mənim yazıçı kimi formalaşmağımda Əlisa Nicatın böyük rolu olub. Kafka, Markes, Kamyu, Nitşe, Şopenhauerin kitablarını onun göstərişi ilə oxumuşam. Yəni Əlisa Nicatın məktəbini keçmişəm. Bir yerdə “Elm və həyat” jurnalında işləmişik, 1977-ci ildən 1987-ci ilə qədər. Bir otaqda oturmuşuq. Mənə bir dəfə dedi ki, gözəl başın var, ancaq qarpıza işlədirsən. Sonra ciddi kitabları oxumağımı tapşırdı. Özü də bir xasiyyəti var, oxuyub qaytaranda soruşurdu ki, görüm oxumuşam, ya yox, sorğu-suala tuturdu. Sizə deyim, Əlisa Nicat eqoist adamdı. Amma nədənsə mənə lütfkarlıq elədi”.

Nəriman Əbdürrəhmanlı: “Azərbaycan ədəbiyyatı öz dəyərini almamış nasirlər və şairlər qəbiristanlığıdır (sağlar məni bağışlasın). Çünki Allahdan yazıçı olanlar heç vaxt qiymət arxasınca qaçan olmayıblar, buna nə həvəsləri olub, nə də belə şeyi bacarıblar. Abırsız tənqid və şikəst ədəbiyyatşünaslıq da o adamların haqqını vermək əvəzinə görməzliyə vurub. Konkret misal desəm, biri elə Arif Mustafazadə. 60-cı illərdə yazdığı şeirlərlə ən azı Rəsul Rza, Əli Kərim qədər şöhrəti olmalıydı. Amma yeganə kitabı ölümündən sonra çap olundu. İndi onu çox az adam tanıyır.”

Saday Budaqlı: “Mənim yadıma bir yazıçı düşür: Rəhim Dünyamalı. Onun iki kitabı çıxmışdı. Adı heç yerdə yox idi. Sonra intihar etdi. Qiyməti almaq məsələsi oxucunun özündən asılıdır. Elə yazıçı var ki, reklamını yaxşı qurub, ona görə də layiq olmadığı qiyməti alıb. Yazıçı da var, kölgədə qalıb. Həm də medal almaq, xalq yazıçı olmaq – bunlar boş şeylərdi. Vaxt keçəcək, daş da öz yerinə oturacaq”.

Rasim Qaraca: “Azərbaycanda qiymətini almamış onlarla yazıçı, şair var. Onların haqqını "qiymətini almışlar" qəsb edib. Biz ilk öncə yalandan şişirdilənləri aşkar etməliyik, yerdə kim qalsa qiymətini almamışlar olacaq”.

Murad Köhnəqala: “Yazıçılardan Şahmar, şairlərdən Eldar Baxış... Bəzən cəmiyyət yazardan yaxşı yazmaqla bərabər sırtıqlıq, hər yerdə görünmək də tələb eləyir. Bunu da çox vaxt bəxti gətirməyən istedadlı adamlar bacarmır. Yəni sırtıq cəmiyyətlə ayaqlaşa bilməyəndə adam küncdə-bucaqda qalıb unudulur. Belə adamların populyarlaşması üçün kənardan təmənnasız stimul, qədirbilən şəxslər, messenantlar lazım gəlir. Sonradan tapılıb məşhur olmaq incəsənət tarixində rəssamların, şairlərin, yazıçıların başına çox gəlib...”

Aqşin Yenisey: “Qiymət dedikdə oxucuların sayını nəzərdə tuturuqsa, pis-yaxşı hərənin öz oxucusu var deyəsən. Yox, dövlətin yazıçıları verdiyi ənamları qiymət hesab ediriksə, yenə də cəmiyyətə yazıçı, şair kimi təqdim olunmuş adamlar şikayət etməməlidirlər. Biz dünyadakı ədəbi proseslərdən uzaqda yazıb-yaratdığımız üçün belə məsələlər bizdə ümumi yox, şəxsi müstəvidə həll olunur. Hətta tənqidçilərimiz də əsər haqqında coşub-çağlayarkən əsər müəllifinin xəyali portretini başının üstündən asır. Məncə, ən yüksək qiymətə layiq son yazıçımız Rafiq Tağıdır.”.

Mübariz Cəfərli: “Bu haqda heç düşünməmişəm. Əsl yazıçını bir-iki adam tanımalıdır. O Sovet vaxtı idi ki, yazıçını hamı tanımalıdır, sevməlidir. Gec, ya tez yazıçıya qiyməti Allah verir. Bəndənin verdiyi qiymət sabun köpüyü kimidir”.

Cavid Zeynallı: “Hər zaman İsi Məlikzadə haqqında düşünmüşəm. Bir də Məmməd Oruc. Hər ikisi istedadlı yazıçıdır, amma indi məşhur olan 60-cılar qədər tanınmadılar, oxunmadılar, qiymətlərini almadılar”.

Qan Turalı: İsi Məlikzadə həmişə yadıma düşür. Məncə bu əvəzsiz yazıçımız layiq olduğu şöhrət və tiraja çata bilmədi. Müasir yazıçılarımızdan Azər Abdulla və Məmməd Orucunun da ədəbi taleyi onların əsərlərinə və istedadlarına uyğun olmadı. Təəssüf...

# 1027 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #