O uşaq böyük bir şair olacaqdı- FOTO OVQAT

O uşaq böyük bir şair olacaqdı- <span style="color:red;"> FOTO OVQAT
22 iyul 2016
# 12:01

Bir fotonun ovqatı

Bu şəkildəki Səməd Vurğundur. Ya 12, ya da 13 yaşı olar. Amma bir az yaxından baxsanız başqa bir uşağı da görmüş olarsınız bu şəkildə: “Ögey ana” filmindəki İsmayılı.

İkisi də kənd uşağı. Ancaq bu şəkildəki uşaq bir az özünə vurğundu sanki. Əlləri qoynunda vüqarla harasa uzaqlara baxır. O uzaqlarda gələcəkdə yazacağı şeirlər asılıb. Bir az da “Rəhbərə salam” duruşu var bu duruşda. Saçının dağınıqlığını görüb əlavə edə bilərsiniz: içində saf duyğuları qoruyub saxlamağa çalışan bir uşaq.

Bəlkə bu şəkildəkinə “uşaq” demək də olmaz. Bu cür əlləri qoynunda, ciddi, özündən razı tövrdə duran bu adam necə uşaq ola bilər? Uşaq bir az utancaq olar, gözlərində məsumluq daşıyar. Ancaq bu gözlər qartal gözləri kimi itidir, caynağına keçirdiyi quşun çırpınışları görünür bu gözlərdə.

Bir az da yaxından baxsanız, görərsiniz ki, vüqarla uzaqlara tamaşa edən bu uşağın qoynunda ərəb əlifbasında yazılan kağız parçası var. Görəsən, o kağızda nə yazılıb? Hansı mətləblərdən söz açılır? Bəlkə şeirdir? Bəlkə sevgi məktubu? Kim bilir? Başı çıxan, o əlifbanı bilən adamlar nə xoşbəxtdir: görən kimi oxuya biləcəklər. Bu şəkilin sirri də elə o kağız parçasındadır. Yazılanları bilsək, bu sirr dağılacaq.

“Şərikli çörək”dəki Vaqifi də xatırladır bu şəkildəki uşaq. İllər sonra şəkildəki adam böyüyüb yekə kişi olacaq, evlənəcək, oğullarından birinin adı Vaqif olacaq.

Əllərinə fikir verin Səməd Vurğunun. Öz qoluna sığınıb əlləri. İşləmiş, yorğun əllərdir bu əllər. Nə vaxtsa qələm tutacaq bu əllər. Şeirlər yazılacaq, dillər əzbəri olacaq.

Bu şəkil pıçıltıyla bu şeiri deyir:

Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!

Söhbətindən doymaq olmayan Qazaxlı balası var bu şəkildə. Həm özündən razıdır, həm də safdır. Duruşu, qaməti ilə gələcək günləri salamlayır...

# 1904 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #