O gün yemək almağa pulumuz yox idi - O İLLƏRİN FOTOSU

O gün yemək almağa pulumuz yox idi - <span style="color:red;">O İLLƏRİN FOTOSU
19 iyul 2016
# 08:30

LAYİHƏ: O illərin fotosu

Layihədə ədəbiyyat tariximizdə qalan şəkillər haqqında şahidlər danışacaq.

Rasim Qaraca: “O zaman AYO-çular BDU yaxınlığındakı “Muhabbet Lokantası”nda toplaşırdılar. Çay içmiş, uzun-uzadı söhbət etmiş, qarnımız acanda küçəyə çıxmışdıq, çünki, çox yaxşı yadımdadır, o gün heç birimizdə yemək alacaq qədər pul yox idi. Uşaqları mən yığdığıma görə həmin gün çox utanmışdım, gənclərdən kimsə yeməkdən söz açmışdı, ancaq çayın hesabını belə çətinliklə ödəmişdik. O şəkilin belə acı xatirəsi var məndə. İndi vəzifə sahibi olmuş dostlar bunu unutmasınlar gərək”.

Aqşin Yenisey: “Mən daha burdakı adamların heç biri ilə ortaq düşüncədə deyiləm, ona görə də adi günlərdən birini əks etdirən bir şəkil haqqında dastan açmaq fikrində deyiləm”.

Şərif Ağayar: “Demək, BDU-nun qarşısında, biz qalan binanın yaxınlığında “Məhəbbət” lokantası vardı. Tez-tez ora toplaşırdıq. Həmin gün yığışanda Tural mənə zəng vurdu ki, sən də gəl. Mən onda Şamaxıda qonaqlıqda idim, dedim, Şamaxıdayam, gələ bilməyəcəm. Elə oldu ki, qonaqlıqdan qəfil qalxıb balaca maşınla Bakıya gələsi olduq. Mən BDU-nun qarşısına çatanda uşaqlar çayxanadan durmuşdular. Küçədə rastlaşdıq və yanlarında əməlli-başlı yalançı çıxdım. Necə inandırasan ki, 40-50 dəqiqə əvvəl Şamaxıda çaxır içirdim”.

Murad Köhnəqala: “Mən AYO-da olan vaxtlar universitetlə üzbəüz yerləşən türkiyəlilərə məxsus “Məhəbbət” lokantası vardı. Adətən, axşam çağlarında həmin kafedə çay içib söhbətləşməyə yığışardıq. Türkiyəlilərin işlətdiyi kafelərdə, bir qayda olaraq, spirtli içkilər verilmir. İçən vaxtlarım idi, qış vaxtlarında şəkildəki çantamda kafeyə gizlicə gürcü çaçası gətirirdim, kafe işçilərindən xəlvət uşaqlara da “yüz-yüz” süzürdüm ki, canları qızışsın. Şəkildə olan AYO-çuların hamısı orada görüşürdü. Sözsüz ki, həmin kafeyə gələn, AYO işığına yığışan yaradıcı gənclərin bir xeylisi bu şəkildə yoxdu. Aradan çox az zaman keçsə də, təəssüflə deməliyəm ki, həmin günü dəqiqliyi ilə xatırlamıram. Şəkilin kimin tərəfindən çəkildiyini belə, yadıma sala bilmədim”.

Həmid Herisçi: “Şəkil də bədii əsər kimidir... Gərək mərkəzi nöqtəsi olsun... Şəkil çəkilərkən bu boşluğu hiss etdim... Bildim ki, bu mərkəzi tapmaq azdı. Gərək orda bir enerji fırtınası da yaradım. Əllərim köməyimə gəldi. Onları cütləyib tapançaya oxşatdım. Şəkil özünü tutdu bu an. Fotoqraf da bunu duydu. Əlini düyməyə basdı. Demək istəyirəm ki, bu cür ümumi şəkillərdə gərək mütləq mərkəzi nöqtəni yaradasan. O vaxt bunun öhdəsindən gəldim. Mərkəzdə dayanmaq həmişə çətindi...

Bircə sözüm var: “Dostlar bizi xatırlasın”. Xatirələri beynimdən silmişəm. Şəkildə demək istəmişəm ki, qızıl gülləni özüm hamınızın başına sıxacam”.

Mirmehdi Ağaoğlu: “Mən AYO-nun toplantılarında arada-sırada iştirak edirdim. Tural demiş, başım həmişə məişət işlərinə qarışırdı. Bəlkə də buna görədir, çox adam elə bilir ki, “ayoçu” deyiləm. Amma mən həmişə “ayoçu” olmuşam, açığını deyim, bununla fəxr etmişəm. Bu foto çəkilən ərəfədə deyəsən rayonda bankda işləyirdim. Həftəsonu Bakıya gəlmişdim. Turaldan öyrəndim ki, “ayoçu”lar toplanacaq. Mən də gəldim. Həmişəki kimi “Məhəbbət” lokantasında oturmuşduq. Deyəsən, o görüşdə Həmid Herisçi ilə Aqşin Rusiyadan gəlmiş jurnalistlərə müsahibə də verdilər. Görüşdən sonra da həmişəki kimi Rasim abinin təşəbbüsü ilə bu şəkil çəkildi”.

# 725 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #