Facebookdakı Pirverdilər

Facebookdakı Pirverdilər
15 iyul 2016
# 13:09

Kitabın, yaxşı yazıların təbliğində, şübhəsiz ki, Facebookun (fb) danılmaz rolu var. Adamlara ulaşmaq, kimisə tapmaq işində də əlimizdən tutur.

Ancaq, etiraf edək ki, bu virtual planetin yazıçı üçün mənfi yanları da var. Vaxt itkisini demirəm. Zamanı səmərəli qullanan adam üçün fb elə də faciəvi məkan deyil.

Məsələn, elə biri fb sayəsində yazıçıların əlçatan olmasıdır.

Markın demokratikliyi Murad Köhnəqala ilə hansısa Pirverdi arasında heç bir fərq qoymur. Azərbaycan elə də böyük ölkə olmadığı üçün hamı az qala biri-birini şəxsən tanıyır və istənilən adamla çoxlu tanınmış ortaq dostların əmələ gəlir. Təklif alırsan, baxırsan, Zamin Hacı, Aygün Aslanlı, Həmid Herisçi kimi ortaq dostlarınız var, bundan sonra nəkarəsən ki, qəbul eləməyəsən.

Beləliklə, Pirverdi heç bir zəhmət çəkmədən, heç bir kitab oxumadan, heç nə haqqında oturuşmuş qənaəti olmadan girir sənin çevrənə. Və günlərin birində görürsən ki, elə həmin Murad Köhnəqalanın statusunun altında yazır: “Sən nə vaxtdan yazı yazan olmusan?” “Siz” də yox aaa... “Sən”.

Və əlin üzündə qalır!

Qələt eləyib tutaq ki, Anarı, nə bilim Vaqif Səmədoğlunu, yaxud Ramiz Rövşəni tənqid edirsən. Pirverdi Manaf Ağayevin apardığı toydakı tamadadan eşidib ki, Anar böyük yazıçımız, Vaqif Səmədoğlu ilə Ramiz Rövşən dahi şairlərimizdir. Elə bu ağılla da söhbətə yüz səksənlə girir: “Sən kimsən ki, filankəsə söz deyəsən?!”

Adam mətləbdən o qədər uzaqdır ki, onu məsələnin məğzinə gətirmək üçün bir ömür yetməz. Bu, bilirsiz nəyə bənzəyir? Evdə oturub filmə baxırsan. Deyək ki, “Titanik”ə... Otaq yoldaşın gələndə artıq adamların donub batması səhnəsi gedir və o, sənə durmadan suallar verir: “Bu qız kimdi?”, “Bu oğlan kimdi?”, “Bunlar niyə donurlar?”, “Kömək niyə gəlmir?”, “Hardadılar belə?”. Hətta bu sual da gözlənilir: “Filmdi?” Cavab vermək istəyirsən: “Yox, Atlantik okeandan canlı yayımdı!”

Nə deyəsən? Nə cavab verəsən? Onu məsələdən halı eləmək üçün gərək filmi başdan danışasan. Danışmaq olar da! Amma Pirverdilər birdirmi, ikidirmi? Bütün ölkə Pirverdistan deyilmi? Yazı da oxumurlar ki, beş-altı min işarəylə mətləbi anladasan, təpələr gözlərinə.

“Nə istiyirsiz eee... Anardan, əlinizi tutub yazmağa qoymur?” Bütün Pirverdilərin – məsələnin məğzindən bir ömür uzaq olan kütbeyinlərin ən mükəmməl məntiqidir bu! Öldürsən, dönməzlər. Elə inanıblar ki. Belə baxanda haqlıdırlar da! Çünki inanmağa, hətta müqayisə etməyə başqa bir şeyləri yoxdu.

Bütün “aldadıb idarə edənlərin” təntənəsi Pirvedilərin çəyirtkə bolluğundadır.

Hələ bir qarışqa ayağı saqqal buraxıb iki-üç dini status yazan, “Allah əcr versin” kimi yüz əlli illik ahənglə danışanları görəsən. Bircə gecədə müctehid olublar. Başqa hansı sahədə belə tezliklə hədəfə çatmaq olar? Kimya – bir ömür istər. Fizika – onun kimi. Ədəbiyyat – nə qədər kitab oxumalısan. Ancaq bircə gecədə abdəst alıb, iki rükət namaz qılırsan, hər şey tamamdır. Uzağı Quranın İranda kiril əlifbası ilə çap olunan üç-dörd təfsirini oxuyursan, bir də imamların şəcərəsini əzbərləyirsən. Hansından sonra hansı gəlir. İstənilən adama dərs keçə bilərsən. Niyazi Mehdini qabağına qoyub Hegelə görə ürəyin istəyən danlayar, oyan-buyan eləsə alnının çatına bir “Kafir” damğası yapışdırarsan.

Bir də bu Pirverdilər arasında ədəbiyyat yanıqları var. Böyük şeylər arzulayıb heç nəyə nail ola bilməyən, paxıllıq və xəbislikdən səmimi oxucu olmaq fürsətlərini də əldən verən binəvalardır bunlar. Nə görsələr qulp qoyacaqlar! İllah da hərədə bir qüsur var və bu qüsuru bu Pirverdidən başqa kimsə görə bilməz. Tənqid naminə yazdığı beş-altı cümlənin yeddi-səkkizi səhvdi. Hələ yazmadığı cümlələrdən “iki” alanlardı bunlar. Bəri başdan. Amma iddialarına baxsan. Kafka oxuyurlar. Bə nə! Azərbaycanda belə yazan var? Coys kimi yazsaydılar, təbii ki, Biləcərini keçərdilər.

Sevdaları Biləcərini adlamaq, imkanları Hacıqabulda “buksavat”lamaqdır. Sakit okeana üfüq açmaq istərlər, di gəl, Masazırın duz gölündə üzə bilmirlər. Xəyallarındakı şığıyan qartal, ovuclarındakı qarğa zılığıdır. Əllərində imkan ola hər uğurlu misradan, hər uğurlu cümlədən ötrü adamın bir gözünü tökərlər.

Pirverdilərin xüsusi əlaməti vətənpərvər olmalarıdır. Çünki vətənpərvərlik də din kimi çox asan ulaşılan və çox asan diqqət çəkən sahədir. Həm də orda rahatca gizlənib lazım olanda gözlənilmədən hücuma keçmək mümkündür. Profillərindən bayraq-gerb əskik olmaz. Açıq-saçıq şəkillərə ağzı sulana-sulana baxsalar da öldürsən like eləməzlər. İzzət Bağırovu sevərlər. Səməd Vurğunu böyük şair sayarlar. Bəxtiyar Vahabzadə ilə böyük ədəbiyyatın bitdiyinə əmindirlər. Uzağı, Məmməd Araz! Bəriyə addım atmazlar. Dartsan, inadkar ulaq kimi ayaq dirəyərlər.

Bunlar, təbii ki, sadədil Pirverdilərdir.

Bunlarınkı asandı...

Mırtlaşırsan, gedir...

Bir də var intellektual örtük altında gizlənən, mütərəqqi dəyərlərdən danışan, gözü eynəkli, boynu şərfli ateist Pirverdilər.

Bunları tanımaq üçün gərək gözlərin mikroskop kimi işləyə.

Üzlərinə, geyimlərinə, statuslarına, paylaşdığı musiqi və filmlərə yox, içalatlarına baxasan.

Bunlarla iş çox çətindir.

Amma bütün Pirverdiləri bir ümdə xüsusiyyət birləşdirir: it qorxağıdırlar! Xüsusilə, vəzifəli adam gördülərmi, şalvarlarını isladırlar. Quyruqları olsa bulanmaqdan görünməz. Bəziləri din və vətənpərvərlik, bəziləri ateizm və liberallıq qılığında yaltaq vücud gəzdirirlər. Və əlinə keçən fağır-fuğaraya qarşı aqressiyaları da ölmüş müqavimət hisslərinin kompensasiyasıdır.

Fb Pirverdinin həm niqaba bürünməsinə, həm yaltaqlığını və qorxaqlığını məharətlə gizləməsinə, həm də istədiyi vaxt əzilmiş mənliyinin acığını fağır qələm adamlarından çıxmasına münbit şərait yaradır.

Odur ki, yaşıl işıqları çox vaxt yanılı olur və o anda torunu qurub bir küncdə gözləyən hörümçəyi xatırladırlar.

# 1051 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #