Arximed qanunuyla yaşamaq

Arximed qanunuyla yaşamaq
14 iyul 2016
# 12:35

Kulis.Az Şəhla Aslanın essesini təqdim edir.

Çarın əmri ilə əyalətdən yığılıb oxumağa göndərilən bacarıqlı gənclərdən biri də babam olub. O vaxt Kazan Universitetində haçasaqqal xristian professorların mühazirələrini dinləmiş, onları meşin üzlü dəftərlərə səliqə ilə yazmış, yığıb-bağlamış və indiyə qədər saxlamışdır. Son illərə qədər aradabir onları gətirdir, töküb vərəqləyir, oxuyur və dərindən ah çəkirdi. Yaxşı ki, onları indi unutmuşdur, yoxsa hey bizi danlayırdı ki, oxumursunuz, tozunu təmizləmirsiniz. Bir dəfə xəlvətdə o dəftərlərə baxdım, ha oxusam da rusca yazılmış, vərəqləri solmuş səhifələrdən qəribə ifadələrlə yazılmış təriflər, düsturlar və isbatlardan əməlli-başlı bir şey əxz edə bilmədim. Fikir verin, siz Allah, “Düz odur ki, onun yalan olması sübut oluna bilmir.” Və ya “Cismin iki müxtəlif anda eyni yerdə olmasına sükunət deyilir. İki müxtəlif anda cismin müxtəlif yerlərdə olmasına hərəkət deyilir.” Vallah, adamın beyni taqqıldayır. Bir də görürsən ki, babam bizlərdən biri çağırdı yanına.

- Ədə, qırışmal, neçəmincidə oxuyursan?

- Yeddidə.

- Hə, onda gimnazistsən deməli. Bilirsən gimnast nədir? Bilməzsən, hardan biləsən. Heç sənə dərs deyənlərin çoxu bilməz onu. Latınca qısa geyinənlərə gimnast deyilir. Xüsusi məktəblərdə uşaqlar belə geyindirib təlim-tərbiyə verirmişlər. Az qalmışdı bizdə hamı gimnast olsun. Allah şalvar dəbini salanların ölənlərini rəhmət eləsin, yoxsa biabır olmuşduq. Nədən danışırdım, fikrim getdi yana. Hə....de görüm, birləşmə nəyə deyilir?

Uşaq fizikadan bəlli tərifləri deməyə başlayanda kişi qışqıra-qışqıra sözünü kəsir və başlayır yarı rusca, yarı ərəbcə, yarı türkcə başa salmağa. “Birləşmə, yəni, soedineniye, iki cismin elə bir hali-mövcüdiyyətidir ki, üçüncü cisim onların arasında ola bilməz.”

Ya da ki, televizora şirin-şirin baxdığımız vaxt kreslosunu yavaş-yavaş çəkir, gəlir yaxına, eynəyini taxır və gözünü zilləyir ekrana. Bir az sonra qəfildən soruşur ki, kimdir bu? Kiçiklərdən biri cavab verir ki, Maykl Cekson. Sonra bir başqası çıxır, onu da soruşur. Sadəlövh uşaqlar dil-dil ötərək onların barəsində məlumat verirlər. Uşaqların biri şitənib dedi ki, baba, deyəsən sən də fanat oldun. Baba ona əyri-əyri baxanda mən işimi bilib əkildim bir tərəfə. Kişi çəliyini uzadıb televizorun düyməsini basıb söndürdü. Sonra Ərəbzəngi kimi qapının önündə durub dedi ki, sağ olun, balalar. Ağıllı və savadlı olduğunuzu görüb çox fərəhləndim. O, xaricilərdən hansını soruşsam mahnılarını, kliplərini, doğum günlərini, evlənmələrinin sayını, nə bilim, itlərinin, pişiklərinin adını bilirsiniz.

O gün oturmuşam evdə fikirləşirəm, birdən bələkdə uşaq oyanıb qışqırmağa başladı. Səsini kəsmək üçün əmziyi ha verdim götürmədi. Gəlini çağırdım, məni başa saldı ki, əşi, üstündə Madonnanın şəkli olanı ver, onun fanatıdır, körpə. Elə də oldu. Əşi, nəisə, çox uzağa getdim, mənim ətim tökülür, onlara baxanda. Mənə deyin görüm, Arximed kimdir? Hamı xorla dedi ki, böyük alimdir.

Ay sağ olun, siz atanızdan savadlısınız. O səkkizincidə oxuyanda bir “Jiquli” aldım, dedim ki, instituta girsən verəcəyəm sənə. O da yalvar-yapış elə həmin andaca maşına oturdu və oxumağın daşını atdı. İndi düz 38 ildir ki, “taksovat”lıq eləyir. Ondan soruşsam, deyəcək, Arximed kimdir, bəlkə adını düz demirsən, motorist Mərəhmədi deyirsənsə, yaxşı ustadır, amma bahacıldır, 50 manat borcum da qalıb verə bilmirəm. Allah eləsin, yaxşı “klient” düşsün uzaq yerə. Yenə siz yaxşısınız, Arximedi tanıyırsınız. Mexanikanın qızıl qaydasını kəşf edib, o kişi. Kim deyə bilər necədir o qayda? Kimsə cavab verir ki, qüvvədə nə qədər qazanırıqsa yolda o qədər itiririk, nə bilim, enerji sabitdir, nələr, nələr...

Onda ayılırıq ki, babam yenə bizə qulaq asmır, fikri yenə uzaqlardadır. Uşaqlar bir-bir qaçır bayıra. Mən isə telefonun diktofonunu açıb qoyuram çəliyin dibinə, bilirəm ki, indi kişinin bütün istedadı üzə çıxacaq. Bu istedad da köhnə biliklər, çoxillik təcrübə, üstəgəl huşun zəifləməsindən yaranan qəribə məntiqli nitqdən ibarətdir. Zarafat deyil, kişinin 110 yaşı var.

- Düz deyirsən, bala, qazanırıq, o qədər də itiririk. Daha doğrusu, heç nə qazanmırıq, elə hey itiririk. Qazanc deyəndə ki, məsələn, mən 60 manat pensiya alıram. Aptekdən də borcum elə o qədər olur. Düz deyir Arximed, amma bəzən ağlım çaşır, başa düşmürəm bəzi şeyləri. Yol deyəndə ki, mən yola zəif yeriyirəm. Belə çıxır ki, yolda itirdiyim üçün qüvvədə qazanmalıyam. Amma qüvvəm də azalır. Mən bədbəxt yolda da itirirəm, qüvvədə də. Amma zəifin, imkansızın birisi nə eləyir, nə eləmirsə qəfil varlanır, əvvəl maşın alır, yolda qazanır, çox gedir, sonra təyyarə alır, gəmi alır, lap bərk gedir. Bərk gedə-gedə pulu, imkanı, gücü, əsası isə qüvvəsi çoxalır, yəni olur “bərkgedən”. Yolda da qazanır, qüvvə də də. Yolda qazanmaq dedim, yol yadıma düşdü. Elə yolda qazananlar da, yəni qazancı yoldan çıxanlar, Arximedə görə, qüvvədə itirməlidirlər. Yəni, yolda qazandıqca qüvvəcə zəifləməlidirlər, amma onlar heç zəifləmirlər, elə hey qüvvətlənirlər. Məsələn, istilər adamı bişirir. Kimin imkanı var, başını götürüb qaçır ucqarlara, meşələrə, dağlara. Dincəlir, güc toplayırlar. Gedə bilməyənlər qalır burda ləhləyə-ləhləyə. Yolda itirənlər gücdə də itirirlər. Əşi, əvvəllər başa düşürdüm mexanika qanunlarını. Ya mənə bir şey olub, ya zəmanə dəyişib. Çaşıb qalmışam. Belə baxanda elə çaşan vaxtımdır da, day getməliyəm o dünyaya. Gedəndə də gərək əliboş getməyəsən. Bu dünyada nə qazanmısansa, onlar o dünyada itirdiklərindir. O dünyaya qazanc aparmaq üçün gərək bu dünyada xeyli şey itirəsən. Yenə qarışdı....Yaxşı olar ki, susum.

# 1350 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #