Qonşumuzdakı qoca cadugər – Abbas Kirostami

Qonşumuzdakı qoca cadugər – Abbas Kirostami
5 iyul 2016
# 11:06

Bir zamanlar eşitsəniz ki, hansısa cadugər məqsədinə çatmaq üçün kinodan vasitə kimi istifadə edib, təəccüblənməyin. Kinonun mistik mahiyyəti uzun illərdir təhqiqat obyektidir.

100 ildən artıq yaşı olan kinematoqraf özünüdərk yolundadır.

A.Tarkovskiy, M.Antonioni, R.Bresson bu yolda böyük nəticələr əldə edib. Amma kimin ağlına gələrdi ki, İran rejissoru Abbas Kirostami öz filmləri ilə kinonun mistik mahiyyəti mövzusunda müzakirələrdə öz imzasını favoritə çevirəcək.

Mistik rituallarda təkrar texnologiyasının böyük rolu var. Belə ki, Abbas Kirostami öz filmləri ilə tamaşaçını hipnoz etmək iddiasındadır, filmlərində təkrar texnologiyasından istifadə edir. «Zeytun bağlarından keçərkən» filmində məşq səhnəsi müxtəlif redaktələrdə dəfələrlə təkrar olunur. Eyni cümlələri, mizanları, situatsiyaları təkrarlamaqla tamaşaçını öz ritminə salır. Tamaşaçı filmin diktə etdiyi ritmə düşdükdən sonra rejissor tamaşaçı ruhunun ağasına çevrilir.

İlk baxışdan rejissorun qurduğu dialoqlar hədsiz prozaik və çürükçüdür. Amma rejissor qəflətən bu dialoqu poetik və kosmik səviyyəyə qaldırır. Bu fəndlə müəllif nəsraniliklə poetikliyin, əbədi ilə faninin kövrək sərhədlərini göstərir. Bir qayda olaraq, Abbas Kirostaminin dinamik süjet xətti olmayan filmləri tamaşaçını özünə çəkə bilir. Ustadcasına qurulmuş dialoqlarsız bu, mümkün olmazdı.

Abbas Kirostami ənənəvi 3 aktlı dramaturgiyaya meydan oxuyur. O, bu strukturdan imtina etmir, amma onun quluna da çevrilmir. Klassik 3 aktlı dramaturgiya müəllifin əlində məqsədə çatmaq üçün vasitədir. Ona görə rejissor «10» filmində bütün hadisələri (əslində dialoqları) şütüyən maşının içində qura bilir. Bu filmə tərcüməsiz baxmışam. Buna baxmayaraq, rejissor öz güclü energetikası ilə tamaşaçını öz quluna çevirə bilir.

«10» filmi başqa bir cəhətdən də unikaldır. Filmdə ənənəvi mizan həlli yoxdur. Bütün film iki çarpaz iri plandan ibarətdir. Ancaq qəhrəmanlar dəyişir. Rejissor bu filmi ilə «ustad rejissura usta mizan həllidir» konsepsiyasını alt üst etdi. Abbas Kirostami filmi ilə yaradıcı bir kəşf etdi: Mizan həlli, aktyor oyunu, operator işi, montaj həlli, əslində, bir bəhanədir. Mahiyyət isə rejissorun energetikasındadır.

Rejissor bir şamandır, Tanrıdan aldığı energetikanı, kameranın arxasında «gizlənərək» lentə həkk edir. Rejissorla kino kamera arasındakı mistik xətt daha vacibdir, nəinki kamera önündəki «oyun-bəhanə». Kirostaminin kino ideologiyası materialistik yox, idealistikdir. Məhz buna görə onun kino dilinin əsası rejissuranın görünən tərəfi (mizan, montaj, aktyor oyunu) yox, görünməyən tərəfidir: kinonun ruhu, bioenergetikası, mistikasıdır. Məhz buna görə «10» filmində faktiki olaraq heç bir xüsusi montaj, təsvir, mizan həlli, ənənəvi dinamik süjet olmadan tamaşaçını öz əsirinə çevirə bilir. Bu məharətlə rejissor saat yarım ərzində ağ divar təsviri ilə də tamaşaçı diqqətini özündə saxlaya bilər.

Bu kəşfi ilə Kirostami kinonun mistik mahiyyətini daha qabarıq büruzə verdi. Rus rejissoru V.Qrammatikovun «İskusstvo kino» jurnalının səhifələrində verdiyi məlumat dediklərimizi bir daha təsdiqləyir: İngiltərədə keçirilən beynəlxalq elmi konfransın gəldiyi nəticəyə görə, kinolentin tərkibində olan jelatin maddəsi insan bioenergetikasını özündə həkk edir. Videolentdə isə bu mümkün deyil. Kirostami mahir bir məşuq kimi kino adlı gözəlçəni soyundurdu, gizli mahiyyətini aşkar etdi. Kinonun ilahi sirlərini faş etdi. Bir zamanlar ilahi sirləri bəyan etdiyi üçün Nəsiminin dərisini soydular. Kirostamiyə isə Kann festivalının baş mükafatını verdilər. Nəsimi ilə müqayisə təsadüfi deyil. Kirostami kino ilə mistisizmi, sufiliyi qovuşdurdu. O, abid, aşiq, arif – rejissordur. Bu tipli rejissorlar üçün kino Allahı dərk və dərk olunmuş həqiqətlərin ifadə vasitəsidir. Belə filmlərin tamaşası əyləncə yox, intellektual iş-ibadətdir.

Kirostami final ustasıdır. Bütün film boyu tamaşaçını özünə pərçimləyən rejissor finalda «kartlarını» açır. Sanki tamaşaçıya «bu bir oyun, illüziya idi» söyləyir. «Albalı dadı» filminin sonunda rejissor qəflətən çəkiliş qrupunu göstərir, tamaşaçının çoxlu suallarını cavabsız qoyur. Qəribə də olsa, tamaşaçı üçün filmin hipnozu belə finaldan sonra da qüvvəsini itirmir.

Sufi şair Allaha qovuşub, ilahi sözü söyləmək iddiasında olduğu kimi, sufi rejissor da kameranın nəzərini Tanrının nəzərinə çevirmək arzusundadır. Kirostami «Albalı dadı» filminin finalında, demək olar ki, bu məqsədinə çatır. Yəqin oxucuya aydındır ki, kameranın nəzəri ilə Tanrının nəzərini eyniləşdirən epizodu sözlə təsvir etmək mümkünsüzdür.

Niyə məhz İran, niyə iranlı rejissor? İran kinosunun intibahını siyasi rejimdə olan yumşalmalarla bağlayanlara tez-tez rast gəlmək olur. Lakin İran fəlsəfəsində, din, mədəniyyət tarixində islam mistisizmi, sufilik ənənələrini nəzərə almamaq olmaz. İran kinosunun divləri dünya kino mütəxəssislərini rejissura texnikası və dramaturji ustalıqla yox, müəllif-rejissorun fərdi ruhi keyfiyyəti ilə fəth edir. Abbas Kirostami özünüdərk və Allahı dərk yolunun möhtəşəm cəngavəridir.

A.Tarkovskidən sonra Avropa kinosunda, rejissorun statusu yenə də ofisiant səviyyəsinə düşdü. Tamaşaçı sifariş verir, «ofisiant-rejissor» sifarişi yerinə yetirir. A.Kirostami rejissorun statusunu Tanrı ilə dialoqda olan şəxs səviyyəsinə ucaltdı.

Bakının köhnə məhəllələrinin ağsaqqallarının nitqində qəribə bir şakər var. Onu riqqətə gətirən insanı tərifləyəndə, sevgi sözləri əvəzinə söyüş işlədir. «Əclafın balası yaxşı oxudu», «Köpək uşağının əli qızıldı». Bu qəribə maneranı natamamlıq kompleksi ilə izah etmək olar. Bir tərəfdən kompleksini boğmaq, o biri tərəfdən də həqiqəti söyləmək üçün belə çarə tapıblar…. «Albalı dadı» filminə baxıram. Rejissorun ustadlığına heyran qalıram. İçimdəki komplekslərimi var gücümlə boğub, bağırıram: Lənətə gələsən səni Abbas Kirostami!!!

Əli İsa Cabbarov

23.08.2005

# 834 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #