Ukraynada itən qızı necə tapmalı?

Ukraynada itən qızı necə tapmalı?
18 iyun 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Əlisəttar Atakişiyevin 1961-ci ildə ekranlaşdırdığı “Bizim küçə” filmini təqdim edir.

Süjet: Müharibə vaxtı Ukraynada 12 yaşlı Sara Gözəlova (Rima Məmmədova) itkin düşür. Bakıda yaşayan anası Bəyim (Ətayə Əliyeva) isə Müharibə bitəndən sonra da qızının sağ olduğuna inanır. Günlərin birində televiziyada göstərilən sənədli xronikada qızını görür. Qonşular anaya Saranı tapmaq üçün yardım eləməyə çalışır və onun izlərini Almaniyada axtarmağa başlayırlar.

Sonra hadisələr Bakıdan Saranın yaşadığı Almaniyaya keçir. Burda Saranın düşdüyü çətin vəziyyətlər, üzləşdiyi problemlər göstərilir. Nəhayət, təsadüf nəticəsində Sara Bakıya qayıda, doğmalarına qovuşa bilir.

Film süjet və quruluş etibarilə çoxqatlıdır. İlk kadrlarda Bakının geniş, səliqəli, işıqlı, mərkəzi küçələrindən birində yeni tikilmiş çoxmərtəbəli bina təsvir olunur. Kamera vuayerist baxışla binaya yeni köçmüş qonşuların mənzillərini pəncərədən müşahidə edir. Həm görüntü, həm də kadrarxası mətnlə ailələr haqda informasiya verilir.

İlk kadrlar bir növ idilliya təsiri bağışlayır. Kamera sonra barış içində göstərilən həyatdan qopub - müharibədə itirdiyi qızının yolunu gözləyən Bəyimin kədərli yaşantılarına, daha sonra Saranın ağır taleyinə fokuslananda bu idilliya dağılır.

Müəllif ideal sovet vətəndaşları obrazını yaratmır. Məsələn, həkim Bəhram (Ağadadaş Qurbanov) eqoistdir, praqmatikdir, Bəyimin itkisi onun vecinə deyil, baxmayaraq ki, o da müharibədə atasını itirib, hər şeydən əvvəl öz rifahını düşür. Arvadı Aşxen (Sona Aslanova) isə əksinə, humanistdir, ərinə qarşı gedir.

Əhvalatda iki dəfə “film içində film” texnikasından istifadə olunub. Qonşu Aşxen televizorda müharibə haqda sənədli xronika izləyir və həmin xronikada bombardman zamanı Saranın necə əsir düşdüyü təsvir olunur.

Başqa səhnədə isə personajlardan biri Sara haqda məlumatı ilk dəfə “Uzaq sahillərdə” filmindən aldığını deyir.

Və “Uzaq sahillərdə” filmindən kadrlar göstərilir: Mixaylo (Nodar Şaşıqoğlu) təsadüfən Sara ilə Almaniyada restoranlardan birində tanış olur, onun Bakıdan olduğunu biləndə xilas edir və etibar elədiyi adamın evinə aparır. Amma almanlar Saranı başqa uşaqlarla birgə yenidən əsir götürürlər.

Xatırladım ki, 1958-ci ildə çəkilən “Uzaq sahillərdə” ekran əsərində belə bir səhnə yoxdur. Amma hər iki filmin ssenarisini İmran Qasımov yazıb.

Əhvalatın qalan hissəsi Saranın Almaniyadakı həyatından bəhs edir. Saranın həyatı “road movie” janrındakı filmlərinin qəhrəmanları kimi yolda, qaçaraq keçir.

Saranın gəmidə işləməsi, ağır şərtlərdə yaşayan afrikalılara kömək eləməsi, alman fəhlələrinin az maaş müqabilində çətin şəraitdə çalışması epizodları daha çox kəskin sosial kino üslubunda həll olunub.

Ə.Atakişiyev filmlərində müxtəlif zamanları ustalıqla iç-içə keçirə bilən, dramaturji bütövlük yarada bilən rejissor idi. Onun milli kinomuzda dəyərə çevrilən nağıl filmləri “Bir qalanın sirri”, “Sehirli xalat”, həmçinin “Bizim küçə” filmi bunu təsdiq edir.

Filmin çəkilişləri Bakıdan başqa, Batumidə, Suxumidə, Yaltada, Soçidə aparılıb. Operatoru Rasim Ocaqovdur.

Baş rolu, Saranı ifa edən Rima Məmmədova balerina olub, uzun müddət Xoreoqrafiya məktəbinin direktoru işləyib. Bundan sonra “Boyük dayaq”, “Telefonçu qız” filmlərinə dəvət alsa da, imtina edib. “Bizim küçə” filmindən sonra yalnız Nazim Abbasovun “Daha iki nəfər” ekran işində çəkilməyə razılıq verib.

Bəyim rolunun ifaçısı Ətayə Əliyeva "Onu bağışlamaq olarmı?", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s. filmlərdə oynayıb. Rejissor Ramiz Həsənoğlunun anasıdır.

Aşxen rolunun ifaçısı Sona Aslanova opera müğənnisi olub. “Anlamaq istəyirəm”, “Görüş”, “Gün keçdi” v s. filmlərində çəkilib.

1990-cı illərdən etibarən Amerikada yaşayıb və 2011-ci ildə orda vəfat edib.

# 2239 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
#
#
# # #