“Qayıq” - Ən yaxşı hekayə

“Qayıq” - Ən yaxşı hekayə
10 iyun 2016
# 17:04

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında Əli Həsənlinin “Qayıq” hekayəsini təqdim edirik.

Qayığı yerində tapmayanda elə bil onu iflic vurdu. Əlini qurumuş sol döşünün üstünə qoyub, ağır-ağır vaxtilə gölə balıq tökmək üçün traktorun qazıyıb qırağa diklədiyi torpaq qalağının üstünə çökdü. Qaranlıq gətirmiş, qara, qıyma gözləri qayığın bağlandığı paslı, üçkünc dəmir dirəyə, dirəyin halqasından sallanan, eşilmiş boyunduruq ipinə oxşar, buruq, yağlı kiri gümüş kimi parıldayan kəndir qırağına dikildi. Kəndir düz kürümək yerindən qırılmış, ya küt bıçaqla xaincəsinə kəsilmişdi. (Bunu kəndirin ucunun didilib çeynənməsi, saplarının çıxması göstərirdi). İlk beyninə gələn fikirdən bütün bədəni titrədi: bu damı qəsddi, ona qurulan növbəti qurğulardan biri idi. Qayığı gecəylə açıb aparıblarmı, ya ağır daş-zad bağlayıb batırıblar. İndi başına haranın külünü töksün, müdirə, qayığın yiyəsinə nə cavab versin,(qayığı qonşu müəssisədən bir-iki aylığa almışdılar) belə qayıq indi bilirsən neçəyə olur. Onun kimilərin heç 10-nun 100-də gecə-gündüz qan-tər töküb qazandığı o qayığın xərcinin onda birini, yüzdə birini ödəyə bilməz. Özü də qiymətlərin belə ceyran belinə mindiyi vaxtda. Bu işdə yəqin ki, birinci onun özündən şübhələnəcəkdilər. Oğruluğundan, əliəyriliyindən yox, fərsizliyindən, səhlənkarlığından, əlsiz-ayaqsızlığından, gecə-gündüz süst yuxulu, səhlənkar hərəkətindən, daldada-aşkarda əlini ayağını yeyəcəkdilər. Allahın almışlığına bax, o boyda qayığı gözünün qabağında aparanda xəbəri olmursa, bu adamın, sabah bu boyda idarəni dib-dəhnədən sürüyüb getsələr də div yuxusundan ayılmayacaq. Bu hünərləmi o yekə-yekə yaylaqdan gətiriləsi sürüyə göz olmaq istəyir? Yoxsa, bu da təzə briqadirlə cici-bacı olan o bic, vələduzna, qoca tülkünün - çobanın tələsidir. Onun haradasa müdirlə yaxınlığı, müdirin yaxın tanışının qardaşı olduğu, guya bura da onların üzərində nəzarətçi, casus kimi qoyulduğu axı ən çox həmin adamları açmır, əl-ayaqlarını bağlayır, hansı yolla olursa-olsun onu beləcə ləkələmək, müdirin yanında gözdən salmaq, əfəl, bacarıqsız, kütbeyin bir adam kimi nəzərə çapdırmaq, bezdirib pisikdirmək, buradan genitmək istəyirlər. Keçən ay o boyda toyuq-cücənin kökünə daş atdılar. Ona dərs olmadımı? Yəni tülkünün, çaqqalın gözünü o qədər qan örtüb ki, günün günorta çağı iki canavar boyda sərvaxt iti saymayıb pəyənin böyründəcə 150 cücəni bir günün içindəcə boğub aparsın? Bunun ardınca da qayığın içinə iri bir çəki balığı atmışdılar. Yəni bunun işi-gücü burada ancaq özü üçün balıq tutmaqdı, indi satırmı, bağışlayırmı, evinəmi aparır, öz işidir. Məsələ bunda deyil, məsələ ondadır ki, “mənimki birinə tamah salanda başqası kökünə süpürgə çəkəcək” nəzəriyyəsi ilə yaşayan, qaba, simic müdirin nəinki böyük-kiçiyə, doğma dostuna-qardaşına da qadağa kəsdiyi bir nizamı o pozur. Yaxşı, bizi saymır saymasın, biz balaca adamlarıq, əlimizdə iş vəzifə yoxdur, o boyda müdirinin onun qoyduğu qadağanın da əksinə gedəndə, müdirin əmriylə bir quş da buralarda səkəmmiyəndə, elə başından yekə qələt eləyəndə başqasının da ayağı yer almazmı, sabah müdir-filan qanmayıb əyri işə qurşanıb bu yerdə atar daş qoyarmı?

İndi də ki, qayıq məsələsi kar Ramizi işində bu gümanı təzədən min yerə getdi: - O gün öz diliylə eşitdirməmişdimi, o ki, yəni müdir, mənə buranı qadağan edir, öz əlimlə əkdiyim məhsula qızırqalanır, nədi-nədi buradan çıxmışam, babat maaş verəydi qalaydım. Gecə-gündüz öküz kimi işlə, qan-tər tök, vur-tut 2200 manat. 2200-ə iti də bağlasan durmaz burada, allahın şalvarı yüz əlli iki yüz minədi indi. Bax, o binaları mən tikib qaraltmışam, üstünü mən örtmüşəm, o suyu gedib haradan açıb gətirmişəm. İndi mənə bura gəlmək qadağandı eləmi, eybi yox, nolar çox gözəl, məndə bir gün nöyüt töküb o daşa-divara od vuraram, burada elə bil ziyanlıq törədərəm, qiyamətəcən dadı damağından getməz. İndi həmin ziyanlıq o qayıqlamı başlayırdı. Bəs, o nə günahın yiyəsidir, filankəs-filankəslə qanlı bıçaqdır, onun bəlasını o çəkməlidirmi, milis məhkəmə qarşısında o cavab verməlidirmi?

Bəs, bir iz-nişanə? Elə şey olsa dünənki yağışdan sonra mütləq burada bir iz, nişanə, ayaq ləpiri də olsa qalmalıdırmı? Gələn göylə uçub bura qonmayıb ha. Bəlkə nahaq yerə onun, bunun babalını yuyur. Oturduğu torpaq qalağında, düzdə-dərədə şuxluğunu itirmiş dalğın, nigaran qalmışlıqda, zorla otların arasına pərçim olunmuş, gölün qırağına, daşa-kəltənə, yulğun kollarına qısnanmış quru, topa-topa kol-kosda izi-əlaməti yaşayan gecəki dəhşətli, yeri-göyü titrədən küləyi (bu izin nişanənin qabağında yad bir izin, bu cür oğru-əyri nişanəsinin yoxluğu daha qabarıq bilinir, yalnız küləyin mənəm-mənəm deyən hökmü, amiranəliyi duyulurdu) xatırlayanda azacıq toxdadı. Elə bil gecəki külək bu günə də keçib içindəki şər-şüphəni silib apardı, hansı bir sirrinsə çözələnib açılmasında ona kömək etdi: daha doğrusu özünə xəyanət edən izi - əlamətiylə kələfin ucunu açdı. Bəli, bu ancaq o canilərdən də geri qalmayan, əlinə nə keçdi vurub dağıdan, uçurub məhv edən qənimət tək qamarlayıb aparan o quldurun, amansız küləyin işidi. O boyda vaqonu kibrit qutusu kimi atıb-tutanda, oynadanda, daşın-divarın altını üstünə çevirəndə əl boyda qayıq onun əlində nəmənədi, cıqqılı bir uşaq oyuncağı. Görünür ip də illər öz işini gördüyündən üzülüb canını tapşırmış, vaxtın siçan dişlərində aşınıb yeyilmiş, külək qayığı atıb-tutub ləngərlədikcə, sağa-sola çırpdıqca şahə qalxmış ləpələr quduzcasına üstünə şığıdıqca dözməyib kürüyüb yerindən zərbin mərkəzində qırılmış allah bilir. Qayıq keçən ilki qısnana-qısnana suçlu-suçlu çiynindən-döşündən itələnə-itələnə gedib yenə gölün o başına əlyetməz qamışlığa, çilliyə pərçim olmuşdur. Hələ qəlbində üyüşüb bərkiməmiş bu qənaətin ardınca beyninə gələn, yeni qara fikirlərdən təzədən hövsələsi bir tikə oldu. Dik ayağa qalxıb yem vannasında çırpınıb əsəblərini yerindən oynadan qara ördəyi fırıltıyla suya atdı. O, bir də yanı balalı ağ ördək hər Əliş balığa yem verəndə özlərini torpağa sıçramış tullantıya verir, bu bəs etməyəndə ərincək, qarınqulu arvadlar kimi ağır-ağır yırğalana-yırğalana, yanlarını basa-basa vannanın içinə girib eşələnir, o qədər təpirdilər ki, qısınıb oradaca yatırdılar. Bir də axşamlar ördəklərin sayı əskik gələndə Əliş gəlib saymazyana orada cütləşib yazda orada da bala çıxaran o ədəbsiz ləçərləri vannadan bayıra fırıldadırdı, tülküyə - çaqqala yem olmasın deyə. Ayağına iri olan kirz çəkmələrinin torpağını çırpıb (yayın cırhacırında bu ağır, namünasib ayaqqabıları ilan-çayana görə geymişdi) gölün yaxasıyla ağır-ağır üzüyuxarı addımladı. Göl dörd həndəvərdən sıx qamışlıqdı. Vaxtıyla Şirvan dəmir yolu tikilərkən torpaq daşımaq üçün qazılan nəhəng çala su tutar yerdə olduğundan hər yanda axan yağış suyundan, əkin yerlərindən süzülüb gələn qaçaq sulardan (Samur-Dəvəçi kanalı bu yerləri tuturdu) getdikcə dolmuş, sıx qamışla, çillə örtülmüş, hazırkı gölə dönüb, içərisi balıqların, üstü qamışların arası vəhşi qurd-quşun, qaşqaldaq, xırda, bəzəkli, yırtıcı uçağanların, yay-payız çağlarında köçəri quşların, qu quşlarının, qış bərk gələndə həndəvəri Xızı dağlarından, çılpaq qobulardan enmiş kəkliklərin, dağ heyvanlarının məskəninə çevrilmişdi.

Yuxarı baş uçqunlardan, dərin vahiməli, yarğanlardan yaranmış arx boyu gövdələri kömür kimi qaralmış yulğun kolları, sıx qarğılıq (görünür, hər payıza dönmüş çoban-çoluq uşaqları uzaq yataqlarından qopub gələn, çölün düzündə gecələyən çobanların özləri aran düzünün quru sərt sazağından kəsilməmək üçün od vurmuşdular) uzanır, getdikcə suyun quru sərt havası vuran nəmiş köbər qırağı tər yoncalıqla haşiyələnmiş xovlu alçaqboy cilliyə keçir, yorğan dərinləşdikcə təzədən yulğun qarışıq qarğılıq başlayırdı. Külək əsdi əsmədi, İskəndərin buynuzunu aləmə faş edirmiş kimi daim qarğıları fışıltılı fit çalan sərt yabanı yerdə (deyilənə görə, burada səhra iqliminə uyğun olmayan qunduza, vəhşi çölpişiyinə, vaşağa da rast gəlinirdi), quruyub yapıxmış qamışların, qarğıların köksündə yaz gəldimi yeni-yeni sıx, cavan pöhrələr köməcləyib qulac-qulac xəncər topası kimi biz-biz qalxır, tünd yaşıla çalan qamışların arasında təkəmseyrək çəyən-çəyən kolları da bol verib gölün ətrafını basır, buranı keçilməz səddə, sıx cəngəlliyə döndərirdi. Gölün qırağı boyu ilkin yazda Əlişgilin orda-burda torpağa sancdıqları söyüd budaqları da düyməcələyib bu ümumi yarışa qoşulur, bir naxış, ilmə kimi ümumi, kasıb mənzərəyə toxunur, təbiətin cızdığı odlu səhra rəsmi! Elə bil son butalarıyla bitib tamamlanırdı.

Çatı kimi yoğun, qorxunc ilanlar çox vaxt göldən tutduqları həşəratları, xırdaca balıqları başlarını sudan yuxarıda tuta-tuta ağızlarında gətirib qamışlıqda yeyir, yay aylarında göydən od töküləndə bu qamışların üstündə yayxanıb özlərini günə verir, tənbəl-tənbəl yatışır adam-filan saymırdılar.

Gölün alt yanından dəmir yolu xətti keçir, üst yandan xınaya çalan qatlı-qırışlı qobularla əhatələnmiş əkin yerlərinin arasından isə torpaq yolu düşmüşdü, həmin torpaq yol səmtdən gölün lap başlanğıcından bir tirə uzanıb gölü qurtarhaqurtarda sıyrılmış əyri qılınc kimi kəsib keçərək onu ikiyə - ana, bala gölə bölür, sıx qamışla örtülüb yaşıl səbət qulpunu xatırladırdı. Tirə vaxtilə ilan-çayanlı, əqrəbli Abşeron səhrasıyla qızmar kürələri xatırladan çılpaq sirli qobuların arasında məskən salmış hərbi hissənin tikdiyi, indi gölün içində xarabalıqları ağaran beton sığınacaqda qurtarır, daha doğrusu suyun altında qalıb itir, bitirdiyi adama boy verməyən qamışlıq ondan nişanə kimi nazik xətt boyunca gölün axırınacan gedib çıxan bir göl tamamlayırdı. (Görünür, həmin yerlər də vaxtilə quru olmuş, göl dolduqca, ətrafını basdıqca altda qalıb özündən nişanə kimi sıx qamışlıq bitirmişdi). Vaxtilə həvaskar balıqçıların balıq atıb artırdıqları göl, onun ətrafı kolxozun balansında olduğundan kooperativ pul keçirib göllə birlikdə həmin sahəni almış, dörd yanına “balıq tutmaq qadağandır” lövhəsi asıb özü balıq yetişdirməyə, tədarükə başlamışdı. Qayıq həmin kooperativin qayığı, Əliş həmin kooperativin işçisiydi. Çəkinə-çəkinə içindəki fikirlərdən ehtiyatlanırmış kimi baxışlarını ürkəkcəsinə gölün o tayında, həmin tirə uzunu gəzdirəndə həddindən artıq tünd yaşıl olduğundan, xırdaca mehdən dalğalandığındanmı, ya suyun ahəgindənmi göyümtülə çalan sıx-sıx qamışlığın arasına pərçim olunmuş qayığın qamışından güclə seçilən göy burnunu deyəsən gözləri aldı. Ancaq buna inanmadı. Bunu xırdaca mehdənmi, gölün nəfəsindənmi zərrə-zərrə bərq vuran günəşin şəfəqiylə, dalğalanan qamışın oyunu, yaratdığı fon, illuziya sandı. Parlaq gün işığına qərq olmuş qamışın fonunda onun gömgöy kölgəsi kimi qaralan, elə bil baxışı özündən yayındırmaq üçün şəkildən-şəklə, rəngdən-rəngə düşən qayıq handan-hana ibtidai insanlar kimi qamışla gizlətdiyi, bakirə görkəmiylə ona doğma, təsadüfən rast gəldiyi, bəlkə ölmüş bildiyi dost üzü kimi qərib, mehriban göründü. Bu xoş təsadüfdən azacıq toxdadısa bu da çox çəkmədi. Ağır, birdən-birə bədənini üzən qayığının, qara bir qaramatın qabağında solğun, cansıxıcı göründü. Paz kimi küləyin gürz zərbiylə qamışlığa pərçim olunmuş qayığı oradan çıxarmaq düyünlü-qabarlı palıd kötüyünün içində itmiş pazı ondan çıxarmaqdan çətin idi. Saqqız kimi adama yapışdı qopmayan, kirəcləşən, palçıq, lehmə, maqnit sayağı sehriylə səni gendən özünə çəkən sarı, bozumtul, kinindən-hiddədindən damar-damar çatlamış qorxunc bataqlığın; ən mahir üzgüçü olsan da səni əjdaha kimi udası, qamış tikanları biz-biz durmuş bu bədheybət timsahın ağzından qurtarmaqdansa bir az da dərinə quylanacaqsan, udulacaqsan, ayağınla mismarla torpağa çalınmış kimi ha yerindən tərpənəsən bütün yer kürəsini çiynində qaldırırmış kimi ağır əzablı, zərbdən, ağrıdan bükülüb həmin kürəylə birgə dibsiz, qaranlıq uçuruma yuvarlanacaqsan. Uçqunun ayağından sola burulub, quzulayıb ağnanmış dəcəl, yüyürək yarğanlı arxdan keçib gölün yuxarı başına, qamışın-qarğının bir-birinin səbəbinə boy atıb qarışmış, elə bil gölü qorumaq üçün çiyin-çiyinə süngü-süngüyə dirənmiş, gölün içinə ətrafına millənmiş, sanılmış səmtinə gəldi. Bu qısır, bərəkətsiz səhralıqda gölün ən mənzərəli yeri buradır. Xırdaca bənövşəyi çiçəyinin adamı məst edən tünd ətri ətrafa yayılan yulğun kolları da burada sıxlaşır, uzun boyları, yoğun gövdələriylə şumallaşıb cavan meşələri xatırladırdı. Əkin suları, yağış cığırları ən çox bu səmti tutduğundan daim nəmişliyini saxlayan sıcaq, həlim torpaqdan yazın erkən çağlarındakı kimi Əlişin ən çox xoşladığı quzu qulaq çöl yoncası pöhrələyib qalxmış, gölün qənşərini görümlü-baxımlı etmişdi. Küləkdən qorunmaq üçün dörd dövrə qom-qom yulğun şaxlarıyla çəpərlənmiş qıvraq, yaraşıqlı çiyələklər bir şax çıxarıb qol-budağını arıtlaya-arıtlaya təvəkkülünə, qayığın pərçim olduğu yeri mırtdaya-mırtdaya tirəyə sarı üz qoyanda gün artıq günorta yerinə diklənmiş odlu kirpi kimi qızılı oxlarını sinəsinə tuşladığı hazır ovunun başı üstündə dayanmışdı. Əbədi sakini insandan çox adam yıxan küləklər olan sarı-bozartdaq, qısır düzəndə bu gün bir dənə kol tərpənmir, torpaqdan, yovşan, hacıqavaq, qarağan, qılpın, qılpın çəyən (qabaq ondan eşmə eşir, dərz bağlayırdılar) dəvə tikanı, kollarının dibində qaralan oyuqlardan, qarğanlı dərədən təndir tininə oxşayan bürkü, ilğım qalxıb nəfəsi təngidir, göz işlədikcə yanıq çöllər vuran ilıq hənir qor ot-alafı göz-görəsi qovururdu. Təkcə kinə rəngli, zəqqum qanlı-pıtraqlı otlara bu qızğın, bəhərsiz torpaq elə bil can verir, faraş zəhərli, pərmuda zoğlarıyla ətrafı basıb, diri canlı görkəmiylə yayın içində elə bil yaz ab-havasıyla xoşallanıb yaşayır, yaz dirilik, coşqunluq çağını keçirirdi.

Tirəni örtən qamışlıq uzaqdan göründüyündən də sıx, keçilməzdi. Alt yandan münbit çürüntülü torpaqdan göməcliyib qalxmış alaq otları, yulğun kolları tirəni gölün içinə girhagirdə vəhşi fızıllığa döndərmiş, qurd-quş, ilan-çayan sığınacağına çevirmişdi. Yağış sellərinin, əkindən qaçaq düşmüş yetik suların ətrafında yaratdığı uçqunlar, ağız açıb elə bil səssizcə ulayan, hayqıran, səsi adamın qulağını batıran dərin yarğanlar, oyuqlar, əjdaha ağızlı kalafalar, kahalar, su dəyən kimi cuhuq xəmirə dönüb, sıyılıb axan, burulan, yığılan bozartdaq saqqız kimi yapışqanlı gilin heykəltaraş təki özü özündən qurub yaratdığı cürbəcür əcaib-qəraib fiqurlar, gil abidələr elə bil gilin özünə qoyduğu gil heykəllər, torpağı oyulub ağzına diklənmiş tülkü, çaqqal ilan, hansısa əcaib heyvan yuvaları bu kimsəsiz, ilan-çayan mələyən səhranın fonunda qorxunc, tükürpədici bir vahimə yaradır, arabir haradansa qulaq çalan, ya beynin özü yaratdığı sehrli fışıltı, qurultu, ulartı, kol donlu qarğıların fitə oxşar, cingiltili, cır sözləri ona bir azda xof, cadugərlik qatırdı.

Hər dəfə ayağının altından nə isə şappıltıyla atılıb gölə baş vurmasından ürəyi düşür, əliylə-ayağıyla fızıllığı yarıb aralayanda qorxunc, təhlükəli nəinsə bu dəqiqə üstünə sıçrayacağından bütün bədəni ürpəşir, gup-gup guppuldayırdı.

Tirənin ayağından nə məqsədləsə qurşaq kimi bir-birinə calanmış nazik taxta mil uzanıb, köhnə hərbi hissənin daşı-sementi qaralan sirli xarabalığına sarı yenəlir, məftil yay başlıqlarıyla bitib-görsənib tirənin tükənib suyun altında qaldığı yerdə o da yoxa çıxır, yenidən orda-burda boy verib yaşıl talada qaralırdı.

Fızıllıq içəriyə doğru sıxlaşıb çəpərləndikcə, zəhərli otların, tikanlı ağacların acı, bürkülü qoxusundan beyin çatlayır, sıx, adama boy verməyən qamışlığın arasından bir əlçim göy parçasının belə görünməməsi dünyadan təcrid olunmuş dərin gor quyunun dibindəymiş kimi qulağındakı uğultunu, qəlbindəki xofu artırırdı. Yıxıla-dura qan-tər içində tirə boyu irəlilədikcə qəfil gözləri önündə şarıldayan qurğuşun ərintisinə oxşar qara işartıdan keyləşmiş ağlıyla başa düşdü ki, tirə burda qurtarır, qəfil çöküb suyun altında qalır.

Əsl fəciə də bundan sonra başlayırdı. Üstəlik qamış həddindən artıq sıxlaşdığından qayığın hansı səmtdə olduğunu ayırd etmək müşkül bir məsələyə, boş, mənasız cəhdə çevrilirdi. Fızıllığı yarıb geriyə gölün başındakı acılığa çıxanda qara-qorxu hələ canından çəkilməsə də rahat, ürəkdolusu nəfəs aldı. Tikanın, qamışın, yulğun kollarının əyri-üyrü yöndəmsiz budaqlarının cırıb qanatdığı qollarının, alışıb-yanan sifətinin, boyun-boğazının göynərtisini unudub ürəkləndi. Gözətçinin kürəkəninin günlü-günəşli əkin sahəsində kirmişcə əlləşdiyini görüb uzaqdan-uzağa öz həmcinsi insanın varlığını sezib duymaq ona toxtaqlıq gətirdi. Bu dəfə bu yerlərdən o qədər də seçilməyən uzaq Şirvan elində Küdrü qabularının arasıyla başından lopa-lopa qar tökə-tökə Göyçay aşırımı sallananda eynilə bu hissi keçirmiş, yayda ilan-çayan, qışda qaban - yalquzaq məskəni olan dar, qıvrılıb-açılan vadi boyu sıx, nar, qaratikan, qarağat, böyürtkən kolları uzanıb bozartdaq təpələrinin ətəyinəcən qalxdığı o yerdə-qar örtüb gediş-gəliş kəsilmiş, görünməyən acı qobuların kəsalətində qulağı şəkli uzaqdan əli tüfəngli bir ovçunu görər-görməz elə sevinmiş, güc-təpər gəlmişdi elə bil o tüfəng ovçunu deyil onun əlindədi, ya əlindəki qaratikan kolu möcüzəyləsə birdənbirə o tüfəngdən də güclü təhlükəli silaha, yarağa, əsl xilaskarına quduzlaşmış yalquzaqdan, oraq diş qabandan qorunmaq üçün dönmüşdü.

Bu dəfə birinci dəfə getdiyi yerə qədər ürəkli getdi. Artıq kol-kosu tapdayıb, özünə yol açmış əsas maneələrdən nisbətən azad olmuşdu. Yolun ortasında qəfil özündən asılı olmadan bəlkə də yer üzündə heç bir canlıya xas olmayan qeyri-adi qorxunc, vahiməli bir səs çıxardı. Səsin açılmayan mərmi kimi uzağa getmədən ayağının ucundaca düşüb boğuq partlaması, canlı kimi göz görəsi çabalaması, sonra da sanki ayrı bir aləmdən, tamam yad, ayrı bir avazla əks səda verməsi ona qəribə gəldiyi qədər də, gözətçini çox şeydən agah etdi. Əliş deməli zənnində yanılmışdı. Ona elə gəlirdi, qayıq hardasa, bu aralıqda, hərbi hissənin uçub dağılmış beton sığınacağıyla tirənin qəfil şiş kimi dikəlib baş qaldırdığı, gölün tulu etdiyi yerdədir. Bura o yer idi, artıq tirə qurtarır, daha doğrusu çöküb suyun altında qalırdı. Bunu qamışın rənginin getdikcə tündləşməsi, seyrəlib, səfinin daralıb nazik xətt boyunca düzülməsi, sonradan Əlişin də görəcəyi kimi yulğun kollarının astaca mehdən boğulmuş adam təki qol budağıyla ağır-ağır ləngərli yırğalanması, suyun aşağısına doğru birdən-birə quldursayağı əkilib yoxa çıxması sanki ruha dönüb baxışlardan oğurlanması göstərirdi. Bir az irəliləmiş kimi yulğun kolunun birinin budağından asılıb, ayağını suya, qamışın dibinə sallayanda su dizinə çıxıb uzunboğaz çəkməsinin içinə doldu. Su qalxıb sinəsi bərabəri çatanda ayağını qaldırıb iki əliylə bir-birinin üstünə qatladığı qamışın üstünə qoydu, görsün qamış onu götürürmü anidə olsa ağırlığına dözürmü. Xoşbəxtlikdən qamış burada o qədər sıxdı, özü də ilbəil quruyub qat-qat üst-üstə dikəldiyindən, qalınlaşdığından toxunma həsir kimi qalın çarpaz xətlərlə bir-birinə keçdiyindən, hörüldüyündən ələ davamlıydı elə bil həsir döşəmiş döşəmə üstə yeriyirdi. Beləcə iki əliylə baş-başa qatladığı qamışın üstüylə akrobat sayağı asanca yeriyir, qarşı qamışı qatlayıb yenə addımını atır, sanki arxasınca uzanan yaşıl kanat yolu qoyurdu. Təəssüf ki, suyun göl boyu daima hərəkətindən, əbədi də səthə uyğun dalğavari oyulub, enib-qalxdığından dərinləşib, dayazlaşdığından qamış bir həddə getmir, sıxlaşıb qalınlaşır, seyrəlib cılızlaşır, üstündə çox dayanmaq, ağırlığın tam salmaq təhlükəli olur, ayağını daha cəld atmaq lazım gəlirdi. Çaşdınmı, ayağını bir az ləngitdinmi qamış batar, gurumbultuyla suyun dibinə gedərdin nağıllardakı kimi, bədəninə saysız xəncərlər sancılmış əjdaha, tikanlı timsaha oxşayan göl səni bir saniyədəcə elə həzmi-iradədə keçirərdi elə bil yerli-dibli bu dünyada olmayıbsanmış. Cavan, qollu-budaqlı yulğun koluna çatanda sevindi. Qamış əyilib gumbultuyla suyun dibinə gedəndə atılıb iki əlli kolun budağından yapışıb ayağını haçadan aşağı sallandı. Üz-gözündən, qulağının dibində bıldır-bıldır tər-su axır, yulğun kolundan da cılız bədəni üç ay uçum uçunur ağzına-burnuna su dolduğundan tez-tez çəçəyərdi şişib hədəqəsindən çıxan gözləri təlaşla o üzə-bu üzə döyükürdü. Bu uçunmanın, titrəmənin bir səbəbi də o idi, düzdü, durduğu yer etibarlıdı, burada dayanıb rahat nəfəsini dərə bilərdi. Amma qabaqda onu daha qorxunc, bəlkə qarşısı alınmaz təhlükə gözləyirdi. Üstəlik də buranın havası ağırdı. Bu hava onu sıxır, beyninin damarlarını iynələyir, başını gicəlləndirirdi. Eşitsə də hər bitkini öz xisləti, nəfəsi var, bunun ilk dəfə bütün varlığıyla burada duyurdu. Qamışın da, yulğunun da nəfəsi lap burnunun ucundaydı, onun üzünə-gözünə dəydiyini hiss edir, elə bil ağ övkəsi ağzına gəlirdi. Qamış həddindən artıq sıx olduğundan neçə qat bir-birinə dolaşıb sarmaşdığından bura ayrı hava dola bilmir ona müdaxilə edib onu istədiyi şəklə sala bilmir.

Bu yerin havası ağır olduğu qədər də təsiredici, öldürücüydü. Qamış kök atdığı, yurd saldığı məskənə başqa canlının şərik çıxmaması, onunla nəfəs-nəfəsə yaşamaması üçün dəridən-qabıqdan çıxır, boğucu, öldürücü havasıyla tədricən həmin canlının axrına çıxır, məhv edib çürüntüyə, öz kökü üçün gərəkli qidaya, gübrəyə çevrilir, qamış adamın canlını yeyir, sıxlaşıb bir-birinə dayaq olmaqla, şumallaşıb, özü-özünə keçilməz səddə, düşmənlərin hələm-hələm girə bilmədiyi etibarlı səngərə, ətrafından təcrid olunmuş, ətrafına tabə olmayan, öz qanunu, ab-havası, təbii xüsusiyətləriylə yaşayan kiçicik sərbəst qapalı dünyaya, aləmə çevrilirdi.

Yulğun kolundan bir budaq qırıb havada yellədəndə, o taydan səs gəldi. Səs buradakı qorxudan, vahimədən uzaq, sakit, arxayın o cılız pəhrənin nəcə əcəbi-əcəbi, ürkə-ürkə yelləndiyini görüb duymayan kal adamın səsiydi, görünür, gün artıq qobuların arxasına çəkildiyindən çoban sürünü ağır-ağır mədəyə sarı haylayırdı. Əlişə elə gəldi dünyanın ən kal, bədbəxt adamı hesab etdiyi çoban bu dəqiqə bəlkə də dünyanın ən xoşbəxt ediləsi nadir, bəxtəvər məxluqlarındandı. Ümidsiz-ümidsiz qanrılıb gəldiyi yola baxdı. Uzun ilan kimi qıvrılıb açılan zaqa vahiməli bu qapalı yolu doğrudanmı o açmışdı. Ayağını basıb keçdiyi qamışların şaxı sınıb qatlanmış, əzilmiş, bəziləri yuxarı qalxsa da, bəziləri kürz çəkmələri hələ də ağırlığını çiyinlərində hiss edirmiş kimi sınıb ölüşkəmiş qol-qanadıyla yatığıb suyun üzündə qalmış, qıraq qamışlar ortadakı boşluluğu, müqavimətsizliyi sövq-təbii duyub o yandan-bu yandan baş-başa verib o boşluğu doldurmağa naməhrəm baxışından gizlətməyə çalışdı. Yox bu yolu Əliş açmamışdı. Onu vəhşi bir məxluq, süngü dişli qabanmı burnuyla yarıb eşmiş, dişi-dırnaqlarıyla əzib tökmüş, özündən qorxunc vahiməli bir nişanə, iz, əlamət qoymuşdu, bu həndəvərdə yaşayanlar öz payını götürsünlər, bir də ürək eləyib buraları ayaq altı eləməsinlər maili qazılımış yuvaya, dağıma nağıllardakı divlərin, əjdahaların sehrli qaranlıq dünyasına oxşayan bu yeraltı yaşıl yolu keçib gəlmək nə qədər çətin, müşküldürsə bəlkə bir ömrün bahasına başa gəlirdisə, onu geri qayıtmaq on dəfə, yüz dəfə ondan müşkül, daha doğrusu mümkünsüzdü. Şaxı sınıb yapıxmış qamışlar indi nəinki Əlişi, körpə uşağı belə götürməyə qadir deyildi. İndi o sınıq qol-qanadı, yazıq görkəmiylə Əlişin onsuzda sınıq ümidini bir az da sındırır elə bil həyatın boşluğunun, mənasızlığının rəmzi kimi suya batıb çıxaraq bunu əyani, maddiləşmiş varlıq timsalında nümayişkaranə nəsə soxmağa çalışır, talanın hökmünə baş əyməyə çağırırdı. Suda boğulmağın ən çətin ölüm olduğunu bilsə də bir vaxt özünə belə bir ölüm arzuladığı indi bütün arzularının içində yalnız bunun çin çıxdığı ona o qədər ucuz, haqsız-ədalətsiz göründü, özünü bu ölümdə o qədər haqlı saydı, ölüm öz dəhşətini tükürpədici vahiməsini itirib arxadan kürəyinə sancılan bıçağına bənzədi. Onun kimi adi, xain, alçaldıcı. Əliş bu ölümdə qat-qat yüksəkmi durudu? Ya bu ölüm ürəyindən idi? Yaşamaqdan şirin, cəlbedici maraqlı olan bu ölümü yaşamaq bir də ələ düşməyəcək dünya nemətlərindən birindən həzz almaq kimi bir şeydi. Ya bu anda bu əziyyətdə ağlı-huşu keyləşdiyindən ölümün xofunu bütün dəhşəti vahiməsiylə lazımı dərk edə bilmir, onu adi hadisələrlə bir tərəzinin gözünə qoymaqla nə qədər böyük səhv etdiyini bu darmacalda özü də anlamır, ölüm arzusu çin çıxdığından hər cür mübarizənin, əlləşib vuruşmağın yersiz olduğunu görüb özü öz tamaşaçısına çevrildi. Ölümün kor-koranə ağuşuna atılırdı.

Qəti fikrə, nəticəyə gəlmək məqamına bu boş, mənasız xülyalar haradan onun beyninə gəlmişdi? Hər an onu ölümə bir az da yaxınlaşdırdığı, hər saniyənin əsl qəbirqazıyanına çevrilib ovunu sinirən ilan kimi onu bir az da həzmi-rabedən keçirməyə can atdığı bir məqamda bu arxayınlıq onu məhvə aparmırdımı? Tər üz gözündən, bədənindən sel kimi axır, ölüb qalan heyi də bu sel-suya canından çəkildikcə halsızlaşıb gözlərində qara nöqtələr oynaşır, şüuru kütləşib yerindəcə səndələyirdi. Arada iki dəfə üzüqoylu gölə yıxılmaqdan güclə özünü saxladı. Günəş hələ yandırsa da elə bil hər yan qatı qaranlığa boyanmışdı. Yer də, göy də, bütün dünya da əsl varlığını itirib bu varlığın quru, cansız, tuyqun qara kölgəsinə çevrilməkdəydi. Yoxsa ruh, ruhlar dünyası deyilən şey dünyanın, maddi varlığın maddilikdən çıxıb sirli, qorxunc, cansız, çəkisiz-ölçüsüz qara kölgəyə keçməsi, əvəzlənməsi deməkdir. İndi nə yer, nə göy, nə göl, nə o yoxdu, hə, yoxdu. Bunun əvəzində qara kölgələr şəklində ancaq ruhlar, ruhlar dünyası mövcuddu. Bəs, o nə vaxtdan ruhlar aləminə köçmüşdü?

Qəfil gölün üzünü damarlardan həzin meh qamışın arasından iliyinə işləyib elə bil onu ayıltdı. Beyni daha dəqiq, aydın, surətlə işləməyə başladı. Geri qayıtsınmı, yox, bu gözgörəsi öz əliylə özünü ölümün caynağına atmaq deməkdi. Geri qayıtmağın mümkünsüzlüyü, ya içindəki haqqın səsi, amiranə tələbi onu daim irəliyə məcbur edirdi. Geridə bütöv ölüm, irəlidə bu ölümü hardasa tarazlaşdıran ümid, inam, insanın xilaskarı qərib Əlişin təsadüfən rastlaşdığı məhrəm dost üzü kimi doğma, simsar qayıq vardı. Məsələ ondadır irəlidə qayıq vardı, ümid vardı vəssalam. Nə qədər çətin boğucu olsa da qamış orada seyrəlib onu götürməyə qadir olmasa da irəlidə ol məsafə, həyat məsafəsi, geridə olan məsafədən xeyli qısa idi. Uca bir dağın sərt, buzlu-qarlı, sıldırımlı zirvəsi kimi həyatın zirvəsinə çata-çat idi. Bu zirvədə ölməyin özü həyata yaxın olmaq demək idi, ölümsüzlüyə bərabərdi. İrəlidə qamışlar tapdanıb şaxını itirməmişdi. Bu qamışlar nə qədər seyrək olsa da, bəlkə onu götürməsə də hələ sınaqdan çıxmamışdı.

Yaşanmamışdı, gücü, sirri içində, gizlindəydi, özü özündəydi. İrəlidə ölümlə iynə ucu boyda ümid yanaşıydı və bu iynə ucu boyda ümid həmin ölümün üstünlüyü idi. Tələsmək lazımdı, hər şeyi sürət həll edirdi, iki əliylə qatlandığı qamışın üstündə bir an da olsa ləngimək ölüm, sürət irəliləyiş, həyata sıçrayış deməkdi. Bir də möcüzə irəlidə haqqın möcüzəsi də baş verə bilərdi. Haqdan üzülməyibsə bir qamış da onu gövdəli şaqqalı ağacdan etibarlı saxlaya bir əlçim külək nə onu tufan kimi götürüb qayığa atar, yenə rüsxətlə çəkilib yox olardı. Əliş belə bir möcüzənin baş verməsini istəmirdi, gözü irəlidə, irəlidəydi. Bu gözlərdə xof, təlaş, ümidsizlik, iynə ucu boyda ümid kələf kimi bir-birinə dolaşmışdı.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

S.Budaqlı "Firuzə qaşlı sırğa"

Ə.Haqverdiyev "Pir"

R.Məcid "10 sentyabr"

A.Məsud "Gecə"

Anar "Nisbət nəzəriyyəsi"

Ş.Ağayar "Möhüş"

A.Məsud "II İohan"

R.Tağı "Tüfəng səsi"

M.Cəfərli "Amerika"

Elçin "Baladadaşın toy hamamı"

M.Cəlil "İki alma"

Anar Yaxşı padşahın nağılı

Elçin "Baladadaşın ilk məhəbbəti"

Rafiq Tağı "Qatilə didaktika dərsləri"

Kamal Abdulla "Parisin seçimi"

M.Cəlil "Rus qızı"

Ş.Ağayar "Gülümsə"

K.Abdulla "Kölgə"

S.Budaqlı "Nisgil"

Ə.Həsənli "Qayıq"

# 1853 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #