Bir kişi Facebookda mənə belə yazsa...

Bir kişi Facebookda mənə belə yazsa...
8 iyun 2016
# 10:37

Vahid Qazinin “Çöl Qala” povesti Facebookda tanış olan Rəssam və Qadının yazışmalarından ibarətdir.

Əsərin lirik və bədii tərəfi məni maraqlandırmır. Daha doğrusu bədii tərəf ümumiyyətlə yoxdur.

Diqqətimi çəkən yazışmalardakı bol intellektual söhbətlərdir. Yorucudur, oxucu kimi mənə yeni informasiya verməyən söhbətlər.

Əgər Facebookda mənə bir kişi aramsız intellektual mətnlər yazsaydı, gecənin bir aləmi Motsartın “Rekviyem”indən, səhərin gözü açılmamış Moemin “Ay və qara şahı”sından danışsaydı, tərəddüd eləmədən onu bloka atardım. Allah eləməsin, belə ərim olsaydı, ya ayrılardım, ya da yeməyinə zəhər qatıb özümün də, bəşəriyyətin də canını ondan qurtarardım.

Çox vaxt piroq reseptindən, məişətdən, əhəmiyyətsiz şeylərdən, yaşıl çayın faydalarından danışmağı sevgili Andre Bazenin məqalələrindən, sobada makaron bişirməyi Bressonun filmlərindən üstün tuturam.

Fikir vermişəm, sosial şəbəkələrdəki statuslarda, şərhlərdə, intellektuallıq nəyisə izah etmək yox, bilik nümayişinə çevrilib. Məsələn, “Sən filan filmə hələ indi baxırsan, filan romanı hələ indi oxuyursan?” kimi. Bizim bəzi bədii əsər və filmlərdə (məsələn, Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” filmində) intellekt söhbətləri yapmacıq görünür, plakat xarakteri daşıyır. Çünki müəlliflər biliyini bədii məkan sərhədləri daxilində oturda bilmirlər. Mətnə intellekt spontan yox, süni şəkildə axır. İntellekt mətnin, vizual dilin içində ərimir, yaradıcı akta çevrilmir, həllini tapa bilmir.

Ərəb əsilli rejissor Abdelatif Keşişin Kannda əsas mükafatı almış “Adelin həyatı” filmində də eyni problem vardı. Qəhrəmanların Sartrdan söhbəti heç cürə nəql olunan əhvalatla doğmalaşmır. Personajların təbii söhbəti kimi yox, məhz rejissorun özünü qabartmaq iddiası kimi meydana çıxır.

İntellektual söhbətlər əlbəttə ki, lazımdır. Amma o, mənəvi, ruhi zərurətdən, daxili ehtiyacdan doğmalıdır. Yoxsa yeri gəldi-gəlmədi intellektual takılmaq, qarşısındakını da buna yükləmək natamamlıq kompleksidir.

Hər adamla intellektual söhbətə can atmıram, bu, mənim üçün maraqlı da deyil. Bunun üçün məni qane edəcək dostlarım, ünsiyyətdən zövq aldığım onlarla kitab, məqalə, film var.

Ümumiyyətlə, son illər bu qənaətdəyəm ki, həyatı mümkün qədər sadə, bəsit yaşamaq lazımdır.

...Ara-sıra baş çəkdiyim əyalət televiziyalarının birində on ildir ki, üç qadın işləyir. Onlar düz on ildir, hər gün işə gələn kimi bir otağa yığışır, çay içir, söhbətləşir, günorta yemək bişirib eyni süfrəni paylaşır, mətbəxin, tualetin təmizliyinə nəzarət edir, axşam beş olmamış evlərinə dağılışırlar. Qadınların həyat ritmi monotondur, taledən istəkləri minimaldır – gündəlik ehtiyaclarını ödəyəcək maaş, qohum-qardaşın xeyrinə-şərinə yaramaq və təqaüd yaşına çatıb ömürlərini sakitcə başa vurmaq.

Onların sakit, təmkinli, ifadəsiz üzlərinə baxanda anlayırsan ki, özlərini hansısa missiyanın daşıyıcısı hesab eləmirlər, iddiasızdılar, arzusuz ömür yaşayırlar. Onların sabit həyat ritmini Əzrayıl da gəlsə, Apokalipsis də zühur etsə qıra bilməz.

Bəzən bu qadınlara qibtə edirəm, onlar kimi olmağa can atıram.

Bəlkə həyat elə doğrudan da Vitgenşteynin dediyi kimi həyatın mənasına, dilemmalara baş vurmaqda yox, sağlam şüurda-bu cür sadə, günlük qayğılardadır.

# 1786 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #