Ətirli məktub – Alpay Azərin hekayəsi

Ətirli məktub – <span style="color:red;">Alpay Azərin hekayəsi
1 iyun 2016
# 12:52

Kulis.az Alpay Azərin “Ətirli məktub” hekayəsini təqdim edir.

Bir xatirənin sıxıntısı...

Dayım qızı Dilarə doqquzuncu sinfə keçəndə, artıq yaş öz sözünü deməyə başlamışdı. Gözəgəlimliydi, üstəlik, bir suyu Sibel Cana oxşayırdı. O vaxtlar doqquzda-onda oxuyan qızlar gözəllik salonlarında öz ustalarına saçlarını “Sibel Canınkı kimi” saç düzümü eləməyi xahiş eləyirdilər. Hərdən rəfiqələrinin, xalalarımın yanında nazla: “Xahiş edirəm, mənə bundan sonra Sibel xanım deyin,” – deyən dayım qızı sevib-sevilmək istəsə də, yerini-həddini bilirdi. Ciddiliyi, abır-həyası öz yerində, üstəlik, xalaoğlusu, bibioğlusu da çox idi, – bir balaca cızığından çıxsaydı, onu da yerində oturdardılar, onu sevən oğlanı da. Bilirdi ki, işdi-şayət, hansısa oğlanı sevsə və ən dəhşətlisi, anası telefonla danışdığı yerdə (qardaşı yox idi, özündən kiçik bir bacısı varıydı) onu tutsa, qolunu-qıçını çimdik-çimdik edib göyərdərdi.

Atası sevimli qızına əl qaldırmaq bir yana, heç güldən ağır söz deməzdi. Yəni dayımın qəfildən içəri girməsini görən Dilarə özünü itirib, telefonun dəstəyini tez yerinə qoysaydı, dayım özünü görməməzliyə vurardı, amma sonra təklikdə arvadına tapşırardı ki, fikir ver, gör son vaxtlar o, elə kimlə gizli-gizli danışır. “Oğlan olsa, qızı döyüb eləmə ha, ancaq sözlə başa sal. Eşidəm-biləm, əl qaldırmısan Delyaya, özündən küs”.

Dilarə və mən Bakıda doğulub böyümüşdük. Yayda çox vaxt dayımın maşınında rayona nənəmgilə dincəlməyə gedirdik. Rayonda o hadisələr baş verəndə mən onuncu, Dilarə isə doqquzuncu sinfə keçmişdi.

* * *

Xala, dayıuşaqları axşam çardaqda yığışıb göyəm, alma kompotu içə-içə, kart, domino oynayırdıq, ya da evdə kinoya baxırdıq. Mən hərdən günortalar yerli uşaqlarla futbol oynayırdım, axşamlarsa təzəcə tanış olduğum rayonun texniki-peşə məktəbində oxuyan, məndən üç-dörd yaş böyük olan Samirlə nənəmgilin evinin qabağındakı taxta oturacaqda oturub şirin-şirin söhbət edirdik.

Samir Brüs Linin filmlərinə məndən çox baxmışdı, deyəndə ki, rinqə çıxsalar, cəldliyi hesabına karateçi Brüs Li boksçu Məhəmməd Əlini udar, mübahisə eləmirdim. Fikirləşirdim ki, yaşca məndən böyükdür, üstəlik, məndən çox onun oynadığı filmlərə baxıb, – hər halda o, düzünü bilər. Samir həm də siqaret çəkirdi, – deməli, cəsarətli bir dost tapmışdım özümə: yəni mənlə müqayisədə cəsarətliydi, qorxmurdu ki, evdəkilər cibindəki “Kosmos” qutusunu görə bilərlər. (Mən isə evdəkilərin qorxusundan cibimdə heç gilə də gəzdirə bilmirdim, ondan-bundan alıb gizlincə çəkirdim).

Söhbət edəndə əlini ərklə, mehribanlıqla çiynimə qoyurdu, ­xoşuma gəlirdi onun bu ərkyanalığı: elə bilirdim ki, məni özünə əsl dost bildiyi üçün, xətrimi çox istədiyi üçün belə edir. Bir də mənə demişdi ki, rayonda bir köpəyoğlu sənə artıq-əskik söz desə, o adamın qulağın dartıb yerindən çıxararam. Düzü, rayonda mənə dayaq olacaq qohumlar var idi, elə həmin dayı, xalauşaqlarını nəzərdə tuturam. Sadəcə, yad, qohum olmayan birisinin mənə istiqanlı münasibət göstərməsindən ayrı cür ləzzət alırdım. Qonşu məhəllələrdə yaşıdım olan həlləm-qəlləm uşaqlar az deyildi. O məhəllələrdən keçəndə, üzümə zillənən baxışlardan hiss edirdim ki, məndə hansısa “səhv” tutub döyməyə bəhanə axtarırlar. Samirlə tanış olandan sonra o qədər cürətlənmişdim ki, əvvəllər göz-gözə gəlmək istəmədəyim o həlləm-qəlləm uşaqların mənə söz atıb sataşmalarını istəyirdim. Amma onlar mənim Samirlə şirin-şirin söhbət elədiyimi görəndən sonra döymək üçün bəhanə axtarmaq, söz atmaq bir yana, yanlarından keçəndə məni ümumiyyətlə, görməməzliyə vururdular.

Dostum hərdən məhəlləyə ağ 07 maşınıyla gəlirdi, univermaq müdiri işləyən anası almışdı ona. Həvəslə minirdim maşına, rayonun küçələriylə o yan-bu yana sürürdü, qonşu rayona gedən tras yolda spidometrin oxu yüz səksənə yaxınlaşanda sevindiyimdən (adrenalin məsələsi) qışqırırdım. Nənəmlə babam bundan xəbər tutanda mənə qadağan eləmişdilər “o avaranın maşınına” minməyə.

Rayona gəlişimin, tanışlığımızın dördüncü günü Samirin hər axşam saat yeddidə məhləmizdə görünməsinin səbəbi mənə aydın oldu. Həmin gün dostum başımın üstündən bizim pəncərə səmtinə diqqətlə baxanda, qeyri-ixtiyari o baxan tərəfə çevrildim. Dilarənin başını tez içəri salmasından bildim məsələnin nə yerdədi. Pərt oldum, – şok qarışıq pərtlik idi keçirdiyim hal, o dəqiqə də başa düşdüm, niyə bu Samir tanışlığımızdan bəri mənə elə hey diqqət göstərir, – tum alır, saqqız çeynəyəndə qutudan birini də çıxardıb mənə uzadır, 07-sinə mindirib məni gəzdirir. Bilirdi ki, futbol üzrə dünya çempionatında Danimarka yığmasına azarkeşlik edirəm, tez-tez 10 nömrəli Elkyayeri tərifləyirdi, şəkillərini “Sovetskiy sport” qəzetindən kəsib mənə gətirirdi. Onu deyim ki, Dilarəni başqa vaxtlar da pəncərənin qarşısında görmək olurdu, – ya qonşu qızlarla laqqırtı vururdu, ya da maraq xatirinə bir-iki dəqiqə yoldan keçən adamlara baxıb yox olurdu deyə, mən buna çox əhəmiyyət vermirdim.

...Yenidən başımı Samirə tərəf çevirəndə, yanaqlarının azca qızardığını gördüm. Deyəsən, elədiyi qələtə görə pərt olmuşdu, – nə qədər də olmasa, dostunun yanında onun dayısı qızına başqa gözlə baxmışdı. Üzünə baxan kimi az əvvəl sinifdəki yekəxana uşaqları dumbuzlamağından olan söhbətinə davam elədi, sonra birdən-birə restoranda uşaqların yerinə “şot” (hesab) verməyinə keçdi. Pərtliyimi hiss edib, danışdıqlarının yersiz olduğunu özü də başa düşmüşdü. Yalandan başımı tərpətsəm də, aramızda təxminən bu cür məzmunda daxili dialoq gedirdi.

Mən: Gördüm ha, heç düz eləmədin, heç.

O: Vallah... Bağışla, oldu da, – gizlətməyə çalışdığı pərtliyi deyirdi bunu.

Mən: Bir də belə şey olmasın!

O: Oldu, söz verirəm ki, bir də belə şey olmayacaq.

Sonra Dilarə yadıma düşdü. “Bunun bir hərəkətinə bax. Yaxşı, Samirin səndən xoşu gəlir, o oğlandı, gəlib hər axşam burda sülənir. Bəs səni necə başa düşüm?... Heç səndən gözləməzdim. Utanmaz, ayıb olsun sənə”. Həmin anlar fikirləşirdim ki, bəlkə gedim dayıcanıya (dayımın arvadına) xəbər verim, ya məndən yaşca böyük xalamoğlu, güləşə gedən Rasimə məsələni açım deyim, Samiri çayxanaya çağıraq, başa salaq ki, bir də nənəmgilin məhəlləsində sülənməsin?

...Samir çərənləməyindəydi. Ona qulaq asmırdım, yalandan başımı tərpədə-tərpədə fikirləşdim ki, nədən başlayım, necə buna başa salım ki, dayımqızına gözü düşməkdə, üstəlik, bu işdə məni vasitəçi eləməklə düz hərəkət eləmir...

- Natiq, nənə deyir gəlsin evə, yemək yesin, xəngəl bişirib nənə, – pəncərədən boylanıb məni axşam yeməyinə çağıran Dilarəydi.

Başıma elə bil qaynar su tökdülər. “Onsuz da bundan yanıqlıyam, kefimin bu vaxtında nazlana-nazlana dediklərinə bax. Ay gic, çox lazımdı ki, nənənin xəngəl bişirdiyini deyəsən?! De ki, gəl yemək ye, mütləq gərək “xəngəl” sözünü də deyəsən. Gərək Samirə özünü göstərə!” – bu fikirlər sürətlə beynimdən keçdi.

- Sən dur get yeməyini ye, – deyib Samir iki-üç dəfə belimdən vurdu

Bildim ki, əlilə belimə vurmağını pəncərədən boylanan qıza görə edir, – yəni bax, mən də sən deyəni deyirəm, bibinoğlunun qayğısına qalıram.

Evdə ən çox sevdiyim qurutlu-sarımsaqlı, qiymə ətli xəngəli həvəssiz yedim, qabağımda xoşladığım “Mumu” karameli ola-ola çayı Dilarənin acığna, – guya çox vecinəydi, – qəndlə, limonsuz içdim. Arada hirslə dayımqızına baxırdım, yəni cızığını keçmə ha. O isə baxışlarımı bir növ qulaqardına vururdu, gözləriylə hardasa bu sözləri deyirdi: ”Niyə hirslənirsən? Neynəmişəm ki, nənə deyib, mən də səni yeməyə çağırmışam”. Daha qayıdıb deyəmmirdim ki, özünü tülkülüyə vurma, yaxşı bilirsən niyə sənə acıqlıyam. Beləcə, əsəbi-əsəbi bir-birimizlə baxışlarımızla danışırdıq.

...Qərara gəldim ki, tezliklə, Samirlə əlaqəni kəsim, – qarşıdakı bir həftə içində səhərlər evdən çıxıb, axşama kimi küçələrdə avaralanım, həmyaşıd qohumlarımla görüşüb söhbət eliyim və beləcə, Samirdən uzaq olum. Onsuz da bir həftə sonra dayım rayona gəlib məni də, Dilarəni də şəhərə aparacaqdı.

Ertəsi gün çölə çıxmamağın dərdindən bütün günü evdə oturub televizora baxdım, kitab oxudum, axşam yeddiyə işləmiş gizlincə pəncərədən küçəyə baxdım, – yoxuydu. Aradabir dayımqızının qarşısında heç nə demədən sərt addımlarla taqım komandirləri kimi o tərəf-bu tərəfə getməklə ona dərs vermək istəyirdim: ay dayıqızı, başa düş, sənə görə səhərdən qaxılıb evdə oturmuşam, sən də özünü yığışdır, bundan sonra zəhmət çək, az boylan pəncərədən...

- Naatiq... Naatiq!!!

Samiriydi, pəncərənin qabağında dayanıb məni çağırırdı, sonra Dilarə o biri otaqdan özünü yetirdi, elə hazırlaşırdı ağzını açıb desin ki, səni çağırırlar, qabaqladım onu: “Eşitdim”, – deyib hirslə oturduğum divandan qalxdım.

...Samir məndən soruşdu ki, görünmürsən, nə əcəb çıxmırsan çölə? Mızıldandım ki, kinoya baxırdım. Bu dəfəki söhbətimiz başqa cür oldu. Samir danışdı, mən eşitdim, arada suallar verdi, mən də mexaniki cavab verdim. Ovcuma tum tökmək istəyəndə dedim ki, sağ ol, istəmirəm, saqqızından imtina edəndə, deyəsən, qırımımdan məsələnin nə yerdə olduğunu hiss elədi, amma heç nə demədi. Hardasa bir saat yarım sonra Dilarə məni yeməyə çağırdı, – bu dəfə ciddi, quru səslə, üstəlik, dünənki kimi yeməyin adını çəkmədi. Düzü, bu hərəkəti xoşuma gəldi. Fikir verdim ki, dayıqızı məni yeməyə çağıranda, Samir nə o tərəfə boylandı, nə də keçən dəfəki kimi özünü Dilarəyə göstərmək üçün əlini belimə vurub demədi ki, get yeməyini ye, eləcə: “İstəsən, sonra çıxarsan çölə,” – dedi.

Sevindim ki, məsələ həll olundu: dayıqızı özünü yaxşı apardı, Samir də yəqin keçən dəfə qələt elədiyini başa düşdüyündən bu dəfə özünü düzgün apardı və çox güman, onu da başa düşdü ki, mən onunçün uşaq-muşaq deyiləm, cızığı keçmək olmaz. Sonda qərara gəldim ki, hər şey qaydasındadı və bundan sonra yenə də görüşüb Samirlə rahat söhbət etmək olar.

Ertəsi günkü görüşümüzdə Samir mənə bir xeyli yapon karateçisi Ayamadan danışdı, tez də xoşuma gəlsin deyə əlavə elədi ki, Məhəmməd Əliylə rinqə çıxsalar, boksçu onu üçüncü raundda nokaut edər. Özüylə gətirdiyi “Sovetskiy sport” qəzetindən kəsib yapışdırdığı məşhur futbolçuların şəkilləri olan futbol dəftərini göstərdi, məsləhət gördü ki, mən də doxsan altı səhifəlik dəftər alıb onun kimi şəkil kolleksiyası düzəldim. Bu dəfə ovcuma tökdüyü tumdan çırtladım, hələ ondan siqaret də istədim. Samir “Marlboro” qutusundan bir gilə çıxarıb mənə uzatdı. Pəncərəmizə tərəf baxdım, bizimkilərdən baxan yoxuydu, tez siqareti yandırıb bir qullab aldım.

- Sağ ol Samir, uje Malboraya keçmisən, – göz vurdum.

- Hərdən olur. Təmiz amerikanskidi.

İlk qullabdan hallandım, – çəkənlər bilir, həyatında ilk dəfə, bir də uzun müddət çəkməyəndən sonra ilk qullabı alanlar bu halı keçirir. Üstəlik, “Marlboro” kimi təmiz Amerika siqaretini çəkməyə başlayanda adam az qala həşişdən hallanırmış kimi olur.

- Uy da, nə ləzzətli siqaretiymiş bu, – dedim.

İkinci dərin qullabdan sonra yenə başım hərləndi və Samir əlini çiynimə qoyub dedi:

- Ay dost, sən bilirsən, necə xətrini çox istəyirəm, necə səni özümə yaxın dost hesab edirəm. Bilmirəm, heç necə deyim. Mən, qardaş, çox pis vəziyyətə düşmüşəm, çox pis, – səsi titrədi.

- Nə olub ki? – başım dumanlı olsa da, artıq səsinin titrəməyindən nə deyəcəyini təxmin eləməyə başlamışdım, amma özümü hələ ki, sadəlövhlüyə qoymuşdum.

- Vallah, utanıram. Bax, deyəcəm, amma qardaş canı üzümə şillə də vura bilərsən, yumruq da, hələ istəsən, məni söyüb qova da bilərsən, incimərəm səndən, vallah.

- De görüm, nə istəyirsən məndən, uzatma, – səbrim tükənməyə başladı.

- Mən dayın qızı Dilarəyə vurulmuşam, – deyib mənlə göz-gözə gəlməmək üçün tez gözlərini yerə dikdi, – sevirəm onu, gecəm-gündüzüm yoxdu, Qurana and olsun.

Danışa-danışa gözü yerdə, əlindəki çubuqla qum tökülmüş asfaltın üstündə cızıqlar çəkirdi, bununla mən tərəfdən özünə qarşı yarana biləcək qəzəbli reaksiyanın qabağını almaq istəyirdi. Mənimsə sönməkdə olan siqaretimin ilk qullablarından olan sərxoşluğum keçib getmişdi. Samirə qulaq asırdım, o isə elə hey ürəyini boşaltmağındaydı:

- ...Bax, ay Natiq, tam ürəklə deyirəm, bayaq da sənə dedim, icazə verirəm sənə, mənə şillə də vura bilərsən, nə bilim dumbuz da (yumruq) vura bilərsən...

- Yox, şillə vurmayacam, nə də dumbuz. Bunnarı mənə niyə deyirsən? – sərt tonda soruşdum, şillə-dumbuzu yüz dəfə təkrar eləməyi artıq əsəblərimə toxunurdu.

- Sən əvvəlcə mənə de görüm, inandın ki, mən Dilarəni təmiz qəlblə sevirəm?

- İnandım, – zorla dedim və elə o andaca özümə nifrət etdim.

- Bax, sənin yanında imamlara and içirəm, istəsən, gedərik qonşu rayona, Seyid Həsən Ağanın pirinə, orda and içərəm. İstəsən, lap indi gedib nənəmgildən Quran da gətirərəm, əlimi qoyub and içərəm ki, – səsi yenə titrəyirdi, – texnikomu qutarandan sonra elçi göndərəcəm. Necə lazımdı, maamı, xalalarımı göndərəcəm Bakıya elçiliyə, – sifətimdəki narazılığı, səbirsizliyi görüb, – sənnən bir dost kimi xahişim var. Heç bilmirəm necə deyim? – deyib susdu.

Düzü, başa düşə bilmədim, artistlik edir, yoxsa doğrudan, xahişini deməyə tərəddüd edir. ­­­Axır ki, əlini köynəyinin cibinə salıb ikiqat bükülmüş bir konvert çıxardıb mənə uzatdı:

- Bu, qardaş, məktubdu, ona yazmışam, mümkünsə özünə ver...

Bunu elə mədəni-yalvarışlı tonda dedi ki, sehrinə düşdüm, qolum sanki öz-özünə dizimin üstündən qalxdı, ona tərəf uzandı və əlim odekolon ətri üzümə vuran məktubu götürüb şalvarımın cibinə qoydu. Məqsədinə çatan Samir, – nə qədər çalışsa da, sevincini gizlədə bilmirdi, – tezcə də mövzunu dəyişdi. Qarşıdan gələn futbol üzrə dünya çempionatından danışmağa başladı. Sonra boksa keçdi, – söz verdi ki, Məhəmməd Əlinin döyüşləri olan videokasetləri tapıb, üzünü köçürdüb mənə gətirəcək. Üstəlik, həmin gün hiss etmişdi ki, ondan siqaret istəyə bilərəm, öz məntiqiylə məni ələ almaq üçün, həmişə çəkdiyi “Kosmos” yox, adamı tez uyduran “Marlboro” almışdı. Elə bu vaxt dayımqızı məni yeməyə çağırdı. “Sən Allah, çox xahiş edirəm, heç kimə heç nə demə, özünə ver məktubu, elə et ki, heç kim görməsin verəndə,” – ayrılana yaxın tez bunları dedi. Heç nə demədən sağollaşdım...

Həmin gün evə qayıdanda, başqaları kimi məktubu gizlincə nə tualetdə, nə də adam olmayan otaqların birində açıb oxudum, belə şeylər xasiyyətimə yad idi. Məni yandıran tək məktub yox, onun odekolonla ətirlənib mənə verilməsiydi, daha doğrusu, onu götürməyim idi. (Yüngül, xoşətirli odekolon idi). Dilarənin üzünə baxmadan özünə verdim sevgi məktubunu. O da elə mənə baxmadan, bir az çəkinə-çəkinə, sus-pus məktubu götürdü. Hərçənd ki, məndən aralananda, həyəcanlı yerişindən gördüm ki, yaman sevinir, bəlkə də ürəyi çırpınırdı.

Gecə yerimə girəndə, özümə olmazın söyüşlər yağdırdım: mən tək lox yox, həm də oğraşam. Adam gərək nə qədər alçaq, nə qədər oğraş ola ki, odekolon vurulmuş məktubu götürüb öz dayısıqızına verə. Yadıma düşdü ki, günorta məktubu götürüb cibimə qoyandan, onu Dilarəyə verəndən sonra bir müddət barmaqlarımın ucunda o ətir qalmışdı. Məni ən çox dəhşətə gətirən isə xəyalıma gətirdiyim bu səhnə idi: Dilarə məktubu oxuya-oxuya hərdən qoxulayır, sonra balıncın altına qoyur, səhər yuxudan oyananda yenə oxuyur o məktubu. Başqa bir səhnənin, – qızın məktubu götürüb ürəyinin üstünə qoyması səhnəsinin xəyalımda davam etməsinə imkan vermirdim: indiki dillə desək, tez beynimdəki “delete” düyməsini basırdım və “zibil qutusuna” gedən bu “faylın” “bərpa olunmasına” imkan vermirdim. Özümdə cəsarət tapıb Samirə sillə vurmaq bir yana, “Yox, mən məktubu ona verə bilmərəm, heç məsləhət də görmürəm ki, dayımqızını sevəsən. Birincisi, o rayona ərə gəlməz, ikincisi də, heç dayımgil onu rayona ərə verməz, qız özü istəsə belə” deməyə isə iradəm, qətiyyətim çatmamışdı.

Dözmədim, səhərisi məsələni nənəmin ortancıl qızı, onunla qalan Şəmsiyyə xalama danışdım, etiraf elədim ki, Samirdən məktubu götürüb Delyaya verməyimi özümə bağışlaya bilmirəm, “alçaqlıq eləmişəm”, tapança olsa, başıma güllə vuraram. Əlbəttə, sui-qəsdə cəsarətim çatmazdı, guya bütün bunlar mənə çox pis təsir etmişdi effekti-fason bir şey yaratmaq istəyirdim. Xalam isə gülüb dedi ki, axmaq-axmaq danışma, pis iş-zad görməmisən, nə də günah eləmisən. Mən qardaşım qızını da yaxşı tanıyıram, Samirgili də. Nə Samir onu qaçırası deyil, nə də Dilarə onu sevsə belə, qoşulub qaçası deyil. Yeniyetməlik sevgisidir, keçib gedəcək. Bunları eşidib, bir az sakitləşsəm də, suallarımdan əl çəkmirdim:

- Yaxşı, bəs deyək ki, beş il sonra Samirgil elçi gəlsə, Əsəd dayı Dilarəni verər?

- ...Yox, verməz, – bir qədər fikirləşəndən sonra xalam cavab verdi.

- Niyə? – maraqla xalamın düz gözlərinin içinə baxdım.

- Verməz də. Onlarnan bizimki tutmaz.

- Niyə tutmaz axı? – xalam suallarımdan yayınmaq istəsə də əl çəkmirdim.

- Ona görə ki, onun anası düzgün yolda deyil.

Eşitdiyimin xoşagəlməyən təsirindən bir an susub dilləndim:

- Bəs atası?

- Atası çoxdan boşuyub anasını.

Daha sual vermədim, hər şey mənə aydın idi. Üstəlik, həmin gün axşam televizorda kinoya baxanda, o biri otaqdan nənəmin ötkəm səslə Şəmsiyyə xalama dediyi sözlər gəlib qulağma çatdı: “Pah, bircə o qalmışdı ki, pozğunun birinin oğluna qız verək. Getsin öz tayını tapsın”. Düzü, həmin gün nənəmə nifrət etmişdim ürəyimdə: “Utanmaz arvad! Bunun dediyi sözə bax hələ! Anası, deyək ki, pozğundu, bəs oğlunun günahı nədi?”

Qalan iki günü mən nə gündüz, nə də axşam məhəllədə göründüm. Hətta ertəsi gün Samir pəncərəmizin qabağında dayanıb məni nə qədər səsləsə də, çölə çıxmadım. Dayımqızının “Səni çağırırlar” deməsinə isə acıqla reaksiya verdim: “Sənin işin deyil. Otur yerində, çıxıb heç nə demə”. – “Pah, sənin dostundu da, mənə niyə minnət qoyursan,” – deyib məndən aralandı. Ürəyimdə hələ də məni səsləyərək çölə çağıran Samiri söyürdüm: “Cəhənnəm ol, oğraşın biri oğraş!”

Bir yandan da, dayımqızının az qala hər gün davranışındakı dəyişikliklər əsəbimə toxunurdu. Elə bil yerişi dəyişmişdi, donunu, koftasını tez-tez dəyişirdi. Arada mənlə də danışanda səsinə mülayimlik verirdi, ağlıma əcaib fikirlər gəlirdi: elə bilirdim, məktubda Samir ev telefonunu yazıbmış, Dilarə isə artıq zəng edib gizlincə onunla danışır və mənimlə söhbət vaxtı səsinə bu cür mülayimlik verməklə bir növ məşq edir, istəyir ki, növbəti gizli telefon danışıqlarında daha incəsəsli olsun. Mən deyəndə ki, “Mumu” konfetiylə çay gətir, qəndqabına “Mumu”dan başqa “Snejok” da qoyurdu, “Meçta” da. Sanki Samirlə sözləşib məni yumşaltmağa, yola gətirməyə qərar vermişdilər. Düzdü, dayıqızının Samirlə bağlı məndən nəysə soruşmağa cəsarəti çatmırdı, amma elə bilirdim söhbət salsam, çox güman, yavaş-yavaş suallar verməyə başlayacaq, mən ayıqlığımı itirəndən sonra yəqin ki, bu sualların sayı da çoxalacaqdı.

Hardasa iki-üç gün sonra yenə Samirlə görüşəsi oldum, – daha doğrusu, təsadüfən küçədə məni görən kimi yaxınlaşdı deyə, bir bəhanə tapıb ondan aralanammadım. Yanımda daha çəkinmirdi, elə arxayınlıqla danışırdı, elə bil srağagün mənə odekolon vurulmuş sevgi məktubunu verib, dayımqızına çatdırmağı xahiş edən “əclaf” bu deyil, – sanki xalaları artıq Bakıya elçiliyə getmişdi, sayəmdə dayımgildən “Hə” cavabını almışdılar. Qalmışdı nişan-toy üçün bir də Bakıya getmək.

Bryus Linin, Məhəmməd Əlinin, o vaxtın məşhur futbolçularından olan Bertoldun, Mateusun, Altobellinin təzə şəkillərini qəzetlərdən, jurnallardan kəsib mənə gətirmişdi. Həvəssiz götürdüm, mədəniliyim imkan vermədi geri qaytaram, nə də özünə qaytarmaq üçün bir bəhanə tapa bilmədim. Ayrılana qədər bir dəfə də olsun məktubla bağlı heç nə demədi, işarə-filan da vurmadı. Bu, onun bicliyiydi, – kişinin oğlu ehtiyatla davranırdı mənlə, məni mədəni, müasir şəhərli saysa da, hər halda başa düşürdü ki, hə, nə oldu, məktubu verdin, nə dedi kimi sual verməyin vaxtı hələ yetişməyib.

Ürəyimdə özümü söyə-söyə soyuq tonda “sağ ol” deyib şəkilləri götürdüm, evə gələn kimi hamısını gizlincə cırıb atdım zibil qutusuna. O biri tərəfdən isə, dediyim kimi, Dilarənin şəfəq-işıq saçması onsuz da olmayan kefimə istiot səpirdi. Cəsarətim çatmırdı təpinəm üstünə, deyəm ki, nəyə sevinirsən, ay qız, ayıb deyil, ona özünü göstərirsən, hələ üstəlik, mənə də acıq verirsən.

Mənə elə gəlirdi ki, məhəllədə yaşıdlarım olan oğlanlar da Samirin dayımqızına olan məhəbbətindən xəbər tutublar: elə bil mənə tərs-tərs, üstdən aşağı baxırdılar. Əmin idim ki, bir gün bu oğlanlarla dava edəsi olsam, yumruq-təpikdən başqa bunları da eşidəcəm onlardan: “Sən necə kişisən ki, dayınqızının dalınca oğlan gəlir, sən də dostluq eliyirsən onnan, hələ utanmaz-utanmaz futbolçu şəkilləri götürürsən onnan. Adam kişi olar!”

***

Zərbəni Bakıya gedənə yaxın, gözlədiyim, amma heç istəmədiyim yerdən aldım. Xalamoğlu Rasim evə zəng edib, axşam saat altıda “Mütləq çayxanada ol” sözlərini az qala əmr formasında deyəndə, hiss elədim məsələ nə yerdədi.

Çayxanaya gələndə, Rasim kiçik xalamın oğlu İsmət, böyük dayımın oğlu Ehtiram qabaqlarında çay, mürəbbə söhbət eliyirdilər. Hamısıyla salamlaşıb oturdum. İsmət mənə çay süzüb, mürəbbəqabıma ağ gilas mürəbbəsi qoydu. Elə ilk qurtumu alıb stəkanı nəlbəkiyə qoymuşdum ki, məndən iki yaş böyük Rasim dilləndi:

- Hə, xalaoğlu, Bakı yaxşıdı, yoxsa bura?

- Hər ikisi, – cavab verdim.

- Yaxşı görüm, goplama. Bura yaxşıdı.

- Hərəsinin öz yeri var, – gülümsəyib cavab verdim, ürəyimdə isə “Kaş ki, başqa şeyə görə çağırmış olaydılar” arzu edirdim.

- Bakının nəyi yaxşıdı e, külək, toz-torpaq. Amma burda başını qaldır, dağları, meşələri görürsən, – başıyla yaşıl dağları göstərdi. – Ora bax, indi yaydı. Amma istəsən, o dağın başına çıxa bilərsən, qarı görərsən.

- Bura rayondu, kənd deyil ki, – söz altında qalmadım.

- Pah, demək istiyirsən ki, bizdən çox bilirsən? Avtobusa min, on, uzağı on beş dəyqəyə kənddəsən.

- Bizdə də avtobusa min, uzağı yarım saata Şıxov plyajındasan.

Ehtiramla İsmət gülüşdülər. İsmət:

- A Rasim, bu şəhər uşağıdı e, bunnan bacarammazsan.

- Şəhər uşağıdı, indi baxarıq şəhər uşağıdı, yoxsa dəniz uşağıdı, – hazırcavablığım Rasimin xoşuna gəlməmişdi. – Sən mənə de görüm, Samiri hardan tanıyırsan?

- Tanıyıram da, – ürəyim döyünməyə başladı. – Burda, rayonda tanış olmuşam. Nədi ki?

- Bildik e, burda tanış olmusan, Bakıda tanış olmuyassan ha. – Rasim kinayəylə dedi. – Biz soruşuruq ki, burda, harda tanış olmusan o oğraşnan? Çayxanada, kinoda, məhlədə, o tanış olduğun yeri soruşuruq?

Sifətimə yalançı sadəlövhlük maskası taxsam da, Rasimin sərt, əsəbi tonda verdiyi sualdan, işlətdiyi “oğraş” sözündən başa düşdüm ki, bu sorğu-sual hələ çox çəkəcək.

- Nə bilim... Düzü, dəqiq yadımda deyil... Yəqin o, bizim məhləyə gələndə tanış olmuşam.

- Sən qələt eləmisən tanış olmusan o gədəynən! – Rasim səsinin tonunu bir az da qaldırdı.

- Başa düşmürəm, axı nə olub? – dilim topuq çaldı, qızardım.

Eyni zamanda mexaniki olaraq fikirləşdim ki, tezliklə dava olacaq, – uşaqlar Samiri tapıb onunla söhbət edəcəklər, əgər söhbət alınmasa, yəqin ki, yumruq-sillə işə düşəcək. Samir də gedib öz qoluzorlu qohumlarını, tanışlarını çağıracaq, söhbət böyüyəcək və axırda məlum olacaq ki, elə öz doğmaca dayısı qızını Samirə düzəldən elə mən imişəm. Bundan sonra rayona gəlməyi yaddan çıxarmaq lazımıydı.

- Yaxşı başa düşürsən nə olub, – Rasim mənim “Axı nə olub?” sualıma cavab verdi.

- Ay Rasim, doğurdan, başa düşmürəm, nə olub ki?

Bu dəfə necə lazımdı rola girdim və bu, məndə alındı. Qohumlar sual dolu nəzərlərlə bir-birilərinə baxdı. Bayaqdan susan İsmət üstümə bozardı:

- Xalaoğlu, o olub ki, o oğraş gədə Dilarəyə görə məhləyə gəlir. Sən də durub onnan dostluq eliyirsən. Başa düşdün?

- Nə danışırsan? – yenə rola girdim, həm də fikirləşdim, görən, məktub məsələsi bunların qulağına çatmayıb ki.

- Həə, ay key, – Rasim üstümə çəmkirdi, – adını da şəhər uşağı qoymusan, keymollaymışsan sən. Hər axşam gəlib oturur pəncərənin altında, sən də oturub şirin-şirin söhbət eliyirsən, bir fikirləşmirsən ki, o gədə niyə hər gün nənəgilin məhləsində sülənir.

- Vallı, bilmirdim o, niyə məhlədə sülənir.

Qəsdən “vallah” yox, “vallı” dedim, o vaxtkı ağlımla guya Allah qarşısında günah işlətməmək üçün bu cür fənd işlətdim. And içəndən sonra başımı aşağı salıb susdum, qaşlarımı çatdım, dişlərimi bərk-bərk bir-birinə sıxdım, guya xəbərim yoxuymuş bu məsələdən, guya əsəbiləşmişdim, bir-iki dəfə də fısıldadım ki, təbii alınsın hirslənməyim.

- Fısıldamaq lazım deyil, ayıq olmaq lazımdı, – Rasim amiranə dedi. – Sən bilirsən ki, onun anası....

“Qəhbə” sözünü eşitməmək üçün, – sözsüz ki, o, nənəm kimi “pozğun” sözü işlətməyəcəkdi, – söhbətin mövzusunu dəyişmək üçün tez sözünü kəsdim:

- Ay Rasim, bayaqdan üstümə düşmüsən. Axı mən hardan bilim ki, o, nəyə görə bizim məhləyə gəlir? Hər gün gəlir futboldan, boksdan, nə bilim karatedən danışırıq. Məhəmməd Əlidən danışırıq, Zikodan danışırıq, Sokratesdən...

- Sokratesin də var yoxunu ...., Zikonun da! – söyüb sözümü kəsdi.

Alınmışdı istədiyim, Samiri ürəyimdə nə qədər söysəm də, anası lap pozğun olsa belə, “qəhbə” sözünü eşitmək istəmirdim. Onun dayım qızına olan hisslərinin səmimiyyətinə inanırdım deyə, az qala iki addımda bir təhqir olunmasına içimi yeyə-yeyə qulaq asırdım. Üstəlik, Rasimin zəhləsi getdiyi Braziliya komandasının futbolçularının adını çəkməklə, – o, Argentina yığmasına azarkeşlik edirdi, – qurduğum tələyə düşmüşdü. Ehtiram isə söhbəti tamam başqa yerə fırlatdığım andan qəribə-qəribə gah mənə, gah da Rasimə baxırdı, deyəsən, özü üçün heç cürə müəyyən edə bilmirdi, söhbət öz təbii axarıyla belə gedir, yoxsa Samirin anasının dalınca yağlı bir söz deməyə hazırlaşdığı yerdə bicliyimə salıb futbolçulara, boksçulara yönəltmişəm söhbəti. “Toruma düşən” Rasim Ehtiramın arada ona yönələn baxışlarından ruhlanmışdı, nəydisə, bu baxışlarda dediklərinə bir növ dəstəkçi tapmışdı:

- Ay Etiş, bayaq hələ bu gəlməmiş sizə deyirdim e, o yalan sözüymüş, ay şəhər uşaqları belə ağıllı olur, rayon, kənd uşaqları maymaq olur. Özüm ölüm, biz rayon uşaqları yüz dəfə bunnardan, – başıyla məni göstərib, – ağıllıymışıx, vallah....

İndi isə dediklərini o qulağımdan alıb, bu birindən verirdim, – əsas o idi ki, Rasimin ağzından Samirin “anası qəhbədi” sözünü çıxmağa qoymamışdım. “Qəzəblə” gözümü bir-iki qurtum içilmiş çaya zilləyib, Rasimin susmağını gözləyirdim.

Bir yandan da, uşaqların məni qabaqlarına qoyub bu cür danlamaqlarından bezmişdim, az qalırdım əks-hücuma keçim: yaxşı eliyib dostluq edirəm Samirlə, Dilarəni sevir də, neyniyir ki, niyyəti təmizdi, öz diliylə deyir ki, gələcəkdə evlənmək üçün elçi göndərmək istəyir. Təbii ki, cürətim çatmazdı bunları deməyə, – Rasim çox güman, oturduğu yerdən qalxıb belə deyərdi: “Ə durun gedək burdan, bayaqdan Samiri söyürük, oğraşın yekəsi elə burdaymış ki”.

- ...Çayını iç, soyudu, – İsmət yavaşcadan dilləndi.

Başımı yellədim, yəni istəmirəm.

- İç, ay qohum, iç, – Rasim səsinə ilk dəfə mülayimlik qatdı, – biz səni çox istiyirik e, xalaoğlu, amma ona məəttəl qalırıq ki, sən o boyda Bakı şəhərində böyümüsən, amma həyatdan xəbərin yoxdu, naivnisən, tupoysan.

Rasim çayımın istiliyini yoxlamaq üçün əlini stəkana toxundurdu. Stəkanı götürüb içindəki çayı otluğa boşaltdı, çay süzüb içinə limon saldı:

- Sən bizi düzgün başa düş, bura rayon yeridi, biz də qeyrətimizi çölə atmamışıq ki.

- O nə deməkdi, mən qeyrətsizəm ki? – dilləndim.

- Yox, ay qohum, elə demədim. Allah eləməsin, amma yenə də deyirəm ki, adamları yaxşı tanı, ayıq ol bir az. Çayını iç, soyutma.

Çaydan bir qurtum aldım.

- Mürəbbədən də ye, – güldü, Ehtirama göz vurdu, – Bakıda belə mürəbbə tapammazsan.

Nəhayət, gülümsədim, gilas mürəbbəsindən bir qaşıq götürüb ağzıma aparmağım uşaqlara ləzzət elədi, kefimin açıldığını görüb sevindilər. Yenə çay süzdülər. Sonra Rasim dedi ki, bu gün-sabah Samirlə görüşüb, necə lazımdı söhbət edəcəyik, o gədənin ayağını məhlədən kəsəcəyik. “Ay bakılı oğlan, – mənə üzünü tutub, – sənə isə tapşırığımız budu. Çayxanada, nə bilim, meşədə, küçədə Samiri görəndə, ona uzağı salam verirsən, day qayıdıb soruşmursan ki, necəsən, əmin-baban, nənən necədi. Hə, bir də Şəmsiyyə xalaynan danışacam, o qıza desin ki, çox çölə-zada çıxmasın. Həyətə olar, amma küçəyə yox. Çörək, əsas da qatıq lazım olanda, ya xala özü getsin mağazaya, ya da sən”. “Qatıx” sözünü eşidəndə, Ehtiram yerində qurcuxdu və həmin an nədənsə, mənə elə gəldi ki, Dilarə qatıq almağa gedəndə, Samir görüb düşübmüş dalınca. Allah bilir, həmin məktubda yazıbmış ki, gələrsən qatıq almağa, oralarda bir yerdə görüşərik, ürəyimi sənə açaram. Bu vaxt bayaqdan ağzına su alıb dinməyən İsmət yavaş səslə dilləndi:

- O maşın məsələsini də de.

- Nə məsələsi? – Rasim İsmətə tərəf çöndü.

- Gədənin maşınına minməyi deyirəm.

- Həə, az qala yadımdan çıxmışdı deyəm. O nə biyabırçılıqdı sən eliyirsən?

- Nə biyabırçılıqdı ki? – səsim quyudan çıxdı, bildim ki, söhbət nədən gedəcək.

- O biyabırçıqlıq ki, dostluq eləməyin bir yana, sən hələ durub utanmaz-utanmaz o gədənin maşınına da minirsən. İnanırsan, bunu eşidəndə az qala yerə girdim. Bir də belə şey eləmə, vallah ayıbdı. Nəysə, səni çox danladıq. Bax, biz onnan danışandan sonra eşidək, bilək ki, o sümsük yenə məhləyə gəlib, incimə, günahı ancaq səndə görəcəyik. Çünki onun nənəgilin məhləsində nə dostu var, nə də qohumu-zadı. Gəlsə, o dəyqə biləcəyik ki, sən xoş üz göstərmisən deyə gəlib... Başa düşdün?...

Uşaqlar məndən xeyli aralansalar da, – onlarla bir yerdə getməmək üçün çay içmək bəhanəsilə orda qalmaq istədiyimi dedim, – öz aralarında elədikləri söhbətin bəzi cümlələri gəlib qulağıma çatdı. Ən dəhşətlisi Rasimin “Görmürsən, hələ bir soruşur da, nə biyabırçılıqdı ki. Qonaqdı deyə, deyə də bilmirsən ki, sən avtobilətsən-zadsan, iki gündən bir onun maşınına minirsən?” – deməsiydi. “Avtobilət” (автоблядь sözündən) o zaman daha çox Bakıda işlənən kobud jarqonuydu, bu sözün altında gecələr təkəmseyrək, – o vaxt belələri indiki kimi çox deyildi, – yolda dayanıb maşına oturan fahişələr nəzərdə tutulurdu. Eşitdiyimdən şok oldum, ölüb yerə girmək istəyirdim. Stəkanı içindəki çayla bir yerdə yerə çırpdım, çilik-çilik oldu armudu stəkan. Uşaqlar çayın pulunu vermişdilər, çay paylayana yaxınlaşıb yalandan dedim ki, qolum dəydi, stəkan yerə düşdü sındı. Nə qədər dedim ki, haqqı nədirsə verim, götürmədi. Ola bilsin, şəhərdən gəldiyimi bilirdi, qonaq kimi hörmət edirdi, nəydisə, ona vurduğum on beş-iyirmi qəpiklik ziyana əhəmiyyətsiz şey kimi baxdı.

Çayxanadan aralanıb əsəbi-əsəbi evə, nənəmgil tərəfə getməyə başladım. Gedə-gedə yenə ürəyimdə özümü söyürdüm: gərək bu “xaraba” rayona gəlməyəydim, qalaydım Bakıda, gəldim, “zibilə” düşdüm. Evə çatana yaxın adımı eşidib çöndüm, Samiriydi:

- Salam, dostum, hardan gəlirsən?

- ...Heeç, – mızıldandım.

Diqqətlə mənə baxdı, elə bil “Sənə verdiyim məktub çatdı? Görən olmadı ki, məktubu verəndə?” – suallarına cavab istəyirdi məndən.

- Gəl, gedək çayxanaya, – dilləndi.

- Yox, sağ ol, içmişəm, istəmirəm, – əsəbi dedim.

- Gedək də, bir stəkan içərsən, çox yox, sənə Brüslidən maraqlı...

- Yox, işim var, evə tələsirəm, – tələsik sözünü kəsdim.

- Bura bax, gözümə birtəhər dəyirsən, bəlkə xətrinə dəyən-zad olub?

- Yox, heç kim xətrimə dəyməyib.

- Bəs niyə kefin yoxdu?

- Yox, kefim yerindədi, – qaşqabaqla cavab verdim.

Ərklə qolumdan tutdu:

- Gəl gedək çayxanaya, sən çay içməzsən, eybi yoxdu, eləcə oturub söhbət eliyərik. Ya da gedək bizə, sənə təzə futbolist şəkilləri ve...

Qolumu çəkib başımı yellədim:

- Yox, lazım deyil, mən uje futbolçu şəkilləri yığmıram, sən verənləri də qonşu Namiqə verdim, – bunu yerində uydurdum.

Təəccübdən qaşları yuxarı qalxdı, deyəsən, ona olan gizli hirsimin-hikkəmin səbəbini indi başa düşdü.

- Mən evə çörək almalıyam, qaçdım, – deyib ondan uzaqlaşanda güman ki, heyrətlə ardımca baxırdı.

O biri iki günü əvvəlcə pəncərədən başımı azca çıxardıb, dələ kimi tez sağa-sola baxıb geri çəkirdim. Görürdüm ki, Samir gözə dəymir, cəld kedlərimi ayağıma keçirdib pəncərədən yerə hoppanaraq götürülürdüm küçə boyu. Adətən, Samirin gəldiyi yolun əks tərəfinə, arxama, sağıma-soluma baxmadan yeyin-yeyin gedirdim və bizdən uzaq küçələrdə veyillənirdim özümçün. Ya da alabaş avtobusa minib rayonumuza bitişik kəndə, çayda çimməyə gedirdim, bilirdim ki, Samir ora gələn deyil.

Düzü, evdə oturub kinoya da baxa bilərdim, kitab oxumaqla da vaxt öldürə bilərdim, amma elə bilirdim bununla acizlik, qorxaqlıq eləmiş olaram. Evdə isə Dilarəni danışdırmırdım, günü-gündən ona qarşı nifrətim artırdı. Qırımımı hiss edən dayımqızı bir dəfə mənə dedi: “Ay Natiq, sən nahaq mənlə danışmırsan, mən o gədəylə nə telefonla danışmışam, nə də ona məktub yazmışam”. Dinmədim. “İnanmırsan mənə?” Eləcə çiyinlərimi çəkib, narazı sifətlə o biri otağa keçdim. Düzü, dediklərinə inanmışdım deyə, ilk dəfəydi azca da olsa, rahatlıq gəlmişdi mənə. Amma bir yandan cəsarətsizliyim, o biri yandan da, qürurum imkan vermirdi ki, qayıdıb dayımqızına bunları deyim: “Sabah sənin adından özünə deyəcəm ki, “Yox deyir” sənin məktubuna, danışdıq?”

Çayxanadakı söhbətdən sonra sanki iynə üstündəydim, elə bilirdim uşaqlar bu dəqiqə evə zəng edib, məni yenə çayxanaya çağıracaq. Bəhanə gətirib getməmək qorxaqlıq olardı, elə telefonda üzümə vurardılar bunu. Bir sözlə, məktub məsələsi Damokl qılıncı kimi başımın üstündə asılmışdı.

Bu arada Şəmsiyyə xalam təklikdə məndən soruşdu ki, nə məsələdi, bəs Rasim zəng eləmişdi, dedi ki, Dilarəni çölə buraxmayın? Dalınca xalam tez məndən soruşdu ki, Samirin Dilarəni sevməyi Rasimə danışmısan ki? Dedim ki, nə danışırsan, ay xala, mən o qədər axmaq, qeyrətsizəm ki, belə şey eliyəm? Xalamsa cavabında bunları dedi: “Axmaq-axmaq danışma, qeyrətsiz niyə olursan? Şəhərdə yaşıyanıma bax, Rasim qələt eliyib başını daşa döyür, qardaşım qızını yaxşı tanıyıram, çölə də çıxacaq, dağa da”. Heç nə demədim, eləcə fısıldadım. “Paho, sabahdan yenə başlayacaqlar məni axşamlar çayxanaya çağırıb baş-beynimi aparmağa: niyə o qız yenə çölə çıxır, qatıq almağa gedir?! Şəmsiyyə xala arvaddı deyə onu boş buraxır, bəs sənə nə olub? Sən kişisən axı, yaşca böyüksən, yumruğunu vur stola, de ki, çölə çıxmaq olmaz!

Dayımın Bakıdan gəlib məni və Dilarəni Bakıya aparmasına iki gün qalmışdı. Amma o ikicə günü dayımı gözləmək, üstəlik, altı saat dayımqızıyla maşında yol getmək mənimçün sanki cəhənnəm əzabıydı: evdən çölə çıxa bilmirdim, Dilarə gözümün qabağında, heç nə deyə bilmirəm, uşaqlardan yenə danlaq eşitmək qorxusu isə bir yandan, – ürəyim əsirdi ki, bu gün-sabah xalaoğlular Samiri “razborkaya” çağıracaq və məktubvermə “əməlimin” üstü açılacaq. Gücüm isə məni bu “bəlaya” saldığı üçün ürəyimdə Samiri söyməyə çatırdı.

Nəhayət, bu “biabırçılıqdan” yaxa qurtarmaq üçün beynimdə son gündə hazırladığım planı həyata keçirdim. Səhər saat altıda evdə hamı şirin yuxuda olanda, zəng saatı məni oyadan kimi, durub cəld paltarlarımı geyindim. Kedlərimi ayağıma keçirdib, yatdığım aynabəndin pəncərəsindən yerə hoppandım və götürüldüm avtovağzala tərəf. Avtobusa bilet alıb yola düşdüm Bakıya. Nənəmgil narahat olmasın deyə, axşamdan yazdığım dəftər vərəqini yorğanın üstünə qoymuşdum: “Nənə və baba! Mən getdim Bakıya. Sizdən küsməmişəm, amma Bakıdan, atam və anamdan ötrü çox darıxıram. Narahat olmayın, avtobus pulum var”.

***

İyirmi altı il keçib o hadisələrin, söhbətlərin üstündən. Bu gün-sabah qırx iki yaşı olacaq dayımqızıyla bizdə oturub çay içə-içə o hadisələri yada salırıq. Soruşuram:

- ...Bura bax, bəs o qatıq nə məsələydi, Rasimgil mənə tapşırdılar ki, Dilarə qatıx almasın. Düzü, o vaxt özlərindən soruşdum, amma demədilər nə məsələdi.

- Bəs, nə dedilər sən soruşanda? – Dilarə maraqla mənə baxır.

- Heç nə, dedilər elə bilməsən yaxşıdı, – uydururam.

O vaxt qatıq məsələsini Rasimgildən soruşmağı Dilarəyə yalandan deyirəm. Çayxanadakı o söhbətdə Rasim “Dilarə qatıx almağa getməsin, sən get” deyəndə, qayıdıb sual-zad verməmişdim, sadəcə, Ehtiram yerində qurcuxmuşdu deyə, o vaxtdan onun bu şübhəli reaksiyası yadımda qalmışdı.

- O qatıq məsələsi belə olmuşdu, – Dilarə həvəslə danışmağa başlayır. – Qonşudakı qızlarla qatıq almağa getmişdik. Bir də gördük həmin bu Samir də gəlib çıxdı ora. Az qala qışqıra-qışqıra qatıqsatana dedi ki, Nabat xala mənə üç litrlik bankada qatıq ver. Nabat xala da buna qayıtdı ki, a bala, sən kimsən, kimin oğlusan, axı sən bizdən qatıq alana oxşamırsan. Samir də yanımdakı qızlar eşitsin deyə, qışqıra-qışqıra dedi ki, ay xala, bir qızın sevgisindən zəhərlənmişəm, mənə bir litr heç nə eliyəmməz, ancaq üç litr qatıq kömək eliyə bilər. Biz də onda qızlarla gülüşdük.

- Yaxşı, Rasimgil hardan bilmişdi bu söhbəti? – soruşuram.

- Qatıqsatanın oğlu Rasimlə dost idi, yəqin o da həyətdə bu söhbəti eşidib Rasimə deyibmiş.

- Delya, yadındadı yəqin, mən o vaxt dayı nənəgilə gəlməyə iki gün qalmış səhər siz hamınız yuxuda olanda gizlincə Bakıya qaçdım.

- Yaxşı yadımdadı, – dayım qızı bic-bic gülmsəyir. – Hələ kağız da yazıb qoymuşdun.

- Hə, düzdü, bəs sən sonra bilmədin, uşaqlar Samirlə görüşüb söhbət elədilər?

- Hə, qulağıma gəlib çatdı ki, bizimkilər görüşüb qulaqburması veribmişlər ona.

- Döymüşdülər ki? – təlaşla soruşuram.

- Yox, mən bilən, eləcə qorxutmuşdular. Elə onnan sonra bir də məhləyə gəlmədi.

- Yaxşı, Delya, son olaraq bir şeyi də soruşum, amma səmimi cavab verəssən ha.

- De görək.

- Bilirəm ki, Samirlə söhbət-zad eləmirdin, hələ özün də elə bil o vaxt mənə dedin ki, nə ona məktub yazmısan, nə də görüşmüsən onnan. Buna onda inanmışdım. Bəs ona olan hisslərin necəydi, məktub yazmasan da?

- Yoox.... Elə bir şey yox idi.

- Yaxşı, heç olmasa məktubunu saxlıyırsan?

- Ee, sən də elə suallar verirsən ki. İşim-gücüm qurtarmışdı o vaxtdan indiyə məktub saxlayım.

- Amma yaman tez-tez pəncərədən boylanırdın ha, – deyib göz vururam...

Dayım qızı on yeddi yaşında ailə qurmuşdu, yarıxoş, yarızor ərə vermişdilər qohumuna, indi ailəsiylə Surqutda yaşayır. Hər dəfə Bakıya gələndə çox vaxt ailəlikcə görüşüb söhbət edirik. Böyük oğlu Tümendə hansısa özəl universitetlərin birində menecerliyi öyrənir, kiçiyi isə bu il məktəbi qurtaracaq.

***

Qarabağ müharibəsi başlayanda, Samir könüllü batalyonlardan birinə qoşulmuşdu. Mən isə bir müddət sonra Bakıda “oblavalar” (1991-1992-ci illərdə Qarabağ müharibəsi zamanı Bakıda və Azərbaycanın digər rayonlarında bəzən küçələrdə hərbi komissarlıq işçiləri yoxlamalar aparır və əsgərlikdən yayınanları zorla avtobuslara doldurub təlimlərə ordan isə cəbhə bölgəsinə yollayırdılar.) tüğyan edəndə, atamın hərbi komissara verdiyi iki min beş yüz dolların hesabına əkilmişdim vətəndən. Moskvanın “Biryulovo” bazarında bibim oğluyla bir yerdə meyvə satırdıq. Yeri gəlmişkən, Rasim də, Ehtiram da fərarilik eliyib Moskvaya əkilmişdilər, ordakı dostlarının köməyi ilə özlərinə biznes qurmuşdular. İndi də ordadılar, hərəsi bir qohum qızla evlənib, oğul-qız böyüdürlər, evləri, iki-üç yerdə marketləri var, bir sözlə, vəziyyətləri çox yaxşıdı. İsmətsə rayonda vergi rəisinin müavinidir, rüşvətlə dolandırır ailəsini.

Milli ordumuz doxsan ikinin iyununda Dağlıq Qarabağda kəndləri erməni əsgərlərindən təmizləyəndə də, daha sonra torpaqlarımızın iyirmi faizə yaxını işğal olunanda da, mən, Rasim və Ehtiram Rasiyada nətəər lazımdı pul qazanırdıq. Onlardan ayrı qalırdım, ayda bir-iki dəfə kafedə, restoranda görüşüb Azərbaycanda baş verən siyasi hadisələrdən, müharibədən danışırdıq. Yadımdadı, doxsan ikinin iyulunda bizimkilər Ağdərəni alanda, araq dolu qədəhləri bir-birinə vurub “Gələn ay bayrağımızı yüz faiz Xankəndində sancacaq ordumuzun” sağlığına içdik.

Kirayə tutduğum evdə Pskovdan Moskvaya oxumağa gəlmiş on doqquz yaşlı Anya yeməyimi bişirirdi, paltarlarımı yuyurdu, gündüz-gecə kefləri isə öz yerində. 1999-cu ildə, artıq atəşkəs dövründə qazandığım pula Bakıda, üçüncü mikrorayondakı xruşşovkaların birində özümə ikiotaqlı ev aldım. Anyadan mədəni şəkildə ayrılıb vətənə döndüm. Bakıda balaca market açdım, ikinci marketi açanda, evdəkilərin məsləhətiylə anamın əmisi nəvəsiylə evləndim, indi məktəbdə oxuyan iki oğul böyüdürəm.

Rayonda danışırdılar ki, Samir ən qızğın döyüşlərdə, ən əsas da, Horadiz və Füzulinin on bir kəndinin alınmasında iştirak edibmiş. Elə ordakı döyüşlərin birində bir neçə yerdən, ən pisi, başından ağır güllə yarası aldığından əməliyyat olunubmuş. İndi hardasa qırx dörd yaşı var, hələ də evlənməyib, – rayondakıların dediyinə görə, evlənməsi qəliz məsələdi. Kontuziya, işsizlik, üstəlik, eşitdiyimə görə, təkrar əməliyyata ehtiyacı var, amma əlillik təqaüdü ilə ancaq öz başını dolandırır...

Yayda rayondakı qohumlara dəyəndə, bəzən yaşadığı evin yanından keçməli oluram. Çox vaxt oturacaqda oturub, çəliyinə söykənib, fikirli-fikirli siqaret çəkir. Saçları ağarıb, xeyli arıqlayıb, enlikürək, yoğun biləkli Samirdən əsər-əlamət qalmayıb. Nənəm deyir ki, anasını çox incidir, hərdən əl də qaldırır. “Niyə?” – soruşuram. “Nə bilim?... Təzyiqi tez-tez düşür, anası zorrama dərman vermək istəyəndə söyür anasını, deyir, rədd ol, ölmək istiyirəm. Təzyiq də elə başına görədi, aperasiya olunmalıdı başından, amma pulları yoxdu”. “Görən, nə qədər lazımdı ki?” – ehtiyatla soruşuram. “Nə bilim... Yəqin çox lazım olar,” – nənəm də qorxa-qorxa cavab verir və mənə elə gəlir ki, gedib ona pul verəcəyimdən ehtiyat edir. Qəfildən nənəmə belə bir sual verirəm: “Düzünü de, yenə müharibə başlasa və məsəlçün sən bilsən ki, mən gedib Qarabağ uğrunda vuruşub ölməklə torpaqlar azad olacaq, razı olarsan buna?” Sualdan tutulan kimi olur, bir az fikirləşəndən sonra cavab verir: “Yox, a bala, torpaqlarımızın azad olmasını mən də istəyirəm, amma nəvəmin şəhid olmasını istəmərəm. Qarabağı qoy hökumət alsın”. Dalınca soruşuram ki, yaxşı, ad çəkmirəm, o biri nəvələrindən birinin şəhid olmasına necə, razı olarsan? “Elə o birilərinə də razı olmaram. Qoy varlıların uşaqları gedib vuruşsun”. Ürəyimdə nənəmə hirslənirəm, az qalıram qayıdıb sual verəm ki, bəyəm, sənin Moskvadakı nəvələrin, ya elə mən özüm kasıbıq ki? Biz də varlıyıq da...

Bir əlilə çəliyinə söykənib, çəkdiyi siqaretin aram-aram hərəkət edib yox olan tüstüsünə kədərli-kədərli baxır, yəqin bununla əsəblərini öldürür. Samirin sifətinin qəfildən gərildiyini də görmüşəm, bilmişəm ki, başındakı ağrılardandı. Bunları görəndə o vaxt üzərimdə “məhkəmə” quran qohumlarım yadıma düşür, – onda lap çox Rasimlə Ehtiramı söyürəm ürəyimdə: o qədər pulları var, desəm ki, hərəniz iki-üç min dollardan atışın, Samir getsin İranda əməliyyat olunsun, o dəqiqə başlayarlar ki, ay qohum, biləsən, özümüzün nə qədər dərdimiz var: birinin ağciyəri xarab çıxacaq, o biri də deyəcək ki, inan, kardioloqların əlində qalmışam. Heç illərlə yadlarına düşməz ki, Horadizin alınmasında iştirak edən birisinin pensiyası çox şeyə çatmır. O qohumlarımı ürəyimdə söyüb yamanlasam da, ildə bir-iki dəfə evimizə qonaq gələndə, əvvəlcədən yaxşı bazarlıq edirəm, yoldaşıma üç-dörd cür yemək bişirtdirirəm ki, evdən razı getsinlər. Fikirləşirəm ki, qohumdurlar, sabah, Allah eləməsin, işim getməz, təcili borca pul lazım olsa, yenə də onlara ağız açmağa məcbur olacam.

Düzünü deyim, elə olub ki, rayona gedəndə, bir cibimdə min manat, o birisində də hardasa o qədər dollar olub. İstəmişəm yaxınlaşam, yadına salam kiməm, söhbət eliyəm, uşaqlığımızı yada salaq, amma sifətindəki qəzəbə oxşayan kədərdən qorxmuşam, elə bilmişəm götürməyəcək, əlilə geri itələyəcək cibinə basmaq istədiyim pulları. Ən pisi, deyəcək ki, sən, Rasim, ya Ehtiram məndən arıtq oğlanlarıydız, evin tək oğluydum, mən gedib vuruşanda, başımdan yaralananda, siz Moskvada pul qazanıb kef eliyirdiz.

İndi də bu yaşımda rayonda çölə çıxmazdan əvvəl pəncərədən o yan-bu yana boylanıram, qorxuram ki, hündürdən baxıb, küçəmizdən keçəcək əlil dostumun baxışlarına tuş gələm: onda gərək ya baxışlarımı yayındıram, ya da tez başımı geri çəkəm ki, üz-üzə gəlməyək. Yaddaşı zəifləyib, ya bəlkə qəsdən məni görməməzliyə vurur, küçələrindən keçəndə reaksiya vermir. Elə mən də sus-pus yanından keçib gedirəm. Onu gözləri yol çəkən görəndə bəzən kövrəlirəm, yaxınlaşıb üzr istəmək, “Ay dost, bağışla ki, o vaxt dayımqızından sənə cavab məktubu gətirmədim,” – demək keçir ürəyimdən. Bir də bağışla ki, dayımqızını on dəfə məndən üzr istəyə-istəyə sevdiyini etiraf elədiyinə, texnikomu qurtarandan sonra anangili elçi göndərməyi dediyinə görə o vaxt ürəyimdə sənə xeyli müddət “oğraş” demişdim. Nə də indi qarın buraxmış qohumlarım səni o vaxt çayxanada söyəndə tərəfini tuta bilməmişdim.

22 oktyabr, 2013, - 12 avqust, 2015,

Bakı

# 2101 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #