Baladadaşın ilk məhəbbəti – Elçinin məşhur hekayəsi

Baladadaşın ilk məhəbbəti – <span style="color:red;">Elçinin məşhur hekayəsi
13 may 2019
# 21:00

Bu gün Xalq yazıçısı Elçinin doğum günüdür. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onun məşhur "Baladadaşın ilk məhəbbəti" adlı hekayəsini oxucuların diqqətinə çatdırır.

Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.

Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.

Kənddə ins-cins gözə dəymirdi, bircə Baladadaşdan başqa; Baladadaş kəndarası asfalt yolun səkisində, tut ağacının dibində oturmuşdu və bütün kənd camaatından fərqli, günün bu cırhacırında istidən qorxub-eləmirdi; ağacın qotur kölgəsi nə vaxt idi yerini dəyişmişdi, amma Baladadaş yerini dəyişməmişdi, elə-eləcə günün altında oturub mürgü döyürdü.

Baladadaş yalın ayaqlarına səndəl geymişdi, əynində parusin şalvar, qısaqol miləmil trikotaj köynək var idi, başına «aerodrom» kepka qoymuşdu və hərdənbir tər damcıları bu «aerodrom» kepkanın altından yuvarlanıb Baladadaşın sısqa sifətindən üzüaşağı axırdı.

İçi pivə çəlləkləri ilə dolu bir yük maşını asfaltdan gəlib keçdi və bu maşının tırıltısı Baladadaşın heç xoşuna gəlmədi, ağcaqanadın əlindən gecə yaxşı yata bilmədiyinə görə, əməlli-başlı qızarmış gözlərini açıb yerindən tərpənmədən maşının ardınca baxdı, sonra gözlərini qıyıb günəşə baxdı, sonra da tut ağacının yerini dəyişmiş qotur kölgəsinə baxdı, amma ərindiyindən və kəsalət onu basdığından yenə də yerindən tərpənmədi, ayaqlarını irəli uzadıb sidq-ürəkdən əsnədi və qollarını da geniş açıb yaxşıca gərnəşdi.

Qarşıdakı həyətin daş hasarından bir oğlan uşağının başı göründü və bu oğlan uşağı Baladadaşı görən kimi, tez də başını çəkdi, o saat da həyətin göy darvazasının kiçik qapısı açıldı və həmin oğlan uşağı həyətdən çıxıb Baladadaşa tərəf gəldi; bir əlində yaxmac tutmuşdu, o biri əlində də taxta parçası, gəlib Baladadaşın qabağında dayandı və yaxmacdan dişləyib ləzzətlə çeynəyə-çeynəyə taxta parçasını ona uzatdı:

– Şumaqədər yon də mənimçün!..

Baladadaşdan səs çıxmadı. Oğlan yenə yaxmacdan ləzzətli bir dişdəm alıb dedi:

– Nolar, yon də!..

Baladadaşdan səs çıxmadı. Oğlan ağzındakı dişdəmi çeynəyib qurtardıqdan sonra yenə dedi:

– Nolar...

Baladadaş gözlərini qıyıb bir müddət oğlana baxdı, elə bil, onu birinci dəfə idi görürdü, sonra dedi:

– Qəmişini çək məndən.

Oğlan əlindəki yaxmaca baxdı və elə bil, bir az məyus oldu ki, yaxmacın qurtarmasına az qalıb, dedi:

– Əhmədağanı əsgərliyə aparanda demədin ki, onun yerinə şumaqədər yonacaqsan mənə?

Baladadaşdan səs çıxmadı.

Oğlan dedi:

– Dünən Əhmədağadan məktub gəlmişdi, soruşurdu məndən ki, şumaqədər yonur səninçün

Baladadaş? Sonra da yazmışdı ki, məndən atəşin salam deginən Baladadaşa. Öz canımçün.

Baladadaş əvvəlcə yenə heç nə demədi və yenə də bir müddət yerindən qımıldanmadı, sonra bir balaca gərnəşdi, əlini şalvarının cibinə salıb «Avrora» çıxartdı, içindən bir dənə siqaret götürüb qoydu qulağının dibinə, qutunu soxdu cibinə və bu dəfə də o biri əlini şalvarının o biri cibinə salıb açılıb-örtülən bıçaq çıxartdı, açıb dırnağında itiliyini yoxladı və dedi:

– Ver bura.

Səhərdən bəri səbrlə Baladadaşdan cavab gözləyən oğlan əlindəki taxta parçasını ona verdi və Baladadaş da taxta parçasını alıb o tərəf-bu tərəfinə baxdı, sonra da yonmağa başladı.

Qarşıdakı göy darvazanın kiçik qapısı yenə açıldı və həyətdən bir qadın çıxıb Baladadaşın yanındakı oğlanı səslədi:

– Ağanəcəf, ay Ağanəcəf!

Ağanəcəf anasına tərəf baxdı:

– Nə var?

– Gəl otur uşaqların yanında, gedirəm bazara.

Ağanəcəf bir anasına baxdı, bir Baladadaşa və əlindəki yaxmacın axırıncı tikəsini ağzına soxub çeynəyə-çeynəyə dedi:

– Qurtaranda çağır gəlim götürüm, hə?

Baladadaş öz işində idi və elə bil heç nə eşitmirdi və ümumiyyətlə, elə bil ki, dünya Baladadaşın vecinə deyildi. Ağanəcəf qaçıb həyətə girdi.

Qadın gəlib Baladadaşın yanından keçəndə ayaq saxladı:

– Necəsən, Baladadaş, anan necədir?

Baladadaş başını qaldırmadan:

– Yaxşıdır, – dedi.

– Haçan gedirsən əsgərliyə?

– Payızda.

– İnşallah. Əhmədağa da kursa girib orda.

Baladadaş başını qaldırıb qadına baxdı:

– Mən də girəcəyəm.

– İnşallah.

Qadın yoluna davam etdi. Baladadaş da taxtanı yonmağa başladı və birdən yenə başını qaldırıb qadının ardınca qışqırdı:

– Əhmədağaya salam yazun məndən, atəşin. Yazun ki, salamduası var sənə

Baladadaşın.

Qadın gülümsəyib başını tərpədə-tərpədə:

– Salam göndərən sağ olsun, çox sağ ol, – dedi və tini burulub gözdən itdi.

Yenə də bir kənd idi, bir günün cırhacırı, bir də tut ağacının altında oturub ciddcəhdlə şumaqədər yonan Baladadaş. Bir də dəniz idi; göy uzaqda üfüq xəttilə birləşirdi və güclə sezilən bu üfüq xətti elə bil ki, dünyanın axırı idi.

Göy tərtəmiz idi, dəniz də dalğasız, səssiz-küysüz və bu təmizlikdə, bu səssizlikdə bu dəqiqə elə bir əbədilik var idi ki, elə bil dünyada nə yağış olub, nə çovğun, nə dəniz uğultusu, nə də ki, bir başqa şey.

Əvvəlcə yük maşınının səsi gəldi, sonra özü göründü və səs sala-sala asfalta gəlib Baladadaşın yanından ötdü, iyirmi-iyirmi beş metr aralıda dayandı. Maşının banında yekə bir dəst yorğan-döşək, miz, taxta kətillər, böyük paltar dolabı, qab-qacaq, qazan, samovar var idi və belə məlum olurdu ki, təzə köç gəlib. Sürücü motoru söndürüb aşağı düşdü, o tərəf-bu tərəfə boylanıb dedi:

– Hə, bude, bax, buradır.

Kök bir qadın hıqqana-hıqqana kabinədən düşüb sürücünün göstərdiyi taxta qapıya baxdı, sonra ətrafa nəzər saldı, sonra dənizi əməlli-başlı süzüb:

– Allah Muradın canını sağ eləsin, – dedi. – Lap əntiqə yerdə götürüb bağı.

Sürücü cibindən çıxartdığı açarla taxta qapının ağzındakı yekə qıfılı açdı və qapını itələyib içəri boylandı. Əncir, heyva və nar ağacları bu balaca həyəti başdanbaşa kölgəlik eləmişdi. Artırmalı, birmərtəbəli binanın arxa tərəfi meynəlik idi. Həyətin aşağı başında kiçik bir bostan var idi, bostanın yanında isə ikimərtəbəli talvar və bu saat bir dəstə sığırçın həmin talvarın alt mərtəbəsindəki kölgəlikdə civildəşə-cəvildəşə kefə baxırdı.

Kök qadın bu xudmani həyətin səliqəsindən, kölgəsindən xeyli feyziyab olmuşdu və bir müddət beləcə dayandı qapının ağzında, sonra yəqin yadına düşdü ki, qapının ağzında dayanıb tamaşa eləməyə gəlməyiblər bura, şeyləri evə daşımaq lazımdır və görünür, bu da yadına düşdü ki, on səkkiz yaşında qəşəng bir qızı var və qız hələ bu xudmani həyətə baxmayıb.

– Seva, bir gəl, bax gör nə aləmdi!.. – Kök qadın ətrafına nəzər saldı və yalnız indi hiss elədi ki, Seva səhərdən bəri gözə dəymir, balaca bir təşvişlə sürücüyə baxdı. Sürücü də gözlərini ətrafa dolandırıb təəccüblə çiyinlərini çəkdi, yəni gözə dəymir Seva xanım.

Kök qadın get-gedə artan bir təşvişlə yük maşınının dörd tərəfini dolandı, o tərəf-bu tərəfə boylandı:

– Sevil! Hardasan, Seva!..

Kök qadının təşvişi yavaş-yavaş sürücüyə də sirayət edirdi:

– Seva xanım!

Sürücü pəncələri üstə qalxıb maşının banına boylandı – heç kim yox idi. Doğrudan da, hardadı görəsən bu qız?

Səhərdən bəri tut ağacının dibində oturub şumaqədər yonmaqla məşğul olan Baladadaş başını qaldırıb yük maşınına tərəf baxdı və sonra yenə də başını aşağı salıb cidd-cəhdlə işinə davam etdi.

Kök qadın sürücüyə yaxınlaşıb özü öz sözlərindən qorxurmuş kimi:

– Birdən yolda uşaq maşından düşər a?.. – dedi.

Sürücü onsuz da başını itirmişdi. Yenə pəncələri üstə qalxıb maşının banına boylandı və dedi:

– Murad yoldaş bilsə ki, Seva xanım kuzovda gəlib, mənim qanım getdi!..

Kök qadın daha sürücüyə təskinlik vermək halında deyildi, əməlli-başlı qorxuya düşmüşdü:

– Sevil! Sevil!

Birdən Sevilin səsi gəldi:

– Nə var maması?..

Kök qadın duruxdu və sürücüyə baxdı. Sürücü yenə də çiyinlərini çəkdi və bu dəfə əyilib maşının altına baxdı, guya ki, Sevil maşının altında olacaqdı.

Kök qadın yenə çağırdı:

– Seva!

– Bəli!...

Sürücü də, kök qadın da çaşbaş qalmışdı və bu zaman maşının başındakı yekə paltar dolabının qapısı açıldı və əynindəki ağ donuyla elə bil ki, göyün yeddinci qatından uçub gəlmiş Sevil adlı məlakə reverans etdi, yəni ki, buyurun zati-aliləri, qulluğunuzda müntəzirəm. Kök qadın əlini sinəsinə aparıb:

– Bir də ürəyimi partladacaqsan, – dedi, amma gülümsədi, çünki məlum olmuşdu ki, onun gözəl-göyçək qızı yolda maşının banından yerə düşməyib və başına başqa bir iş də gəlməyib, elə beləcə, həmişəki zarafatındadı. Sürücü, elə bil, ancaq indi başa düşdü ki, adamın atasını yandıran günün altında dayanıb, cibindən yekə dəsmalını çıxardıb üz-gözünün tərini sildi.

Sevil pinq-ponq topu kimi bir göz qırpımında maşının banından yerə atıldı və səhərdən bəri gözünü ondan çəkməyən Baladadaş da günün istisini hiss etdi, yerindən qalxıb şalvarının dalını çırpdı və bu dəfə keçib tutun qotur kölgəsində oturdu.

Sevil taxta qapıdan boylanıb baxdı və əlini əlinə vurub:

– Oy!.. Kakaya krasata!.. – dedi. – Prosto prelest!..

Kök qadın bütün yayı qalacaqları bu xudmani həyəti bir də gözdən keçirib gülümsədi – həm öz yerinə sevinirdi, həm də qızının yerinə – və dedi:

– Yaxşı, şey-meyi düşürdək ki, rahatlanaq.

Sürücü banın yan sürahisini açıb aşağı sallatdı və yükü bir-bir boşaldıb evə aparmağa başladı. Sevil də, anası da xırda-xuruş şeylərdən götürüb sürücüyə kömək edirdi və artıq qan-tərə batmış kök qadın hərdənbir yenə də heç nəyi vecinə almayıb tutun kölgəsində şumaqədər yonmaqla məşğul olan Baladadaşa tərs nəzərlər salırdı, yəni görmürsən təzə qonşular gəlib, kömək eləməkdənsə, kölgədə avaralanırsan. Baladadaş kök qadının, sonra da sürücünün tərs nəzərlərini öz üzərində hiss edirdi, amma Baladadaş da ona görə Baladadaş idi ki, öz bildiyini atasına da verməzdi, necə lazım bilərdi, elə də edərdi.

Kök qadın lap birtəhər olmuşdu, hərçənd hərdənbir yük daşımaq ona ziyan eləməzdi. Sevil isə ding-ding dingildəyə-dingildəyə gəlib bir kitab götürürdü, ya lap kiçik bir bağlama götürürdü, aparırdı evə, təzədən qayıdıb yenisini götürürdü və elə bilirdi ki, əməlli-başlı iş görür.

Axırda sürücü maşının banına qalxıb yekə paltar dolabını yerindən dəbərtməyə başladı və kök qadın da daha özünü saxlaya bilməyib üzünü Baladadaşa tutdu:

– Ay oğlan, – dedi, – gəl kömək elə də bir az, görmürsən gücümüz çatmır?...

Baladadaş başını qaldırıb bir müddət kök qadına baxdı və ondan soruşdu:

– Mənimləsiz?

– Hə... Bəs, kiminləyəm?

Baladadaş yenə də bir müddət kök qadına baxdı və dedi:

– Hambal gətirəydiniz də özünüzlə.

Kök qadın başa düşə bilmədi ki, Baladadaş bu sözləri onları lağa qoymaq üçün deyir, ya elə, doğrudan da, bu fikirdədir və onlar gərək hambal gətirəydilər özləriylə?

Tərdən ağ köynəyi bədəninə yapışmış sürücü acıqlı-acıqlı Baladadaşa baxıb nə isə demək istədi, amma bu zaman qapının ağzında dayanmış Sevil Baladadaşa baxabaxa pıqqıldadı və sürücü də daha heç nə demədi. Baladadaş «aerodrom» kepkasının yekə dimdiyi altından Sevilə baxdı, sonra əlindəki taxta parçasını səkinin üstünə qoyub ayağa qalxdı, açılıb-örtülən bıçağını bağlayıb cibinə qoydu və ədəb-ərkanla parusin şalvarının dalını çırpıb asta addımlarla maşına yaxınlaşdı. Sevil günün bu cırhacırında Baladadaşın başına qoyduğu kepkaya, qulağının dibindəki siqaretə baxdı və yenə də pıqqıldadı.

Baladadaş gözucu qıza baxdı və halına təfavüt qoymadan sürücüyə işarə elədi ki, paltar dolabını aşağı itələsin, özü isə kürəyini maşının başına söykəyib əllərini yuxarı qaldırdı.

Sürücü əvvəlcə tərəddüd etdi, çünki dolab çox yekə idi, Baladadaş cılız, amma Baladadaşın inamı ona da sirayət etdi və o, hıqqana-hıqqana paltar dolabını Baladadaşın kürəyinə endirdi.

Baladadaş əlləri ilə başının üstünə əyilmiş dolabı tutub addım atmaq istədi, amma ağırlıq altında dizləri titrədi, gözləri qaraldı və o, bircə anın içində fikrindən keçirdi ki, əgər bu saat bu ağır yükün altından qaçmasa nə əsgərliyə gedə biləcək, nə də Əhmədağa kimi kursa girəcək, anası da ağlar qalacaq evdə və yadından çıxartdı ki, yanında on səkkiz yaşlı gözəl bir qız var və qızın adı Sevildi və Sevil yaman güləndi.

Baladadaş güclə kənara sıçradı ki, ağır dolabın altında qalıb xurd-xəşil olmasın və dolab da bayaqdı ha, gumbultu ilə ağzı üstə yerə – qır səkinin üstünə düşdü. Paltar dolabının gurultusundan sonra bir anlıq sükut çökdü və yalnız bu bir anlıq sükutdan sonra Sevil əvvəlcə pıqqıldadı, sonra da lap şaqqanaq çəkib güldü və onun bu gülüşü elə bil ki, kök qadını yuxudan oyatdı:

– Vaxsey-y!..

Baladadaş əvvəlcə ağzıüstə yerə sərilmiş dolaba, sonra da gülüşü ilə kəndin həmişəki yeknəsəqliyini alt-üst edən Sevilə baxdı və dedi:

– Eyb etməz, düzəldərik.

Kök qadın özünü saxlaya bilmədi:

– Nəyi düzəldərik, ay mən deyən? Xəşilə döndərmisən şifoneri, indi də deyirsən düzəldərik?!.

Sevil yenidən şaqqanaq çəkib güldü.

Yəqin ki, Murad yoldaşa nə cavab verəcəyi barədə düşünən sürücü matı-qutu qurumuş halda maşının banında dayanıb yuxarıdan-aşağıya Baladadaşa baxırdı və ağzını açıb bircə kəlmə də deməyə halı yox idi.

Baladadaş isə gözlərini dolabdan çəkib yenə Sevilə baxdı və birdən-birə başa düşdü ki, cəmi yarımca saat bundan əvvəl heç tanımadığı bu on səkkiz yaşlı gözəl qız onun üçün çox doğma və əziz bir adamdır, bu hiss onun bütün bədənindən axıb keçdi və ona elə gəldi ki, dənizin ləpələri bütün bədənini oxşadı; dənizi isə Baladadaş kimi duyan, hiss edən ikinci adam tapmaq çətin işdi. Baladadaşın ilk məhəbbəti belə başladı və bu ilk məhəbbətin ilk günortası həmin bu dolab əhvalatı ilə sona yetdi; Baladadaş əvvəlcə parusin şalvarının dalını çırpdı – guya ki, yenə səkinin üstündən qalxırdı və sonra heç nə olmayıbmış kimi, geri dönüb təkcə Baladadaşın gəzə biləcəyi asta və biganə yerişlə uzaqlaşdı.

Hər tərəf dəniz idi və bu saat dənizdə balıqlardan başqa bir də Baladadaş üzürdü; balıqlar görünmürdü, amma Baladadaşın başı dənizin üzərində qaralırdı, batırdı, çıxırdı; Baladadaş elə ehmallıca üzürdü ki, dənizin sakitliyi də öz sakitliyində qalırdı, səssizliyi də öz səssizliyində. Baladadaş suyun üzərində arxası üstə çevrildi və gözlərini göyə dikdi; göy də dəniz kimi intəhasız idi və bu göyün altındakı dənizdə bir Baladadaş var idi, bu Baladadaşın isə ürəyində on səkkiz yaşlı gözəl bir qız var idi; bu qızın adı Sevil idi, özü də yaman güləyən idi.

Həmin güləyən qız indi oturmuşdu təzə həyətlərindəki iri əncir ağacının altında, amma daha gülmürdü, əllərini xurmayı saçlarının arasından başının arxasında çarpazlayıb iri göy gözlərini zilləmişdi səmaya; səmaya baxırdı və şer deyirdi:

Kak proşalis, strastno klyalis

V vernosti lyubvi...

Vmeste tayn priobşalis,

Peli solovi...

Vzyal qitaru na proşane

I u strun istorq

Vse priznanya, obeşanya,

Vsey duşi vostorq...

Da, toska zapolnila,

Porvalas struna...

Ne znala b, da ne manila

Dalnya storona!

Vspominay je, radi boqa,

Vspominay menya,

Kak sedoy tuman iz loqa

Vstanet do pletnya...

Şeri deyəndən sonra əllərini geniş açıb gərnəşdi və yalnız bu zaman hasarın üstünə dırmaşıb ona baxan Baladadaşı gördü, əvvəlcə bir balaca duruxan kimi oldu, ondan soruşdu:

– Sən də şer bilirsən?

– Nöş bilmirəm?

Sevil yenidən dikəlib maraqla dedi:

– Yox a?... – Elə bil inanmırdı ki, Baladadaş şer bilir. – De də birini.

– Məktəb-zaddı bəyəm?...

Əlbəttə, Baladadaş bir para şer bilirdi, amma Baladadaş onu da bilirdi ki, bu şerlərin heç biri Sevilə layiq deyil; yəni Sevilin, bu təmiz göyün, bu səssiz-səmirsiz dənizin, bax, indiki bu dəqiqənin şerləri deyil o şerlər; Baladadaş onu bilirdi ki, təmiz göyə baxıb şer deyən qızla lap incə, zərif danışmaq lazımdır, amma məsələ burasında idi ki, Baladadaş incə və zərif danışa bilmirdi. Əslində Baladadaş bunu ancaq indi hiss elədi, indi hiss elədi ki, o, yəni on səkkiz yaşı ilə bərabər məktəbi də yenicə bitirmiş məşhur şumaqədər ustası Baladadaş qızla incə və zərif surətdə, yaxşı sözlər işlədə-işlədə danışmaq qabiliyyətində deyil.

O, ürəyinin lap dərinliklərində hiss elədi ki, beləcə hasarın üstündə oturub onca metrlikdən tamaşa elədiyi bu qız əslində onun dünyasından çox-çox uzaqdadı, amma Baladadaş bunu da hiss elədi ki, günlərin bir günündə, dənizin sahilində, aylıulduzlu bir yay gecəsində, özü də sərin bir gecədə bu uzun məsafə yox ola bilər, bu gözəl qız da lap dəniz kimi onun saçlarını sığallayıb öpə bilər. Baladadaş elə bil ki, bu öpüşü sifətində hiss etdi, diksindi və suçlu adamlar kimi qıza baxdı.

Məlum məsələ idi ki, Sevil Baladadaşın fikirlərindən və bir neçə saniyə bundan əvvəl onun arıq üzündən öpdüyündən xəbərsiz idi. Qız Baladadaşın üzündən öpdüyündən xəbərsiz idi. Qız Baladadaşın başındakı «aerodrom» kepkaya baxıb gözlərini süzdü və Baladadaş da başa düşdü ki, onun bu saat şer deyə bilməməsi çox pis iş oldu.

Sevilin anası artırmadakı qaz pilətəsinin üstündə təzə lobya qızardırdı və hasara dırmaşmış Baladadaşı görəndə lap cin atına mindi:

– Mənə bax, ora niyə dırmaşmısan? Başına yer qəhətdir?

Baladadaş kök arvada baxdı və heç nə deməyib hasardan yerə atıldı, parusin şalvarının dalını çırpıb səndəllərinin burnu ilə qumu tozlandıra-tozlandıra hasarlararası yol ilə uzaqlaşdı. Sevilin anası pilətənin üstündəki lobyaya dörd-beş yumurta çırpıb hələ də əncir ağacının altında oturmuş qızına dedi:

– Murad gələcək indilərdə, dur qabdan-qacaqdan yığ stolun üstünə... Sevil Muradın adını eşidəndə gülümsədi və quş kimi qalxıb otağa girdi. Sevilin anası pilətənin odunu lap alıb sarımsaq əzməyə başladı və bu zaman həyətin taxta qapısı açıldı və Baladadaş hər əlində içi su ilə dolu bir vedrə hıqqanahıqqana gəlib dayandı həyətin ortasında.

Sevilin anası tərs-tərs Baladadaşa baxdı və Baladadaş da bir müddət bu kök arvada baxıb:

– Şollar suyudur, – dedi. – Gətirdim sizinçün, işlədəsüz.

Sevilin anası dedi:

– Get, bala, get. Səndən heç kim heç nə istəməyib, get öz işinə, gücünə...

Baladadaş, «aerodrom» kepkasının altından tər damcıları süzülə-süzülə yenə də bir neçə müddət kök arvada baxdı və heç nə demədən geri dönüb əlindəki vedrələrlə birlikdə həyətdən çıxmaq istədi. Sevilin anası arxadan onu səslədi:

– Doğrudan şollar suyudu? Baladadaş ayaq saxlayıb kök arvada sarı çevrildi və bu kök arvadı inandırmaq üçün sidq-ürəkdən and içdi:

– Kepkam haqqı şollar suyudu, inanmırsuz?

Sevilin anası elə bil eşitmədi:

– Nə?

Baladadaş vedrələri yerə qoyub əlini kepkasına vurdu və dedi:

– Əşşi, kepkama and olsun ki, şollar suyudu, nöş inanmırsan e, sən?...

Birdən Sevil evin qapısından həyətə tərəf boylandı və:

– Necə, necə?! – dedi. – Kepkam haqqı?.. – Sonra da başladı şaqqanaq çəkib gülməyə.

Baladadaş başa düşmədi ki, Sevil indi nəyə gülür; əslində Sevilin gülməyi, özü də şaqqanaq çəkib gülməyi onun xoşuna gəlirdi və buna görə də heç ürəyində də ona acıqlana bilmirdi ki, adam belə güləyən olmaz.

Sevilin anası dedi:

– Yaxşı, gətirmisən, ver işlədək, amma day zəhmət çəkmə bundan sonra.

Baladadaş yenə də geri qayıdıb vedrələri hıqqana-hıqqana artırmaya qaldırdı və suyu iri dəmir qaba boşaltdı. Bu zaman həyətin qapısı ağzında qırmızı rəngli bir «Moskviç» dayandı. Sevilin anası o saat əl-ayağa düşdü:

– Murad gəldi! – dedi. – Seva, Murad gəldi!

Sevil tələsik otaqdan çıxıb qaça-qaça həyətə düşdü. Anası da Baladadaşı yadından çıxarıb dəsmalla əllərini silə-silə həyətə endi. Murad otuz yaşında, boylu-buxunlu, yaraşıqlı bir kişi idi. O, maşından düşüb həyətə girəndə elə bil səhərdən bəri günün altında taqətsiz qalmış bu həyətə bir canlanma gəldi, bu balaca evin, artırmanın, pilətənin – hər şeyin sanbalı artdı.

Murad:

– Hə, necədi? – dedi. – Necə yerləşmisiniz?

Sevil:

– Əntiqə! – dedi və özünü saxlaya bilməyib Muradın qoluna qısıldı; anası yanında olmasaydı, yəqin Muradın boynuna sarılacaqdı.

Sevilin anası da bunu hiss eləyib bir az özünü itirən kimi oldu, sonra dedi:

– Lap yaxşıdı buralar. Lap yaxşıca da yerləşmişik.

Murad ətrafı gözdən keçirib özündən və bütün bu həyət-bacadan razı halda dedi:

– Şəhərdə bir isti, bürkü var ki, adam nəfəs ala bilmir.

Sevil onun gözlərinin içinə baxıb:

– Yorulmusan? – dedi və elə dedi ki, anası yenə bir balaca özünü itirən kimi oldu: qız açıq-aşkar Muradın boynuna sarılmaq istəyirdi.

Bu saat heç kim bilmirdi ki, dünyada Baladadaş adında bir adam var və tamamilə yaddan çıxarılmış Baladadaş boş vedrələri əlinə alıb onların yanından ötmək istəyəndə Murad soruşdu:

– Bu kimdir belə?

Sevil, Baladadaşın «aerodrom» kepkasının altından tər damcıları süzülən sifətinə baxıb bərkdən güldü.

Sevilin anası dedi:

– Şollar suyu gətirib bizə iki vedrə.

Sevil isə gülürdü. Baladadaş ayaq saxlayıb Sevilə baxdı. Baladadaş üçün fərqi yox idi ki, bu on səkkiz yaşlı gözəl qızın yanında bığıburma zırpı bir oğlan dayanıb və həmin oğlanın təptəzə qırmızı «Moskviç»i var və Baladadaşın gözlərini bərəldib beləcə qıza baxmağı bu oğlanın xoşuna gəlmir; Baladadaş birdən-birə onun üçün bu qədər doğma və əziz olan bu göy gözlərə, xurmayı saçlara, ağ bənizə baxmaq istəyirdi və buna görə də baxırdı.

Murad əlini cibinə salıb bir dənə gümüşü manatlıq çıxartdı və Baladadaşa uzatdı:

– Tut.

Baladadaş gözlərini xurmayı saçlardan, göy gözlərdən, ağ bənizdən çəkib gümüşü manatlığa baxdı.

Əlbəttə, başqa vaxtlar olsaydı, Baladadaş ya söyüş söyərdi, ya gümüşü manatlığı alıb vızıldadardı göyün yeddinci qatına, axır ki, bir şey edərdi. Amma məsələ burasında idi ki, bu dəqiqə Baladadaş özünü tamam itirmişdi və bilmirdi ki, nə eləsin, çünki bu dəqiqə onun yanında on səkkiz yaşlı gözəl bir qız dayanmışdı, özü də bu qız göyə baxıb gözəl şerlər deyə bilirdi və indi bu qız da həmin gümüşü manatlığa baxırdı.

Sevilin anası dedi:

– Elə-belə gətirib e, ay Murad, pulsuz.

Murad gülümsədi:

– Eyb etməz, qoy gedib pivə içsin, sərinlənsin.

Baladadaş heç bir söz deməyib boş vedrələr əlində həyətdən çıxdı.

Arxadan Muradın səsi gəldi:

– Az oldu?

Sonra da göygözlü, xumayısaçlı, ağbənizli həmin on səkkiz yaşlı qız bərkdən güldü.

İki ay var idi: biri göydə, biri də dənizdə və dənizdəki bu ay narın ləpələrin üzərində oynayırdı. Baladadaş sahildə – qumun üstündə oturub gözlərini dənizdəki aydan çəkmirdi.

Bütün sahildə heç kim yox idi, bir dəniz var idi, bir Baladadaş, bir də dənizdəki bu ay.

Sahilin bu tənhalığı bir həzinlik gətirmişdi və Baladadaş da həmin həzinlik içində gözlərini dənizdəki aydan çəkə bilmirdi. Nəhayət, Baladadaş ayağa qalxıb parusin şalvarının dalını çırpdı və yavaş-yavaş sahildən uzaqlaşıb qayıqların arası ilə kəndə tərəf gəldi. Ağanəcəfgilin həyətlərindən gələn mahnı səsi aləmi bürümüşdü: Qədir Rüstəmov «Sona bülbüllər»i oxuyurdu və Baladadaş da mahnının müşayiətilə Sevilgilin təzə həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan onların işıqlı artırmasına baxdı.

Sevil, anası və Murad artırmadakı kiçik mizin arxasında oturub çay içirdi. Sevilin anası:

– Sən Allah, maşını yavaş sür, – dedi. – Ürəyim qalacaq sənin yanında. Telefon da yoxdur ki, şəhərə çatanda zəng eləyib deyəsən.

Murad gülümsədi:

– Onsuz da yavaş sürürəm. Nigaran qalmayın.

Sevil dedi:

– Qal burda də, nə olar?..

Murad dedi:

– Yaxşı deyil...

Sevilin anası dedi:

– Bircə toyunuzu tez eləsəydik...

Baladadaş atılıb hasardan düşdü və dinməz-söyləməz parusin şalvarının dalını çırpıb Sevilgilin həyətlərindən uzaqlaşdı.

Yenə günün cırhacırı idi və belə isti ola, özü də şənbə günü – dəniz də, sahil də adamla dolu idi.

Baladadaş dənizdən təzəcə çıxmışdı və az qala dizinəcən uzanan qara trusiki nazik baldırına yapışmışdı.

Ağanəcəf əlindəki taxta şumaqədəri qumluğa yorta-yorta ona yaxınlaşdı:

– Əhmədağadan bu gün məktub almışıq. Sənə salam yazır. Deyir gəlsin mənim yanıma, Amurski oblasta. Deyir ki, kursa da girər, yaxşı. Ordan sonra vayenni akademiyaya da girmək olur əntiqə. Mən də bu gün yazdım ona ki, Baladadaş yaxşıyaxşı şumaqədərlər düzəldir mənimçün. Anam da yazdı ki, Baladadaş salam deyir sənə.

Baladadaş birdən-birə:

– Sənə nə var e... – dedi. – Dünya vecinə döyül!... – Sonra qumun üzərində uzanıb gözlərini qıydı və günəşə baxdı.

Ağanəcəf ömründə Baladadaşdan belə sözlər gözləməzdi və matı-qutu qurumuş halda gözlərini döyüb bilmədi ki, nə desin. Sonra sahilə tərəf gələn qırmızı «Moskviç»i göstərib:

– Upravlyayuşi gəlir, – dedi.

Baladadaş soruşdu:

– Kim?

Ağanəcəf dedi:

– Upravlyayuşi.

– Upravlyayuşi kimdir?

– Ode, qırmızı «Moskviç»də gəlir.

Baladadaş dikəlib qırmızı «Moskviç»ə baxdı, Ağanəcəf həsəd dolu gözlərini bu təptəzə qırmızı «Moskviç»dən çəkməyərək dedi:

– Təzə qonşumuzdu qız. Bu da onun nişanlısıdı. Yayçün gəliblər, yenə qeyidəcəklər şəhərə payızda. Qızın anası deyir ki, upravlyayuşidi bu. Bilirsən neçə kilo olar qızın anası? Özü belə əntiqədi, ancaq anası yüz kilo olar.

Baladadaş dizləri üstə qumda oturub Muradla Sevilə baxırdı. Sevilin xurmayı saçları çılpaq çiyinlərinə tökülmüşdü. Sevilin çılpaq qıçları, yalın ayaqları qumun üzərində elə addımlayırdı ki, elə bil bütün bu dəniz də, bütün bu sahil də bu qıçların sahibinə məxsus idi. Muradın əzələləri sayılan sağlam bədəni dənizin sularını yardı, Sevilə yol açdı və onlar üzə-üzə sahildən uzaqlaşdılar. Baladadaş dənizdə idi və dənizdə Baladadaşdan, bir də ki... Sevildən başqa heç kim yox idi. Sevil suda Baladadaşın qolları üzərində uzanmışdı. Sevilin xurmayı saçları dənizin üzünə yayılmışdı. Baladadaş Sevili əllərində tutub dənizin üzü ilə gəzdirirdi. Sevil gözlərini yummuşdu və gülümsəyirdi, həm də şer pıçıldayırdı. Baladadaş Sevilin ağ bənizinə, suyun üzünə yayılmış xurmayı saçlarına, şer pıçıldayan dodaqlarındakı gülüşünə baxırdı və o da gülümsəyirdi. Sevil göy gözlərini açıb Baladadaşa baxdı, sonra əlini uzadıb onun sifətində gəzdirdi, sonra dodaqlarının tuşunda tutdu. Baladadaş dəniz təmi verən bu əli öpdü, öpdü və üfüqə baxdı.

Gömgöy üfüq xətti bu dəniz xoşbəxtliyinin sərhəddi idi; bu üfüq xəttindən bu tərəfə Baladadaşla Sevilin aləmi idi; bu üfüq xəttindən bu tərəfə bütün dəniz Baladadaşla Sevilin idi və Sevilin xurmayı saçları bu dənizin üzərinə yayılmışdı. Baladadaş əlləri üstündə tutduğu Sevilə tərəf əyilib onun xurmayı saçlarını və dənizi öpməyə başladı.

– Peyin var bağ üçün, istəmirsən?

Baladadaş gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyə baxdı, elə bil heç nə görmədi və heç nə eşitmədi, təzədən dənizə baxdı, lakin daha nə Sevil var idi, nə də Sevilin xurmayı saçları dənizin üzərinə yayılmışdı.

– Peyin var deyirəm, bağ üçün, lazımdır?

Baladadaş yenə də gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyə baxdı, əvvəlcə elə bil ki, təəccüb etdi: bu kişi hardan peyda oldu belə? Sonra oturduğu yerdən ayağa qalxıb parusin şalvarının dalını çırpdı, cavab gözləyən qocaya heç nə demədən adamsız, bomboş sahildən uzaqlaşdı.

Araba da təkərləri cırıldaya-cırıldaya axşamın toranında sahillə yoluna davam etdi.

Baladadaş qayıqların arasından keçib kəndə girəndə hava tamam qaralmışdı və o, yenə də Sevilgilin həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan işıqlı artırmaya baxdı.

Sevil artırmadakı həsir kresloda təkcə oturmuşdu, əlində də kitab var idi. Sevil sakitcə oturub kitab oxuyurdu və xəbəri yox idi ki, cəmi yarımca saat bundan əvvəl onun bu xurmayı saçları bütün dənizin üzərinə yayılmışdı; xəbəri yox idi ki, Baladadaş dənizin üzərinə yayılmış bu saçları cəmi yarımca saat bundan əvvəl öpürdü; xəbəri yox idi ki, onun bu xurmayı saçlarının şorməzə təmini indi də dodaqlarında hiss edirdi.

Birdən Sevil göy gözlərini kitabdan çəkib bir neçə an qaranlığa – Baladadaşın hasara dırmaşdığı səmtə baxdı və dedi:

– Yenə gəlib çıxmısan hasara?

Baladadaşın ürəyi birdən-birə qırılıb hasarın dibinə düşdü – qabaqlar belə şey olmazdı Baladadaşda.

Sevil dedi:

– Bilirəm də, hasarın üstündəsən. Dünən axşam da çıxmışdın ora. Elə bilirsən xəbərim yox idi? Murada desəm, bilirsən neyləyər sənə?

Baladadaşdan səs çıxmadı. Təkcə qurbağalar quruldayırdı – deyəsən, yağış yağacaqdı. Bir də ki, cırcıramaların səsi aləmi götürmüşdü başına. Sevilgilin evindən də səs gəlirdi – yəqin televizorla kino göstərirdilər və Sevilin anası da oturub kinoya baxırdı. Sevil gözlərini qaranlıqdan çəkmədən dedi:

– Nə istəyirsən? Sənin tayınam? Get bir güzgüdə kepkana bax... Kepka deyil e, aerodromdur, aerodrom. Üstündən qalxıb aya uçmaq olar. Sonra Sevil özü öz sözlərinə güldü.

Sevilin anası içəridən boylanıb soruşdu:

– Kimlə danışırsan elə?

– Heç kimlə. Özüm özümlə! – Sevil yenə güldü. – Olmaz?

Baladadaş başa düşdü ki, aşağı düşmək və buradan əkilmək lazımdır, özü də heç vaxt bu hasara dırmaşmaq lazım deyil. Baladadaş bunu başa düşürdü, amma məsələ burasındaydı ki, əl-ayağı sözünə baxmırdı, elə bil ki, Sevilin sözləri onun ürəyini kəsib hasarın dibinə atmışdı, əlini, ayaqlarını qurutmuşdu. Sevil daha gülmürdü. Bu dəfə lap acıqlı-acıqlı dedi:

– Niyə düşüb getmirsən? Sənin üzündən gedib evin istisində oturum?

Yenə də qurbağalarla cırcıramaların səsindən başqa cavab gəlmədi və Sevil hirslə ayağa qalxıb evə girdi, qapını da arxasınca çırpdı. Baladadaş bir müddət qurbağalarla cırcıramaların səsinə qulaq asdı, sonra axır ki, hasarın üstündən düşüb Sevilgilin həyətlərindən uzaqlaşdı. Bu dəfə Baladadaşın yadından çıxdı ki, parusin şalvarının dalını çırpsın. Kənd irəlidə idi və Baladadaş iki əlinin ikisini də parusin şalvarının ciblərinə salıb günün altında asfalt yolun ortası ilə kəndə tərəf addımlayırdı. Qırmızı «Moskviç» arxadan gəlib onun yanında dayandı və Murad maşının pəncərəsindən boylanıb:

– Gəl otur, – dedi.

Baladadaş bir qırmızı «Moskviç»ə, bir də kənd tərəfə baxdı, sonra əllərini şalvarının ciblərində qurdalayıb maşına yaxınlaşdı, qapını açıb Muradın yanında oturdu.

Qırmızı «Moskviç» yoluna davam etdi.

Murad gözlərini asfaltdan çəkməyərək soruşdu:

– Oxuyursan?

Baladadaş elə bil ki, atasının maşınıymış kimi, yerini rahatlayıb dedi:

– Oxumuram day. Qurtarmışam məktəbi.

– Işləmirsən də?

– Amurski oblasta gedəcəyəm payızda, əsgərliyə. Qayıdandan sonra işləyəcəyəm.

– Əsgərliyə? – Murad gülümsədi. – Özün öz ayağınla əsgərliyə gedirsən?

– Hə, özüm öz ayağımla əsgərliyə gedirəm. – Baladadaş Murada baxdı və açıqaşkar hiss olunurdu ki, bu saat bu «Moskviç» sahibi onun gözlərində çox pis adamdı.

Murad dedi:

– Sənə nə var ki, subay oğlansan, lap dünyanın o başına da gedə bilərsən. Gündə də bir qızla kef eləyərsən. – Sonra əlini qaldırıb maşının sandıqçasını açdı və içindən balaca bir qutu götürdü.

Qutuda qızıl medalyon var idi.

Murad dedi:

– Daha bizim günümüzdə deyilsən ki, gedib qızıldan, brilyantdan alıb gətirəsən ki, nişanlının xoşu gəlsin. – Sonra medalyonu çıxardıb köynəyinin döş cibinə qoydu və boş qutunu Baladadaşa uzatdı. – Al, yaxşı qutudu, bağışlayıram sənə. Adam hədiyyəni qutuda verəndə elə bilirlər ki, qiymətini gözə soxursan. Qiyməti də ki, həmişə yazırlar qutunun üstündə. Baladadaş boş qutunu aldı və dedi:

– Saxla burda düşürəm.

Qırmızı «Moskviç» kəndin girəcəyində dənizə enən qum yolun yanında dayandı. Baladadaş qapını açıb maşından düşdü, sonra əlini cibinə salıb üç dənə iyirmi qəpiklik çıxartdı və dəmir pulları bir-bir maşının oturacağına atıb:

– Çox sağ ol, – dedi. – Bu da yol xərcin. – Sonra maşının qapısını bağladı, parusin şalvarının dalını çırpa-çırpa dənizə tərəf addımladı.

Murad arxadan nə isə qışqırdı, amma Baladadaş heç nə eşitmədi və geri də dönüb baxmadı.

Baladadaş dənizə tərəf gedə-gedə əlindəki medalyon qutusuna baxdı, sonra qutunu bir az qabağa atıb qaça-qaça havada təpiklə vurdu. Qutu göyün yeddinci qatına qalxdı və hara düşdüyü məlum olmadı. Baladadaş qaça-qaça «aerodrom» kepkasını, miləmil trikotaj köynəyini, parusin şalvarını, səndəllərini çıxarıb özünü dənizə verdi, bir az əl-qol atıb arxası üstə suyun üzərində uzandı və göyə baxdı; göy təmiz və sonsuz idi və bu saat sonsuz göy də bu dəniz kimi ancaq Baladadaşa məxsus idi.

Baladadaşın ilk məhəbbət macərası beləcə sona yetdi və bu məhəbbət macərasını o, yalnız bir dəfə – qatara minib Amur vilayətinə əsgərliyə gedən zaman xatırladı və xurmayı saçların həmin şorməzə tamını dodaqlarında hiss etdi.

İyun, 1972

# 5529 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #