“Qatil”dən güclü “Qırmızı bağ”

“Qatil”dən güclü “Qırmızı bağ”
18 may 2016
# 13:38

Rejissor Mirbala Səlimlinin bir əy əvvəl premyerası olmuş “Qırmızı bağ” filmindən indi yazmağım təsadüfi deyil.

Filmlə bağlı M.Səlimli ilə müsahibə eləmək istəsəm də, keçən bir ay ərzində bu, müxtəlif səbəblərdən alınmadı.

Ona görə daha geçikmədən film haqda zəruri hesab elədiyim bəzi qeydləri yazmağı vacib hesab edirəm.

Otuz ildən artıq Şəki teatrında baş rejissor kimi çalışan, teatrın müxtəlif yaradıcı layihələrdə, festivallarda iştirakını təmin edən M.Səlimlinin entuziazmı, çalışqanlığı, sənətə bağlılığı hörmətə layiqdir.

Amma Mirbala müəllimə sayğım və hörmətim ona “Qırmızı bağ”ı müsbət film kimi dəyərləndirməyimə əsas vermir təəssüf ki...

Bir sıra epizodlarda maraqlı təsvir həllinə, təsvir dərinliyinə, uğurlu rəng vurğuları ( məsələn, Vəfanın doğmalarını itimiş Orxanın əlindən tutaraq, qotik filmlərin mühitinə xas soyuq, tutqun, rənglərdə verilmiş evindən, özünün işıqlı evinə aparması ) də filmin uğurunu təmin eləmir.

“Qırmızı bağ” 13 il ərzində ərsəyə gəlib və aydındır ki, müəlliflə əhvalat arasındakı məhrəm münasibətdə çatlar yaranıb, hansısa mühüm bağlar qopub.

Hərçənd, bir bədii əsərin uzun müddətə işləməsi heç də həmişə qopuqluğa gətimir.

Məsələn, M.Səlimli ilə yaşıd olan, Amerika müstəqil kinosunun müəlliflərindən biri Riçard Linkleyterin “Yeniyetməlik” filmini xatırlayıram. Çəkilişlərinə 2002-ci ildən başlayan film yalnız 2014-cü ildə böyük ekranlara çıxıb. Müəllif qəhrəmanı - yeddi yaşlı uşağın həyatını erkən gənclik dövrünə kimi təqib edib və onu başqasıyla əvəz eləməməkdən ötrü 12 il çəkiliş aparıb. Bu müddətdə ssenariyə periodik olaraq dəyişikliklər edilib. Nəticədə sadə amerikalı ailəsinin gündəlik həyatı fonunda insan münasibətlərindən tutmuş Amerikanın İraqa müdaxiləsinə, siyasətə kimi çox mövzulara toxunan, qəhrəmanların həyatının ayrı-ayrı fraqmentlərdən ibarət, iddiasız, qəlbə toxunan ekzistensial dram alınıb.

Linkleyter eskperiment edib, filmi həyat tərzinə çevirib, onunla iç-içə yaşayıb.

M.Səlimlinin vəziyyətində isə 13 il ondan asılı olmayan - maliyyə, texniki maliyyə səbəblərdən yaranıb və filmlə arasındakı kontakt itib.

Məhz bu planlaşdırılmamış uzun müddətlilik filmin uğuruna mənfi təsir göstərən mühüm amillərdən biridir.

Filmin alınmamasının ikinci səbəbi dramaturji problemdir.

Birinci xəta artıq əvvəldə, ilk epizodlarda başlayır. Övladı olmayan Vəfanın Orxanı oğulluğa götürməsindən. Aqressiv, iti baxışlı yeniyetməyə ana şəfqəti ilə yanaşan gənc, gözəl qadına Orxanın münasibəti şübhəli, ikimənalı görünür. O, valideyn sevgisinə ehtiyacı olan yeniyetmədən çox qadının sevgisini qazanmağa, ona sahiblənməyə çalışan kişi təəssüratı bağışlayır. Abbasın arvadını yelləncəkdə yellətməsini, xoşbəxt anlarını Orxanın ağacdan əsəbi, qısqanc baxışlarla müşayiəti istər-istəməz yarımgizli seksual, freydist motivi ön plana çıxarır. Halbuki müəllifin niyyəti bir neçə il əvvəl də “Fokus” kino jurnalına verdiyi müsahibədə dediyi kimi münasibətlərə ana-oğul müstəvisindən yanaşmaq olub.

Qeyd elədiyim motivin rejissorun iradəsinin əksinə olaraq alınmasını həmin 13 ildə ünsiyyət bağının qırılmasına bağlayıram. Əgər müəllifin gerçəkdən niyyəti bu olsaydı, onda məlum motivi hadisələrin gedişatında inkişaf elətdirərdi. Və sevimli Aydın Talıbzadənin də yazdığı kimi bu, bizə belə yozmağa əsas verərdi ki, Vəfanın hamiləliyinin Orxandan olmasını təxmin edək. Zira, hər şeyə rəğmən A.Talıbzadənin traktovkasının əsassız olduğunu düşünürəm. Çünki gedişatda müəllif münasibəti ana-oğul müstəvisinə fokuslandırmağa çalışır.

Hətta, tənqidçinin qeyd elədiyi kimi Vəfanın Orxana tar çaldırmağında, əl-ələ tutub gəzməsində, sonradan Abbasla Vəfanın yatağına girməsində belə hər hansı seksual münasibətə məxfi işarələr yoxdur. Bu, qucağını qayğıya, sevgiyə ehtiyacı olan adama mərhəmətlə açan qadın təbiəti ilə dominant kişi təbiətinin toqquşmasıdır. Orxan isə toqquşmanı səbəbləndirir, gücləndirir.

Və nəzərə almaq lazımdır ki, M.Səlimli əvvəlki “Odla qol boyun”, Rüstəm İbrahimbəyovla birgə işlədiyi “Etimad telefonu” filmlərində də kişi mərkəzçiliyinə, gender problemlərinə vurğu edir.

Üstəlik, Aydın müəllimin dediyi kimi filmin Aleksey Germanın kinotəhkiyə üslubu ilə əlaqəsi yoxdur. “Qırmızı bağ” poetik realizmdir, German isə dokumental manerada işləyib, hipperrealizmə yaxındır.

Filmin digər qüsuru müəllifin metaforalardan, simvollardan bol-bol istifadə edərək saxta poetika yaratmaq cəhdidir: göyərçinlər, yanan, quruyan ağacı, ana və bala iti personajların daxili, fiziki vəziyyəti ilə eyniləşdirmək, elə ilk epizodda qırılan ağac, boz, soyuq təbiətin sonda isti rəngə-qırmızıya bürünməsi... Və Abbasın təhtəlşüurundakı gerçəyi eskpressiv ovqatla ifadə edən yuxu...

Poetik, simvollarla bol o qədər kino nümunə var ki, artıq müasir kinoda onun klişeyə çevrilməsi təhlükəsi yaranır. “Qırmızı bağ”da da simvol-metaforalar xarakterlərin, vəziyyətlərin açılmasına, təsvirlərin ifadəliliyinin gücləndirməsinə, filmin təbiətinin mühüm parçasına yox, klişeyə çevirir. Müəllifin, obrazların, süjetin daxilindən törəmir, kənar müdaxilə kimi qalır.

Hətta mənə elə gəldi ki, Abbas özü belə təbii şəkildə katarsisə doğru getmir, əksinə, müəllif onu güclə katarsisin ağuşuna atır.

Abbas-Vəfa, Abbas-Orxan və bu üçlünün konflikti, konfliktin psixoloji qatları əsaslandırılmayıb, işlənməyib.

Eyni zamanda teatr-kino rejissoru olmaq çətindir. Hər halda M.Səlimlinin kino, təsvir duyumu digər teatr rejissoru, “Qatil”i film kimi yox, tamaşa kimi çəkən Kamran Şahmərdandan güclüdür, hətta müqayisə edilməzdir.

Əgər Mirbala müəllim bundan sonra da film çəkməyə iddialıdırsa, ona ancaq uğurlar, filmlərində özünəxas kinoduyumu ilə danışmağı arzulamaq qalır.

# 937 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #