Elçin Hüseynbəyli roman yazıb – ROMANDAN PARÇA

Yazıçı Elçin Hüseynbəyli “Yenə iki od arasında” romanını təzəcə bitirib. Hazırda əsər üzərində son redaktə işləri aparılır. Bu barədə müəllif özü “Kulis”ə məlumat verib.

 

Şərti olaraq “Səkkizinci Qarabağnamə” adlanan roman böyük mütəfəkkir və yazıçı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunub və Qarabağ tarixinin maraqlı məqamları ilə zəngindir.

 

Kulis.Az oxucular üçün maraqlı olacağını nəzərə alıb, əsərdən bir parçanı təqdim edir.

 

 

Yenə iki od arasında

 

(Səkkizinci qarabağnamə)

 

roman

 

Böyük yazıçı, tədqiqatçı və fikir adamı Yusf Vəzir Çəmənzəminlinin xatirəsinə ehtiramla...

 

 

ÖN

 

...Olur belə şeylər, dostlar, olur. Hardan başlamağı bilmirsən: uzaqdanmı, ortadanmı, yaxındanmı? Mən uzaqdan başladım. Daha doğrusu, birinci cümlə məni gözləmədi. Siz də onu gözləməyin...

 

...1769-cu ildə Rusiya imperatriçası, at ehtiraslı İkinci Yekaterina saray məmurlarına buyurdu ki, Qafqazın yeni xəritəsini hazırlayıb ona təqdim etsinlər. Bununla da o, sələfi Birinci Pyotrun on doqquzuncu əsrdə başladığı işi davam etdirdi, onun siyasətinə sadiqliyini göstərdi: ermənilər Qafqazda, o cümlədən də Azərbaycanda məskunlaşdırılsın.

 

Özü də elə-belə buyurmadı. Yaşı qırxı haqlamış, Mopassan yaşına çatan Böyük Çariça adətinə uyğun olaraq xüsusi mərasim də təşkil elədi...

Bəlalarımızın kökü də ordan başladı...

 

Sonra 1828-ci ilin fevralı gəldi və Türkmənçay sülhünün şərəfinə Petropavlovsk qalasından toplar atıldı: rusların qələbələrinin sayı qədər: 101 dəfə...Ondan bir ay sonra isə İrəvan və Naxçıvan xanlığı ərazisində “Ermənistan vilayəti” yaradıldı. 1921-də Ermənistan Respublikası elan edildi. 1923-də Qarabağda daha bir erməni vilayəti yaradıldı...

 

Qarabağlı İbrahimxəlil xanın dediyi sözlər çin oldu: “Mən ruslarla dostluğun əleyhinə deyiləm, ancaq qorxuram ki, bura gələndən sonra erməniləri şirnikləndirə, onları üstümüzə qaldıra bilərlər...”

 

Sonra...Sonrası sonra oldu...

 

- Elə deyil, ustad? - deyə xəbər aldım.

 

Ustad solğun və bulanıq gözlərilə mənə baxdı və təsdiq əlaməti olaraq başını tərpətdi. Sonra gözlərini yumdu. Həmin vaxt şəhvəti abrını üstələyən Yekaterinanın, cırtdanboy qraf Karl Neselrodun, qızılayaq general Zubovun, çardan incik düşdüyünə görə qacarların tərəfində vuruşmağa hazır olan bədbin və xəstə general Yermolovun, Cavad xanın və İbrahim xanın ailəsini bir gecədə məhv edən “tülkü” ləqəbli mayor Lisaneviçin, rusların bələdçisi, xəyanətkar erməni mayor  Madatovun, Bakıda öldürülən Sisianovun, Şuşa qalasında qanına qəltan edilən xacə şah Ağa Məhəmmədin silueti gözləri önündən gəlib keçdi. Onları heç zaman görməsə də, xatırlaya bilirdi. Yaddaşı hələ diriydi və həmin yaddaş genetik kodlarla ona ötürülmüşdü...

 

*** 

 

Hə, əziz oxucum, öz üslubuma uyğun başlayıram: bir-birini bağlayan rəngbərəng divarlar kimi... Divarlar harda görüşür? Küncdə...

Baş ağrısı olmasın, dostlar. Əvvəl istədim ki, romanı ustadın məzarını ziyarətlə başlayam, amma Nijninovqorod vilayəti Cəzaların İcrası Federal Xidmətindən məktub gəldi ki, məhkum Yusif Vəzirovun dəfn olunduğu məzarlıq indi yoxdur. Arxiv idarəsinin müdiri T.Y.Savinin imzaladığı 146 saylı arayışın qısa məzmunu beləydi: “1940-cı ilin 11 iyununda antisovet fəaliyyətinə görə 8 il həbs cəzası almış və 1941-ci il yanvarın 27-də islah əmək koloniyasına göndərilmiş Yusif Mirbaba oğlu Vəzirovun məzarı saxlanılmayıb.” Yəni yoxa çıxıb. Sonradan mənə məlum oldu ki, Betluqa çayının sol sahilindəki həmin məzarlıq suyun altında qalıb. Bunu mənə Nijni Novqorodda sahə müvəkkili işləmiş uşaqlıq dostum Elmir dedi: “Həmin ərazi daim sucuq olduğundan orda “plotina” (su anbarı) tikilib”. Sonra istədim ki, ustadın hər yaşina uyğun paltarını geyib romana başlayam. Belə də onun ruhuna qovuşa, başına gələn hadisələri, fikir və düşüncələrini asan mənimsəyə bilərdim. Amma orası da bəlli oldu ki, Yusif Vəzir həbs olunarkən onun bütün əşyaları və geyimləri götürülüb, amma geri qaytarılmayıb. Sovet stilistçilərinin tərtib etdiyi aktda hər şey açıq-aydın göstərilmişdi: alt paltarının sayından tutmuş ingilis paltosuna qədər, eləcə də kitabxanaya üzvlük vəsiqəsindən əlyazmalarına kimi.  İstər-istəməz bu fikirdən vaz keçdim və  qərara gəldim ki, belə bir süjet quram, romanı da ona yükləyəm: Bəy qan düşmənçiliyini aradan qaldırmaq üçün xanımına deyir: Ortancılı hazırla. Ortancıl da xəstə. Ana uşağının xəstəsini və cılızını sevər, köməksiz olduğuna görə...

 

Axırda bu süjetdən də vaz keçdim. Həddən artıq sentimental idi və bu əsərə uyğunlaşmaq istəmədi, mən də məcbur eləmədim. Heç sizi də oxumağa məcbur eləmirəm. Amma özünüzü vətənpərvər...yox...bəlkə sizin vətənpərvər sözündən xoşunuz gəlmir...vətənpərvərlik varlılara məxsus olduğuna görə...Ah, bu ingilislər...onda olsun vətəncanlı, yəni özünüzü vətəncanlı sanırsınızsa...

 

...Londonda səfərdə olarkən gürcü dostum Bermingem sarayının qarşısında mənə dedi: “Bu saraya yaxşı bax, orda bütün talelər həll olunur, elə Qarabağ da”...Bunu isə mən sizə deyirəm: hər şey orda- keçmişdədir. Keçmişinizi sevirsinizsə...keçmişini kim sevməz ki...onda mahiyyətcə “Səkkizinci Qarabağnamə”ni oxuyun...tarixinizi bilin. Bu tarixi öyrənməyə çalışan, onu sizlərə anlatmağa can atan, milləti yolunda canını fəda edən Yusif Vəzir Çəmənzəminlinin həyatını öyrənin...onu yaxınlarınıza hədiyyə edin. Çox olmadı ki?..

 

Nəsə. Akademik bilgilər sizi yora bilər. Onda başlayaq. Zatən bayaqdan başlamışıq. Onda davam edəlim...

 

İkinci Yekaterina və təlxəkləri

 

...İkinci Yekaterina (qızlıq adı Sofiya) saray məmurlarının hamısını növbəylə paçasının arasından keçirəndən, dəstəyə düzəndən sonra balacaboy qraf Neselrodun adını daşıyan sələfini sinəsinə sıxdı. Qraf ayaqlarının ucunda dikəldi və burnunu kraliçanın döşlərinin arasına soxdu.

 

Yekaterina hər yarım saatdan bir paltarını dəyişsə və yuyunsa da, kök olduğundan tərləyirdi. Dolu bədəni olsa da, düz qaməti vardı. Əyninə ağ, sarı güllü atlasdan vertuqetta (yubka) və qırmızı kofta geyinmiş, başına qızılı parik qoymuşdu. Onun köklüyü cavanlığın qalığıydı. Çünki gəncliyində başdanxarab əri Pyotr Fyodoroviçin acığına cavan qvardiyaçılarla gen-bol əylənməyi sevirdi. Çünki səfeh Pyotr saray qulluqçusu, başqa bir Yekaterina ilə arvadının gözləri qabağında min hoqqadan çıxırdı. “Deməli, belə!? Əgər mən ömürboyu sənə sədaqətli qalsam, onda həyatı özümçün zindana döndərərəm!” 17 yaşlı hikkəli və cavan xanım belə demiş və yazmışdı. Ona görə də üç uşağının heç biri ərindən deyildi. Heç indinin özündə də təravətini itirməmişdi, pəhrizə oturmaq fikrində də deyildi. Bir tərəfi alman, bir tərəfi polyak olan imperatriçanın dərisi ağappaq, üz cizgiləri simmetrik idi.

 

Böyuk xanımın hakimiyyətə gəlməsində xüsusi xidmətləri olan saray əyanları bu mənzərəni seyr edir və için-için gülürdülər. Çünki bu mənzərə onlara çox tanış idi. Və hər dəfə bu məzəli oyunları həyata keçirəndə kraliça soruşurdu:

 

- Qorxmadın ki!?

Bu dəfə o, balacaboy qrafa başqa sual verdi:

-Nə hiss elədin?

Qraf kəkələdi:

-Qooxu...Gözəl qooxu, kraliça...

-Yooox!.. Olmadı!..

-Çox gözəl qooxu!..

-Hə, bu başqa məsələ... Nə qoxusu?

-Qafqaz qoxusu, ülya həzrətləri, Qafqazın qoxusu, -deyə yaltaqlandı. Çünki Qafqazın yeni xəritəsi onun dəftərxanasında hazırlanmışdı.

-Ha...ha...ha...Belə de!!!

 

Sonra cırtdanlar gəldilər: təlxəklər. Bir-birilərinin başına çıxıb, xırda burunlarını, girdə sifətlərini kraliçanın döşlərinin arasına sıxdılar və üz-gözlərini turşudaraq, yerə düşdülər. Göydə mayallaq vurub yel buraxdılar. Onların ən bici, kraliçanın mağmın ərinin süd qardaşı, Mixail Fyodoroviç:

 

-Sizdən vətən qoxusu gəlir, ülya həzrətləri. Matuşka Rodinanın (Ana vətənin) iyi...

 

İkinci Yekaterina:

-Ana vətən bu qədərmi iyrənc və üfunətlidir!?- deyə yenidən güldü. – Onda qraf Orlov bu barədə cavab verməli olacaq. Bəlkə onları da özümün xaç suyumdan keçirim, -dedi və pərdənin arxasına keçdi. Pərdənin axasından  sırıltı səsi gəldi. İmperatriça kiçik ehtiyacını qarşoka dıjıldadırdı ..

Hamı Qriqori Orlova baxıb, bic-bic güldü.

 

 -Ülya həzrətləri yaman zarafatcıldır, -deyə Orlov pərtliyini gizlətmək üçün gülümsündü.

-Gələ bilərsiniz. – Pərdənin arxasından imperatriçanın səsi eşidildi. –Ha...ha...ha!!!

 

İkinci Yekaterina hamıdan gənclik qisasını alırdı. Gənclikdə o, zülmkar qaynanası Yelizavetanın danlaqlarına, onun oğlu və özünün əri Üçüncü Pyotrun təhqirlərinə çox dözmüşdü. İndi də onlar dözməliydilər: məşuqları və yaltaq saray əyanları, hətta məşuqu Qriqori Orlov, elə bütün dünyanın özü də...

 

Yusif Vəzirin iziylə

 

...Rusiya DİN-dən qanqaraldıcı məktub alsam da, təslim olmaq fikrində deyildim. Məzarlıq yoxdu, həmin yer ki, durur. Məyər Şah Abbasın, Don Juanın at oynatdığı məkanlarda olmamışammı? Olmuşam. Tarixi və onun ruhunu (elə insanların da) duymaq üçün səfər mütləq vacibdi. Səfər çox mətləblərin açarıdı...Səfər - sirrə aparan yoldu. Səfər - sirrin başladığı və qurtardığı yer, məkandı. Səfər düşüncələri isə rəngbərəng yuxular kimidi...

 

-İstəyirəm ki, ora gedəm, - ağsaqqala belə deyirəm.

 

O təəccüblənir, xoş ətri olan siqaretindən bir qullab alır və deyir:

 

- Bayaq özün dedin axı, oralar su altındadı.

 

- Elədi, amma gözlə görmək bir ayrı məsələdi. Onun zövqü başqadı. Siz bunu məndən də yaxşı bilirsiniz. Səfər eləməyi xoşlayırsınız.

 

Doğrudan da ağsaqqal səfər eləməyi çox sevir, bir ayağı göydə, bir ayağı yerdədi. Hərdən mənə elə gəlir ki, səfər onun həyat tərzidi. Bunu ona deyirəm. O da yüngülcə gülümsünür.

 

- Orasını başa düşdüm, -deyir, - amma hər səfərdən zövq almaq  da olmur axı. Özü də sənin missiyan o deyil, yəni zövq almaq deyil, romanın təyinatı da başqadı. Bu, çox çətin işdi...

 

- Anlayıram. Əlbəttə mənim missiyam zövq almaq deyil,- deyə hövsələsizlik edirəm... - amma indi siz deyən məkanlara, yəni Qarabağa gedə bilmərəm. Hamısı işğal altındadı. Azad zonalarda isə dəfələrlə olmuşam...Özü də işğaldan əvvəl də təəssüratlarım var, onları mütləq yazacam.

 

- Mən demirəm ki, Qarabağa get. Aydın məsələdi ki, indi ora gedə bilməzsən.

 

- Demək istəyirəm ki...

 

- Qısası, məndən nə asılıdırsa, eliyim? –deyə sözümü yarıda kəsir,  yenidən   siqaretindən bir qullab alır, astaca öskürür və siqareti külqabına basıb söndürür. – Yaxşı ki, sən çəkmirsən...

-Səfirliyə, -deyirəm, - bizim səfirliyə, Moskvaya məktub yazmaq lazımdı. –Qoy, icazə alsınlar, Yusif Vəzirin sənəd və əşyalarının verildiyi arxivə baxım. Bəlkə nəsə tapdım. Dəqiq bilirəm ki, nəsə tapa bilərəm. Belə də əsər maraqlı və dolğun olar. Hər əşyada bir sirr gizlənir.

 

-Axtaran tapar, -ağsaqqal təmkinin pozmadan deyir, - amma falçılıq eləmə.

-Yox, əşi, falçılıq nədi, mən həqiqəti yazmaq istəyirəm, - gözlərimlə gördüyümü.

-Onda uğurlar.

-Bəs məktub?

 

-Yaz da, -deyir və üzümə baxır... - Rus dilini ki, bilirsən. Həm də ora azərbaycan dilində də yaza bilərsən, öz səfirliyimizdi...

-Hm... - deyə mızıldandım.

Dövlət telefonu zəng çaldı. O telefonun dəstəyini götürə-götürə:

-Get, yaz, dedi, - bir çətinliyin olsa, xəbər elə, ya da gəl...

 

Və yazdım...

 

Üstəlik səfirliyin adından Rusiya Daxili İşlər Nazirliyinə də məktub ünvanladım. Elə belə nümunə üçün. Fikirləşdim ki, işimin irəli getməsi üçün bürokratik bir aparatı narahat eləməyə dəyməz. Məmurlar yazı yazmağı yo, oxumağı və dərkənar qoymağı sevir.

 

Zənnim məni aldatmadı: “Sizin məktubunuz yaxşıdır, elə onu göndərərik...” Səfirlikdən belə cavab verdilər. Və göndərdilər də.

 

Məqsədə çatmaq üçün hər vasitə məqbuldur, eləmi!?..

 

“Elədi, dədə, elədi!”  Öz sualıma özüm də cavab verirəm...

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017