Quran motivli yazı

Quran motivli yazı
12 may 2016
# 12:51

Saytımızın başlatdığı Tanrı-Təkamül polemikasının bir ortasında “Quran motivləri” hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasiminin keçirilməsi bəlkə də təsadüfi deyildi.

Mən də bu polemikaya qoşulub, yazmışdım ki, əslində, bütün səmavi kitablar kimi Quranda yazılanları da məcaz hesab edir, Adəmin torpaqdan yaranmasını böyük partlayışa böyük metafora sayıram.

“Üzündə göz izi var” ifadəsinə nə qədər inanıramsa, Quranda yazılanlara da o qədər inanıram.

Kimsə düşünər: “Axı adamın üzündə göz izi necə ola bilər?”

Haqlıdır.

Başqa biri deyər: “Əsas olan sözlərin birbaşa mənada doğruluğu deyil, daşıdığı yükün, mənanın doğruluğudur. Sevdiyi qızın üzündə yad nəzərlərini görən aşiq böyük sevgisindən bizi hali edə bilir və sevgidən də böyük həqiqət yoxdur.”

Bu da haqlıdır.

Əfsanələr baş verməyə bilər, amma o demək deyil ki, onlar yalandır.

Müharibəyə gedən ərini gözləməkdən daşa dönən qadın ola bilərmi?

Ola bilməz.

Amma həm də ola bilər.

Adam gözləyə-gözləyə ölüb başdaşına çevrilmirmi?

İnsan çürüyəndən sonra torpağa qarışır.

Torpaqdan çiçək bitir.

Arı çiçəkdən bal çəkir.

Balı uşaq yeyir.

Demək, kimsə uşaq qarnında yem oldum yazırsa, yalanını çıxarmağa tələsməməli, hadisələrə bir az geniş açıdan baxmalıyıq.

İsalar çarmıxa çəkilir...

İsmayıllar qurban kəsilir...

Musalar dəryaları yarır...

Adəm torpaqdan, torpaq Adəmdən yaranmağa davam edir.

Hər yerdə!

Hər zaman!

Məhz bu ilahi yük daşıyan məcazlara görədir ki, böyük yazıçıların hamısı səmavi kitablar, mif və əfsanələrlə dialoqa girirlər.

Yaradıcılıq Fondunun məhz belə bir müsabiqəsi də çox dərin mətləblərə toxunduğu üçün mənə maraqlı gəldi. Hətta qatılmaq da istədim, ancaq Mirmehdi Ağaoğlu məndən qıvraq tərpəndi.

O, söhbəti tutdu.

Mənə dediyi ilkin ideyalardan hiss elədim ki, dalğaya düşüb və mən də onu həvəsləndirdim.

Nəticədə ortaya, bəlkə də, son illərin ən yaxşı hekayələrindən olan “Hörümçək” (“85-ci gün” – qalib gələn hekayə), “Nuhun xarratı”“Qurban” çıxdı.

Özü də bəlli əhvalatları yenidən dəyərləndirərək, bu günün reallıqları ilə tutuşduraraq, bir az da istehza qataraq yazdı.

Birincini oxuyan kimi müəllifə dedim, kəsinliklə bu seriyanı davam etdirsin.

Məlum oldu ki, özü də bu fikirdədir.

İnşallah gələcək üçün maraqlı bir silsiləni kitabdan oxuyacağıq.

Bəzən, deyirlər, sifarişlə yazmaq olmaz.

Di gəl ki, yazmaq özü elə bir sifarişdir.

Bunu özün də özünə edə bilərsən, kimsə də edə bilər.

Yaradıcılığın yalnız indiki zamanı var.

O, keçmiş xatirələrdə və gələcək arzularda yox, buankı fəaliyyətdə aktivdir.

Qələmi əlinə alırsan və yazırsan.

“Quran motivləri” müsabiqəsi bircə Mirmehdi Ağaoğluna üç gözəl hekayə qazandırdı və görünür, qazandırmaqda davam edəcək.

Üstəlik, yüzlərlə oxucunun bu hekayəni oxumasına, tanımasına vəsilə oldu.

Hələ müsabiqədə iştirak edən, qalib gələn, müxtəlif qurum və təşkilatlardan mükafat alan o biri hekayələri demirəm.

Təki deməyə sözün olsun, o, bir bəhanə tapıb, üzə çıxacaq.

Bütün müsabiqələr kimi dünənki təbirdən də müsbət-mənfi nəticələr çıxaranlar, razı-narazı qalanlar, xoşhallanan-qıcıqlananlar oldu.

Amma bütün hallarda bir həqiqət var: o boyda şölən, o qədər tanınmış-tanınmamış adam üç-dörd saat ədəbiyyatın, hekayənin başına yığışmışdı!

Təbrik-təltif edilənlər, diqqət mərkəzində olanlar, alqışlananlar yazıçılar idi.

Özü də əksəri ədəbiyyatla həyat-məmat məsələsi kimi məşğul olan gənc yazıçılar...

O başqa konu ki, mükafatın məqsəd olmadığını və onun xülyasına qapılmağın yazıçı üçün arzuolunmaz nəticə verdiyini heç vaxt unutmamalıyıq.

Məqsəd istedadlı sözün, istedadlı mətnin yaranmasıdır.

Bunun üçün bütün səbəblər və vasitələr məqbuldur.

Hər kəsi təbrik edirəm!

# 1313 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #