Hacı Şahin: “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir”

Hacı Şahin: “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir”
3 may 2016
# 12:16

Kulis.az məşhur ilahiyyatçı Hacı Şahinin Təkamül polemikası ilə bağlı məqaləsini təqdim edir.

İnsanın varlıq aləmi barədə təsəvvürlərinin ilk qaynağı dindir desək, yəqin ki, bizimlə razılaşmayan olmaz. Lakin zamanca öyrənmə sahələri genişlənir, biliklər sistemləşir, təhqiqat vasitələri təkmilləşir. Təbii ki, insanın da dünya barədə də təsəvvürləri, dünyaya yanaşması da transformasiyalara məruz qalır. Lakin bu inkişafın yan təsiri olaraq, sivilizasiyanın mənşəyi olan din həmin sivilizasiyanın qəniminə çevrilən formalar almağa başladı. İnformasiya sahəsində inhisarlığını əldən vermək istəməyən kahin düşüncəli ruhaniyyətlə dünyanı tanımaq istəyən, həqiqət təşnəsi olan insanlar arasında savaş həmin proqressin enerji mənbəyinə çevrildi. Lakin, unutmayaq ki, bəşəriyyəti tərəqqiyə aparmaq üçün görəvli olan ilahi peyğəmbərlərin də qarşısında kəhanət psixologiyası dururdu. Həqiqi elmi və həqiqi dinin ilk oxşarlığı buradan başladı: onlar inhisarlıq, diktə, siyasi sifariş, yalan əleyhinə mübarizədə eyni cəbhədə idilər.

Müasir mütəfəkkir və alimlər, əfsuslar olsun, bu məqamı unudurlar. Bu gün elm nə zamansa onun boğmaq istəyən kəhanət psixologiyasına yiyələnməyə cəhd edir. Bütün dini inanclar arasında bərabərlik işarəsi qoyulur, eyni zamanda dinin predmeti ilə elmin predmeti arasında fərqlər görməzliyə qoyulur. Vəhy və elm həqiqəti müəyyən etmək kimi ali bir dəyərə əsaslandığı halda, onları təmsil edən insanlar öz eqolarını təsdiqləməklə məşğul olurlar. Bu yanlışlıq etiqad və dünyagörüşündən asılı olmayaraq bir çox alimlərə xasdır. Məsələn, bəzi teoloq və sxolastiklər hər şeyi izah etmək iddiasına qalxır, dini mətnlərdən əldə etdikləri subyektiv təsəvvürlərini obyektiv həqiqət kimi qələmə verməyə başlayırlar. Eyni məntiqlə hər şeyi bildiklərini düşünən sekulyar baxışlı alimlər həmin din xadimlərini yararsız fikirlərini tənqid etməklə dini tənqid etdiklərini düşünürlər. Əfsuslar olsun ki, din xadimləri qədər akademik dairələr də hər şeyi bilən, sakral bilgilər təmərküzləşdiyi şaman rolunu oynamağa çalışırlar. Ziddiyyətlər, anlaşmazlıqlar da buradan yaranır.

Din, daha doğrusu dinin əsas sütunu olan vəhy transsendent və immanent aləmlər arasında bir körpü rolunu oynayır. Transsendent, yəni idrakdan xaric və ya qeyri-maddi aləmdən alınan məlumat immanent aləmə ötürüldüyü zaman metaforaya müraciət etmək məcburiyyətində qalır. İlahi aləmin sabit və dəyişilməz həqiqətləri elə bir dildə çatdırılmalıdır ki, zati xüsusiyyəti dəyişkənlik olan maddi, immanent aləmdə daim aktual qalsın. Bu baxımdan İslama görə, dinin vəzifəsi immanent aləmdəki hadisələri izah etmək deyil, transsendent aləmdən xəbər verməkdir. Pozitivist metodologiyaya əsaslanan elmin araşdırma predmeti isə yalnız maddi aləmdir. Bu baxımdan dinlə elmin predmeti və dili arasında sərhəd çəkilməlidir. Elm məcaz dili ilə danışa bilmir, metaforanı sevmir. Elm dəyişkən dünyanı damla-damla, sınaq və səhvlə öyrənir, dünya barədə elmi təsəvvür ildən ilə dəyişir. Cazibə qüvvəsinin kəşfi, nisbilik nəzəriyyəsi və ya kvant fizikası maddi dünyanın quruluşu barədə təsəvvürlərimizi necə dəyişib? Təbiət barədə bütün təsəvvürlərimizin söykəndiyi postulatlar bir neçə il öncə böyük kollayderdəki təcrübə ilə alt-üst olmaq təhlükəsi ilə üzləşmədimi? Təkamül nəzəriyyəsi də istisna deyil, bu gün biz onu alternativsiz qəbul etsək belə, gələcəkdə daha mükəmməl nəzəriyyənin yaranması istisna deyil.

Bir zamanlar katolik kilsəsi timsalında dini cəhalətin qaynağı kimi təqdim etmək dəbdə idi. Bəzən bu dəb elə bir gülünc hala düşürdü ki, din-elm qarşıdurması yaşamamış xalqların tarixi zor-bəla ilə Qərbi Avropa tarixşünaslığı qəliblərinə salınırdı. Lakin, o zamanlar keçib, XXI əsr tam başqa çağırışlarla gündəmə gəlib. Keçmişin çək-çevirə salınmış mövzularını müzakirəyə çıxartmaq artıq ayıbdır. Bu gün postmodern paradiqmanın təsiri altında elmi subyektivizm yayılmağa başlayıb, Modern bütün elmiliyi ilə inkar olunur. Artıq dinin elmlə vurulması üsulu da dəbdən düşüb və köhnəlib, elm və din eyni cərgəyə qoyulub. Lakin, bir baxımdan postmodernin dinlə elm arasında bərabərlik işarəsi qoyması həqiqəti əks etdirir: hər iki fenomen obyektiv həqiqətin olduğunu iddia edir. Elmlə dini birləşdirən amil də budur – həqiqət axtarışı. Fərqlər isə axtarış sahələrindədir – dinin sahəsi qeyb, elmin sahəsi isə maddi aləmdir. Bu baxımdan dinlə elm bir birini tamamlaya, bir birini təsdiqləyə bilər və bunu etməlidir də. Bəşəriyyəti nihilizm, cəhalət, anarxiya uçurumundan yalnız bu qoruya bilər. Təəccüblü deyil ki, imansız elmlə elmsiz imanı birləşdirən ortaq cəhət radikalizmdir. Marksist terrorunun qurbanları və insanlığa vurduğu zərər heç də dini ekstremizin ziyanından az deyil, əksinə qat-qat çoxdur. Bu iki cəbhəni birləşdirən, doğmalaşdıran inkarçı ruhiyyəsidir.

Bu inkarçılığın elmi müstəvidə ən çox təkamül nəzəriyyəsində özünü büruzə verdiyini müşahidə etmək olar. Son iki əsrdə dinlə elmin əsas qarşıdurma mövzusu kimi təkamül nəzəriyyəsi çıxış edir. Kreatsionizm və təkamül bir-birinə uyğun olmayan iki ziddiyyətli nəzəriyyə kimi təqdim olunur. Mümkündür bəzi dinlərdə təkamül nəzəriyyəsi yaradılış təsəvvürləri ilə heç cür uyğunlaşmasın, lakin bu həmin dinlə elmin uyğunsuzluğu müstəvisində bəhs edilməlidir. Bəzən din xadimləri elmi elmlə “vurmaq” üçün absurd və gülünc “dəlillər” gətirməklə məşğuldurlar. Məsələn, ötən əsrin 70-ci illərində amerikalı bir keşiş təkamül nəzəriyyəsini öz dar bilikləri ilə təkzib etməyə qalxdı. Düzdü qısa bir zamanda əldə olunan populyarlıq sürətlə keçdi, dəlil-sübutların saxta olduğu üzə çıxdı, daha sonra hər şey unuduldu. Lakin bir 20 il sonra müsəlman “alimlərindən” bir nəfər həmin ideyaları öz adına çıxararaq “elmi dillə” dinin müdafiəsinə qalxdı. Təbii ki, elmi çəkisi şübhəli olan tək-tük insanların epatajlarını da elm-din savaşında arqument kimi istifadə etmək yolverilməzdir.

Hələ XX əsrin əvvəllərindən müsəlman alimləri kreastionizmlə təkamülün bir-birini istisna etmədiyini bildirdilər. Allah ilkin səbəb olaraq maddi aləmi yaradıb və maddi aləmin daxilində baş verən təkamül Onun qoyduğu qanun, Onun nizamı kimi başa düşülməlidir. Müasir Quran müfəssirlərinin əksəriyyəti Adəmin xilqəti ilə bağlı ayələrə verdikləri şərhlər bu çərçivə daxilində müxtəlif variasiyalara əsaslanır və klassik dini baxışlar asanlıqla inkar da olunur. Ümumiyyətlə, elm hansısa həqiqəti sübut edibsə, yaxud onun həqiqət olmasına ən çox ehtimal verirsə, din bunun əleyhinə çıxmır. Orta əsrlərdə İslam coğrafiyasında heleosentrik nəzəriyyənin az yayılması dini baxışdan deyil, astronomiyanın təsvir etdiyi mənzərədən qaynaqlanırdı. Kimlərsə də geosentrizmin əleyhinə çıxırdılarsa, onların fikri din əleyhinə yönəlmiş akt kimi qəbul olunmurdu.

Pozitiv elm yalınız insanın cismini öyrənə bilər, insan ruhu tam abstrakt və qeyri-maddi həqiqət olduğu üçün pozitivist metodologiya ilə onu nə sübut etmək mümkündür, nə təsdiq. Bu cür məlumatlar yalnız din və fəlsəfənin predmeti ola bilər.

# 1161 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #