Yazıçılarımız təkamülə inanırmı? – SORĞU

Yazıçılarımız təkamülə inanırmı? – <span style="color:red;">SORĞU
2 may 2016
# 09:00

İnsanın yaranışında təkamül nəzəriyyəsini qəbul edirsiniz, yoxsa səmavi kitabların dediyinə inanırsınız?

Kulis.az bununla bağlı yazarlar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Fikrət Qoca: “Heç birindən boyun qaçırmıram. Səmavi kitablara daha çox inanıram. Get-gedə daha dərin gəlir mənə. Bu, qavramaq məsələsidir. Uşaq vaxtı bizim qavrayışımız çox kiçik ərazini əhatə edirdi, böyüdükcə isə genişləndi. Bilirsiniz, dəniz, okean çox böyükdür, ancaq bizim gözümüz balacadır. Ona görə də biz dənizi, okeanı bütövlükdə görə bilmirik. Düşünmə imkanları da artdıqca uşaq vaxtı gördüyün pis fikir də dəyişir. Görürsən ki, sənin pis düşündüyün şeyin əslində yaxşı cəhəti varmış. Yəni böyüdükcə əvvəl düşündüklərinin arxa tərəfini də görürsən. Onu deyim ki, nəzəriyyələr bu qədər il yaşayırsa, ona inanmayan adam axmaq olar. Mən təkamül nəzəriyyəsinə inanıram, amma insanın meymundan əmələ gəlməsinə yox. Eynən də səmavi kitabların dediyi kimi Adəm və Həvvanın eyni torpaqdan yarandığına da inanmıram. Onlar ayrı-ayrı torpaqlardan yaranıb, məncə. İnsanların xarakteri fərqli olduğu kimi onu yaradan torpağın da rəngi fərqli olur. Birində qırmızı, birində sarı və s.”

Rəşad Məcid: “Təkamül nəzəriyyəsi.”

Etimad Başkeçid: “Təkamül nəzəriyyəsinin lehinə və əleyhinə çıxış edən saysız-hesabsız ixtisaslaşmış, böyük zəka sahibləri var, ona görə də, mənim dediklərimi yalnız “həvəskar” səviyyəsində səsləndirilən fikir saymaq olar. Təkamülü ayrı-ayrı fərdlərin, sosiumun, lap elə fauna və floranın inkişafı və ya canlıların həyatda qalması, şəraitə uyğunlaşması kimi başa düşürüksə, bununla razılaşa bilərəm. Amma insanın təkamül nəticəsində meydana gəlməsi ilə bağlı yazılıb-pozulanların heç biri məni qane etmir. Buna inanmıram. Bu günlərdə Fransız alim Mişel Malerbin bir məqaləsini tərcümə elədim, orda bu məsələlərdən söhbət gedir. Malerb yazır ki, elmin iddiasına görə, kainat əsasən ucsuz-bucaqsız boşluqdan ibarətdir, burada materiyaya çox az-az rast gəlinir. Materiyanın atomları ilə bağlı da belə demək olar: öz nüvəsi (günəş) və elektronları (təbii peyklər) ilə atom miniatür Günəş sistemini xatırladır. Materiya burada ümumi həcmin çox az hissəsini tutur. Belə şəraitdə seyrək atomları böyük bir nizamla birləşdirən mürəkkəb molekulların əmələ gəlməsi, doğrudan da, heyrət doğurur. Ucsuz-bucaqsız boşluqda materiyanın bu şəkildə birləşməsi adamda təəccüb doğurmaya bilməz. Nəhayət, bu son dərəcə mürəkkəb molekullar necə birləşib, özünü yeniləyə bilən və təkmilləşmə qabiliyyəti olan çeşidli canlı sistemlər əmələ gətirib? Ehtimal nəzəriyyəsinə görə, yuxarıda sadaladığımız hadisələrin baş verməsi yalnız təəccüb doğurur. Mənə görə bu mübahisə, daha çox yumurta və toyuq məsələsini xatırladır. Amma təkamül nəzəriyyəsini isbat etməyə çalışanların qırımı xoşuma gəlir. Allah bilir, bəlkə, haçansa nəyisə ağlabatan şəkildə sübut eləyə biləcəklər.”

Cəlil Cavanşir: “Bu aralar heç birinə inanmıram. Nə təkamül nəzəriyyəsinə, nə də müqəddəs kitabların dediyinə. İnsanın təkamül keçdiyinə, təkamül nəticəsində indiki vəziyyətə gəlib çıxması mümkün variantdır. Amma bu təkamül baş veribsə də, tam baş verməyib. Əgər insan meymundan yaranıbsa, niyə indi meymunlar insana çevrilmir? Yox, əgər müqəddəs kitablarda deyildiyi kimi insan Adəm və Həvvadan yaranıbsa, bəs Adəm və Həvvanın iki oğlu kiminlə evlənib nəsil artırıb? Bəlkə ümumiyyətlə hələ insan yaranmayıb? Bəlkə biz özümüz hələ insan-zad deyilik? Ümumiyyətlə, Yalçın İslamzadənin müsahibəsi təmiz beynimi xarab eləyib. Bu barədə düşünmədən rahat-rahat yaşayırdım. İki-üç gündür yuxuma dinozavrlar, insanabənzər meymunlar girir. Yuxuda Adəmlə bir-birimizi qırırdıq o gün. Öz aramızda qalsın, amma Adəmin özünün də meymundan yaranmasını sübut etmək olar. Mənə elə gəlir ki, insanlar yer kürəsinə hansısa başqa qalaktikanın, başqa planetindən gəlib. Onların yaranması isə özlərinin bildiyi sirdir. Elm-zad boş şeydir. Elə şeylər var ki, elmlə izah etmək olmur. Əgər təkamül nəzəriyyəsi doğrudursa Darvinin dədəsi meymundur. Ümumiyyətlə, Yalçın İslamzadədən soruşun görək müasir dövrümüzdə niyə meymunlar insana çevrilmir?”

Könül Həsənqulu: “Doğrusu, bu suallar mənim üçün hələ də açıq qalıb. Buna görə, hər hansınasa inanmağa tələsmirəm”.

Aydın Xan: “XXI əsrdə də insanlar - intellektual və inamlı kəslər arasında bu bəşəri problem öz aktuallığını saxlamaqdadır. Şərq insanı yenə də inanır ki, hər şeyi yaradan Tanrıdır və ona görə də başı məzhəb müharibələrinə qarışaraq heç bir intellektual-texnoloji yenilikləri ilə tarixə təsir göstərmir. Qərb təfəkkürlülər isə İnternet, İKT, yeni ağıllı cihazlar, elmin müxtəlif sahələrinə aid kəşflər, nanotexnologiyalardan tutmuş ta kosmosu ram etməyə qədər innovativ-kreativ fəaliyyətləri ilə sübutladılar ki, təkamül sadə orqanizmlərdən tutmuş ta sivil intellektual şəxsə qədər adamı insanlaşdıra bilib. Süni intellekt, 3 və 4 D formatlarla möcüzələr yaradan cəmiyyətlərin böyük əksəriyyəti isə səmavi dinlərə sayğılarını saxlasalar da, ona yalnız tarixi hadisə kimi yanaşırlar. İnkişaf etmiş Asiya ölkələrində belə, məsələn, Yaponiya, Koreya, Çin kimi məmləkətlərdə da artıq ateist - intellektual düşüncənin elmi çevrilişlərə apardığını anladıqlarına görə miflərə deyil, elmi-texnoloji təfəkkürə üstünlük verirlər...”

Müşfiq Xan: “İllərlə bu iki seçimin arasında qalan elmli-təhsilli, savadlı-savadsız insanlar çox olub. Onların sırasında təkamülü inkar edən metafizik Karl Linney kimi şəxslər də olub, Jan Batist Lamark kimi ölüm ayağında olanda təkamülü qəbul edənlər də. Əlbəttə Çarlz Darvinin “Növlərin mənşəyi” adı ilə tanınan “Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və yaşamaq uğrunda mübarizədə əlverişli cinslərin saxlanması” əsərindən sonra elmin bu sahəsində ona qədər olan bütün nəzəriyyə və iddialar yerlə-yeksan oldu. Hər şeydən əvvəl, mən, insanı kosmopolit növ hesab etmirəm. Çünki onun məhdud bir arealı var. Əlbəttə, o, olduğu kimi qala bilməz, dəyişməlidi, təkamül etməlidi və edir. Bunu Şmalhauzen də deyir, Flipçenko da, Hekkel də, Müller də, Ber də, başqaları da. Çünki indi nə XV əsrdi, nə XVI elm böyük tərəqqi yolu keçib. İndi Helmontun dediyi – çirkli paltarlardan və buğda dənələrindən siçanların törəməsinə heç on yaşlı uşaq da inanmaz. Təkamül nəzəriyyəsi haqqında fikir yürüdən şəxs insanın keçdiyi fərdi (ontogenez) və tarixi (filogenez) inkişaf yolunu bilməlidir. Pitekantrop, sinantrop, Heydelberq adamı, kromonyonu tanımalıdır. Yalnız Homo Sapienslər arasında baş sındırmaq, bu işi çözmək, iki seçənəkdən birinin üzərində dayanmaq qeyri-mümkündür. Təkcə onları yox, Azıxantropa (Füzuli), Şəhriyar çölündəki (Biləsuvar), Qobustan qayaüstü rəsmlərinə qədər araşdırmaq lazımdı. İnsan zürafə deyil ki, Lamarkın dediyi kimi inkişaf etdirib boynunu uzatsın, o yalnız ikinci siqnal sistemini – təfəkkürünün təkamülünə təkan verə bilər. Digər tərəfdən, bu mövzuda səmavi kitablarla razılaşanlar metafizikləri (canlıların təbiətin üstündəki qüvvə tərəfindən yaradıldığını iddia edənlər; “meta” – üstündə, “fizis” – təbiət) əlbəttə ki, təqdir və qəbul edəcəklər. Çünki insan orqanizmi olduqca mükəmməl quruluşludur və belə bir varlığın təkamül nəticəsində – nə Oparinin dediyi kimi okeandakı qatı üzvi maddələrdən, nə də komosdan səpələnən canlı sturukturlardan milyard illər ərzində əmələ gəlməsi gülməli görünür. Mən şəxsən buna inanmıram. Təkamül nəzəriyyəsini isə qəbul edirəm, amma buna da inanıram ki, bütün canlılar məchul və nəhəng Üst Qüvvə tərəfindən idarə olunur”.

Fərid Hüseyn: “İndiki düşüncəmlə səmavi kitabların dediyinə inanıram. Çünki dini düşüncəni özümə daha yaxın hiss edirəm. Təkamül nəzəriyyəsi barədə də bir neçə kəlmə deyim: nəzəriyyə olaraq təbii seçmə, fərdlərin fərqliliyi və sair məsələlərdə maraqlı, sübutlu məqamlar var, ancaq bütünlüklə o nəzəriyyə ilə razı deyiləm. O nəzəriyyə dünyanın yaşını bizim düşündüyümüzdən daha qədimə bağlayır və həmin qədimlikdən günümüzdə qalan iz ancaq təkamülün nəticəsi kimi görünür, bax bu məqam ağlabatandır. Nədənsə mən də dünyanın həmin qədimliyinə inanıram və bu dünyadan silinən izlərə təəssüf edirəm...”

# 983 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #