“Adəmin Homo Sapiens, yoxsa Neandertal olduğunu bilmirik” - MÜSAHİBƏ

“Adəmin Homo Sapiens, yoxsa Neandertal olduğunu bilmirik” - <span style="color:red;">MÜSAHİBƏ
29 aprel 2016
# 16:05

Kulis.az araşdırmaçı Savalan Məmmədli ilə müsahibəni təqdim edir.

- Savalan bəy, əvvəl ondan başlayaq ki, siz təkamül nəzəriyyəsini necə öyrənməyə başladınız?

- Məktəb, universitet vaxtlarında da həyatın necə yarandığı haqqında araşdırmalar aparmışam. Müxtəlif kitablar oxumuşam. Və bunları araşdırarkən qabağıma cənab Adnan Oktarın da kitabları çıxıb. Onun kitabları mənə çox faydalı gəlib, bu gün də oxuyuram. Başqa müəlliflərin kitablarını da qarşılıqlı oxuyub təhlil aparmışam. Təkamül fərziyyəsi də həyatın mənşəyi ilə bağlı irəli atılan ən böyük fərziyyələrdən biridir. Dünyada əhəmiyyətli yer tutan bir fərziyyədir. Ancaq son elmi kəşflərdə doğru olmadığı göstərildiyi üçün yanlış fərziyyədir. Mən də bilgilər toplayıb yazılarla insanlara doğruları çatdırmağı özümə borc bilmişəm.

- Yalçın bəyin müsahibəsini oxumuşdunuz yəqin...

- Bəli, oxumuşdum. Yalçın bəy iddialar irəli sürürdü. Halbuki o iddialar illər əvvəl cavabını tapmışdı. Ara-keçid formaları ilə bağlı və s.

- Təkamül nəzəriyyəsi üçün bir çox işlər görülür, milyardlarla büdcəlik elmi araşdırmalar aparılır, fosillər tapılır və alimlər bu sübutlara istinad edir. Bəs sizin gəldiyiniz qənaətlərin mənbəyi nədir?

- Bizim göstərdiyimiz fikirlər öz şəxsi fikrimiz deyil, paleontoloqların irəli sürdüyü faktlardır. Palentologiya elminin qurucusu Jorj Küvye Lamark dövründə təkamül fərziyyəsinin yanlış olduğuna inananlardan biri idi. O, növlərin hamısının eyni anda yarandığına inanırdı. Mərhələli, bir-birindən törəyərək deyil, anidən yaranmağını əsas sayırdı. Bu gün 600 milyon 200 min fosil tapılıb. Və tapılan bu fosillərin heç birinin ara-keçid formaları yoxdur. 600 milyon fosilin tam hamısı, istisnasız orijinal, dəyişməyən fosillərdir. Mən özüm Amerikada fosil yataqlarını gəzmişəm, bir-bir incələmişəm. Canlılar bu gün necədirsə, milyonlar il əvvəl də eynidir.

- Siz deyirsiz ki, ara keçid formları yoxdur...

- İddialar var sadəcə. Yalçın bəy də öz müsahibəsində Pitdaunun adını çəkmişdi, səhv etmirəmsə. Bu bir ara-keçid formu iddiası idi. Təkamülçülər meymun çənəsini insan kəllə sümüyünə montaj etmişdilər. Hələ o dövrdə flüor test metodu kəşf olunmamışdı. Fosillərin yaşınının təyin olunmasının bir metodu yəni. Sonra flüor test metodu kəşf olundu. Pitdaun sərgilənəndən sonra yüzlərlə məqalə yazılmışdı, nə qədər adam elmi ad aldı. Minlərlə adam gəzdi və dedilər ki, bəli, təkamül olub. Sonra isə flüor test metodu ilə bəlli oldu ki, bunun çənəsi ayrı, başı ayrı imiş, muzeydən qaldırıldı. Buna o vaxt ara-keçid formu kimi inanırdılar.

- Bizim tapdığımız fosillər hansı dövrə aiddir?

- Paleontoloqların dediyinə görə, insan qalıqlarının yüz min illik, 200 min illik tarixi var. Təkamül nəzəriyyəsində həyat ağacı sxemi var. Bu sxemə görə avstralopitekin (Australopithecus) 4-5 milyon il yaşı var. Guya insanabənzər xüsusiyyət ilk bunda aşkar olunub. Halbuki aparılan çoxsaylı araşdırmalarda avstralopitekin heç bir hominid xüsusiyyət daşımadığı və adi meymun olduğu aşkarlanıb. Təkamül fərziyyəsinin irəli sürdüyü həyat ağacı sxeminin yanlış olması ilə bağlı bir faktı da nəzərinizə çatdırım ki, 1995-ci ildə İspaniyada tapılan yeni bir fosil Homosapiensin yaşının zənn edildiyindən daha qədim olduğunu ortaya qoydu. 800 min illik bu yeni fosil Madrid Universitetindən üç ispan paleoantropoloq tərəfindən İspaniyanın Atapuerka ərazisində yerləşən Qran Dolina mağarasında tapıldı. Fosil bugünkü insanla tamamilə eyni görünüşə sahib olan 11 yaşlı uşağa aid kəllə sümüyünün üz hissəsinə aid hissə idi. Ancaq yaşı 800 min il idi. “Discover” jurnalı 1997-ci il dekabr sayında bu mövzuya geniş yer verdi və bu fosil klassik həyat ağacı sxeminin məhvi demək idi. Çünki təkamülçülərin həyat ağacı sxemində Homosapiensin yaşı 200 min olaraq göstərilir, hətta daha az.

- İstəyirəm, konkret bir sual verim. Allah Adəmi nə vaxt yaradıb?

- Mən elmi qalıqlara əsaslanıram. Sizin sualınızla bağlı əlimizdə heç bir elmi qalıq yoxdur. Dolayısı ilə, mən onunla bağlı bir fərziyyə irəli sürə bilmərəm.

- 4-5 milyon il əvvəl...

- Hər halda fərziyyə sayılacaq.

- Niyə ki? Dediyiniz kimi 4-5 milyon il əvvələ aid fosillər tapılıb. Bəs Adəm nə vaxt yarandı?

- Dediyim kimi, onla bağlı elmi sübutumuz yoxdur. Quranda yerin yaşı ilə bağlı heç bir tarix verilməyib.

- Quranda deyilir ki, Allah dünyanı 6 günə yaratdı...

- O, gün deyil, mərhələdir. Kainatın partlaması, “Big Bang” nəzəriyyəsinə işarə edir bu. “Big Bang”dən etibarən zaman həmişə eyni sürətlə axmayıb. Altı mərhələdə hesablandığı zaman, həqiqətən də, Quranda verilən vaxtla kainatın yaşı üst-üstə düşür.

- “Big Bang” nəzəriyyəsi kəşf olunandan sonra dediniz ki, Quranda bu var idi. Elədirsə niyə müsəlman alimlər onu kəşf edə bilmədi?

- Məsələyə fərqli aspektdən baxsanız, Quranın Allahın sözü olduğunu görərsiniz. Quranda kainatın 6 mərhələdə yarandığı bildirilir. “Big Bang” nəzəriyyəsi də ilk partlayışdan sonra zamanın sürətlə yavaşıdığını deyir. Altı mərhələdə hesablandığı zaman kainatın təxmini yaşı olan 15 milyard il alınır. Bu, bir Quran möcüzəsidir. Deyirsiniz, bir müsəlman bunu necə tapa bilmədi. Habbl teleskopu ilə kəşf etdilər ki, Qurandakı kimidir. Quran da 1400 il mövcuddur. Kimsə deyə bilməz ki, kəşf olunandan sonra bu məqam dəyişdirilib.

- Quran dəyişməzdir. Amma bir çox din aliminin fikrincə Quranda Yerin kürə yox, müstəvi olduğu deyilir. Bu barədə mübahisələr də var...

- Yox, əksinə, o dövrdə insanlar dünyanı öküzün çiynində, ya da düz, müstəvi formasında olduğuna inanırdılar. Quran nazil oldu və bu yanlış inancları dəyişdirdi. Hələ heç bir elmi kəşf edilməmişdən ilk dəfə Quranda yer kürəsinin kürə forması olduğu bildirildi ayə ilə. Zumər surəsi, 5-ci ayədə “...O, gecəni gündüzün, gündüzü də gecənin üstünə sarıb örtür...”- deyilir. Yuxarıdakı ayədə "sarıb örtmək" kimi tərcümə edilən ərəb kəlməsi "yukəvviru"dur. Bu kəlmənin Azərbaycan dilindəki qarşılığı "dairəvi bir şeyin üzərinə bir cisim örtmək"dir. Məsələn, ərəb dili lüğətlərində "başa əmmamə sarımaq" kimi dəyirmi cisimlərlə bağlı olan feillər bu kökdən əmələ gələn sözlərlə işlədilir. Hətta ərəbcədən bizim dilə keçmiş “kürə” sözü də həmin sözlə eyni kökdən gəlir. Yəni qısası, əsas olan xurafatçıların şəxsi düşüncələri yox, Qurandır. Qurana görə yerin dairəvi olduğu hələ 7-ci əsrdə xəbər verilmişdi.

- Ancaq Səudiyyə müftisi dedi ki, kim yerin kürə formasında olduğunu deyirsə kafirdir.

- O öz fikrini deyə bilər.

- Səudiyyə müftisi hər halda adi bir demaqoq deyil, Quranı bilir, dini baxımdan avtoritetdir...

- Səudiyyə müftisi öz adından danışır. O adam kim idi? Ayə gətirmişdi?

- İbn Baz idi...

- Mən də qulaq asmışdım çıxışa, ayə gətirməmişdi. Zatən elmə qarşı biri idi. Yerin kürə deyil, öz oxu ətrafında fırlandığını deyən adam kafir olaraq öldürülməlidir demişdi. O çıxışı mən bilirəm. Klassik xurafatçıdır o. Xurafatçıların fikri ilə İslamı qarışdırmaq olmaz. Hər adam din adına danışa bilər. Qurandakı ayələrə əsaslandırırsa fikrini, doğrudur. Sizə deyim ki, 7-ci əsrdə heç kimin elə bir iddiası yox idi nəyisə kəşf etməyə. Çünki Yerin düz, öküzün çiynində olduğu düşünülürdü. Ancaq heç kim kəşf etməmişdən yerin kürə formasında olması Quranda yazılmışdı.

- Ancaq İslam dünyasının alimləri də deyəsən o ayəni heç başa düşməyiblər. Çünki onlarda da yerin kürə formasında olduğu göstərilməyib. Birunun xəritəsini görmüsünüz?

- Niyə ki? İmam Rəbbaninin əsərlərində bildirilir.

- İmam Rabbani XVIII əsr deyilmi? O zaman artıq neçə əsr idi ki, Kopernik kəşf etmişdi.

- İslam alimlərinin heç birində yerin müstəvi olduğu şərhi yoxdur.

- Hər halda İbni Bazı dedik... Sual isə budur: O ayə var idisə, niyə İslam alimləri yerin kürə formasında olmasını düşünmürdülər?

- Çünki onla bağlı bir kəşf olunub isbat olunmamışdı axı.

- Deməli, kəşf olunandan sonra Quranda olduğu deyilib.

- İslam alimləri yox, bəs Qərb niyə kəşf eləməmişdi?

- Çünki elə texnologiya yox idi.

- O cür İslam alimlərinə də baxsaq görərik ki, yerin kürə formasında olmasını kəşf etmək üçün texnologiya yox idi.

- Belə çıxır ki, Kopernik kəşf etməsəydi, Qurandakı ayə başa düşülməyəcəkdi...

- Hə, məsələ də budur ki, elm məhz bunun üçündür. Quran da elmə təşviq edir. Ayələr var bu haqda. “Göylərə baxıb düşünmürsünüzmü” , “Dağların hərəkətinə baxmırsınızmı”, “Dəvənin yaradılışına baxmırsınızmı” və s. yüzlərlə insanları düşünməyə, araşdırmağa təşviq edən ayələr mövcuddur. Yəni Quran, onsuz da, insanlara elmlə məşğul olun deyir. Müsəlmanlar Qurana tabe olsa, elmlə məşğul olsa idilər hər şeyi də kəşf edəcəkdilər. Elə məhz İslamın ilk dövrlərində müsəlmanlar elmlə məşğul olurdular və çoxlu kəşflər də etmişdilər. Lakin sonradan xurafat zehniyyəti İslam dünyasına hakim oldu və insanlar artıq Qurana yox hansısa insanlara tabe olmağa başladılar və bununlada elmdən uzaqlaşma da başladı.

- Yalçın bəy deyir ki, elmlə dinin fəaliyyət sahəsi ayrıdır. Elmin işinə din qarışmamalıdır.

- Yalçın bəyin fikri yanlışdır. Çünki radikal mövqedən çıxış edir. Sırf ateist kimi fikir bildirir, elm insanı kimi yox.

- Özünü fizik kimi təqdim edir, ateist yox.

- Ancaq elm insanı kimi çıxış etmir, radikal bir ateist kimi çıxış edir.

- Burda söhbət elmdən gedir...

- Elmi olaraq mövqeyi səhvdir. Yalçın bəy deyir, elmlə din ayrıdır. Halbuki dinlə elm eyni şeydir. Elm mövcudluğu müşahidə və təcrübələrlə açıqlamağa çalışır, din isə mövcudluğumuzun məqsədini və hədəflərimizi bizə bildirən bir vasitədir. Yəni burda elmlə din bir-birindən ayrı deyil, bir-birini tamamlayan bir ünsürdür. Bununla bağlı kvant fizikasının banisi Maks Plankın bu sözləri düşünürəm ki, həll edici olar: “Biri digərini tamamladığı üçün din və elm arasında hər hansı bir ziddiyətin olması mümkün deyildir”. Mən sizə bu kimi çox elmlə məşğul olan alimlərin adını çəkə bilərəm ki, hamısı dindar olublar. Qreqor Mendel məsələn, genetika elminin yaradıcısı.

- Amma bir məsələ var: din onun özəl həyatıdır. Fizikin dindar olmağı nəyi dəyişdirir?

- Söhbət dinin elmlə ayrı olduğundan gedirdisə bir elmin əsasını qoyan, onu yaradan insanın dindar olması təbii ki çox şeyi dəyişdirir. Əsas olaraq isə dinin elmdən ayrı olduğu fikrinin yanlış olduğunu göstərir. Misal üçün, fizika sahəsində Nyuton olsun.

- Xeyr, Aristotel olub, o da materialist idi...

- Fizikadakı nailiyyətləri deyirəm. Mexanika sahəsində yəni. Nyuton olub. Misal üçün Nyutonun Allahın varlığı ilə bağlı bu sözləri elmlə dinin vəhdətini düşünməyimizə kömək edə bilər: “Günəşdən, planetlərdən və kometalardan ibarət olan bu çox həssas sistem, yalnız ağıl və güc sahibi Varlığın məqsədindən və hakimiyyətindən qaynaqlana bilər... O bunların hamısını idarə edir və bu gücünə görə Ona Üstün qüvvət sahibi Rəbb deyilir”. Nyuton başqa bir sözündə isə “Ateizm.. boş bir şeydir. Günəşdən kifayət qədər istilik və yaxud işıq almaq üçün lazımi aralı məsafədə olduğunu görürəm. Bu isə təsadüf nəticəsində ola bilməz.”

- Elmi də, dini də qəbul edirik. Ancaq bunun arasında cizgi olmalıdı...

- Yalçın bəy müsahibəsində deyir ki, təkamül dinləri izah edə bilər, ancaq din təkamülü yox. Tamamilə yanlışdır. Çünki təkamül fərziyyədir. Çarlz Darvinin heç bir akademik təhsili yox idi. Sadəcə həvəskar bir adamdı.

Təkamül bir insanın ortaya atdığı fərziyyədir. Bu isə elmi kəşflərlə üst-üstə düşmədi. Yalçın bəy isə təkamülü elmi qanun kimi qəbul edir.

- Qanun yox, nəzəriyyə kimi...

- Yalçın bəy deyir ki, təkamül nəzəriyyəsi dinlərin tarixini izah edə bilir.

- Yanlış ya da doğru, bir izahı var hər halda...

- Halbuki təkamül növlərin mənşəyini izah etməlidir, dinlərin tarixini yox. Təkamül fərziyyəsinin bu hər şeyi açıqlaya bilmək iddiası məhz təkamülçülər tərəfindən bu fərziyyənin bir din olaraq qəbul edildiyinin isbatıdır.

- Adəmin yaşı məsələsinə qayıdaq. Dini mətnlərdə 8 min il göstərir. Ancaq bu fosillərlə heç cür uyğun gəlmir...

- Dini mətnlərdə 8 min söhbəti yoxdur. Sizin dediyiniz, Məhəmməd peyğəmbərin axır zamanda gəldim sözüdür. O qiyamətin vaxtı ilə bağlı bir şeydir.

- İncildə Adəmin yarandığı tarix dəqiq göstərilir. Hardasa 5000 ildən artıq. Müsəlman alim İbni Sad da deyir ki, Adəmdən Musaya qədər 3000 il zaman keçib. Musanın da bizim eradan əvvəl XIII əsrdə yaşadığı məlumdur. Bu da 6 min ildən bir az artıq edir.

- Nə hədislərdə, nə Quranda il verilmir. Elmi mənbələr nəyi göstərirsə, din də onu göstərir. Hal-hazırda Homo Sapiens fosilləri haqqında çoxlu rəylər var.

- Bəs Neandertalları necə izah edərdiniz?

- Təkamülçülərin irəli sürdüyü fikrin əksinə, Neandertallar heç bir ibtidai xüsusiyyət daşımır. Ümumiyyətlə, təkamülün insan mənşəyi haqqında məlumatlarında yanlışlıqlar var. Bu tamamilə bir insan irqidir. Başqa nəsillərlə qarışıb assimlasiyaya uğrayıblar. Neandertalların dövründə 40 min illik fleytalar tapılıb. Hansıki bu fleytalarda riyazi dəqiqlikdən istifadə edilərək bu dövrdəki musiqi not sisteminə uyğun dəliklər açılıb. Görünür ki, onların musiqi, incəsənət anlayışı olub. Fərqli sümüklər tapılır indi. Bunlar insan irqinə aiddir. Müxtəlif insan irqləri indi də var: avropoid, neqroid və s. Bunlar da müxtəlif xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. 100 min il sonra indiki avropoidin sümüyünü göstərib meymundan gəldiyini desək, nə qədər mənasız və elmsiz fikir olarsa, eynən təkamülçülərin də rəyi buna bənzərdir.

- Bəs Adəm Neandertal idi, yoxsa Homo Sapiens?

- Yaşı haqqında məlumatımız olsa, bilərdik.

- Onlar eyni dövrdə yaşayıb axı...

- Yox, axı biz bilmirik, Adəmin fosilinin yaşını. Yəni əlimizdə dəqiq fosil olsa deyə bilərdik ki, 800 min illik fosildir, ya bir milyonluq fosil, ya 200 min illik.

- Amma Neandertallarla Homo Sapienslərin genləri arasında fərqlər var...

- Genetik olaraq hamısı eynidir. Sadəcə kiçik fərqlər var. Fərqlilik də irqi ola bilər.

- Neandertalların beyni Homo Sapienslərin beynindən aşağı idi.

- Onu isbat edən bir şey göstərin.

- Dil, əmək alətləri...

- Mən dedim axı, onların alətləri olub. Hətta onların danışıqlarının da olduğu deyilir. İndiki insan beynindən daha böyük beyinləri olduğu da. Elm sübut edir ki, beynin kəllə sümüyünə aiddiyatı yoxdur. Amma təkamülçülərə görə, kəllə həcmi böyük olan ağıllı, kiçik olan isə nisbətən ağılsız olur. Kəllə sümüyü böyüdükdən sonra nitq qabiliyyətləri artıb filan. Bunlar tamamilə elmə zidd, absurd fikirlərdir. Əgər təkamülçülərin məntiqi ilə götürsək, Neandertalların kəllə sümüyü Homosapienslərdən daha böyükdür. Belə çıxır ki, Neandertallar daha şüurlu olmalıdır.

- Ancaq müasir elm indi deyir ki, o doğru deyil. Onlar eyni anda mövcud olmuş insan növləridir.

- Bəli, doğru deyil. Bir konkret sübut deyim sizə. Luis Likeyin adlı bir paleotoloq 1970-ci illərin əvvəllərində Olduvay Qorcda çox əhəmiyyətli fosillər tapdı. Likey buradakı Bed II təbəqəsində Australopithecus, Homo habilis və Homo erectus növlərinin eyni anda bir yerdə yaşadıqlarını müəyyən etmişdi. Ancaq daha da maraqlısı Likeyin eyni təbəqədə (Bed II) tapdığı bir daxma idi. Likey burada daşdan tikilmiş bir daxmanın qalıqlarını tapmışdı. Hadisənin ən maraqlı tərəfi isə bu idi ki, Afrikanın bəzi bölgələrində hələ də istifadə edilən bu daxmaları yalnız Homo sapienslər tikə bilərdi! Yəni Likeyin tapıntılarına görə Australopithecus, Homo habilis, Homo erectus və bugünki insan bundan təxminən 1,7 milyon il əvvəl bir yerdə yaşamış olmalıydılar. Bu həqiqət, əlbəttə, bugünki insanların Australopithecus adlandırılan meymunlardan təkamüllə törədiyini irəli sürən təkamül nəzəriyyəsini tamamilə əsassız edirdi.

- Siz bunu necə izah edərdiniz? Bir Adəmdən bu qədər varyasiyalar necə yarana bilər?

- Dini mövzuya girmək istəmirəm. Sırf elmi danışsaq, əlimizdə ondan bağlı heç bir dəlil yoxdur. Adəm bizim əlimizdə təkamül fərziyyəsinə qarşı bir dəlil deyil ki. O ilk yaradılış prosesini heç kim müşahidə etməyib. Lakin fosil qalıqlarına əsasən insanlar anidən üzə çıxıblar, hansısa başqa canlıdan törəyərək deyil. Əsas olan da budur.

- Siz deyirsiniz ki, insan irqləridir. Genetikaları fərqlidir. Bunlar yalnız irqinə görə fərqlənmir axı. Gəlin dürüst olaq.

- Əgər genetik fərq deyirlərsə, xromosom 11-də bu genin fərqli olduğunu göstərməlidirlər.

- Axı genom xəritəsi çıxarılıb. Neandertallarla Homosapienslərin 12 faiz eyni gendə olduqları müəyyən olunub.

- O haqda məlumatım yoxdur. Yəni o məlumatı mən o cür bilmirəm və fikrimcə o faiz nisbəti o cür deyil. Daha yaxşı araşdırıb deyə bilərəm.

- Yalçın bəyin iddialarındakı yanlışlar hansılardır? Onları deyərdiniz...

- Yalçın bəy deyir ki, varyasiyalar təkamülün bir növüdür. Variyasiya isə növ daxili dəyişkənlikdir. Gen hovuzunda cütləşmə zamanı genlər təbii kombinasiyalardan yaranır. Varyasiya nə təbii seçmə, nə də mutasiya ilə baş vermir. Yalçın bəyin cümləsidir: “Təbii seçmə - varyasiyalar həyatda qalmaq baxımından avantaj və dezavantajlar yaradır, təbii seçmə prinsipi hansı varyasiyaların həyatda qalacağına qərar verir.” Təbii seçmə əslində kortəbii bir prosesdir. Belə bir varlıq yoxdur təbiətdə. Təbii seçmə varlıq olmadığından şüuru, qərar vermək qabiliyyəti yoxdur. Yalçın bəy isə elə təqdim edir ki, sanki təbii seçmə şüurlu varlıqdır. Bu da yanlış bir fikirdir. Sonra irsiyyət haqqında: “İrsiyyət - həyatda qalan fərdlər bu fərqlilikləri öz uşaqlarına ötürürlər”. Jan Batist Lamarkın izahıdır, o deyirdi ki, qan vasitəsi ilə fərdin özəllikləri ötürülür. Genetika kəşf olunanda sonra məlum oldu ki, qan yolu ilə heç bir irsiyyət keçmir. Bütün informasiyalar DNT ilə keçir. Genetika kəşf olunandan sonra zatən təkamül nəzəriyyəsi də çökür. Çünki təkamül qan yolu ilə irsiyyətin keçməsi fikrini irəli sürür. Təkamül deyir ki, irsiyyət yolu ilə fərdin qazandığı informasiyalar ötürülür və zaman ərzində yeni növ yaranır, əslində isə genetik olaraq fərdin sonradan qazandığı informasiya ötürülə bilmir. Elə bir mexanizm yoxdur faktiki olaraq. Bu o deməkdir ki, mən idmanla məşğul oluram, uşağıma bunun keçməsi mümkün deyil, gərək ona öyrədim. Yəni qısası təkamül fərziyyəsinin bu mexanizmi faktiki işləmir. Sonra orda şimal qütbündəki qağayılarla bağlı iddia var idi. Təkamülçülər orda həlqəvari növləşmə mexanizmindən söhbət açırlar. Halbuki orda həlqəvari növləşməyə aid heç nə yoxdur. Həlqəvari növləşmə olması üçün onların eyni növ olmağı lazımdır. Bu iddia da elmdə təkzib olunub. Daha sonra Yalçın bəy deyir: “Bir şimpanzenin təsadüfən “to be or not to be” yazması üçün lazım olan vaxt, kainatın yaşından çoxdur. Ancaq bir seçici prinsip olarsa, təbii seçmə kimi səhv hərfləri silən bir seçmə, bu cümləni yazmaq üçün sadəcə 4.5 gün vaxt lazım olur”. Yenə burda da təbii seçmə şüurlu varlıq kimi təqdim olunur. Bunun üçün bilgi lazımdır axı. Yəni təbii seçmə deyilən bir şüurlu varlıq olmalı və o varlığın kainatla bağlı bütün informasiyası olmaldır ki, şüurlu olaraq nəyin harda faydalı olduğuna qərar verib seçə bilsin. Halbuki təbii seçmə deyilən şey təbiətdə olan kortəbii bir prosesdən ibarətdir, şüuru yoxdur. Dolayısı ilə Yalçın bəyin bu izahı da əsassızdır. Sonra orda Nuh tufanı haqqında Yaçın bəy deyir: “Lokal düşünsəniz, “Nuh tufanı” əfsanəsinə inanmaqda çətinlik çəkməzsiniz, yaşadığınız ərazidə bir neçə növ müşahidə edərsiniz və bunların bir gəmiyə sığacağına inana bilərsiniz. Ancaq milyonlarla növ var olduğuna görə, hər canlıdan bir cüt yenə milyonlarla canlı deməkdir. Bu qədər canlının yerləşəcəyi, qidalanacağı, təmizliklərinin aparılacağı böyüklükdə gəmi inşa etmək mümkün deyil”. Yalçın bəy ateistlərin ortaya atdığı iddia ilə çıxış edir. Milyon canlı bir gəmiyə sığışdırıldı deyə bir iddiamız yoxdur bizim. Heç bir dini qaynaqda bu göstərilməyib.

- Quranda necə açıqlanır Nuh tufanı?

- Bir bölgə üzrə, lokal, məsələn hansısa bir qəsəbədə tufan olduğunu yazır. Canlılar yox, qövmüm deyir. Heyvanların hərəsindən bir cüt götürülür, o da əhilləşmiş heyvanlar, insanın yaşaması üçün lazım olan yəni. Keçmiş Mesopotomiya ərazisində aparılan arxeoloji qazıntılarda güclü yağış, tufan və sel fəlakətindən bir mədəniyyətin tamamilə məhv olduğunun izləri tapılıb. Eyni zamanda 2011-ci ildə Çinli arxeoloqlar Ağrı dağının 4000 metr içindən buzların içindən Nuhun gəmisinin qalıqlarını aşkarlayıblar. Bu artıq bir inanc deyil, isbatdır.

- Başqa nə yanlışlar vardı Yalçın bəyin iddialarında?

- Ara keçid formların adını çəkmişdi Yalçın bəy: Archaeopteryx, Sphecomyrma, Tiktaalik, Pakicetus, Homo Heidelbergensis, A. Ramidus, A. Afarensis və. s. Mən ümumiyyətlə ara keçid formalar haqqında məlumat verim. Ara keçid forma hər iki canlının, yəni təkamül keçirdiyi iddia edilən iki canlının arasında hər ikisinin xüsusiyyətlərini daşıyan, assimetrik, patalojik formadakı canlıların qalıqlarına deyilir. Və bu anlayışı da məhz Çarlz Darvin özü kitabında açıqlayır və fərziyyəsinin doğruluğuna ara – keçid formasının tapılmasını şərt qoşur. İndi isə Yalçın bəyin iddia etdiyi ara keçid forma iddialarına cavab verək. Misal üçün Archaeopteryxin ara keçid forma olmadığı çoxdan isbat edilib. Archaeopteryxin yeni tapılan fosillərində döş tili sümüyü olduğu aşkarlanıb. Yəni bu o deməkdir ki, o quşun güclü döş əzələsi olub və uçma qabiliyyəti olub. Halbuki təkamülçülərin şərhinə görə bu uça bilməyən bir yarı sürünən yarı quş idi. Eyni zamanda tapılan 7-ci Archaeopteryx fosilində quşun tüklərindən nümunələr aşkarlandı. Və bu tüklərin assimetrik formaya sahib olduğu aydın oldu. Bildiyiniz kimi uça bilən quşların tük quruluşu assimtrik, uça bilməyənlərinki isə simmetrik olur. Və beləliklə də Archaeopteryxin tamamilə uça bilən bir quş olduğu aydın oldu. Daha sonra Sphecomyrma iddiası. İlk dəfə 1966-cı ildə tapılmış bu fosil Tabaşir dövrünə aiddir, təxminən 90 milyon illikdir. Kəhrəba içində fosilləşib. Eynilə bu gün yaşayan və “dinozavr qarışqaları” adlanan qarışqalara bənzəyirlər. Əvvəllər sfekomirmanın sırf qarışqalara xas olan metaplevral vəzilərə sahib olmadığı, buna görə də, arılarla qarışqalar arasında keçid forma olduğu fərz edilirdi. Lakin sonrakı sfekomirma nümunələrində bu vəzi tapıldıqdan sonra bu fosilin tam qarışqa olduğu üzə çıxdı. Bu vəzi bakteriya və göbələklərə qarşı antibiotik ifraz edir, hansı ki, bu da ilk qarışqaların bugünkülər kimi koloniyalar halında yaşadığını da sübut edir. Tiktaalik iddiasıda əsassızdır. Çünki Tiktaalik əslində tək kəllə qutusundan ibarət bir fosildir və normal adi timsah kəllə sümüyüdür. Bunu fosili tapan şəxsin özüdə etiraf edib. Tiktaalik iddiasında yer alan fosilin digər hissələri rekonstruksiya ilə sonradan quraşdırılıb və bu prosesin videosu da yayımlanıb. Tiktaalik fosili isə hal-hazırda Çində yaşayan bir Timsah növü ilə eynilik təşkil edir. Yəni heç bir dəyişikliyə məruz qalmamış bir fosildir. Pakicetus iddiası da əsassızdır. Tam adı pakicetus inachus olan bu nəsli kəsilmiş məməliyə aid fosillər ilk dəfə 1983-cü ildə gündəmə gəldi. Fosilin “balina” ilə heç bir əlaqəsi yoxdur. Skeleti bildiyimiz canavarlara bənzəyən dördyaqlı formada idi. Fosilin tapıldığı yer paslanmış dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da fosillərinin olduğu bir ərazi idi, yəni dəniz yatağı deyil, quru hissəsi idi. Homo Heidelbergensis iddiasının əsası isə budur. Təkamülçü ədəbiyyatda Homo heilderbergensis adlandırılan sinif isə əslində Homo sapiens archaiclə eynidir. Eyni insan irqini təsvir etmək üçün bu iki ayrı kateqoriyadan istifadə edilməsinin səbəbi təkamülçülər arasındakı fikir ayrılığıdır. Homo heilderbergensis sinfinə daxil edilən bütün fosillər anatomik cəhətdən dövrümüzdəki avropalılara bənzəyən insanların bundan 500 min, hətta 740 min il əvvəl İngiltərədə və İspaniyada yaşadıqlarını göstərir. A. Ramidus də ara keçid forması deyil, çünki ilk tapıldığı zaman parçalanmış dağılmış bir omba sümüyü fosilindən ibarət idi. Təkamülçülər bunu öz istədikləri kimi quraşdırıb ara-keçid kimi təqdim etsələr də sonradan bu fosilin bonobo meymununa məxsus qalıqlar olduğu aydın oldu. A. Afarensis də ara keçid forması deyil. Adi meymun fosilidir və heç bir hominid xüsusiyyəti yoxdur. Ümumiyyətlə, bütün Avstralopiteklərin meymun olduğu çoxdan isbat olunub. Bir elmi dəlil kimi St W573 fosilini deyə bilərəm. St W573-ü araşdırmaq səlahiyyətinə malik olan yeganə qadın tədqiqatçının nail olduğu nəticələr insanın əcdadı ilə bağlı aktual nəzəriyyələrdən fərqli olaraq hominid nəsil ağacını yıxır. Beləliklə, bu nəsil ağacında yer alan insan və əcdadları hesab edilən primat cinsli iri meymunlar aradan çıxarılır... Australopithecuslar və Homo növləri (insanlar) eyni budaqda yerləşmirlər

- Aha... Başqa hansı iddiaları yanlışdır?

- Yalçın bəy deyir ki, laboratoriya şəraitində, E.coli bakteriyasının streptomitsin adlı antibiotikə dayanıqlı və qidalanmaq üçün histidin adlı amin turşusuna ehtiyac duymayan mutasiyaları əldə edilir. Burda mutasiya baş verəndə yeni informasiya əldə edilmir. Yəni bu faydalı mutasiya deyil. Çünki bakteriya antibiotiklərə qarşı müqaviməti təkamül yolu ilə qazanmır, yaxud bu informasiya sonradan əldə olunmur. Onsuz da bakteriyanın DNT–sində olan mövcud informasiya aktiv olur sadəcə. Yəni yeni gen əlavə olunmur. Sonra Yalçın bəy söz oyunu edir: “Genetik mutasiya yoxdursa, 6000 genetik xəstəliyin səbəbi nədir? Mükəmməl yaradılmış dünyada genetik Turner sindromunun ya da Tay-Sachs xəstəliyinin izahı nədir? Bunlar zərərli mutasiyalardır”. Kim deyir ki, genetik mutasiya yoxdur? Yardılışçılar bunu inkar etmir ki. Mutasiyalar 99 faiz zərərli, bir faiz təsirsiz olur. Elə məhz Yalçın bəyin verdiyi nümunələrin özü faktiki zərərli mutasiya nümunələridir. Bizdə elə bunu deyirik də. Yəni mutasiyaların nə qədər zərərli olduğu ortadadır. Yalçın bəy faydalı mutasiya nümunəsi göstərsin, təkamül üçün faydalı mutasiya tələb olunur, zərərli yox. Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və ya yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirirlər. Çox vaxt hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar. Ona görə də mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. Mutasiyalar konkret olaraq zərər verirlər. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanlarda olan dəyişikliklər kimidir: yəni ya ölürlər, ya da şikəst olurlar...

Bunun səbəbi çox sadədir: DNT çox kompleks quruluşa malikdir. Bu molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı bioloq B.G.Ranqanatan bunu belə açıqlayır:

“Əvvəla, mutasiyalar təbiətdə çox nadir meydana gəlirlər. İkincisi, onlar genlərin quruluşundakı nizamlı dəyişikliklər deyil, təsadüfi dəyişikliklərdir; ona görə əsasən zərərli olurlar. Olduqca nizamlı sistem daxilindəki hər hansı bir dəyişiklik daha yaxşıya doğru deyil, daha pisə doğru olur. Məsələn, əgər bir zəlzələ bina kimi çox nizamlı quruluşa malik konstruksiyanı silkələsə, binanın skeletində təsadüfi dəyişiklik olar və bu binanı əsla təkmilləşdirməz”

Belə ki, bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu məlum olmuşdur. İkinci dünya müharibəsindən sonra nüvə silahları nəticəsində əmələ gələn mutasiyaları tədqiq etmək üçün qurulan Atom Radiasiyasının Genetik Təsirləri Komitəsinin (Committee on Genetic Effects of Atomic Radiation) hazırladığı hesabat haqqında təkamülçü elm adamı Uarren Uiver belə deyirdi:

“Çoxları məlum olan bütün mutasiya nümunələrinin zərərli olması nəticəsi qarşısında təəccüblənəcəkdir, çünki mutasiyalar təkamül prosesinin əsasını təşkil edir. Necə olur ki, müsbət təsir – yəni canlının daha təkmil canlı növlərinə təkamüllə çevrilməsi – faktiki olaraq tamamilə zərərli olan mutasiyaların nəticəsi ola bilər?”

- Ağıllı dizayn anlayışından danışır Yalçın bəy və deyir ki, bu qədər mükəmməl yaradılış olduğu halda çox sayda genetik xəstəlik necə mövcud ola bilir?

- O da bir söz oyunudur, daha doğrusu məntiq oyunu. Ağıllı dizaynın iddiasında xəstəliklər olmayacaq deyə bir şey yoxdur. Bu dizayn bu qədər canlı var və hamısı qüsursuzdur deyir. Ağıl dizayn budur: kainatda hər şey insanın, canlıların yaşaması üçün mükəmməl şəkildə qurulub. Planetlər yerindən bir azca aralansa həyat mövcud olmur. Bizim hal-hazırda həyatda yaşamağımız üçün eko sistemin şərtləri, atmosfer, yağışın dövr eləməsi və başqa o qədər faktor var ki, saymaqla bitməz. Saatsaz dəqiqliyi ilə düzəlmiş əyarlardır bunlar. Ağıllı dizayn budur. Yoxsa hansısa xəstəliyin olması primitiv şərhdir.

- Siz təkamülə qarşı olan iddialarınızı elmdən götürürsünüz. Yəni bir alim belə deyib, o birisi isə başqa cür.

- Ağıllı dizayn elmi bir nəzəriyyədir. Mənbə olaraq dini qaydaları götürmür. Elmi araşdırmalardan istifadə edir. Əvvəl nəzəriyyələr olur, sonra isə dəstəklənir. Ağıllı dizayn deyir ki, təbiətdə mövcud olan strukturların ən məntiqli izahı şüurlu izahdır.

- Dünyanı Allah yaradıb. Əvvəl dinozavrlar olub, sonra Adəm. Bunun nəzəriyyəsi necədir bəs? Dinozavrların əslində bu məsələyə aidiyyatı yoxdur. Amma maraqlıdır hər halda...

- Dinozavr dövründə insan yaşamırdı. Təbii ki Adəmdə yaşamırdı. Bəli insan çox sonralar yaradılıb. Yalçın bəy müsahibəsində dediyiniz məsələyə toxunub: “66 milyon əvvəl axırıncı dinozavr ölüb. Ən qədim hominin fosili bir neçə milyon illikdir. Arada qalan milyonlarla il ərzində nə baş verib?” Daha sonra isə deyir: “Dəqiq olan odur ki bütün canlıları eyni anda və indiki formada yaranması doğru olsaydı, bu qədər uzun zaman nə üçündür sualı cavabsız qalır”. Yalçın bəyin dinozavrların məhv olması ilə bağlı dediyi fikir doğrudur. Dinozavrlar bir canlı idi, yaşayıblar və məhv olublar. Tarix səhnəsindən getməkləri ilə bağlı isə fərqli fikirlər var. Ən məntiqlisi də məhs meteor düşməsi fikridir.

- Yəni o aradan qalan vaxt təkamül vaxtıdır...

- Baxın, 3.5 milyard il əvvəl insan yaşaya bilməzdi. Çünki eko mühitə görə bu mümkün deyildi. Allah Yer kürəsini yaradır, insanın yaşaması üçün lazım olan hər şeyi tənzimləyir. Və təbiətdə insanın yaşaması üçün ən uyğun dövr gəlib çatanda da insanı yaradır. Təkamül fərziyyəsi deyir ki, ilk hüceyrə yaranır və ondan törəyərək növlər yaranır, növlər azdan çoxa doğru çoxalır. Bu təkamülün həyat ağacıdır. Palentologiyanın mövcud fosillərə görə çəkdiyi sxemdə isə, Kembridən əvvəlki dövrdə bir neçə bakteriyalar göstərilir. Bu dövrdə 60 filum, yəni növlər, mənşələr anidən üzə çıxır. Təkamülçülər qalığa əsasən deyil, Darvinin fərziyyəsinə görə bir sxem qurublar və qalıqları ona uyğunlaşdırmağa çalışırlar. Ancaq baxırıq ki, əvvəllər canlıların sayı daha çox imiş, sonra isə nəsli kəsilə kəsilə gəlib.

- Aydındır...

- Stiven Cey Quld var, dünyanın ən məşhur təkamülçülərindən biri. Deyir ki, bəs Kembri dövründən əvvələ aid bütün əcdadlar haradadır. Və ya fərq ediləcək formada deyilsə, müasir kompleks belə bir sürətli başlanğıcla necə başladı? Belə bir sual ortaya qoyur və bu sual indiyə qədər cavablandırılmayıb. Kembri dövründə 60 filum olub, təkamülçülər bunun mənşəyini araşdırmalıdılar. Mənə onların birinin atası, əcdadı haqqında məlumat desinlər.

- Aha...

- Bir də Yalçın bəy deyir ki, Harun Yəhyanın elə də ciddi iddiaları yoxdur. Ümumiyyətlə, Harun Yəhyanın kitablarının heç birinə cavab verə bilməz. Yalçın bəy bir dənə ara keçid formu tapıb gətirsin, Harun Yahya söz verib ki, 10 trilyon dollar verəcək. Bu sözü hələ də keçərlidir. Harun Yəhya Ricard Dovinqs elmi debata çağırdı, ancaq Ricard Dovinqs gəlmədi. Yalçın bəy deyir, çox asandı. Bir ara keçid forumu gətirsin onda. Bizdən yaxşı təkamülü bilənləri tapa bilməzsiniz. Həqiqətən deyirəm. Təkamüllə bağlı hətta təkamülçülərdən belə yaxşı bilirik. Bizdə bir tərəfli müqayisə deyil, hər tərəflidir, araşdırmalar aparırıq bu sahədə.

- Sonda əlavə edəcəyiniz bir şey varmı?

- Bəli, var. Din elmdən ayrı bir şey deyil. Həmişə elmə təşviq edib. Dində oturaq bir yerdə, araşdırmayaq demir. Sizə deyim ki, əslində təkamül fərziyyəsi elmi araşdırmaların qarşısını alır. Təkamülçülər 100-dən çox rudument orqan fikri irəli sürüb bunları kəsib atmaq lazım olduğunu demişdilər. Halbuki daha sonra müqayisəli anatomiyada həmin rudument orqanların hamısının funksiyası olduğu ortaya çıxdı. Təkamül deyir ki, bu işə yaramır, qoyun qırağa. Halbuki araşdırılsa, öyrənilsə, görülər ki, bunun nə qədər funksiyası var. Nə qədər adam əməliyyat olmadan şikəst olub getdi. Təkamül doqmatik bir düşüncədir. Yəni sənin qarşına qadağalar qoyur. Təkamül dünyada diktatura sistemi qurub. Bir çox alimlər təkamül nəzəriyyəsini inkar etdikləri üçün universitetdən qovulublar. Yəni xain elan olunublar.

Ədəbiyyat siyahısı:

1. Adnan Oktar, “Hayatın Gerçek Kökeni”

2. Adnan Oktar, “Bir Zamanlar Darwinizm”

3. Phillip Johnson, “Defeating Darwinism by Opening Minds”

4. Jonathan Wells, “Icons of Evolution”

5. Stephen C. Meyer, “Signature in the Cell”

6. David Berlinski, “The Devil’s Delusion”

7. Guillermo Gonzalez, “The Privileged Planet”

8. Michael Denton, “Nature’s Destiny”

Məqalədə işlədilən sitatların mənbələri:

1. Libers, Holbiq və De Kniyff, “The herring gull complex is not a ring species”, Proc. Biol. Sci., 7 May 2004

2. Stiven Cey Quld, "A Short Way to Big Ends", Natural History, vol. 95 (yanvar 1986), səh. 18

3. İ. Nyutondan sitat, J. H. Tiner, ”Isaac Newton: Inventor, Scientist and Teacher”

4. İ. Nyutondan sitat, Michael A. Corey, “God and the New Cosmology”

5. Maks Plankdan sitat, Stephen Hawking, “A Brief History of Time: From the Big Bang to Black Holes”

Qan Turalı

Ayxan Ayvaz

# 2623 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #