Sahiblərində olmayan foto - BİR ŞƏKLİN TARİXÇƏSİ

Sahiblərində olmayan foto - <span style="color:red;">BİR ŞƏKLİN TARİXÇƏSİ
29 aprel 2016
# 08:30

Bu şəkil 80-ci illərdə Qazağda çəkilib. Atam Eyvaz Əlləzoğlunun cavan vaxtlarıdır.

Kənddə, həyətdə açılan süfrə mənə çox doğma gəldi. Bir anlıq uşaqlığıma qayıtdım. Gözümün qabağında kənddəki evimiz canlandı. Atamın kənddəki evdə öz yazı otağı vardı, kitablarla əhatələnmiş, əlyazmalarla dolu bir otaq. Sonra əmim təzə ev tikəndə o otağı sökməyə məcbur oldu. İndi yalnız o otaqdan əlyazmalar və kitablar qalıb. Nədənsə, bu şəkli görəndə o otaqda yazı yazan Eyvaz Əlləzoğlunu gördüm.

Bəlkə də həmin günün xatirəsini öz gündəliyində yazmışdı. Kim bilir? Atamın xeyli gündəlikləri var, axtarıb tapmaq da olar. Bu şəkli onun sağlığında heç vaxt görməmişdim. Ölümündən düz 5 il keçdikdən sonra tənqidçi Məti Osmanoğlu Facebookda paylaşanda qəribə hislər yaşadım. Və bu foto atamı bir az da mənim üçün sirli etdi. Onun haqqında hələ çox şeylər eşidəcək, oxuyacaq və görəcəkdim.

Şəklin tarixçəsindən isə tanınmış şairlər Murad Köhnəqala, Allahverdi Təkləli və fotonu çəkən Mahir Bayramov danışdı.

Murad Köhnəqala: “Demək, mən Moskvada, Mahir Leninqradda oxuyurduq. Yay tətilində Mahir bizim kəndə, Köhnəqalaya gəlmişdi. Bir neçə gün bizdə qaldıqdan sonra qatara minib Qazağa, Mahirgilin kəndinə getdik. O kənd Gürcüstanın sərhədində yerləşir. Mahir Məti Osmanoğlunun kiçik qardaşıdır, bu gün də Sankt-Peterburqda yaşayır. Gülərüzlü atası Osman qağamız bizə bir erkək ayırdı ki, kef eləyin. Mən Mahirə dedim, gəl gedək Tiflisə, yazıçı dostlardan da dəvət eləyək, məclisi genişləndirək. Getdik, orda əlimizə Ayvaznan (Eyvaz Əlləzoğlu) Allahverdi Təkləli keçdi. Sən demə, Mahirin qardaşı Fazil həm gözəl saz çalır, həm də yaxşı tut arağı çəkirmiş. Burda bir gün yeyib-içdik, sabah Ayvazla Allahverdinin dəvəti ilə Gürcüstana getdik. Orda, Qarayazıda adını unutduğum bir rəssamın həyətində İsa İsmayılzadənin iştirakı ilə böyük bir məclis qurduq. Şeir dedik, sağlıqlar dedik, sabaha kimi çaxır içdik... Şəkildə saz çalan Allahverdi Təkləlidir... Şəkli də, deyəsən, Mətinin qardaşı Mahir çəkib.”

Allahverdi Təkləli: “1988-ci ilin bir yay günü Mahirlə (Mətinin kiçik qardaşı) Murad qəfil böyürdən çıxdılar. Yanılmıramsa, səhər tezdən idi. Dostlarla bizdə Allah verəndən yeyib içdik. Başımız dumanlanandan bir az sonra, Mahir Tiflisə getməyi təklif elədi. Muradla mən də onu qırmadıq. O illər Ayvaz "Sovet Gürcüstanı" qəzetində korrektor işləyirdi. Mahir Leninqradda, Muradla mən Moskvada təhsil alırdıq. Ayvazı da işdən götürüb Tiflisi xeyli gəzdikdən sonra, birbaş Qarayazıya, ordan da Sadıxlıya - Mətigilə getməyi qərarlaşdırdıq. İdeya Mahirin idi. Qarayazıya çatanda Ayvaz Temurla Tariyelə (rəssamlar) baş çəkib, onların əl işlərinə baxmağı və hər iki dostumuzu da özümüzə qoşmağı təklif etdi. Mahirlə Murad hər iki rəssam dostumuzla tanış olub, dərdləşməyi razılıqla qarşıladılar. Tariyelgilə sarı təzəcə yol almışdıq ki, küçədə heykəltəraş dostumuz Fərhad Heydərli ilə qarşılaşdıq. (Fərhad o illərdə Tallin şəhərinin Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil alırdı). Ayvazla mən köhnə dostumuzun rayonda olduğundan xəbərsizdik. Fərhad da Mahir kimi yay tətilinə gəlibmiş. Nə isə... O, bizi görüncə uşaq kimi sevindi. Onu Mahir və Muradla tanış etdik. Daha sonra Fəhrad əl çəkməyib hər dördümüzü evlərinə dəvət etdi. Mahirin nəm-nüm etdiyini görüncə, ona sürpriz edib çox sevindirəcəyini dedi. Mahir də ta üz vurmayıb razılaşmalı oldu. Əl-qərəz, dördümüz Fərhada qoşulub onlara getdik. Həyətdə bir bəy süfrəsi qurulu bizi gözləyirmiş. Masa arxasında böyük şairimiz İsa İsmayılzadəni görüb gözlərimizə inanmadıq. Fəhradın "sürpirz"i bəlli oldu. Rəhmətlik İsa qağanı (özü istəməsə də) məclisə masabəyi seçdik ki, bizə ağsaqqalıq eləsin. Fəhradın düzənlədiyi mərəkə yemək-içməkdən daha çox şeir-sənət məclisinə döndü. Onu da qeyd edim ki, Fəhradla rəhmətlik İsa qağa bacanaqdılar. Yanılmıramsa, o məclisdə mən "İtimiz uladı gecə yarısı", Murad "Mənim yaşamağım nə vacib olub", Mahir də Səməd Qaraçöpdən "Nəyimə lazımsan mənim, ay şeir" şeirini oxduq. Şeir oxumağı da Ayvaz belimizə yükləmişdi. Axır ki, 5-6 arası bir maşına əyləşib getdik Sadıxlıya. Mətigilə çatan kimi Osman əmi bir erkək gətirib kəsdi. Biz o şəkildəki stolun ətrafında əyləşib şahmat oynaya-oynaya söhbətə girişdik. Bir azdan məclis qızışacaqdı. Mahir, Fazil qardaşlarımız və əmioğlu Məmmədlə söz sənətindən, türkçülükdən, milli azadlıq hərəkatından (həmin dönəmlərdə AXCH təzəcə ayaqlanmışdı) uzun-uzadı can yanğısıyla etdiyimiz o günün söhbəti, bir az sonra masa araxasında daha pafoslu axara düşdü. Məmməd əmioğlu tamadamız olmasına baxmayaraq, Ayvaz hər sağlığa xeyli əlavələr edir və yavaş-yavaş yaxasını sərxoşluğa tanıdırdı. Mahir gedib məclisə bir saz gətirdi. Saz məclisə təşrif buyurandan həmən sonra, canım Ayvazı durdurmaq olmadı ki, olmadı. Tamadalığı öz əlinə aldı. Saz onu havalandırmışdı. Çalanı da mən idim. Yaradıcı adamların hər cür “nadincliyini” anlayışla qarşılaması Məmməd əmioğlunun nə qədər sərraf bir qardaş olduğundan xəbər verirdi. Gərək Muradın yumor dilinə keçməyəsən. Gecə yarısı hamımız sərxoş idik. Amma hamıdan çox Ayvaz özünü-sözünü bilmirdi. Mahirlə Murad onu aparıb taxtın üstündəki salınmış yerə uzatdılar. Aradan 1 saat filan keçəndən sonra Ayvaz özünü stola saldı ki, məni niyə yuxuya veribsiniz. Hamı uğunmaqdan qarnını tutmuşdu. Murad Ayvazın o hərəkətinə anındaca bir lətifə düzüb qoşdu. Hayıf ki, o lətifə yadımda qalmayıb. Bəlkə Muradın yadına düşə. Gecə gird yarı Osman əminin bağında buludları aralayıb çıxan aya baxırdıq. Ay gümüşü işığıyla Sadıxlı kəndini saz kimi sədəfləmişdi... Osman əmimin çörəyinin hələ də dadı damağımdadı”.

Fotonu çəkən Mahir: “O vaxtlar şəkil çəkməyi hər adam bacarmazdı. Mən, ya qardaşım Fazil çəkə bilərdi. Bu şəkil, Fazilin arxivində qalmış pis alınmış şəkillərdəndir. Adətən yaxşı çıxanları şəkil sahiblərinə verirdik. Hər şey Muradın danışdığı kimidir. Amma rəhmətlik Ayvazla harda tapışdığımız dəqiq yadıma gəlmir. Biz Muradla getdik Qara Təhləyə. Rustavidə başqa avtobusa mindik. Ordamı rastlaşdıq Ayvazla? Yoxsa Allahverdimi zəng vurub çağırdı onu Soğanlıqdan? Unutmuşam. Xülasə, Allahverdigildə olduq. Yağışlı bir gün idi. Axşama bizdə olduq. Mamoğlu Mamed gəldi. Yeyib içmək... Şəkildə soldan: Allahverdi sazla, Murad, Mamed (Məhəmməd Mustafaoğlu), Ayvaz və qardaşım Fazil.

Onun sabahı günü getdik Qarayazıya onları ötürməyə. İsa İsmayılzadəyə rast gəldik orda. Yanında bir heykəltaraş oğlan vardı. Bizim hamımızı evinə apardı. O heykəltaraş həmin vaxt Hüseyn Saraclının qəbirüstü abidə kompozisiyası üzərində işləyirdi. İlk abidə variantının şəklini bizə göstərdi, fikrimizi soruşdu. Sonra süfrə açıldı, ortaya qırmızı çaxır gəldi. Nə zaman axşam oldu, kim nə cür hara getdi, bir çəllək çaxırdan sonra ağlımda qalmayıb. Bir də ertəsi gün Muradla məni bizdə mamoğlu Mamedin ayıltdığı yadıma gəlir...”

# 1000 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #