Təkamüldən yaranan Adəm

Təkamüldən yaranan Adəm
28 aprel 2016
# 12:10

Sizi bilmirəm, mən səmavi kitablardakı əhvalatları poetik nümunələr kimi oxuyuram.

Çünki, poetik dillə də yazılıb.

Bu kitablarda elmi dəqiqlik axtarmaq, müəyyən detalları təcrübədə əldə olunmuş bilgilərlə əks, yaxud eyni qütblərə qoymaq doğru deyil.

Məsələn, “Tövrat”ın ahənginə baxaq:

Tanrı göyləri yaratdı,

gördü gözəldi,

yerləri yaratdı,

gördü gözəldi

meşələri, çayları yaratdı və s.

Üslub tamamilə bədiidir.

Yaxud “Quran”:

Biz iki dünya qərar verdik, biri-birinə qovuşmaz.

Fikir poetik deyilib.

Kimi bu ayəni dəniz və okean sularının tərkibinə görə biri-birinə qarışmaması, kimi göyün atmosfer təbəqələri, kimi maddi və mənəvi dünyalar, kimi də paralel dünyalar kimi yozur.

Və maraqlı bilirsiniz nədir: yozumların hamısı doğrudur!

"Quran"dakı “arvadı döymək” ifadəsinin onlarla yozumunu görmüşəm.

Hətta yozumların birində, söhbətin insandan, yəni qadından deyil, nəfsin döyülməsi, incidilməsindən getdiyi bildirilirdi.

Bu mənada, ya lehinə, ya əleyhinə elmi faktların səmavi kitablarla qiyaslanmasını yanlış hesab edirəm.

Dünyanın elmi izahı da var, poetik izahı da!

Səmavi kitablar yaradıcılıqdır və yaradıcılıq nümunələri çoxlu yozuma imkan verir.

Eynən Füzulinin qəzəlləri, Coysun, Folknerin romanları kimi.

Bir anlıq Adəm və Həvva, İsanın çarmıxa çəkilməsi, Nuh tufanı əhvalatlarını bəşəriyyətin yaddaşından silsək, nə qədər bədii əsər və film öz məzmununu itirəcəkdir.

Bu mətnlərin enerjisi zaman-zaman mədəniyyəti qidalandırıb.

İstər təsdiq, istər inkar planında.

Dünyanın ən böyük bədii, kino, rəsm, hətta, musiqi əsərləri bu və ya digər şəkildə dini kitablarla əlaqədədir.

Hardan gəlməyindən asılı olmayaraq (səmadan, yoxsa insan beynindən) bu kitablar, bəşəriyyətin dünəninə, bu gününə və sabahına təsir edən, onu yaradan kitablardır.

Kiməsə gülməli gələ bilər, ancaq mən, tozcuqlardan yaranan kainatla, torpaqdan yaranan Adəm arasında nəhəng bir metafora görürəm.

Dünya bu gün də Zevsin Olimpdəki səltənəti kimi iyerarxikdir.

Ailədən tutmuş, dövlətlərə, dövlətlərdən tutmuş beynəlxalq təşkilatlara, hüceyrədən tutmuş qalaktikalar sisteminə qədər.

Mədəniyyət nəyəsə inanmaq, nəyisə gözləməkdir.

Eyni zamanda, bütün inam və gözləntilərin şərtiliyini qəbul etməkdir.

Gözlədiyin İsa Məsih də ola bilər, Mehdi Əz Zaman da, Qodo da.

Nəticə dəyişmir.

O ki qaldı şəriətə, yəni səmavi kitabların kargüzarlıq institutlarına, onları elə daha çox lağa qoyan, dindar şair və yazıçıların özləri olub.

Xülasə, poetik məntiqdə təkamüllə səmavi kitabda yazılanlar biri-birini inkar etmir.

Poetik məntiqdə Adəm təkamüldən yarana bilər.

Çünki orda ad yoxdur, bədii təyin var və təkamül sözü Allah sözüylə sinonim kimi işlənə bilər.

Səmavi kitablar, “Gözüm səndən su içmir” ifadəsi qədər yanlışdır.

Biz bu ifadəyə məcazi yox, müstəqim mənada yanaşsaq, gülməli vəziyyət alınar.

Əks halda, fizika ilə ədəbiyyatın heç bir fərqi olmazdı.

Mənə qalsa, dünya elmlə dinin ikisi də yerləşəcək qədər genişdir.

Hətta bu iki fərqli istiqamətlər biri-birinin yaranmasına, inkişafına təsir edir.

Yaradıcılıq isə, hər sənətkarın öz səmavi kitabıdır.

# 1845 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #