Qonşu qadından siqaret soruşan kişi

Kulis.az Elçin Hüseynbəylinin “Qonşu, ay qonşu” yazısını təqdim edir. 

 

Dördüncü mərtəbənin balkonunda bu binaya təzə köçmüş bir qadın paltar asır.

 

Birinci mərtəbədə yaşayan ahıl bir kişi isə başını yuxarı qovzayıb çağırır:

 

- Qonşu, ay qonşu!

 

Qadın bu səsə əhəmiyyət vermir. Amma səs kəsilmək bilmir:

 

- Qonşu, ay qonşu!

 

Qadın bu dəfə kişiyə reaksiya verir. Əlində asdığı paltarı məhəccərin üstünə qoyur və kişiyə baxır.

 

- Qonşu, ay qonşu, sizdə siqaret çəkən var?

 

“Əcəb işə düşdük e! Bu kişinin başı xarabdı-nədi!? Qadından siqaret soruşur. Yenə də qapıbir qonşu olsaydı. Yoxsa ki, birinci mərtəbə. Heç salam-kəlamları da yoxdu. Getsin dükandan alsın da!”

 

- Qonşu, ay qonşu, sizdə siqaret çəkən var?

 

Ər evdə, qardaşı da yanında. İndi səsini necə çıxarsın. Deməzlərmi ki, yad adamla sənin nə işin var? Ona görə də başını bulayır, yəni ki, yoxdu. Əslində qadın, yumşaq desək, düz demir. Əri hərdən balkonda durub siqaret tüstülədir, qardaşı da ondan geri qalmır. Amma məcburdu ki, yox desin.

 

Kişi başını yelləyir və həyətdə əkdiyi ağacların dibindən, gül kollarının arasından siqaret kötükləri dənləyir. Qadın bu dəfə məsələnin məğzini anlayır. Demə, yuxarı mərtəbədə kimsə siqaret çəkib yerə atır, həyəti zibilləyir. Amma qadın yenə də ona əhəmiyyət vermir və paltar asmaqda davam edir.

 

- Qonşu, ay qonşu!

 

Qadın yenə də əlini saxlayır.

 

- Deyirəm, bəlkə qonaqlardan-zaddan...

 

“Bu kişi ekologiya polsidi-nədi? Lap elə çəksinlər. Ona nə?” Amma yenə də başını bulayır, yəni ki, yox.

 

Kişi yenə də kor-peşman və narazı halda siqaret kötüklərini yığmağa davam edir. Qadın anlayır ki, həmin adam bu balkonda kiminsə siqaret çəkib yerə atdığını görüb. “Qoca kişisən, get yat da, qonşuları niyə güdürsən!?” Qadın ürəyində bu cür fikirləşir və içəri keçir. Paltarların çoxuna ipəzor (şpilka) vurmağı da yadından çıxarır.

 

Bir azdan güclü külək qalxır. Qadının asdığı paltarlar pərən-pərən düşür. Qadın tez balkona qaçır, paltarları yığışdırır.

 

Bir azdan sonra külək yavaşıyır. Qadın paltarları təzədən asmaq istəyir. Və yenidən həmin səsi eşidir:

 

- Qonşu, ay qonşu!

 

“Əcəb işə düşdük e!”

 

Bu dəfə qadın dözmür və əllərini işə salır. Əsəbi şəkildə və səsini çıxarmadan soruşur: “Hə, nədi?!”

 

- Qonşu, ay qonşu, bu paltar sizindi? Qadın baxır ki, kişi əlində qadın alt paltarı tutub. Pərt olur. Kişiyə də acığı tutur ki, qadından belə şey soruşarlar? “Abır-həyası yoxdu e, bunun!” Qadın hirslə başını bulayır, yəni bizim deyil. Onun paltar asmaq həvəsi ölür. Birdən əri, ya qardaşı balkona çıxdı?

 

Ona görə də içəri keçir.

 

Birinci mərtəbədə yaşayan kişinin yenə də səsi gəlir.

 

- Qonşu, ay qonşu!

 

Bu dəfə əri və qardaşı balkona çıxmaq istəyirlər ki, görən aşağıdakı qonşu nə istəyir.

 

Qadın onları sakitləşdirir:

 

- Başdanxarab bir kişidi. İkinci mərtəbədəki qonşunu çağırır. Deyəsən, onlar da evdə yoxdular...

 

Səs isə kəsilmək bilmir:

 

- Qonşu, ay qonşu!

 

“Azar, çor qonşu!” – Qadın ürəyində fikirləşir və evin kişilərinə çay gətirmək üçün mətbəxə adlayır...

 

- Qonşu, ay qonşuuu!!!

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017