Firuzə qaşlı sırğa - “Ən yaxşı hekayəmiz”

Firuzə qaşlı sırğa - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
9 aprel 2017
# 16:01

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Saday Budaqlının “Firuzə qaşlı sırğa” hekayəsini təqdim edirik.

Evlənəndən tək gəzməyi xoşlayırdı. Həmişə də özü ilə kitab götürürdü. Çünki gəzməkdən çox, bəzən bir yerdə dayanmalı olurdu: ya trolleybusda, metroda, ya dükanda. Onda kitab dadına çatırdı, onu vaxtla göz-gözə dayanmaq əziyyətindən qurtarırdı.

İş yeri qaldığı evdən uzaq idi. Ancaq evlənəndən uzaqlığı da hiss eləmirdi. Uzaqlıq-darıxmaq deməkdi. O isə axır vaxtlar darıxmırdı və heç hara tələsmirdi.

Səhərlər yuxudan tez dururdu. Elə tez dururdu ki, Nərimanov prospektindən Bakı Soveti metrosuna qədər tələsmədən, gəzə-gəzə, işığın qaranlığı necə əritdiyinə tamaşa eləyə-eləyə piyada gedə bilsin. Yolüstü də köşkdən təzə qəzet alırdı, onu da kitab qoyduğu selofan torbaya atırdı və beləcə: yarımçıq qalmış kitabın, təzə aldığı qəzetin istisinə qızına-qızına metroya düşürdü.

Metro səhərlər basabas olurdu. İstəsən də, belə basabasda nəsə oxumaq çətin məsələ idi. Ancaq o heç istəmirdi də. Bir-birinin ağzına girmiş, geyimlərindən, görünüşlərindən çox, bir-birindən çöhrələrinin ifadəsilə seçilən adamlara baxmaq, kitab oxumaqdan az maraqlı deyildi. Birinci və sonuncu dəfə gördüyü bu mürgülü, qayğılı, qırışlı sifətlərin özündə nələr gizlətdiyini fikirləşib yozmaq onu əyləndirirdi. Amma həm də yaxşı bilirdi ki, (bunu bilmək ona ləzzət eləyirdi), ətrafına baxmaqdan bezsə, qoltuğundakı kitabı açmaqla əziyyətdən qurtaracaq. Elə bil otağın gizli qapısından sakitcə sivişib çıxırsan.

"Gizli qapı" ona işdə lazım olurdu. Altı il işlədiyi şöbədə hamı onu tanıdığı qədər, o da hamını tanıyırdı: nə az, nə çox. Bir addım atıb dayanmışdılar. Adlarını bilirdilər, salam verib, salam alırdılar, bir-birlərinin üzünə gülümsəyirdilər. Belə yaxınlıq, görünür, hamını razı salırdı. İş də altı il qabaqkı iş idi, bircə fərqi vardı ki, institut qurtardığına görə axır bir ili usta maaşına qol çəkirdi, əl-ayağı da təmiz qalırdı. Bəlkə iki ildən, beş ildən sonra onu müdir müavini ya müdir vəzifəsinə keçirəcəkdilər, nə bilmək olardı. Əgər adicə nəzarətçilikdən ustalığa keçmək belə asandısa, (nədi, nədi diplomu var), demək nə desən gözləmək olardı. Ancaq bu yerdəyişmə, bir pillə qabağa sürüşmək onu maraqlandırmırdı. Ona görə yox ki, vəzifə, on manat artıq almaq, iyirmi-iyirmi beş adama əmr eləmək ürəyinə yatmırdı. Sadəcə fikirləşdi ki, axı nəyə görə kimsə əmr eləməlidi? Nə səbəbə? Bu sualın cavabını axtarmaq belə ona gülünc gəlirdi. Yəqin vəzifə üçün doğulurlar, kimi bir az aşağı vəzifə üçün, kimi bir az yuxarı, kimi lap dövlət başında durmaq üçün. Özünü biləndən vəzifəyə can atan adamları çox görmüşdü, həmişə də onlara bir az şübhə ilə baxırdı və nədənsə onlara yazığı gəlirdi.

Ustalığa keçəndən bir şeyə şükür eləyirdi ki, nə yaxşı ona ayrıca stol ayırıblar. Yoxsa bekarçılıqdan lap bezərdi: bir yandan başını qatmağa düz-əməlli işin olmaya, bir yandan da oturmağa yerin. İndi ancaq bilirdi gələndə harda oturacaq, nəyi hara qoyub nəyi hardan götürəcək. Stol onunla otaqdakılar arasında görünməz pərdəyə dönmüşdü. "Pərdənin" arxasında heç kim ona dəyib-dolaşmırdı, yerli-yersiz söhbətə tutmurdu. Oturub sakitcə öz işini görə bilirdi. İşini qurtaranda yenə kitab köməyinə çatırdı və hamının əlindən zinhara gəldiyi səkkiz saatın necə keçib getdiyini o hiss eləmirdi.

İşdən çıxanda evə gəldiyi yolla qayıdırdı amma gəldiyi kimi qayıdammırdı. Necə keçdiyini duymadığı səkkiz saatı bədəni, canı istər-istəməz hiss eləyirdi, metrodan sonra Nərimanov prospektinə piyada qalxmağa həvəsi olmurdu. Həm də elə bil iş-gücdən tək adamlar yorulmurdular, günün özü də yorulurdu, rəngini, şuxluğunu itirirdi. Ətrafdakılar onu özünə çəkməkdən çox özündən itələyirdi. Heç nə diqqətini tutub saxlamırdı, hətta kitab oxumaq fikri belə onu sevindirmirdi. Yaxşı ki, bu halsızlığın, biganəliyin ötəri olduğunu bilirdi. Arvadının gətirdiyi bir stəkan çayı içib, bir qismət çörəyi yeyib, bir az divanda uzanandan sonra, gəzmək, görmək, nəyəsə tamaşa eləmək istəyi təzədən qayıdırdı. Dükanda, trolleybusda ətrafına baxmaqdan bezsə, vaxtla göz-gözə dayanmamaq üçün kitabı da qoltuğuna vurub yenə evdən çıxırdı.

Bu gün şənbə idi. Elə bircə buna görə sevinməyə dəyərdi: yuxudan istədiyin vaxt durursan, bütün bir gün də soyulmuş naringi kimi sənin ixtiyarında. Getməyə, gəzməyə yerin olmasa da, dəxli yoxdu, bilirsən heç nədən, heç kimdən asılı deyilsən, öz əlin, öz başın. Hələ onu da düşünmək xoşdu ki, gecəni rahat yatacaqsan, çünki səhəri bazar gününə açılacaq.

Bəxtindən bu gün hava da gəl-gəl deyirdi. Hər yan ağappaq, dünəndən yağan qar əriməyə macal tapmayıb, bir yandan da günəş: sopsoyuq, adı var, özü yox, gücü tək göz qamaşdırmağa çatır. Bircə qanını qaraldan arvadının səhər-səhər ağrıdan turşumuş sifətini görməsi idi. Yığılmamış yataq, balıncda qopub qalmış saç, arvadının turşumuş sifəti iki dəqiqə əvvəl örtdüyü qapının o yanında qalmışdı. Belə gözəl havada xəstəlik haqda düşünmək günah idi. Ona görə çalışırdı heç düşünməsin. Ancaq bir dəfə gərək onu həkimə aparaydı, əməlli-başlı yoxlada idi, görəydi dərdi nədi. Çünki həmişə harasınısa tuturdu, ağrısını nə qədər gizlətməyə çalışsa da hərdən özü ilə bacarmayıb sızıldayırdı. Deyirdilər kənd adamı buz baltası kimi olur, o da belə bilirdi, gedib aldı, bəxtindən gəlib xəstə çıxdı. Şəhəri də düz-əməlli tanımırdı ki, ağrıyanda özü durub həkimə getsin. O da ha deyirdi aparacam, di gəl macal eliyəmmirdi. Ancaq nəsə fikirləşmək lazımdı, arvad onun idi, o da gərək fikirləşə idi. Bunu bildiyindən və heç nə fikirləşmədiyindən, ağrıdığına görə arvadına lap acığı tuturdu.

Tini dönən kimi özünü azadlıqda hiss elədi. Elə bil gözdən itən evlə bir yerdə onu evə bağlayan qayğılarla da üzlüşdü.

Prospekt yenə qələbəlik idi: səs-küy, bir yerdə bənd almayan qıvraq ayaqlar, sağlam, gülümsər çöhrələr. Tələbə olduqları qoltuqlarına vurduğu kağız rulonlarından, kitab-dəftərdən çox, sifətlərindəki işguzarlıqdan oxunan cavan-cavan uşaqlar durduqları yerdə də tələsiyirdilər. Avtobuslar, trolleybuslar onları institutun qabağından şəhərin dörd yanına səpələyib qurtarammırdı. İçində gəzdirdiyi sevincdən, ümiddən hamının xəbəri olduğuna inanan bu sadəlövh uşaqların hay-küyünə o qədər adət eləmişdi, hətta bazar günü onları görməyəndə qəribsəyirdi, nəsə itirmiş adam kimi narahat olurdu.

Özü də bir vaxt bu institutda oxumuşdu. amma qiyabi oxuduğundan bəzən institut qurtardığına şübhə eləyirdi. Xatırladıqlarının bir ucu gedib işə çıxırdı. Guya heç orta məktəbdə oxumamışdı, heç subay da olmamışdı. Elə gözünü açıb işə getmişdi, işdən gəlib arvadını görmüşdü. Bu iki sonluğun arasındasa yollar dururdu. Öyrəşdiyi, tanıdığı yollarda tanımadığı adamlar, xatırlayammadığı keçmişi kimi həmişə onu özünə çəkirdi.

Bayaqdan siqaret üçün 2-3 dəfə cibinə salmışdı. Amma hava o qədər təmiz idi ki, onu siqaret çəkməyə də qoymurdu. Həm də indi onsuz da kitab dükanına girməli idi. Buna öyrəşmişdi, heç olmasa iki gündən bir gəlib baş çəkirdi, heç vaxt da heç nə almırdı, almayacağını da yaxşı bilirdi. Çünki almaq istədiyi kitablar abonementlə satılırdı, ona kənardanca baxmaq qalırdı. Bəzən özünü saxlayammırdı, yaxınlaşıb köhnə tanışı kimi satıcı ilə salamlaşırdı, sonra yavaşca soruşurdu: o kitabı satırsınızmı? Axırıncı sözü lap yavaşca deyirdi, yəni xəcalətindən çıxacam. Sonra xahiş elədiyi anı təzədən xatırlayanda özünə yazığı gəlirdi, satıcı qızın yerinə olsaydı, belə yazıq adama kitabı lap peşkəş eləyərdi. Amma, görünür, satıcı hər cür adama rast gəlmişdi, hər cür təbəssümə də öyrəşmişdi. Dinməzcə yumru yanaqlarını tərpədib başını yırğalayırdı.

Qızın laqeydliyi həmişə onu heyrətləndirirdi: əgər kiməsə satırsa, qoy ona da satsın, nə qədərdi gəlib-gedir, üzdənsə tanıyır: yox, satmırsa, qoy heç olmasa görməzə-bilməzə belə şey təklif elədiyinə görə ağzını büzsün, hirslənsin, nəynənsə narazılığını bildirsin, daha at kimi başını yırğalamasın. Yaxşı ki, onun yenə şükür eləməyə bəhanəsi var idi, yaxşı ki, hirslənməməyi cəhənnəm, qız ağzını açıb bir söz demirdi də. Nədənsə, inanırdı ki, qız ağzını açıb bir söz desə, mütləq ordunu dişləyəcək. Qızın necə hirsləndiyini, ordunu dişləyə-dişləyə nələr dediyini təsəvvürünə gətirəndə tezcə piştaxtadan uzaqlaşırdı. Bu dəfə kənardan durub göz qoyurdu, guya qızın ona rəhmi gələcəkdi. Gözləyirdi, baxırdı, ancaq qızın çağıracağına heç inanmırdı da. Bu ümid idi, di gəl bu ümidin kölgəsi yox idi, ürəyin istəyəndə altında uzanıb sərinləyəsən. Pişik quyruğu ilə oynadığı kimi, bu kölgəsiz ümidlə oynamaq da onun xoşuna gəlirdi.

Dükanın girəcəyinə vurulmuş əl boyda kağız hələ də öz köhnə yerində dururdu. Bir həftə idi hər gələndə gözünə sataşırdı, orda nə yazıldığını da daha əzbər bilirdi. Amma birdən-birə hardansa peyda olmuş bu kağıza da, bu kağızda yazılanlara da öyrəşəmmirdi. Dükana girib-çıxanda ayağını saxlayıb, ilk dəfə görürmüş kimi təzədən oxuyurdu.

FİRUZƏ QAŞLI SIRĞA İTİRMİŞƏM!

Çox xahiş edirəm, tapan zəng vursun.

Əvvəlcədən minnətdarlığımı bildirirəm!

Telefon: 88-24-36

Güllü Qasımova

Elan göy mürəkkəblə yazılmışdı, bircə "itirmişəm" sözü qırmızı mürəkkəblə. Güllü xanım kim idisə, sadəlövh adam deyildi. Bilirdi sırğanı tapan adam çətin qaytarar, di gəl inanmaya-inanmaya bəxtini sınamaq istəmişdi. Yazana qədər nələr keçirdiyi, nə düşündüyü, nə fikirləşdiyi tək elə elandan hiss olunurdu. İki yerdə nida işarəsi qoyulmuşdu: bir itirdiyini yazanda, bir də minnətdarlığını bildirəndə. Xahişini bacardıqca yumşaq eləmişdi, nida işarəsindən qaçmışdı. Nə bilmək olar, birdən acıqları tutar, fikirləşərlər əmr eləyir. Ancaq "çox" sözünü yazmağı unutmamışdı: bəlkə tapan onun halını başa düşdü, rəhmə gəlib qaytardı. Ad-familiyasını isə lap xırda hərflərlə yazmışdı, gözə soxmaqdan çəkinmişdi. Bir yana qalanda ad-familiyanı heç yazmamaq da olardı , onsuz da telefon nömrəsi göstərilmişdi, tapan hara zəng vuracağını bilirdi. Burda da Güllü xanım ad-familiyasını yazmaqla tapanın ürəyini yumşaltmağa çalışmışdı. Çünki telefon nömrəsi səs idisə, ad-familiya səsdən başqa həm də şəkil idi: kimin ürəyi necə istəsə, eləcə gözünün qabağına gətirə biləcəyi bir qadın şəkli. Bəlkə bu şəkil tapana nəsə dedi, kimisə yadına saldı, nələrisə xatırlatdı.

Qəribə də olsa nədənsə kimin ki, işi bir balaca dara düşdü, istəyir hamının ona yazığı gəlsin. Bacardıqca da bu istəyi pərdələməyə çalışır. Güllü xanım da eləcə. Heç kimə inanmır, amma fikirləşirdi ki, qaytarmırlar-qaytarmırlar, heç olmasa yazıqları gəlsin.

Görən doğrudan da sırğanı tapan qaytararmı? Bəs əgər o tapsa idi qaytarardımı?... Baş sındırmağa dəyməz. İndi başqa adamdı, başqa cür fikirləşir. Tapandan sonra başqa adam olacaq, başqa cür fikirləşəcək. Həmin başqa adamın əvəzindən danışmaq nəyə lazım.

Onun elana baxdığını görüb bir-iki adam da ayağını saxlamışdı. İndi yaman olar: biri fikirləşə ki, sırğanı o tapıb, tuta yaxasından, hay-küy sala. Gəl onda işin arasından çıx, görüm necə çıxırsan. Bunu təsəvvür eləmək çətin deyildi: o saat rəngi-ruhu qaçdı, gözünü gizlətməyə yer axtardı. Təsəvvür elədiyindən qorxmaq adəti idi. Bir də görürdün, dükanda, ya hardasa, hansı bədbəxtinsə səsi aləmi başına götürdü. Hamı bir-birinə dəyirdi, oğrunu yamanlayırdılar, nəyi apardığını, necə apardığını soruşurdular, məsləhət verirdilər. O isə ürəyi əsə-əsə sıpıxıb bir kənarda dayanırdı, kimsə üzünə baxanda lap əl-ayağı yerdən üzülürdü. Deyirdi, bu saat onun üstünə cumacaqlar. Hələ üstünə cummaqları cəhənnəm, qorxurdu birdən axtardıqları şey doğrudan da onun cibindən çıxar.

Yenə siqaret çəkəmmədi. Trolleybus elə bil dayanıb onu gözləyirdi. Minməmək də olardı, bazar yaxın idi, ancaq fikirləşənə qədər daha trolleybus tərpənmişdi, o da içində.

Nəzarətçinin qorxusundan tezcə bilet aldı. Tərs kimi bilet almayanda bir də baxırdı başının üstünü kəsdirib. Elə ki, alırdı, nə qədər arzulasa da nəzarətçidən xəbər-ətər çıxmırdı.

Trolleybus elə donmuşdu ki, sınıq araba kimi cır-cır cırıldayırdı, deyirdin, bu saat sökülüb dağılacaq. Onunla qabaq-qabağa kök, şubalı qadınla qırmızı papaqlı qız uşağı oturmuşdu: rahat, qayğısız, elə bil trolleybusda yox, öz evlərində, öz isti otaqlarında oturmuşdular, qışın əli çatmadığı ilıq, mehriban səslə hündürdən danışırdılar.

– Məni daha aparmayacaqsan bağçaya?

– Yox, aparmayacam.

– Doğrudan?

– Ana heç yalan deyər?!

– Bəs işə getmiyəcəksən?

– İşdən çıxdım da, sən quzu balaya görə.

Qız tez-tez anasına baxırdı. İnana bilmədiyinə görə təqsirkar-təqsirkar gülümsəyirdi. Gülümsəyəndə yanaqları batırdı.

– Bə nətəri çıxdın?

– Görürsən, yenə anaya inanmırsan. Mən də axı səndən ötrü darıxmışam. İstəyirəm balam yanımda olsun.

Qız elə sevindi, heç söz də deyə bilmədi. Sevincini gizlədəmmədiyinə görə utanıb başını anasının sinəsində gizlətdi.

Qadının xoşbəxtlik və hiyləgərlik oxunan təbəssümündən hiss olunurdu ki, qızını aldadıb. Ancaq qızın necə sevindiyini görəndə sevinməmək olmurdu. Bircə uşaq sevinci belə yoluxucu olur.

Nədənsə yenə elan yadına düşdü. Bayaq nə üçün qadının qulağına baxmaq istədiyini indi anladı. Bəlkə sırğanı elə bu qadın itirib? İnanmağı gəlmədi. Elan verən qadının narahatçılığı bu qadından çox-çox uzaq idi. Lap ilk dəfə elanı görəndə düşünmüşdü: görən firuzə qaşlı sırğanın qiyməti neçə olar? Arvadından soruşmağa ürək eləməmişdi: birdən fikirləşər onun üçün almaq istəyir. Ancaq görünür, bahadı ki, elan yazıb yapışdırıb. Bir var sözünü bir-iki adama deyib heyfsilənəsən, bir də var hamıya car çəkəsən. Qadının əri yəqin indi kitab dükanının yanından keçməyə ürək eləmir. Qorxur birdən kimsə dönüb deyər: bax, bu yazıq kişinin arvadı itirib. Özü də nə? Sırğa. Sırğanı da heç itirmək olar? Pul deyil, papaq deyil, üzük deyil. Deşib qulağını taxırsan, gəl başa sal ki, itirmişəm. Sözsüz, əri də əvvəl inana bilməyib. Qadını kiritməkdən çox sorğu-suala tutub: necə olub, hara getmişdin, hardan gəlmişdin? O qədər soruşub, qadının dərdi-azarı sırğaya yanmaqdan çox, ərini inandırmaq olub. Buna çalışdıqca da özü inanmayıb. Çünki əlini hara atıb – boşa çıxıb, qalıb çiynini çəkə-çəkə. Kişi də o, çiynini çəkdikcə gözünü yumub, ağzını açıb, dişinin dibindən çıxanı ona deyib: sən həmişə beləsən, sən gicsən, sən huşsuzsan, nə bilim, nəsən. Sonra qolundan tutub darta-darta qadını həmin gün olduğu yerlərə aparıb. Gediblər, baxıblar, qadın işləyirsə, iş yerinə də baş çəkiblər. Əlləri hər yandan üzüləndə ev-eşiyi alt-üst eləyiblər. Axırda da yenə tezcə özündən çıxdığı kimi birinci kişi sakitləşib, başını qoyub qaz tükündən yastığa, üzünü də çevirib divara. Qadın qalıb əli qoynunda. Gecə pəncərəni qaraldıb, ev elə bil bu saat ayaq tutub qaçacaq qadın da tör-töküntünün arasında oturub, bilmir nə eləsin, sözünü kimə desin…

Nə bilmək olar, bəlkə əri sakit adam olub. Dinməzcə arvadına qulaq asıb: qoy ürəyini boşaltsın. Sonra başlayıb ürək-dirək verməyə, zarafata salmağa. Deyib, fikir eləmə, birini də alarıq. Əgər almağa imkanları varsa, qadın da itirməyi özünə dərd eləməyib. Ancaq imkanları yoxdursa, ərinin sözü qadını lap kövrəldib, ağlayıb, sızıldayıb, özünə acığı tutub, özünü yamanlayıb. Kişi kiritdikcə, qadın sakitləşməyib. İtirmək, axı, doğrudan da pis şeydi, durduğun yerdə gəl itir. Qoy lap dəyərsiz şey olsun, yenə birinə versən, bağışlasan – yer eləməz. Bağışlayıbsan, demək, bir yaxşılıqdı eləyibsən, kimisə sevindirmisən. Ancaq itirmək axmaq şeydi. Tapan sevinir, di gəl fikirləşmir ki, kimsə ona yaxşılıq eləyib. Bunu fikirləşmədiyinə görə də tapdığının qədrini bilməyəcək. Bax, adamı budu yandıran.

Qadının sakitləşmədiyini görəndə daha kişi də özü ilə bacarmayıb, soyuqqanlılığını saxlaya bilməyib, nə iləsə: sözləmi, təbəssümləmi, sırğanın itdiyinə heyfsiləndiyini büruzə verib. Qadın onu kədərləndiyini hiss edən kimi özünü ələ alıb, bütün günü, hara getdiyini, hardan gəldiyini, kimlərlə görüşdüyünü təzədən xatırlayıb. Tapılacaq, deyib, baxarsan, tapılacaq. Özünü inandırmaq üçün yox, ərini kədərləndirməmək üçün deyib, axı, adamlar yaxşıdırlar, vallah yaxşıdırlar. Tapan qaytaracaq, mütləq qaytaracaq. Hətta elan vermək də pis olmaz. Qoy tapan çətinlik çəkməsin, bilsin kimindi, bilsin kimə qaytaracaq. Sonra sevincək qaçıb, elan yapışdırıblar. Bir-birlərinə ürək-dirək veriblər. Hər ikisi də bununla o birisini saktləşdirdiyinə inanıb.

Birdə var ər arvadına qarşı diqqətsiz ola, diqqətsiz olduğu da sırğa itəndə bilinə. Qadın deyəndə ki, sırğanı itirmişəm, kişi birdən-birə karıxıb dilindən qaçıra: nə sırğa, hansı sırğanı? Qadını elə bil buzlu suya salıb cıxararlar, dodağı nifrətdən əyilə: Gör ha, hələ bilmir ki, mənim sırğam var imiş. İlahi, bəs bu nəyi bilir? Bəs bunun fikri hardadı? Mən bunun üçün bəzənib-düzənirəm, bunun xoşuna gəlmək üçün dəridən, qabıqdan çıxıram, ancaq bu bilmir ki, mənim firuzə qaşlı sırğam var imiş. Bu sözləri qadın ürəyində deyəcək, hər dediyi sözlə də dünya söz boyda gözündən düşəcək, gözündən düşmüş dünyada daha sırğa dərdinə yer qalmayacaq. İndən belə necə, nə cür yaşayacağını, söykənəcəyini bilmədiyindən, günün, həyatın verdiyi adicə yaşamaq sevinci də ona gülünc görünəcək.

Kişi isə səhvini o saat başa düşəcək, diqqətli olduğunu qadına çatdırmaq üçün təkrar-təkrar sırğa söhbətinə qayıdacaq, guya sırğanın itməyi onun da qanını qaraldıb. Ancaq günlərin bir günü, kitab dükanının yanından keçəndə elanı görüb hirslənəcək, həm də hirslənməyə bəhanəsi olduğuna görə sevinəcək. Qopartdığı elanı arvadının burnu qabağında yellədə-yellədə (qopartmayıbsa, demək, hələ elandan xəbəri yoxdu), nədi, deyəcək, nə vaxta qədər deyirsən yas tutaq sənin sırğana? Küçəyə çıxammıram, görən sırğanı soruşur: Sırğanı tapdınızmı? Sırğanı tapdınızmı? Daha dəli olmuşam, yatıb yuxuda da sırğanı görürəm. Qara gəlsin sənin sırğanı, itib, neyləyək, itib, durub özümüzü öldürməyəcəyik ha?! Məni niyə gülünc vəziyyətə salırsan, az-çox qazandığımız hörməti niyə beş qəpiklik eləyirsən?!

Hirsini töküb sevinə-sevinə evdən çıxacaq, bəlkə heç gecəni də evə gəlmədi. Çünki hardasa bir qadın var ki, onun yanında qalmaq daha xoşdu. Özü də arvadının ağlına başqa şey gətirməyəcəyini bildiyindən azadlıq hissi ona lap ləzzət eləyəcək. Bir müddət beləcə: istədiyi vaxt evdən çıxacaq, istədiyi vaxt qayıdacaq. Soruşan yox ki, harda qaldın, hara getdin, niyə gec gəldin. Acıq eləyib, küsüb, vəssalam. Bacardıqca da arzuolunan küsülülüyün ömrünü uzatmağa çalışacaq.

Qadınsa işi belə görəndə, başqa arvadlar kimi, tezcə peşmanlayacaq, quyruğunu bulayacaq, ərinin böyür-başına keçəcək. Beş-on gün qabaqkı həyatdan ötrü burnunun ucu göynəyəcək, istəyəcək yenə hər şeyi öz köhnə axınına qaytarsın, yenə həyatın verdiyi, hamı kimi adicə yaşamaq hissinə sevinə bilsin.

Əgər qadının ərindən zəhləsi gedirsə, sırğanın itməyinə də elə əri təqsirkardır, bu nəhs ayaq, bu bədnöyüs, bu filan-fəsməkan təqsirkardır. Həmişə onunla işi düz gətirməyib. Nə istəyib – gözündə qalıb, elədiyinə, gördüyünə, tapdığına sevinəmməyib. İndi də sırğa.

Sırğanın itdiyini ərinə o saat deyəcək. Çünki zəhləsi gedirsə ona elə gəlir ki, ərinin hər şeydən, onun hər addımından, hər sözündən xəbəri var. Qoy əvvəlcədən deyib qabaqlasın, sonra əri onu borclu çıxarmasın. Deyəcək, ancaq əri özünü nə təhər apardı, aparmadı, dəxli yoxdu, yenə ərini, bu filan-fəsməkanı yamanlamaq üçün əlində bəhanəsi olacaq. Üzdəsə kişi ilə sözə gəlməsin deyə, ehtiyatlı tərpənəcək, hər kəlməsini ölçüb-biçəcək. İşini ehtiyatlı tutduğundan belə qadınların ailə həyatına hamı qibtə eləyir. Həmişə mehriban, həmişə gülərüz, qonum-qonşu ilə inciklikləri düşməz, evlərindən bir söz çıxmaz. Daha nə lazımdı? Bir yana qalanda, heç qadın da bu filan-fəsməkan oğlundan narazı deyil, çünki bu filan-fəsməkan oğlundan bir şey ummadığından, nə xətir-hörmət görsə bəs eləyir. Kişi də öz arvadından, öz həyatından yerdən göyə qədər razıdı. Çətin onun qədər xoşbəxt adam ola. Sevib-sevilib evlənmək kimə qismət olur? Barmaqla saymaq olar. Ancaq ona qismət olub. Sevdiyi adamdan da nə gözləyirsə; özünə qarşı diqqət, həssaslıq, hörmət – hamısını ondan görür. Sabah uşaqlar böyüyəcək, bir qayğı min olacaq, di gəl onun ev-eşik sarıdan nigarançılığı yoxdu, arvadının evdarlığına, səliqəsinə inanır. Elə götürək sırğanı. Başqası itirsə bunu özünə bir elə də dərd eləməz. O isə fikirdən gülməyi də yadırğayıb, həmin gün olduğu yerləri ələk-vələk eləmək cəhənnəm, gedib bir elan da verib. Heç elandan xəbəri olmayacaqdı, arvadı onu hər şeydən ötrü narahat eləmək istəmir, səhər-səhər yuxudan duranda təsadüfən stolun üstündə gördü. Daha açıb ağartmadı. Belə şeylə sakitləşəcəksə, qoy necə ürəyi istəyir, eləcə də eləsin…

Sırğanı itirən qadının heç əri olmaya da bilərdi. Ancaq nə fərqi, əri vardı, ya yox, əri onu sevirdi, ya sevmirdi, hamısının axırı gəlib elana çıxırdısa, demək, qadın sırğanın tapılacağına, onu qaytaracaqlarına ümid eləyirdi. Hər gün oturub telefon zəngini gözləyirdi, harasa gedəndə bir canı telefonun yanında qalırdı, zəng çalanda tezcə qaçıb özü götürürdü. Hələ bu narahatçılıq, bu zülm nə qədər çəkəcəkdi , allah bilir. Ümid pis şeydi. Ümid adamı yorur.

Bazarın yanındakı qoşa telefon budkasını görəndə fikirləşdi ki, gedib qadına zəng eləsin. Desin, sırğanı tapmışam, məndədi, ancaq qaytarmayacağam. Qoy Güllü xanım bu boş ümiddən əlini üzsün, sakitləşsin, əziyyətdən qurtarsın.

– Salam.

– Əleykəssalam.

– Zəhmət olmasa, Güllü xanımı telefona çağırın.

– Eşidirəm.

– Mən sizin sırğanızı tapmışam.

– Necə yəni? Mənim sırğam axı tapılıb…

Daha gözləməyib dəstəyi asdı. Qadının səsi tox, arxayın adamın səsinə oxşayırdı. Bayaq trolleybusda gördüyü qadın gözünün qabağına gəldi. Həmin qadın öz zərli xələtində otaqda gəzişirdi. Bəlkə də telefon zəng çalanda mətbəxdə kartof təmizləyirmiş, firuzə qaşlı sırğanı itirdiyini də çoxdan unudubmuş. Əvvəl-əvvəl tapanda yəqin ki, çox sevinib, tezcə sırğanı qulağına keçirib, güzgünün qabağında fırlanıb. Sonrasa üstündən bir-iki gün ötüb və hər şey: telefon zəngini gözlədiyi günlər, nigarançılıq, evdəki söz-söhbət – hamısı unudulub. İndi heç qulağında sırğa olduğu yadına düşmür. Çünki adam bir şeyə çox öyrəşəndə onun varlığını unudur.

Bazardan iki əli də dolu çıxdı. Əriməyə başlamış qar ayağı altında fırçıldayırdı. Evə yaxınlaşdıqca, evin qayğılarına da yaxınlaşırdı. Təki arvadının ağrısı kəsmiş ola. Ancaq ağrısa da onun yanında çalışır sızıldamasın. Çünki bilir, ağrıyanda onun açığı tutur. Görən, arvadı heç ondan ötrü darıxırmı? Birinci dəfə idi özünə belə sual verirdi. Olur, hərdən adam belə axmaq şeylər fikirləşir.

Kitab dükanının yanından keçəndə yenə ayağını saxlayıb, elana baxdı. Qəribə idi ki, indi də sırğanı tapdığına görə qadına yazığı gəldi.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

# 2818 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #