Öz məqsədi üçün bacısını bədbəxt edən Quba xanı

Öz məqsədi üçün bacısını bədbəxt edən Quba xanı
16 aprel 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Yefim Dziqanın 1947-ci ildə çəkdiyi “Fətəli xan” tarixi filmini təqdim edir.

Film XVIII əsrdə Quba xanı Fətəlinin vahid Azərbaycan dövləti uğrunda mübarizəsi haqdadır. Fətəli xan nəyin bahasına olursa olsun bir-birinə düşmən kəsilən xanlıqları mərkəzləşmiş dövlətdə birləşdirməyə cəhd edir.

Çəkildiyi dövrü, o vaxtkı siyasi rejimi, Stalin, Mircəfər Bağırov diktaturasını nəzərə alsaq, “Fətəli xan” ideyasına görə son dərəcə cəsarətli filmdir. Çünki süjetin əsasında qonşu dövlətlərin əsarətinə razı olmayan Fətəli xanın vahid Azərbaycan ideyası dayanır. Məhz buna görə də film zamanında senzuralara məruz qalıb.

1942-ci ildə Azərbaycan Mərkəzi Komitəsi ədəbiyyat və incəsənət adamlarını görkəmli dövlət xadimləri haqda əsərlər yaratmaq üçün çağırış eləyir. Ənvər Məmmədxanlının “Fətəli xan” ssenarisi belə yaranır. Əvvəlcə filmin rejissorları Adil İsgəndərov və Mikayıl Mikayılov təyin olunur. Kinostudiyanın Bədii Şurasında rejissor ssenarisi tənqid edilir və müəyyən düzəlişlər aparılır. Çəkilən materiallar bədii baxımdan zəif olduğundan SSRİ Kinematoqrafiya nazirinin əmri ilə film 1946-cı ildə istehsalatdan çıxarılır.

Bir il sonra filmin çəkilişlərinə yenidən başlanır və bu dəfə ssenarini Ə.Məmmədxanlı Mehdi Hüseynlə birgə işləyir. Rejissor işi isə Yefim Dziqana həvalə olunur.

İdeoloji təbliğat məqsədilə çəkilən filmdə SSRİ Kinematoqrafiya nazirliyinin tələbi ilə Azərbaycanın Rusiyaya birləşdirilməsi əsas ideya kimi verilir. Amma filmdə yenə də vahid müstəqil Azərbaycan ideyası ön plana çıxır.

Film bitdikdən sonra Moskvaya göndərilir, bəzi epizodların kəsilməsi tələbi qoyulur. Həmin dövrdə Kinematoqrafiya naziri olan Rəsul Rza buna qarşı çıxır. O, SSRİ Kinematoqrafiya naziri İvan Bolşakova yazır ki, “Fətəli xan” tarixi film olduğundan ixtisarlara yol vermək olmaz, əks halda bu, tarixin təhrif olunmasıdır. Hətta o vaxt Mircəfər Bağırov filmə baxandan sonra münasibəti kəskin olur: “Ubrat” (“Rədd edin!”) deyir. Beləliklə də “Fətəli xan” arxivdə qalır və yalnız 1958-ci ildə ekranlara çıxır, amma yenə müəyyən ixtisarlarla.

İran ordusunun Təbrizi işğal etməsi ifadəsi, Fətəli xanın vahid Azərbaycan ideyası və İran istilasına qarşı fikirləri senzuraya məruz qalmışdı.

Filmin orijinal versiyası hazırda Film Fondunda saxlanılır.

“Fətəli xan” ideoloji olsa da, müasir dövrdə çəkilən pafoslu vətənpərvərliyin qabardıldığı (məsələn, “Hökmdarın taleyi” kimi) filmlərdən fərqli olaraq müəlliflər burda pafosdan çox Azərbaycanın faciəsi ekrana gətirə biliblər.

Xanların hər birinin öz niyyəti, marağı var. Bakı xanı Məlikməmməd ittifaqa o halda razı olur ki, Fətəli xan bacısı Xədicəni ona ərə versin. Əmir Həmzə bacısını ondan ayırdığına görə Fətəli xana düşmən kəsilir. Hətta baxmayaraq ki, bacısı Tuti Bikə Fətəli xanın arvadı idi. Şəki hakimi Hüseyn xanı ölkənin vahidliyi yox, torpaqları bölüşdürmək maraqlandırır. Məişət, ailə zəminində olan münaqişələr, hərislik bütöv bir xalqın faciəsinə çevrilir.

Fətəli xana da birmənalı haqq qazandırmaq çətindir. Məqsədi üçün bacısının bədbəxtliyinə razılaşır.

Ümumən filmdə yaddaqalan bir səhnə oldu. Fətəli xana xəbər verilir ki, istehkam qalasının tikilməsi üçün daş çatmır. O, məsciddən başqa kəndin bütün evlərinin sökülməsini tapşırır. Amma kənd camaatı əmrə qarşı çıxır. Əmrin icraçısı xana deyir: “Mən bu adamlara əl qaldıra bilmirəm. Xalqın lənətindən ölüm yaxşıdır.” Fətəli xan adamları vətənin azadlığının daha mühüm olduğuna inandırır. Qoca linglə öz evini dağıdan anda qarının əllərini uçurulan daxmasının divarına sürtərək ağı deməsi təsirli səhnədir və günümüzdəki problemlərə də uyğundur. Qarının ağısı ilə eyni zamanda kardarxası səslənən qələbə ruhlu musiqi təzad təşkil edir. Qadının ağısı Niyazinin musiqisi altında əzilir.

Maraqlı orasıdır ki, Fətəli xan daş əldə etmək üçün sarayı sökdürmür, amma kasıb daxmalarına qıyır...

Fətəli xan rolunu Ələsgər Ələkbərov, Tuti Bikəni Leyla Bədirbəyli, Əmir Həmzəni İsmayıl Əfəndiyev, Xədicəni Nəcibə Məlikova, Məlikməmməd xanı Möhsün Sənani, Hüseyn xanı Əlisəttar Məlikov ifa edir.

Filmin rejissoru Dziqan sovet kinosunda “Qadın”, “Əgər sabah müharibədirsə”, xüsusən, “Biz Kronştadtanıq” filmləri ilə yadda qalıb.

Xatırladaq ki, filmin ilk versiyasında Fətəli Xanı Rza Əfqanlı, Tuti Bikəni isə Mirvarid Novruzova oynamalıydı.

Qeyd: Yazıdakı faktlar kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabından götürülüb.

# 1495 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #