Bisavadlığın gətirdiyi uğur

Bisavadlığın gətirdiyi uğur
14 aprel 2016
# 13:26

Somerset Moemin “Kilsə xidmətçisi” hekayəsinin qəhrəmanı Albert yazıb-oxuya bilmədiyi üçün kilsədəki işindən qovulur.

Küçəyə çıxan kimi sağa-sola baxıb siqaret almaq istəyir, görür, mağaza yoxdur.

Küçə boyu o başa gedir - bu başa gedir: mağaza, köşk yoxdur!

Elə ordaca ağlına gəlir ki, bu küçədə bir siqaret köşkü açsın və...

Və bu köşkü açıb biznesdə inanılmaz uğur qazanır, şəbəkəsini genişləndirir, bir nömrəli tütün tacirinə çevrilir.

Bir gün bank müdiri yağlı müştəri kimi Albertlə görüşür və onun bisavad olduğunu görüb heyrətə gəlir: “Gör, yazıb-oxuya bilsəydiniz nə edərdiniz?

Albert cavab verir: “Yazıb-oxuya bilsəydim, indi, kilsə xidmətçisi idim.”

Bəli, həyat bu qədər şərtidir.

Uğur həmişə ağıl və savadla olmur.

Ona görə kitablardan öyrəndiyi klassik didaktik məntiq insana elə də kömək etmir.

Nanəcib adamdan uzaq dur – bunu uşaq da bilir. Bəs bu nanəcib adamı necə tanıyaq, başqalarından necə fərqləndirək?

Məsələ budur ki, nanəcib sənə öz nanəcibliyini göstərməyincə, onu dəqiq tanımırsan.

Göstərəndən sonra isə, gec olur, iş-işdən keçir və nəsihət sənə kömək eləmir.

Və daha vacibi: birinə nanəciblik edən, o biri üçün nəcib adam ola bilər.

Yazıçının, elə oxucunun da köhnəlməsi əslində birmənalı olmayan təcrübə və qənaətlərdən birmənalı yapışıb ondan qopa bilməməsidir.

Namərd körpü salsa onda ad olmazmış!

Yahu, kimdi bu namərd?

Necə namərddir ki, yüz illərlə “körpü salmaq” səlahiyyəti bunun əlindədir?

Ümumiyyətlə, nədir namərdlik?

Namərd niyə körpü salmalıdır?

Adam yediyi çörəyə xəncər batırmazmış!

Bəlkə biri dietadadır, ümumiyyətlə buğda məhsulları yemir.

Deməyim odur ki, hər şey bu qədər sadə deyil.

Həyat rəngarəng və mürəkkəbdir.

Bunu sənətkar, müasir sənətkar, ilk növbədə müasir yazıçı bilməli, mövzu elədiyi obyektdəki rənglərin hamısını görməli, səslərin hamısını eşitməlidir.

A ilə B adlı iki tanışım vardı, məktəbə getmirdilər, ataları pul-para verdi ki, gedin, rüşvətinizi verib attestatınızı alın, sizi məktəbə qoyacağıq.

İkisi də həmin pulu arağa verib içdi və attestat almadı.

Sırf təsadüf nəticəsində dayısı vəzifəyə keçən A indi ev tikintisi ilə məşğul olan firma işlədir, milyonçudur.

B isə küçələrdə it döyür.

A-nın attestat pulunu xərcləməsindən söz düşəndə hamı deyir: “Ağıllı adamdır, neynirdi attestatı, oxusaydı, indi hamı kimi acından dişinin kirini sümürürdü.”

B-nin attestat pulunu xərcləməsi də birmənalı münasibət doğurur: “Axmağın biridir. Vaxtında belə eləməsəydi, indi adam kimi işi-gücü vardı.”

Həyat qəribədir deyə köks ötürürsünüz?

Ay sağ olun!

Elə mən də onu deyirəm.

# 894 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #