Azad Qaradərəli: “Jurnalı söyüşə görə buraxıram”

Azad Qaradərəli: “Jurnalı söyüşə görə buraxıram”
7 aprel 2016
# 09:00

Kulis yazıçı, “Yazı” jurnalının baş redaktoru Azad Qaradərəli ilə müsahibəni təqdim edir.

- Azad müəllim, istəyirəm elə birinci baş redaktoru olduğunuz “Yazı” jurnalından danışaq. Jurnalın fəaliyyəti nə yerdədir, nə çətinlikləriniz var?

- Özünüz də bilirsiniz ki, 200 səhifəlik jurnal çıxartmaq çətindir. Bunun həm maddi tərəfi, həm də yaxşı yazıları yığmaq məsələsi var. Belə bir dövrdə jurnalı öz gücünə çap elətdirmək həqiqi çətindir. Ancaq məni yormur bu. Məni yalnız maddi tərəf sıxır. Nigarançılıq yaranır ki, bu nömrə çap olunacaq, amma o biri nömrəyə pul tapmaq lazımdır. Artıq yaşlanmışam, yaşım 62 olur. Ancaq sanki mənə əlavə bir güc gəlir ki, “Yazı”nı dərc edə bilim. Sağ olsun dostlar da maddi tərəfdən dəstək dururlar. Jurnaldakı yazılara baxmağa, redaktə etməyə də kömək edənlər də var.

- Mirzə Cəlil “Molla Nəsrəddin”i çap edirdi, bir məktəb yarandı. Müstəqillik dövründə də Rasim Qaracanın “Alatoran” jurnalı meydana çıxdı. Bəs “Yazı” necə yarandı?

- Bizim dövlətçiliyimizin yaşı az olduğundan jurnallarımızın da yaşı az olub. “Məktəb” jurnalı olub məsələn, Cəfər Cabbarlını atıb ortaya. Eləcə də “Babayi-əmr”, “Tuti”... Bu jurnallar XX əsrdə Azərbaycanda başlayan intibah hərəkatının təkərcikləri idi. Burjuaziya inkişaf edirdi, neftdən qazanc əldə olunurdu və bununla da ziyalılara dəstək duranlar ortaya çıxırdı. Belə bir zamanda “Molla Nəsrəddin”, “Füyuzat” jurnalı yarandı. Bunlar həm də məktəb idi. Həmişə ədəbi jurnallar ədəbiyyatın inkişafına təkan veriblər. Məsələn, rusların “Sovremennik” jurnalı rus ədəbiyyatına dahi yazıçılar və tənqidçilər verdi: Qoqol, Nekrasov, Belinski, Tolstoy, Turgenev, Dobrolyubov... Jurnal ənənəsi bütün dünyada olub, eləcə də bizdə. Mən Əkrəm Əylislinin “Azərbaycan” jurnalına baş redaktorluğu dövrünü də sənin dediklərinə əlavə edərdim. Bu dönəmin xüsusi yeri var. “Alatoran” müstəqil ədəbiyyatımızın ilk qaranquşu oldu. Rafiq Tağı ilə biz yaxın olmuşuq, bu “Yazı”nı da onunla bir yerdə təsis etmişik. Sadəcə Rafiq Tağı qəddarcasına öldürüldü və heyf ki, bizə dəstək ola bilmədi...

Hər pis işdə bir xeyir var deyirlər. Mən “Günəş tutulanda” romanımı “Azərbaycan” jurnalına təqdim etmişdim. Baş redaktor İntiqam Qasımzadə dedi ki, bir-iki yeri var, oraları düzəlt, çap edək yüksək qonorarla. Mən isə razı olmadım, çünki roman məhz o bir-iki yerə görə yazılmışdı. “Azərbaycan” dərgisinin edə bilmədiyini dostumuz Aqil Abbas etdi - “Ədalət” qəzetinin tarixində ilk dəfə roman çap edildi. 500 dollara yaxın da qonorar verdi. Və romanımın “Azərbaycan” jurnalında çap oluna bilməməyindən doğan etiraz nəticəsində “Yazı” jurnalı yarandı. Həm AYB-yə antipatiyam vardı, həm də onların bu hərəkətinə qəzəblənmişdim. Fikirləşdim ki, yəqin mən tək deyiləm, bu cür çap olunmayanlar da var. Ərkim çatan dostlara da dedim ki, gəlin belə jurnal çıxardaq. Onlar mənə dedi ki, sən necə jurnal çıxardacaqsan, bu mümkün deyil. Ancaq mən özümdən əmin idim. Birinci nömrəmiz də çox gözəl qarşılandı.

- Bu jurnalın irəli çıxardığı fikri nədən ibarətdir?

- Bu gün dünyada İblislə insanın mübarizəsi gedir və nə yazıqlar ki, İblis çox irəlidədir. Baxmayaraq ki, dünya müharibələri olmur, xeyli adam ölmür. Ancaq toksid maddələrlə, ərzaqlarla dünyanı kirlədiblər. Böyük dövlətlər öz gücünü saxlamaq üçün kiçik ölkələrin zəhərlənməsinə göz yumurlar. Eləcə də imkanlı adamlar imkansızlara zay ərzaq, geni modifikasiya olunmuş məhsullar – GMO - yedizdirir... Bəşəriyyət bu gün ölüm-dirim qarşısındadır. “Yazı” jurnalının məqsədi yeni naturalist dünya görüşünü qabartmaqdır. Əgər insan, canlı aləm məhv olacaqsa, ədəbiyyat da məhv olacaq. İndi bu iş həkimlərin deyil, daha çox ədəbiyyatın işidir. “Dünyanı gözəllik xilas edəcək” deyimi sanki bu gün üçün deyilib... “Yazı” jurnalı dünyanı ədəbiyyatla xilas etməyə çağırış, axtarışdır. Yeni naturalizmlə bağlı fikrimi belə yekunlaşdırım ki, mən təkcə bunu bədi yazılarımda – hekayə və romanlarımda qabartmıram. Bilirsən ki, mən həm də tez-tez esselərimlə saytlarda və eləcə də “Yazı”da çıxış edirəm. “Yeni naturalizmə doğru” adlı ayrıca bir məqaləm də var. Həm “Yazı”da “Baş redaktordan” başlığı ilə çap olunub, həm də bir neçə saytda yayımlanıb. Həmin yazıdan bir kiçik parçanı burda səsləndirmək istərdim: “...Son illərdə, bəlkə də, lap əvvəldən bədii yazılarımda – hekayə və romanlarımda bir xətt olub: ədəbi naturalizm. Yəni həm təbiətdə, həm cəmiyyətdə və eləcə də onların hər ikisinin güzgüsü olan ədəbiyyatda naturalizmin tərəfdarı olmuşam. Nədir bu?

1. Təbiətin get-gedə saxtalaşdırılması: nanotexnologiyaların tətbiqi ilə saxta ərzaq və qeyri ərzaq məhsullarının – GMO-ların yaranması və onların insanlığa mənfi təsirləri;

2. Cəmiyyətin özəyi olan insanın özünün özünü saxtalaşdırması: klonlaşdırma, süni mayalanma, süni insan və bunların sonucu kimi süni düşüncə, süni dünyabaxış;

3. Ən nəhayət, bunların ədəbiyyatda təcəssümü: süni və saxta ədəbiyyat!

Mən bütün bunlara qarşıyam və XIX əsrdə meydana gəlmiş naturalizm cərəyanının dəyişən forması – YENİ NATURALİZM əsasında yeni ədəbi baxışlar sistemini özümə daha yaxın hesab edirəm (Baxmayaraq ki, əsərlərimdə, xüsusən “Şəhərcik” romanımda bu, geniş verilib, mən bu konsepsiyanın elmi tərəfini də hazırlamaq fikrindəyəm).

Əlbəttə, söhbət XIX əsrdə yaranmış naturalizm cərəyanından getmir. Düzdür, bu cərəyan dünya ədəbiyyatına Flober, Zolya, Mopassan, Hamsun kimi sənətkarlar verib, amma mənim söhbət açdığım YENİ NATURALİZM Emil Zolyanın işləyib hazırladığı naturalizmlə yalnız ad baxımdan səsləşir. Yəni bunları bir-birinə qatmaq lazım deyil...”

Bəzən mənə deyirlər ki, siz əsərlərinizdə açıq-saçıq sözlər, söyüşlər işlədirsiniz, belə olmaz. Axı söyüşlər də bizim milli sərvətimizdir, öz leksikonumuzdur. Urbanizasiya, kəndlərin boşalması o söyüşü işlədən adamların ölməsi, söyüşün, sözün qırğınına səbəb olur. Mən də o söyüşləri ədəbiyyatda saxlamaq istəyirəm. Bir oxucum yazıb ki mənə, siz söyüşləri elə işlədirsiniz, adama ləzzət eləyir, heç incimirsən. Hətta o söyüşlərin qorunması üçün də “Yazı” jurnalı var.

- Azad müəllim, dediniz ki, yeni naturalist dünya görüşünü qabartmaqdır məqsədimiz. Bəs bu jurnal bir məktəb kimi formalaşırmı? “Yazı” jurnalı kimləri çap edir?

- Bizim jurnala gələnlər də olur, gedənlər də. Ya mən çox demokratik adamam, ya da diktatorluğum var. Fikirlərimi qəbul elətdirmək istəyirəm, onlar da həzm edə bilməyib gedirlər. Bizim jurnalda yazıları çap olunan Rəhim Əliyev var. O, bir tənqidçi, yazıçı kimi yox, daha çox obraz kimi mənimçün maraqlıdır. Onunla söhbətdən doymaq olmur. Bir dəfə dedi ki, Dostoyevski qardaşı ilə birgə ədəbi jurnal çıxartmaq fikrində olublar və bir nömrəsini də dərc ediblər. Bu mənə impuls oldu. Daha sonra Rafiq Tağı, o özü bir ideya generatoru idi. Bizim aramızda bir az o vaxt balaca bir söhbət olmuşdu. Mən demişdim ki, Rafiq Tağı hekayələrini düstur kimi, riyazi dəqiqliklə yazır. Bunu da başqa cür çatdırmışdılar ona. Sonra özünə dedim; ki, sənin hekayələrin də bir fəlsəfi yük, eyni zamanda riyazi və tibbi dəqiqlik var... güldü, xoşuna gəldi, cənub ləhcəsi ilə dedi ki, sən bunu yaz da...

Araz Gündüz var, bizə hər mənada dəstək olur. Aslan Quliyev, Eyvaz Zeynalov, Əlabbas, daha sonra isə gənclər gəldi və bu məktəb yarandı. Ancaq mənim orda bəzi yazıları çap eləməyim bəzi dostlarımızı jurnaldan uzaqlaşdırdı. Məsələn, Seymur Baycanın, Rasim Qaracanın, Qan Turalının, Nərmin Kamalın yazılarını çap edirdim, deyirdilər ki, bunlar onsuz da hər yerdə dərc olunurlar, nəyə lazımdır. Ancaq mən bilirdim ki, jurnal yenidir və onun tanınması üçün populyar imzalara ehtiyac var. AYO-nun da, AYB-nin də üzvü olanları “Yazı”da çap elədim. İstəyirdim ki, bu jurnal mövqelərin birləşdiyi bir məkan olsun. Fərqli düşüncəli adamların yazılarının orda çap olunmağı maraqlıdır ki, müqayisə olunsun.

- “Yazı” jurnalının bəs öz imzaları kimlərdir? Bayaq bir-ikisinin adını çəkdiniz. Amma bəlkə də elə imza var ki, onu siz kəşf etmisiniz...

- Mən bu gün fəxr edirəm ki, “Yazı”nın adı ilə bağlı olan imzalar var. Biri Mübariz Örəndir. Əvvəllər deyəsən, onun iki hekayəsi çap olunmuşdu. Ancaq Mübarizi Mübariz edən hekayələri bizim jurnalda çap olundu. Həm də Mübariz “Yazı”ya bir yeni nəfəs gətirdi, biz də belə qərara gəldik ki, onu baş redaktorun müavini təyin edək. İkinci Həmid Piriyev. İlk dəfə romanını göndərmişdi, amma zəif idi. Mən ona yazdım ki, birinci hekayə yaz göndər. İndi çox maraqlı hekayələr yazır Bakı romantikasından. Cavidan... İlk nömrəmizdə 40-dan yuxarı şeiri getmişdi. Bir tufan kimi əsdi o imza bizim dərgidə!.. Sonra romanını çap etdik. Gözəl bir qələm sahibidir... Bir qız var, Çinarə Ömray. Yaradıcılıq fakültəsində dərs deyirdim və orda maraqlı imza axtarırdım. Çinarənin bir hekayəsinə essə də yazdım. Sonra Azər Xanlar. Laçınlıdır, gözəl şeirləri var. Bəxtiyar Hidayət, Alpay Azər, İradə Aytel, Hədiyyə Şəfaqət. Bu imzalar “Yazı”nın kəşfi olmasa da, ədəbiyyata təqdim olundu. Eyni zamanda çox sevinirəm ki, bu gün Azərbaycanda heç bir jurnalda çap olunmayan Əkrəm Əylislinin bir povestini ilk dəfə biz çap etdik: “Dağlar deyir soyuqdur”. Mən indi də hamıya deyirəm ki, çap etdirə bilmədiyiniz, sandıq ədəbiyyatınız varsa, göndərin mənə.

- Azad müəllim, özünüz bilirsiniz ki, bu gün kağız mətbuat saytlarla rəqabətə girə bilmir. Hamı internetdən oxuyur. Sizin jurnalın da saytı var. Bəs saytınızın fəaliyyəti nə yerdədir?

- Saytların dayanıqlı olmamağını, arxivlərin itməyini nəzərə alsaq, məncə, kağız mətbuat həmişə qalacaq. Bu gün dünya səviyyəsində “Paris Revyu” kimi bir jurnal var. Hansı ki, Milan Kundera, Murakami orda növbə gözləyir ki, əsəri çap olunacaq. Düzdü, “Yazı”nın “Paris Revyu” olmağına vaxt lazımdır. Çünki onun oturuşmuş maddiyatı var. Biz isə qonorar verə bilmirik, təəssüf ki. Bir dəfə dedik, ən yaxşı çıxan yazıya görə müəllifə 100 dollar verək. Sonra bunu müəyyən etməyin çətinliyi, üstəgəl söz-söhbətin, qısqanclığın yaranacağını nəzərə alıb fikrimizdən daşındıq. Ancaq mən sənə deyim ki, bizim xalqın kitaba, jurnala, qəzetə, yəni kağıza inamı var. Onlar kağıza müqəddəs baxırlar ki, burda çap olunubsa, deməli həqiqətdir. Ona görə də sonuncu oxucu qalana qədər “Yazı”nı çap edəcəm. Bu, sırf ədəbiyyat yanğısından yaranan jurnaldır. Bu ilin axırında da 5 yaşı tamam olacaq. “Yazı”nın əlavəsi “Yemlik” uşaq jurnalını da çap edirik. Elektronu da ona görə yaratdıq ki, kağızda oxumaq imkanı olmayanlar saytdan oxusunlar. Oxucularımızın çoxu da xaricdədir, jurnalı göndərmək də baha başa gəlir və onların dəstəyi ilə də saytı açdıq.

- Azad müəllim, həm “Yazı”nın baş redaktorusunuz, həm dayanmadan yazılar çap etdirirsiniz, kitablarınız dərc olunur. Öz yaşıdlarınızdan fərqli olaraq tez-tez mətbuatda görünürsünüz. Çox vaxt sizə irad bildirirlər ki, sanki imzasını təsdiq etmək istəyən cavandır. Buna münasibətiniz necədir?

- Əgər zəifdirsə, desinlər... Çox görünməyi isə qəbahət görmürəm. Ayda bir dəfə, essem və hekayəmlə öz oxucularımı salamlamaq mənə maraqlıdır. Mən cavanlıq eşqi ilə yazıram. İmzanı təsdiq eləmək isə boş söhbətdir. Mən ortaya mətn qoyuram. Sən yaz ki, zəifdir, tənqid elə. Yoxsa çox görünür, bütün günü yazır filan. Belə söhbət olar? Yazıçı sonuncu ən yaxşı əsərini yazmayan adamdır. Əgər belə bir əsər yazıbsa, deməli tükənib, daha yazmayacaq. Mən tükənsəm, yaza bilmirəm. Gənclik vaxtı içimdə yığılan mövzuları üzə çıxara bilməmişəm. Mətbuat az idi bizim vaxtımızda. Bacanaq, ata-oğul ədəbiyyatı vardı o vaxt. Bunların da böyük qonorarı vardı, bizi də qoymurdular. Mən isə kifayət qədər çap olunmuşam, kitabım da çıxıb, şikayətlənmirəm. Ancaq bizə ondan artığına imkan vermirdilər. Mənim gördüyüm işlər göz qabağındadır. Özü də mən yazı ilə nəfəs alıram, ayrı bir işim yoxdur. Dolanışığım da yazıdan çıxır. Olur ki, bir dostum kitabıma görə 100 dollar verir. Kiminsə kitabını redaktə edirəm filan. Bu bütün zamanlarda olub. Nizami Gəncəviyə kənd bağışlayıblar. Bu ədəbiyyata dəstəkdir. Mənim çox yazmağım niyə camaatın gözünə girir axı? Eyni nəsildən olduğumuz, gözəl yazıçılarımız Səfər Alışarlı, Saday Budaqlıya dəfələrlə demişəm, yeni yazılarınızı göndərin, mənə açıqca deyirlər ki, yazmırıq. Mən isə yazıram, yazmaya bilmirəm.

- Siz özünüz də 80-ci illər nəslindənsiniz. Deyirlər, itirilmiş nəsildir, 60-cılar nəsli ilə ədəbi davaları olmadı. Nəsil kimi görünə bilmədi 80-ci illər. Bunun səbəbi nədədir, sizcə?

- 80-ci illər nəslinin nümayəndələrini ilk olaraq Azərbaycanın müstəqilliyi uğrunda edilən davanın enerjisi zəiflətdi. Çoxusu milli hərəkata qoşuldular, azadlıq davasına, bayraq davasına getdilər. Mən isə ora qoşulmaqla həm də mövzu toplayırdım. Özüm açıq deyirəm, 60-cıların əsərlərini oxuya-oxuya tərbiyə olunmuşam. Ancaq bir yerə qədər: artıq onlar özlərini yazmadılar. Özlərinə qadağa qoydular ki, bunu yazmaq olmaz. Onlar müstəqillik dövründə yaranan ədəbiyyata heç nə gətirmədilər. Sanki onlar müstəqilliyin özünü qəbul eləmədilər – Sovetin böyük qonorarı, bağ, ev, maşın həvəsi yoxdu axı müstəqil dövlətdə?! Ona görə 60-cıları qəbul etmirəm. Mənim bəzi qələm dostlarım isə hələ də onlardan yazırlar. Bir yazımda da yazmışdım ki, 80-cilər gözləyir ki, 60-cılar ölsün, onların yerlərini tutsunlar. Ancaq onlarla bərabər yaşlandılar. Əsas məsələ budur: 60-cılar 80-lərə mane olublar, ikincilər də qəbul ediblər. Mən isə şəxsən bununla barışmıram. AYB-nin üzvü olmadım, bəzilərini, Əkrəm Əylislini çıxmaq şərti ilə yazıçı hesab etmirəm. Yazıçı əslində özünə, cəmiyyətinə etirazdır, ona etiraz edənlərə etirazdır. 60-cılar bunların qol-qanadını qırdılar, bunlar da etiraz etmədilər. 80-cilərdə yaxşı imzalar var, sadəcə böyük ədəbiyyat meydanına çıxmaq istəmədilər.

- İndi nə yazırsınız, Azad müəllim?

- Bu yaxınlarda 5-ci romanım “Şüşə ev”i bitirdim. İndi hərdən hekayələr, esselər yazıram. Sonra Nazim Hikmət haqqında Orxan Qaravəlinin “Tanıdığım Nazim Hikmət” kitabını tərcümə edirəm. Türkiyədə hekayələr kitabımın çap olunmağını istəyirəm, görək nə olur. Çoxdan gözlədiyim “Kuma-Manıç çökəkliyi” romanı çap olundu. Yazıdan kənarlaşanda yazıçılıqdan çıxıb sadə adam oluram, köhnə dostlarımla, sinif yoldaşlarımla görüşürəm. Onlarla rayonlara gəzməyə gedirik, araq içirik, zarafatlaşırıq. Elə bir neçə gün əvvəl bu cəbhədəki hadisələrlə bağlı bir hekayə yazdım, adı “Səngərdə doğuş”dur. İki qardaşın biri cəbhədə döyüş sırasında həlak olub. O birisi deyib ki, mən gedirəm döyüşə. Yoldaşları buna deyiblər, qardaşını öldürüblər, hara gedirsən? Heç olmasa, dəfininə gəl! O da cavab verib ki, bəs bunun qanının qisasını kim alacaq? Gördüyün kimi, mənim həyatım yazı ilə bağlıdır. Günümün çox hissəsi yazmaqla keçir.

# 1883 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #