O rəssam niyə metroya girə bilmədi?

O rəssam niyə metroya girə bilmədi?
28 mart 2016
# 14:07

Bir neçə gün əvvəl Bakı polisi metropoliteninin havalandırma sisteminin borusu ilə metroya girmək istəyən şəxsi yaxalayıb. Həmin adam havalandırma sisteminin dəmir barmaqlıqlarını xüsusi alətlə kəsmək istəyirmiş. Məlum olub ki, yaxalanan şəxs Belarus Respublikasının vətəndaşı İlyevskiy Sergey Timofeyeviçdir. Özü də rəssam-qraffitistdir.

Metronun tunelinə qraffiti çəkmək istəyirmiş. Amma qismət olmayıb. Bundan əvvəl isə Tiflis və Yerevan metrolarında qraffiti çəkib. O şəhərlərdə rəssamı yaxalayan olmayıb.

Qraffiti deyəndə ağla ilk növbədə məşhur rəssam Benksi gəlir. O, Londonda məşhurlaşmışdı. Gecələr gizli şəkildə Londonun divarlarına rəsm çəkirdi. Üzünü gizli saxlayır, heç kəs onu tanımır. Haqqında çəkilən “Suvenir mağazasından çıxış” adlı sənədli filmdə də səsi dəyişdirilib. Benski ləqəbli bu rəssamın kimliyi hələ də gizli qalır.

Ümumiyyətlə, qraffiti deyəndə ağla ilk gələn polisdən gizlənən, əlində bir-iki balon sprey boya gəzdirən kapşonlu oğlan olur. Onlar adətən tez-tələsik çəkmək üçün özləri ilə rəsmin hazır trafaretini gəzdirirlər. Bir neçə dəqiqə ərzində rəsmi çəkib qaçırlar ki, polis onları tuta bilməsin. Yəni qraffitistlərin məqsədi sənət yaratmaq olsa da yolları illeqaldır. Çünki onlar ürəkləri istədiyi yerdə, istədikləri rəsmi çəkə bilərlər. Əsərləri şəhərin görünüşünü poza bilər. Qraffitistlər adətən ağlagəlməz yerlərə öz rəsmlərini çəkirlər. Tutalım bəziləri küçələrin divarlarına, binaların fasadına, körpülərə çəkirlər. Onların arasında ekstremal davranışları ilə seçilənlər də var. Biri elə bu belarus rəssam. Metro tunelinə qraffiti çəkir. Yəni deməyim o ki, polisin bir qraffiti rəssamını qovması onların peşələrinin ayrılmaz hissəsidir.

Dünyanın bu səksəkəli vaxtında, terror canavarının ölkə, məkan tanımadığı bir dövrdə polisin metroya soxulmaq istəyən şübhəli şəxsi yaxalaması əlbəttə sevindiricidir. Düşünürsən ki, yaxşıdır, polis öz dilləri ilə desək ayıq-sayıqdır, digər tərəfdən də absurd mənzərə ortada. Adam qraffiti çəkmək istəyib, Tbilisidə, Yerevanda arzusu reallaşıb, Bakıya çatanda bacarmayıb.

Buna taleyin ironiyası deyəsən, nə deyəsən, bilmirsən, elə bil sənətkarların himayədarı Appollon da bu şəhərdən, bu ölkədən üz döndərib. Bu ölkə sənətlik, incəsənətlik deyil. Əsas odur bir qarın çörəyimiz, bir də canımız salamat olsun, incəsənət olmasa da olar.

# 743 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #