Fahişənin tənhalığı

Fahişənin tənhalığı
4 mart 2016
# 14:47

Kulis+ Fuad Rüstəmzadənin “Körpü” hekayəsini təqdim edir.

Sınıq salxaq körpü ilə bir sahildən digərinə keçirəm və qorxu hissi içimi bürüyüb. Körpünün altından axan çay, ayağımın altındakı taxtalardan daha etibarlı görsənir. Hər addımım axan ilanın üzərinə düşməyimə daha da yaxın edir məni. Düşən kimi boynuma dolanacaq və məni öz mədəsinin dərinliklərinə salıb ruhumu içəcək, sahilə buraxacaq. Arxadan kimsə məni çağırdı və geri dönən anda ayağım taxtaların simasındakı çapıqların birinə keçdi, ayıldım. Avtobusun son dayanacağı idi. Sürücü məni səsləyirdi.

-Cavan oğlan, düşürsüz? Son dayanacaqdır.

Səhər saat altıdır. İlk avtobusun son dayanacağına gəlib çatmışam. Bütün gecəni yatmamışdım. Romun və siqaretin qoxusu ağzıma elə hopub ki, üfürsəm, sərxoş olarsan. Avtobusdan düşəndə yol kənarı sahilə bənzəyirdi. Yağış bütün gecəni yağıb yolu selə döndərib.

Aygünü itirdiyim gündən, onu hər gün yenidən öldürürəm. Buna necə ürəyim gəlir deyə düşünmə. Əlimdən gələn hər gün onun bir hissəsini diriltməkdirsə, öldürməyi haqqında düşünməməyə çalışıram. Yenə Aygünü axtarmağa gedirəm. Qəbristanlığa. İndi yəqin orda hər kəs yatıb. Səhər saat altıda oyaq ola bilən biri, yalnız Aygün ola bilər. Gəlib çatdım. Dörd mərtəbəli, qırmızı işıqlarla bəzədilmiş qəbristanlıq. Hər mərtəbəsi ölülərlə dolu. İndi mən özüm də ölü kimiyəm. Üzümə küləklə çırpılan yağışdan başqa sağ olmağımı heç nə ilə hiss etmirəm. İkinci mərtəbə, orta qapı. Döyürəm. Qapını açan yoxdu. Zəngi basıram. Zəngin səsi İsrafilin surunun səsi kimi beynimdə əks səda verir. Dünyamın sonu yaxınlaşır və qapını açır.

-Saatdan xəbərin var? - soruşur.

-Xəbərim var. Aygün, imkan ver keçim içəri. - səsimdə xahişdən əlavə bir iki not yalvarmaq da var idi. Bəlkə yazığı gələr deyə. Bəlkə də elə yazıq halındayam, ona görə.

-Keç, keç. Axmaqlığına görə əlavə pul alacam, xəbərin olsun.

Cəmi bir otaq və otağın ortasında yataq. Başqa bir şey yoxdur və heç başqa bir şeyə ehtiyac da yoxdur. Divarlardan ehtiras səsləri gəlir hələ də.

-Soyun və uzan. Səninlə oynamağa halım yoxdur. Yuxuluyam. Nə edirsən et, tez ol. - bir siqaret yandırdı.

Cavab verməyə sözüm yox idi. O siqaretini çəkənə qədər soyunub uzandım yanında. Son tüstüsünü buraxmağa imkan verməyib dodaqlarından öpdüm. Ağzım tüstü ilə doldu. Dodaqları havası buraxılmış şar dadında idi. Onu möhkəm qucaqladım. Sinəsi bədənimə sıxıldı - yavaş- dedi. Son eşitdiyim söz də o oldu. Romun və yorğunluğun sərkərdələri, ayıqlığımı zəbt etdilər. Yenə o körpü. Yenə körpünün altında məni gözləyən ilan. Məni səsləyən isə...Bu dəfə geriyə baxa bildim. Aygün bir əli ilə körpünün ipindən sallanmışdı. Ayağım yenə taxtaların arasına ilişdi. Körpü yelləndi və….

-Cavan oğlan.- ola bilməz, mən hələ də avtobusdayam? Ayıldım. Yox. Yataqda idim. Embriyon kimi qıvrılıb yatmışdım. Bəlkə də elə embriyon kimi də ölməli idim zamanında. - Oyan, artıq günortadır.

-Aygün, səni yuxuda gördüm.

-Bəsdi sarsaqladın. Mənim adım Samirədir. - o pəncərənin qarşısında evin tək oturacağında yarıçılpaq oturub yenə siqaret çəkirdi. Başım hələ də dumanlı idi. İçkinin ordusu beynimdə nəbzimlə addımlayırdı. Ayağa qalxdım. Evdə deyil, gəmidə idim sanki. Dəniz xəstəliyinə tutulmuşdum. Ürəyim bulanırdı.

-Pulunu qoyub rədd ola bilərsən. Mənə dəxli yoxdur ki, biz heç nə etməmişik. Zamanımı almısan.

-Kəs səsini! - Hər dəfə pulu ödədikdən sonra Aygün yenə ölürdü. Bunu hiss etmək çox ağır gəlirdi.

-Ver pulumu! - dediyi anda ona özümdən asılı olmadan şillə vurdum. Ayağa qalxdı. Qucaqladı. Kiprikləri nəmləndi və sanki ürəyimə girdilər.

-Gedək mənimlə. Diriləsən. - səsimi güclə toplayırdım.

Bir neçə dəqiqə susdu. Aralanıb dedi - Bəs sənin kimi ölüləri kim diriltsin ? Mən fahişəyəm. Birazdan başın açılacaq, hər şeyi unudacaqsan.

-Gedək! Bilirəm sən kimsən. Gedək.

Bəlkə də bu gün getməyəcək mənimlə. Bu gün olmasa da, yenə gələcəm, yenə onu aparmağa çalışacam. Onun üzündə razılıq hiss etdim. Bəlkə də artıq nə edəcəyi ona fərq etmirdi. O tənhalıq istədiyi üçün razılaşardı, mən isə inanmaq istədiyim üçün. Tək bir insanın yanında olmaqdan daha gözəl tənhalıq nə ola bilər axı fahişə üçün? Və cəsarətli bir fahişədən daha artıq kimə inanmaq olar axı?

# 1027 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #