Qulu Məhərrəmlinin çörəyə təpik "atmağı"

Qulu Məhərrəmlinin çörəyə təpik "atmağı"
4 mart 2016
# 13:33

Hər şey ondan başladı ki, telejurnalist, professor Qulu Məhərrəmli Moderator.az saytına verdiyi müsahibəsində Aztv rəhbərliyinin ünvanına sərt, kəskin tənqidlər səsləndirdi.

Müsahibədən bir neçə gün sonra Aztv əməkdaşları Q.Məhərrəmliyə daha kəskin videosüjetlə cavab verdilər.

Videosüjetlə bağlı məni iki məqam maraqlandırır. Əsasən onlar barədə bəzi qeydlərimi bölüşmək zərurəti hiss eləyirəm.

Aztv əməkdaşlarının iştirak elədiyi videosüjet çox güman ki, etik çərçivələr və ya bilmədiyimiz hansısa məqamlar səbəbindən dövlət kanalında yayımlanmayıb. Əvəzində Youtube-da yerləşdirilib, üstəlik, kimlərin tərəfindən hazırlandığı titrlərdə göstərilməyib.

Amma süjetdə danışanların hamısının dövlət televiziyasının əməkdaşları olduğunu nəzərə alsaq, belə bir süjetin hazırlanması ideyasını kanal rəhbərliyi tərəfindən irəli sürüldüyünü ehtimal etmək olar.

Yoxsa telekanalların sosial şəbəkələrdə, mediada kəskin tənqidlərə məruz qaldığı, min cürə problemlərin olduğu bir vaxtda kim özünə əziyyət verib, könüllü Aztv rəhbərliyini müdafiə edən süjet hazırlasın ki?!!

2 saat 44 dəqiqə müddəti olan süjetdə kədərli faktlar çoxdur. Məsələn, müsahiblərin əksəriyyəti, qürurla dövlət televiziyasının dünya standartlarına uyğun texniki bazasından, inkişafından, pavilyonlarından, dekorasiyalarından danışır, amma cavab süjetini mahiyyətcə və formaca dünya standartlarına uyğun təqdim edə bilmirlər. Effektli, müasir piar texnologiyalarına müraciət etmək əvəzinə, rəqibə sovet dövründən qalma, köhnə-kürüş, əhəmiyyətini itirmiş piar texnologiyası ilə cavab verilir.

Nisbətən yaşlı nəslin xatirində olar, Ayaz Mütəllibovun hakimiyyəti dövründə onun təbliğatının dövlət televiziyasında əsas hərəkətverici qüvvəsi telejurnalist Vüsal Əfəndiyev idi. Mahiyyətcə və formaca bu süjet V.Əfəndiyev dövrünə aiddir. Süjetə baxanda adam özünün informasiyanın sərhədlərinin itdiyi XXI əsrdə yaşamasına şübhə edir.

Məgər piarın başqa, müasir, intellektual formasını düşünmək mümkün deyildimi?

Məsələn, sivil variantlardan biri bu ola bilərdi ki, rəhbərlikdən kimsə Q.Məhərrəmli ilə debata çıxaydı.

Yaxud Q. Məhərrəmlinin müsahibəsində təhqir elementlərinin, ümumiyyətlə, haqlı olub-olmadığını müəyyənləşdirmək üçün hüquqşünasların, media eskpertlərinin, dilçilərin, BDU-in jurnalistika fakültəsinin əməkdaşlarının rəyini almaq, müxtəlif sayt, qəzet rəhbərlərinin münasibətini öyrənmək olardı. Bu, effektli və sivil vasitədir.

Piarın düzgün qurulmaması, köhnə üsullardan istifadəsi səbəbindən haqqında danışdığımız süjet sosial şəbəkələrdə qıcıq və gülüş hədəfinə çevrildi.

Sivil piar və ya məhkəməyə müraciət etmək əvəzinə dövlət televiziyasının əməkdaşlarının özləri daha ağır ifadələrə əl atır: “üzdəniraq”, “şərəfsiz”, “nankor”, “alçaq”, “yaltaq”, “satqın”, “əxlaqsız” və s.

Süjetdə əməkdaşlardan biri Q.Məhərrəmlinin şəxsi həyatından müəyyən məqamları danışır, arada da utana-utana etiraf edir ki, “başa düşürəm ki, ucuz, iyrənc söhbətdir” və danışmağa davam edir.

Hətta ola bilsin ki, müsahiblərin dediyi hansısa fikirlər həqiqətə uyğundur, amma bunun təqdimat forması son dərəcə qeyri-etik, qeyri-peşəkardır.

İkinci məsələ, əməkdaşların Q.Məhərrəmlini yediyi çörəyə xor baxmaqda ittiham etmələridir. “Xor baxmaq” deyəndə yəqin onun vaxtilə Aztv-də işləməsi nəzərdə tutulur.

Öncə bir haşiyə çıxım. Trierin Kann festivalındakı qalmaqalını xatırlayırsız yəqin. O, Hitlerə rəğbətini bildirəndən sonra “persona non qrata” elan edildi. Sonra Berlin festivalına dəvət alan Tirer bura Kann festivalının loqosu altında “persona non qrata” yazılan köynəklə qatıldı. Azərbaycanın tanınmış sənət adamlarından biri söhbətimizdə münasibəti belə oldu ki, Kann festivalı Trierə mükafat verib, diqqət ayırıb, o, gərək onların verdiyi çörəyə təpik atmayaydı.

Onun bu cür dəyərləndirməsini eşidəndə heyrətdən əlim üzümdə qaldı.

Anlatmağa çalışdım ki, Qərbdə tamam başqa dəyərlərlə, həyat təcrübəsi ilə yaşayırlar. Festivalları dəyərli edən Trier kimi rejissorların yaradıcılığıdır. Rejissorlar o mükafatı əmək sərf edib alırlar, orda belə protestlər, ifadə azadlığı normal qarşılanır, buna görə kimisə həbsə salmırlar və s.

Yəni, biz ümumiyyətlə, cəmiyyətdə tez-tez işlənən bu fikrə aydınlıq gətirməliyik ki, “yediyi çörəyə tüpürmək” hansı kontekstdə doğrudur, hansında yanlış. Tutaq ki, kiməsə təmənnasız yardım göstərirsən, şəxsi evində sığınacaq verirsən və yaxşılıq elədiyin həmin adam evini oğurlayırsa, bu halda “yediyi çörəyə tüpürmək” ifadəsi yerinə düşür.

Amma kimsə idarədə, şirkətdə çalışıb zəhmətinin müqabilində əmək haqqı alırsa, işdəki nöqsanları tənqid edirsə, bunun “yediyi çörəyə tüpürməklə” heç bir əlaqəsi yoxdur. Ona qalsa bütün kanallar ən sərt şəkildə adi insanlar tərəfindən sosial şəbəkələrdə tənqid olunur.

Yəni dosta xəyanətlə peşəkar, iş münasibətini ayırmaq lazımdır. Ümumiyyətlə, “yediyi çörəyə tüpürmək” çox arxetipik düşüncədir və bu fikrin yenidən dəyərləndirilməsinə ehtiyac var.

Sonda zəruri qeydi edim ki, yazımın əsas məqsədi cəmiyyətdə polemikaların köhnə qaydalarla aparılmasından keçirdiyim narahatlıqdır. Mübahisəli nəsə baş verirsə, xüsusən də, media nümayəndələri arasında, onlar müzakirəni cəmiyyətə sivil və peşəkar qaydalarla təqdim etməyə borcludurlar.

# 781 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #