O qadın bu gecə təklikdən, səssizlikdən... ŞEİRLƏR

O qadın bu gecə təklikdən, səssizlikdən... <span style="color:red;"> ŞEİRLƏR
3 iyun 2017
# 15:00

Kulis gənc şair Seymur Sunun şeirlərini təqdim edir.

Süd rəngli qadın

Salam, Süd rəngli qadın,

Qatarlarda dəyişilir

foyelərin boz rənginə bürünən adamlar.

Orda gülən üzlərdən dərin sevgilər,

qəribə hüzn yağırdı.

Tanrı hamının əvəzinə ağladığı gecələrdə

hər yerdən sənin saçın, ətrin,

kipriyin, gözün yağırdı..

Süd rəngli qadın,

tavandakı ağcaqanadların sayı daha heyrətamizdi,

yoxsa pəncərədəki yağış damcılarının?

Yazıram ki,

hisslərimə zərbəsinin yeri çox ağrıdır

ümid qamçılarının.

Görmədən get.

Ruhun məndə qalsın, süd ətrin məndə qalsın.

Bir dəri, bir sümük, bir bədən get.

Süd rəngli qadın,

ey mənim dünyam, ey mənim

qəlb qıran kobudum..

Bu dəfə də görüşmədən ayrılaq deyirsən,

oxudum.

Heç mənə yazdığın məktubda yox,

düz stolun böyründə,

yanındadı ayrılıq..

Bilirsən də,

qadınların canındadı,

bu şəhərin qanındadı ayrılıq.

Oxu, Süd rəngli qadın!

Bilirəm

beş-altı ilə yeni bir cəhd olacaq

Yeni bir sevgi, nişan, toy, əhd olacaq..

Amma, əslində

altmış-yetmiş ilin tək qadını

bu onlarla il,

bu minlərlə ruh içindədi.

Sevdiklərimin hərəsindən iki dənə

- özlərini və yoxluqlarını götürüb

gəmiylə batırmaq istədim azman dalğalara.

Amma yox..

Baxdım ki, Nuh içindədi..

Sevgi süzgəcimdə qalanların yox idi xilası..

Onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Bax, Süd Rəngli qadın!

Öz gözlərini döyən adamın

zərbədən "əzilmiş" baxışlarına!

Addımlarını möhkəmdən vur

üstündən

bir neçə maşın xəyallar,

duyğular gəzilmiş baxışlarına!

Zillən bir neçə saniyə -

iyirmi üç illik körpə gözlərin

süddən kəsilmiş baxışlarına!

İstisiz qalıbdır gözlərin dərin yuvası

Onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Ey, Süd Rəngli qadın!

Şəhərlər cəhənnəm olsun.

Dünyadan qaçanların ilk ünvanını yaz.

Dünyaya gələnləri qaçıraq yanımıza böyüdək.

Adamlar qarışqatək çoxalıb, bilirsən.

Buralarda az adam sağ qalıb, bilirsən..

Buraların qiyməti – iki şahı, bir abbası

Onlar - günahkar tənhalığın tövbəsiz tənhası.

Yaxşı yadıma düşdü, Süd rəngli qadın!

Qaçır, daşıyır, yük altına düşür, beli bükülür,

qarışqaların ahına düşür,

illər öncə qarışqaları tapdalayan uşaqlar.

Yuvalarına sadiqdilər intəhası,

Onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Eh, Süd rəngli qadın..

Bura o qədər darıxdırıcı ki,

vaxt qazanır - tinləri dolaşmayan.

Evdə arada özünü rəfdən atır

illərdi yeməklə bulaşmayan,

yuyulmayan qablar, qacaqlar.

Qonaqların da qaçır iştahası..

Onlar - günahkar tənhalığın tövbəsiz tənhası

Göyərçinlərin günahı

Quş yemləyən qocaları
udmaq istəyirəm, xanım qız..
Sənin qəlbimdə böldüyün
ümid qırıntılarını yığsın
cibinə
quşların qarşısına səpələməyə.
Onları görəndə deyərsən ki,
çörəyə həsrət adamların
gözləri qarşısında
çörəyi ovuclayıb yerə atmasınlar..
Günahdı axı..

Sentimentyabr`ın 31-i.

Mətbəxdə yox yemək ətri, çaydanımda çay.
Bircə dəfə, mənim kimi təkliyini say..
Əllərimdə yoxdu əlin, gözümdə gözün.
Bir az üşü, gəlim geri, biraz gülümsün..

Payız gəlib, indi dedi bunu yağışlar.
Yuyunduqca selə döndü eniş-yoxuşlar.
Udqunmadan söz içməkdi qızınmaq indi.
Şimşək çaxır, kor pişiyə qısıl, bax indi.

Bax susuram, sözlər indi mücrülərdədi..
Dodaqlarım atəşkəsin qanlı sərhədi..
Kilidimə yox açarım, qapıma qıfıl.
Arzum budur, mənimtəki cəzalandırıl.

Sənsiz yazılmış ən gözəl şerlər zibil.
Bircə dəfə uzaqda öl, yanımda diril..
Qaranlığa işıq hopdu, itkin düşdü ay..
Bir çay dəmlə, mənim kimi təkliyini say..

Duyğuların tənəzzülü

Zərif duyğuların soyqırımından
qurtulmaq olmur ki, sağ çıxa bilim.
Çətin ki, daha mən bakir gözləyib,
kimçünsə bir an da darıxa bilim.

Bu notlar, şeirlər bəstələnir ki,
oxunsun zülmətdə günəşin marşı
Bu dizlər, topuqlar davam gətirmir
getsin son yolunu axına qarşı.

Artıq kim etibar edə bilər ki,
etiraf etməyə.. Yox olub kilsəm..
Elə bu ölməyi istəyənlərin
həyatın götürüb yaşaya bilsəm.

Nə qədər dərinsən, o qədər dayaz
Nə qədər lazımsan, o qədər də yox.
Getməkçün bir gəmi bəs eləməz ki..
Nə liman, nə lövbər, nə göyərtə yox..

Gələcək - ondan heç nə istəmirəm
Qayıtmaz o rənglər ağ-qara rəsmə
İndi mən nə keçmiş, nə gələcəyəm
Mənim tək ünvanım - dar arakəsmə..

Sual

Bir gecə qatar kupesində
şirin-şirin yatmışdım.
Səhər oyandım gördüm ki,
kimsə bir kağız qoyub
qırağa atdığım pencəyə.
Yazıb ki:
"Dünən çiyin-çiyinə gəzən hisslər
bu gün gəlir pəncə-pəncəyə.
Hansısa savadsız bir aşpaz
həddindən çox kədər qatıb gecəyə.
Görəsən niyə belə olur, şair?"

Üsyana çevrilən qadın

O qadın bu gecə
təklikdən, səssizlikdən
güzgüyə döndü.
Özün atdı yerə,
Bununla da
adamsız şəhərin
bu səssiz evi
anidən yüksələn
səs-küyə döndü..

Alın yazısı əməliyyatı

Diqqətlə, lap diqqətlə bax ürəyimə.
orda qara nöqtələr var, cərrah bəy.
Bıçağı sal, oy onları,
sonra bir qulağıkəsik itin
qarşısına qoy onları.
Dərhal ölər gözü açıq halda.
Bıçağı sal, oy onları,
məni udan "Böyük Qara Dəliy"ə dönmədən..

Adsız əlaqələrin şeiri.

Sevgi səhradırsa, sən,
hardasan, zəmzəm suyu?
Gəl ki, bu susuzluğu
gəzdirdim illər boyu..

Mən kiçik toz dənəsi
gözlərinə küləklə
qoynumu gətirmişəm..
..kirpiyini ələklə!..

Bizdə alınmayacaq
- mən daş heykəl, sən insan.
Söylə, yaşayarsanmı
bu heykəltək tanınsan?

Çox çətindi dəyişib,
keçmişini boşamaq..
Silib, boşluq içində
qırx-əlli il yaşamaq,

Səni həsrət yoluna
toxuyuram həvəslə..
Sənsə uzaqda dayan,
baramaqurdu bəslə..

Siniflərin şeiri

...bir kor balıqçı qocanın gözlərindən
baxmalıydıq günəşə.
bala balıqları tora salıb,
can vermədən buraxan
atanın vicdanı olsaydı içimizdə.
"bir balayla bir balanı yedirtmək?!"
– cümləsini anlasaydıq biz də..

Prospekt

Hara getsəm,

gözlər kölgəmlə birgə

vücuduma kəndirlənmiştək

arxamca sürünür nədənsə...

Hamıdan qaçıb sənə gəldim, prospekt.

Keçmişə çevrilib,

23 illik tariximin saçlarını sığallayan

barmaqlarımın dərisini cırıb..

Ayaq izlərimdən boyun qaçırıb..

Üzümdəki hüznü acgözcəsinə yalayan

çirkli dəniz gözlərdən yayınmağı bacarıb

Sənə gəldim, prospekt.

Yox, yox rahat deyiləm.

Deyəsən məni izləyir

kimsəsiz dirəklərinin

boynubükük projektor lampası..

Yox lazım deyil, istəmirəm..

İstəmirəm işıqlansın

soyqırıma düşmüş arzularımın

zülmət katakombası..

Şütüyən maşınları saxla,

kimliklərini soruş, vəsiqələrini yoxla..

Mənim də..

..soruş sinəmin altındakı məchulluğumu.

Bu gecəlik süd ətrində qoxusun

küçələrinin qırışmış təni,

burnumun ucunda..

Həyəcanlanım, qızarım, qaçır yuxumu..

Yatmayaq, sevişsin küləklərinlə

üfüqtək qızartdığın yuxusuz gözlərimin içi..

Aç, ağart aramızdakı sevginin fəlsəfəsini,

nifrətin səbəblərini, kini-gileyi..

Azalt sevgiyə keçid həddi-buluğumu,

"Böyümüşlər" bir də deməsinlər ki,

"..yaşın azdı,

sən hələ anlamazsan belə şeyi.."

Qocalt içimdəki gecə ümidsizliyini..

Alın cizgilərini qırışdır,

dən düşmüş saçlarını qarışdır,

bir dar dalanının köhnə, it hürən küncünə sıxışdır..

Çıxsın getsin..

Əlindən qaçıb gəldiyim gözlərtəki

hüznlə.. son dəfə..

içimdəki rahatlığı üçün

darıxsın getsin..

Unudulmuş insanların hər şeyini,

arzularından vədlərinə,

məhrəm sirlərindən kimlik sənədlərinə

əlcəyindən corabına,

sualından cavabına qədər

hər şeyi çantasına

yığsın getsin..

# 977 dəfə oxunub

Oxşar xəbərlər

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #