Eyvaz Əlləzoğlu: “Doğum” – Ən yaxşı hekayəmiz

 

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Eyvaz Əlləzoğlunun Doğum” hekayəsini təqdim edirik.

 

Nənəm nağıl edir ki, o il elə bil hər yana süpürgə çəkmişdilər, tarlalarda dənsiz taxıl sünbülləri yellənir, qapılarda inəklər dam kimi şişir, böyürə-böyürə yanı üstə yıxılıb ölürdülər.

 

Adamlar çöldə pencər, cincilim qoymamışdılar, bişirib yeyir, yenə doymurdular.

 

Gecələr kişilər oğrumca şişib dama dönmüş, ölmüş azarlı inəklərin cəmdəyi basdırılmış yerə gedir, torpağı qazıb ət oğurlayırdılar.

 

O il də bütün müharibə illəri kimi uzun imiş. Camaat acından köpük qusurmuş.

 

O ilisi babam nəsə yara alıb müharibədən qayıdıbmış.

 

Onu kolxoza briqadir qoyublarmış, kişi hər səhər başında on-on beş arvad Yeddi ağaca gedirmiş.

 

Arvadlar Dadaşın furqonunda oturub ətrafdakı qaranlığın içinə baxırlarmış. Onda Dadaş lap uşaq imiş, ordu-orduna yapışıbmış.

 

Arabaya qoyulmuş atlar da arıq imiş, lap sümükləri sananırmış.

 

Babam əri davada ölən bir arvada uyubmuş, arabanın yanı ilə gedə-gedə çalışırmış ki, arvada baxmasın. Arvad çox gözəlmiş, özü də ayğır at kimi kişnəyirmiş, aclıq elə bil yel olub yanından keçməyibmiş.

 

Hər gecə babam uşaqların boğazından kəsib o arvadın yetimlərinə yemək aparırmış.

 

Uşaqlar lap xırdaymış, qaranlıqda gözləri işıldayırmış.

 

Onlar yemək görəndə bir az canlanır, sonra çörəyi alıcı quş kimi göydə qapır, təntik-təntik yeyir, elə bil kiminsə tikələrinə şərik çıxacaqlarından qorxurlarmış.

 

Babam o arvada yaman uyubmuş, evdə yorğan-döşək qoymayıb, hamısını o arvadın yanına daşıyıbmış.

 

Kişi nənəmə tez-tez bunu uşaqlara yazığı gəldiyi üçün etdiyini deyərmiş, amma kənd tamam ayrı şey danışırmış.

 

O il yaman qıtlıq imiş, adamın ruzusu daşdan çıxırmış.

 

O arvadın babamın bir sürü uşağı çılın-çılpaq, ac-yalavacmış, başqa bir yandan kömək, imdad yox imiş. Ona görə də babam gecələr o arvadla oğurluğa gedirlərmiş.

 

Oğurluğa getməmişdən əvvəl o arvad çıraq işığında altdan-üstdən kişi paltarı geyirmiş, at tükündən düzəltdiyi bığa bənzər şeyi də yapışqanla tüpürcəkləyib dodağının üstünə yapışdırarmış.

 

Sabah onlar oğurluqdan dönəndə birgə qazan asırlarmış. O uşaqların da xörək bişənəcən taqətləri olmazmış, tez-tez nənəmdən xörəyin nə vaxt bişəcəyini soruşarlarmış.

 

Nənəm əlində çömçə qara daşın üstündə oturub ocağa baxarmış.

 

Ocaqda nədənsə heç düz-əməlli başlı yanmazmış, hər yanı tüstü doldurar, nənəmin gözü yaşararmış və çox vaxt nənəmin gözü yaşardığından uşaqlar elə bilərmiş o ağlayır.

 

Amma nənəm ağlamırmış, çünki davadan qara kağızı gələn qardaşı üçün ağlamaqdan gözünün yaşı quruyubmuş.

 

Xörək hazır olanda uşaqlar taxtın üstündə qabaqlarında cam, əllərində taxta qaşıq hazır dururlarmış.

 

Nənəm yarmanı çömçə-çömçə cəmə çəkəndə uşaqlar göz qoyurlarmış ki, birinə o birindən artıq xörək çəkilməsin.

 

Sonra onlar qaşığı götürüb yarmanın üstünə düşərlərmiş, cam boşalandan sonra nənəmdən yenə xörək istərlərmiş, nənəm onların əlinə çömçə ilə vururmuş ki, kirisinlər.

 

Onda uşaqlar: – Sən davada itkin düşən qardaşının canı, – deyə nənəmə and verəndə arvadın qulağı güyüldəyirmiş, on doqquz yaşlı, bığ yeri təzəcə tərləmiş qardaşının gözünün qabağında görürmüş.

 

Nənəmin qardaşı ucaboy imiş, utana-utana yana baxarmış.

 

Oğlanın üst-başından nənəmin dədəsi evinin qoxusu gəlirmiş.

 

Nənəm bilirmiş, o oğlan yoxdu, o oğlan bir də qayıdıb gəlməyəcək, o oğlanı uzaq yollar udub. Nənəm gözünün qabağında duran qardaşına baxır əlini dizinə vurub: – Bacın ölsün, a qardaş – deyirmiş.

 

Uşaqlar nənəmə baxanda eymənirlərmiş, səslərini kəsib qorxa-qorxa arvadın suyu soğulmuş üzünə, işıldayan gözünə baxıb geri gedib divara sarı qısılarmış. Handan-hana nənəmin gözünün qabağından o surət çəkilirmiş.

 

Arvad daha da qocalmış hərəkəti ilə qazana, uşaqlara baxır, sonra key-key onlara yarma çəkirmiş.

 

Uşaqlar xörəyi o qədər acgözlüklə yeyərlərmiş ki, qarınları tuluğa dönərmiş. Onlar bütün gecəni yata bilməz, hey tavana baxarlarmış.

 

Tavan qaraymış, oradan hörümçək toru sallanırmış. Uşaqların gözü allananda onları qara basırmış. Qorxudan qışqırıb hövlank qalxanda neft çırağı yenə zəif-zəif otağın divarlarını yalayırmış.

 

O ilisi kənddə arvadlar şəllənib Qaraçöpə gedərlərmiş, apardıqları qırıq-söküyü orada qarğıdalıya, buğdaya dəyiş-düyüş edib qayıdarlarmış. Şələli arvadların ən çətin işi Qavrını keçmək olarmış.

 

O vaxt Qavrı lap qudurmuş axar, qabağına gələni bürüb-büküb apararmış.

 

Nənəm neçə dəfə Qaraçöpə gedibmiş, oradan gətirdiyi buğdanı sonku gün dan ağaranda şələlənib dəyirmana aparıbmış.

 

Dəyirman onda köhnə bağın yanındaymış.

 

Dəyirmanda yaman növbə olurmuş. Nənəm sarıya durub yükün üstündə oturub mürgü döyürmüş, dəyirman daşı hey fırlanırmış, novdandan dən üyüdürmüş, çarxlar durmadan hərlənirmiş.

 

Dəyirmandan dönəndən sonra nənəm girdə-girdə çörəklər bişirərmiş.

 

Nəzir-niyaz çıxar: – Kim qardaşımdan bir xəbər versə, ona muştuluq verəcəyəm – deyərmiş. Nənəm qardaşından xəbər tutmaq üçün tez-tez həyətdəki ağacların budağına baxarmış ki, bəlkə ora sağsağan qonub.

 

Budaqlar, sağsağansız, çalın-çılpaq budaqlarsa həyətdən nənəm baxırlarmış.

 

O il nənəm babamın işdəklərinə dözürmüş, təkcə bircə dəfə dədəsi evinə küsülü çıxıbmış. Kəndin bu təzə xəbərini arvadlar bulaq başında, dəyirmana gedəndə bir-birlərinə danışırlarmış.

 

Nənəm bütün günü dədəsi evində, buxarının yanını kəsib gözünü ocağa zilləyir, başını qaldırıb divar daşlarına baxa bilirmiş, çünki oradan, daşların soyuq parıltısından bığ yeri təzəcə tərləmiş qardaşının ala gözləri nənəmə zillənirmiş.

 

Bu cür, qardaşının lal baxışı altında yaşamaq gündən-günə nənəm üçün məşəqqətə dönürmüş.

 

O gözləyirmiş, kimsə əri evindən dədəsinin üstünə minnətə gələcək, dədəsi kürkünə bürünüb qapısını açan adama qulaq asa-asa qəlyanını sümürəcək, sonra onun evinə getməsinə razılıq verəcək.

 

Nənəmin qulağı ovda-quşdaymış, hər səsə səkirmiş, babamdan ötrü ürəyi getmirmiş, – ona hər gün qarğıyırmış, – küsülü çıxanda kiçik oğlunu gətirməyibmiş. Kiçik oğlu südəmərmiş, həm də yaman kürümüş.

 

Ər evindənsə minnətçi gəlib çıxmırmış. Günlərin bir günü nənəm dədəsi evinə getdiyi kimi eləcə də geri qayıdıbmış babam ona baxıb yenə qəlyanını tüstülədibmiş, amma heç nə deməyibmiş.

 

O ilisi nədən ötrüsə babama pul gərək olubmuş. Taxtın üstündə oturub kənddə ona əl tutacaq adamları bir-bir gözünün qabağından keçirirmiş, amma kiminsə ona kömək əli uzadacağını ağlına gətirmirmiş. O gün sərin külək əsirmiş.

 

Babam onda hələ ana nənəm olmamış Nurzada arvadın üstünə diləyə gedibmiş.

 

Külək babamın şinelinin ətəklərini yellədirmiş.

 

Babam Nurzadə arvadı yelləyirmiş, külək onun səsini götürüb yarğana sarı aparırmış. Beş il sonra babam bu qapıya elçi gələcəkmiş, indi isə heç nədən küləyin ağzında durub Nurzada arvadı səsləyirmiş.

 

O ilisi hələ ana nənəm olmayan Nurzada arvad yarımpadşah kimi yaşayırmış, əri davaya gedəndə əlindəki qızının – mənim anamın – beş yaşı var imiş. Anamın atasından xeyli mal-at qalıbmış, hər həftə anası çörək bişirib Gülşəndə ilə birlikdə şəhərə satmağa gedirlərmiş.

 

Satdıqlarını satar, aldıqlarını alar, gətirib xırıd edərlərmiş, ona görə də əllərində xeyli pulları varmış.

 

İndi babam da durub pul üçün Nurzada arvadı səsləyirmiş.

 

Səsə axır ki, qapı şaqqıldayıbmış, hələ anam olmayan qız uşağı babam olası kişidən nə istədiyini soruşubmuş.

 

O gün arvad yenə Gülşəndə ilə şəhərə gedibmiş və anam evdə tək qalıbmış. Nurzada arvad qızına həmişəki təki qapını arxadan bərk-bərk bağlamağı, çağıran olsa cavab verməməyi tapşırıbmış.

 

Anam o gün elə hey pəncərədən yola baxıb küləyin içindən çıxacaq arvadları gözləyirmiş. O arvadlar hər dönəndə anama saçaqlı konfet, fındıq, cövüz gətirərlərmiş.

 

Anam da səhərdən yola baxarmış və onun anasını adıyla səsləyən yad kişi səsinə qapı açıb qorxa-qorxa: – Nə istəyirsən? — deyə soruşubmuş.

 

Anam onda hələ bilmirmiş ki, nə vaxtsa bu kişini görəndə yaşmaq alacaq, boyunu ona göstərməyəcək.

 

O günmü, sonku günmü babam o pulu Nurzada arvaddan alıbmış, elə o gündən onun qapısını tanıyıbmış, bayramda-zadda pul lazım olanda nənəm də böyründə Nurzada arvadın taxtının üstündə oturarmış.

 

Anamın – o vaxt bir qırıq uşağın – iş-gücü qonşu qızlarla oynamaq imiş.

 

Qonşu qızlar ac olurmuş, amma anam müharibə illərinin uşaqları kimi yeməkdən korluq çəkməyibmiş, hətta anası evdə olmayanda ağ çörəyini aparıb Xatının arpa çörəyi ilə dəyişərmiş. Hər iki qız uşağı təndirin böyrünə çöküb bayaq dəyişdikləri kimi çörəyi gəvələyirlərmiş.

 

O ilisi atam yeniyetmə oğlan imiş, bir sürü tay tuşu ilə birgə gəzirmiş.

 

Hər axşam kənddə kişilər niyyətlənib bir evə yığılır ki, onları davaya aparmasınlar.

 

O damda qara çıraqlar yanarmış. O qara çıraqların işığında sinə vuran enlikürək kişilərin sinəsi qıpqırmızı rəngə çalırmış. Atamgil o kişilərdən ən çox fəallıq eləyən Mustafanın qurşağacan lütlənib ortaya çıxmasını gözləyirlərmiş.

 

Elə ki, Mustafa köynəyini çıxarıb ortaya girirmiş, hər tərəfdən qar topu, buz qırıqları onun bədəninə yağırmış. Mustafa çox ehtimal ki, mərasimi pozmamaq üçün qışqırıb hay-haray salmırmış, astadan: “Allah sizə lənət eləsin!”- deyib əynini geyir, sonra sıraya girib sinə vururmuş.

 

Müharibədən sonra babam qoyuna gedirmiş, amma hər dəfə evə gələndə gecə o qadının evinə “gap eləməyə” gedirmiş və “ərgən oğlanlarından utanmırmış”.

O yay atam kolxozda arabaçı işləyirmiş.

 

Taxıl biçilən il Şahmarla birgə zəmidən yuxarı meşəyə sarı millənən talada bir kölgə görürlər. bu, Cındır Musaymış, ispalkom Əhmədi öldürəndən sonra başına hava gəlibmiş, hökumət onu qaladan açıb buraxandan sonra elə-beləcə dağı-daşı sərgərdən gəzirmiş. Dağı-daşı dolaşa-dolaşa Cındır Musa adamın ürəyindən keçəni oxuya bilirmiş.

 

O gün atamla yoldaşlıq eləyən Şahmar deyir, gəl Cındır Musanı sınayaq.

 

Günortaymış. Zəmini ortasındakı palıd ağacının altındakı torpağı səvəriblərmiş. Boyunduruqdan açdıqları öküzlər arabanın yanında gövşəyirmiş, içmək üçün hələ səhər tezdən Cinni dərədəki bulaqdan gətirilmiş su çəlləkdən iri şəffaf damcılarla qopub torpağa hopurmuş.

 

Şahmarın sözü atamın ağlına yaman batıbmış, hər ikisi üzü Cındır Musa gedən səmtə durublarmış. Arada iki at mənzilindən də çox yol varmış. Hər yan sakitmiş, elə bil dünya səslərini içinə qısıb sirli-sirli nəyisə gözləyirmiş.

 

Atamla Şahmar ürəkləndi: “Cındır Musa, geri qayıt!”, “Cındır Musa, geri qayıt!” – pıçıldayıblarmış. Bir an onlar fikirləşməyə vaxt tapmayıblarmış, qaraltı ley kimi qanad açıb üstlərinə uçurmuş.

 

Onlar gözlərini qırpıb açanda Cındır Musa qənşərlərində durub: – Nə istəyirsiniz? – deyirmiş. – Qoysanıza, çıxam yoluma gedəm. Sizə ki, dəyib-dolaşmıram.

 

Cındır Musanın ağzından köpük daşdanırmış: – Əhmədi niyə öldürdüm deyirsiz? Ordan, ordan – Cındır Musa barmağı ilə göyü deşirmiş, – əmr gəldi! Mən belə döyüldüm! Mən belə döyüldüm!

 

O kişi, o kişi, – Cındır Musa göyü göstərirmiş, – ürəyimə nida saldı!

 

Atamla Şahmarın daha sözü yox imiş, dodaqları bir-birinə yapışıb, çənələri kilidlənibmiş. “Qoyun çıxım yolumla gedim!” — Cındır Musanın səsi xırıldayırmış. Bu vaxt göy ildırım çaxandakı kimi şaqqıldayıbmış, amma göydə bulud yox imiş, yağış havası da döyülmüş.

 

Cındır Musa dönüb gedəndə palıd ağacından o yana baxıbmış.

 

Yer atamla Şahmarın gözünün qabağındaca iki yarılıb, dərin uçurum əmələ gəlibmiş və içəridən yuxarıya sarı qaynayan sapsarı toz burulğanından başqa heç nə yox imiş.

 

Cındır Musa çıxıb gedəndən sonra onlar – atamla Şahmar uzun müddət özlərinə gələ bilməyiblərmiş: key-key durub bir-birlərinə baxırlarmış, sifətləri dümappaq olubmuş.

 

Başlarının üstündə günəş ikiymiş.

 

Bayaqkı toz da burula-burula o günəşin birinə sarı gedirmiş. Onlar huşunu itirib palıd ağacının altına yıxılıblarmış.

 

Ayılanda axşam düşürmüş, haradansa sərin külək əsirmiş, göydə günəş bircəymiş, o da yumalana-yumalana batmağa doğru gedirmiş.

 

Çöldən əl-ayaq yığılanda onlar bayaq yarılan yerə baxmağa ehtiyat edə-edə öküzləri arabalara qoşmuş, çəlləkdəki sudan doyunca içib kəndə sarı yola düşüblərmiş.

 

Torpaq yolda arabaların təkərləri cırıldayırmış, qırmızıya çalan torpağın üstündəsə cırcıramaların səsi gəlirmiş.

 

Kəndə gedən yolun üstündə qarşılarına bir dərə çıxmalıymış.

 

O dərə yaman ağaclıqmış və hər gecə o dərədə cinlər ocaq çatıb, zurna çalar, qol qaldırıb oynayar, dövrəlmə yallı gedib əylənərlərmiş.

 

Həmin o dərədə Göycə quldur Avdını tutub öküzün boyunduruğuna bağlayıbmış.

 

Ay işığında hər şey aydın seçilirmiş. Ağacların öz boyu varmış, yolun qırağında qanqallar bitibmiş.

 

Göyçə şəhərə ot satmağa gedirmiş. Arvadı gözəl Dilşad arabada oturubmuş.

 

Quldur Avdı birdən gecənin qaranlığının içindən sıyrılıb çıxıbmış. Araba dayanıbmış. Quldur Avdının gözü yalquzaq canavar gözü tək işıldayırmış. Gözəl Dilşad da donub qalıbmış. Ay göydə oraq dilimi kimiymiş.

 

Cinni dərənin dərinliyində şeytanlar ocaq çatıbmış, çal-çağır səsi gəlirmiş.

 

Göycənin qəfildən vurduğu badalaq quldur Avdının dizini yerə gətiribmiş.

 

Ondan sonra Göycə onu qamçı ilə döyüb öküz kimi boyunduruğa qoşubmuş. Araba tərpənibmiş. Göycə yuxarı, Dilşadın yanına qalxıbmış. Arvad sakitcə ərinə qısılıbmış.

 

Öküzlər ağır-ağır gedirmiş. Boyunduruğa qoşulmuş Quldur Avdı yerişinə bir balaca pəl qatan kimi kürəyinin arxasında Göycənin qamçısı şıqqıldayırmış. Və indi dədəmgil o dərədən keçməliylərmiş və yaman da eymənirlərmiş.

 

Amma dərə gəlmirmiş, dərə yox imiş, hər yan düz imiş, cırcıramalar oxuyurmuş, ayaqlarının altındakı torpaq da cod, bərk imiş. Hər yandan zəmilərin quru sünbül qoxusu gəlirmiş.

 

Onlar kəndə çatanda itlər hürüşürmüş, təkə-bir işıq gözə dəyirmiş.

 

Atamla Şahmarın ürəyi yerinə gəlibmiş, öküzlər də arabanı yavaş-yavaş çəkirmiş. Yolun ortasında bir lağar olmalıymış, arabanın təkərləri ora düşəndə araba bir az yana əyilməliymiş.

 

Amma bu yol hey gedirmiş, çuxursa qarşılarına çıxmırmış.

 

Kəndin yolu ilə bir az gediblərmiş, sonra ayılan kimi olublarmış, bu kənd onların kəndi döyülmüş, tamam ayrı bir kənd imiş, amma göy həminki göy imiş, həmin ay da buludun dalından çıxıb süd işığını hər yana çiləyirmiş.

 

Kənd evlərinin pəncərələrindən də zəif işıq gəlirmiş, qapılarının ağzındakı ağacların kölgəsi daha qatıymış, itlər yad adam iyi alıb daha bərkdən hürüşürlərmiş.

Yaxşı ki, Şahmarın kirvəsi bu kənddən imiş. Arabaları onların həyətinə sürüblərmiş, ev sahibi Əmrah dayı gecə vaxtı onların bura gəlməsinə çox təəccüb edibmiş, amma heç nə soruşmayıbmış.

 

Onlar Şahmarın kirvəsigilin həyətindəki tut ağacının altında südlü yarma yeyiblərmiş və gecə uçan cücülər hər dəfə özünü çırağın oduna salıb yandıranda ətrafı anlaşılmaz bir qoxu bürüməkdəymiş.

 

Dədəmlə Şahmar yarma yesələr də, Əmrah dayının suallarına arabir cavab versələr də fikirləri tamam ayrı yerdəymiş.

 

Onlar hər dəfə həyətdəki tut ağacının yarpaqlarına baxanda səksənirlərmiş, onlara elə gəlirmiş ki, Cındır Musa yarpaqların arasından onlara baxır.

 

Ay buludun arxasında gizlənəndə evin gəlini farmaşdan döşək çıxarıbmış, ağacın altına kilim döşəyib, onların yerini həyətdən salıbmış.

 

Dədəmlə Şahmar o gecə heç bayırda yatmaq istəmirlərmiş, amma bunu ev sahibinə deməyə üzləri gəlmirmiş.

 

Onlar yerlərinə girəndə xeyli susublarmış, amma gözləri allanırmış.

 

Həyətdə öküzlər gövşəyirmiş, çardağın altındakı at tez-tez quyruğunu topuğuna çırpırmış. Göy qapqaraymış, ulduzlar görünmürmüş. Onlar nəfəsini dərmədən ayın çıxmasını gözləyirlərmiş.

 

Gecədən xeyli keçəndən sonra, nəhayət, ay görünübmüş, buludların yaxası cırıla-cırıla genəlibmiş, adda-budda gözə dəyən ulduzlar zəif-zəif işıldayıbmış.

 

Nədənsə, o gecə ay heç aya oxşamırmış, elə bil ayın sifətinə qan çilənibmiş.

 

Ətraf vahimənin içində mısıbmış. Uzaqdan, dağlardan yalnız çaqqalların ulartısı gəlirmiş. İkisi də arxası üstə uzanıblarmış, amma yatmırlarmış. Arada dədəmi bir az huş aparıbmış. Dədəm yuxusunu da elə bu vaxt görübmüş.

 

Dədəmin yuxusunda yer göydən aralıymış, suyun içində bir taxta parçası üzürmüş, dədəm də o bir parça taxtanın üstündə qalıbmış, ağzından alov püskürən bir bədheybət heyvan ona sarı gəlirmiş.

 

Uzaqda üfüqün qan çillənən yerində balıqçı qayıqları varmış. Qayıqlar xırda dalğaların üstündə ləngərlənə-ləngərlənə durublarmış.

 

Dədəm ora sarı üzmək istəyirmiş, amma qol ata bilmirmiş, su batdaq tək qatıymış, yaşıl yosunalr hörümçək toru kimi bədəninə dolaşıbmış. Hər yandan insan hıçqırtısı gəlirmiş.

 

Dədəm yuxusundan səksənib ayılanda hər yan sakit imiş. Ağac eləcə durubmuş, öküzlər gövşəyirmiş.

 

Amma elə bil hava insan damarı kimi döyünə-döyünə guppuldayırmış. Elə bu vaxt dədəm həyətdə başıaçıq bir qız uşağının xəyal kimi uça-uça harasa getdiyini görübmüş. Dədəmin üz tükləri biz-biz durubmuş.

 

Qolu ilə yatan Şahmarı dümsükləmək istəyibmiş.

 

Amma qolu on pudluq dəyirman daşına dönübmüş, qışqırmaq istəyəndə həniri gəlməyibmiş, səhəri də dirigözlü açıb və o qızı obaşdan qayıdıb ev sahibinin yatdığı otağa girdiyini görübmüş.

 

Bu bir sirli dərd olub dədəmin içinə tikilibmiş.

 

Səhər dili-ağzı qurumuş halda süfrənin kənarında oturub, amma çaya-çörəyə əl vurmayıbmış.

 

Dədəm süfrəyə qulluq edən qızı gecə gördüyü kölgəyə oxşadıbmış.

 

İntəhası kölgəyə oxşayan qız yaman cəld, diriymiş, amma bu qız yorğunmuş, elə bil heç düz əməlli adam döyülmüş, sərsəriyə oxşayırmış, “Görəsən, bu qızı kim alacaq?”- Dədəmin qıza yazığı gəlibmiş.

 

Kənddən çıxan kimi atam gecə gördüklərini Şahmara danışıbmış, amma Şahmarın bu əhvalata həm inanmağı, həm də inanmamağı gəlibmiş. Şahmar beləcə bütün yol boyu arabanın yanı ilə addımlaya-addımlaya şəkli-şəkli susubmuş.

 

Biçənəyə gələndə dünən əmələ gələn uçurumun ağız-ağıza gəlib bitişdiyini görüblərmiş. Onlar qorxa-qorxa torpağa yaxınlaşıblarmış.

 

Uçurum yox imiş torpaqdan təkcə əl boyda yarıq qalıbmış, bitişməyən yerdən boğuq bir səs uğultuyla yuxarı qalxırmış.

 

O gün palıd ağacının altında atamla Şahmar and içiblər ki, bu sirri heç kimə deməsinlər, özü də bir də ürəklərində indən belə Cındır Musanın adını tutmasınlar.

 

O ilisi anam yeniyetmə qız imiş. Atası davadan qayıtmayandan sonra qohumları onu daha çox istəyirlərmiş.

 

Əmisi hər dəfə dağdan dönəndə ona yaxası qotazlı jaket alırmış.

 

Anam öz bahalı pal-paltarı ilə yaman fəxr edirmiş, elə hey güzgünün qabağında durub saçını darayar, özünə tumar verərmiş.

Anamgilin qapısını şübhəli adamlar açırlarmış.

 

Ağzı yaşmaqlı arvadlar şala bürünüb hər axşam onlara gəlir, buxarının yanında oturub pıç-pıçı eləyirlərmiş.

 

Anam qapıda görükəndə arvadlar səsini qısır, taxtın ayaqlarına baxa-baxa susurlarmış. Anam arvadların hər axşam bu cür gəlişinin məqsədlərini sonradan öyrənibmiş.

 

O vaxt nənəm ayrı yerdəymiş.

 

Anam ağ divarlara baxıb ağlayırmış, gündə evi şirələyir, ağları yuyurmuş, amma fikri dağılmırmış. Anam anası ilə barışanda bayram günüymüş. Səməninin yanında şam yanırmış.

 

Bu ev anama yad imiş, bu evin divarında əsgər paltarlı bir adamın şəkli yox imiş, amma bu evdən də onun anasının qoxusu gəlirmiş. Bayırda mart küləyinin səsi eşidilirmiş, külək elə bil inləyir, bütün olub keçənlərə ağı deyirmiş.

 

Elə o gündən anamın atalığıg ilə ayağı açılıbmış.

 

Anamın atalığı hündür, qarayanız kişiymiş. Hər dəfə anamı xoş üzlə qarşılayırmış. Anam atalığının üzünə baxa-baxa heç vaxt görmədiyi atasını xatırlamağa çalışarmış.

 

Yenə toylar varmış, qızlar qol-qola girib gecələr sağdış evinə, yığnağa gedirlərmiş.

 

Sağdış evində qarmonu, dəfi qızların özləri çalırmış. Sonra yerdən süfrə salınarmış, ortaya südlü aş gələrmiş.

 

Onda elektrik işığı yox imiş, çıraq işığında ortaya xına gələrmiş, qızlar qımqıma çala-çala əllərinə xına qoyarlarmış. O otaqların zəif işığında iri-iri kölgələr divarda süzərmiş. Sonra sıx bəzənərmiş.

 

Anamgilin evinin yanından çaya enən dərə yolu ilə hər gün Zəlimxanın atını gecələr minib çaparkən qır yəhərin üstündə tutulub yaxasına sancaq batırılan cin artıq qapı qaravaşına dönübmüş.

 

O gün cin belində səhəng çaydan su gətirməyə gedibmiş.

 

Cin çox gözəl bir gəlinmiş, hər dəfə anamı görəndə: “Sən allah, a bacı, gəl döşümdəki sancağı aç, ayağıma tikan batıb” – deyə and verərmiş.

 

Amma anama tapşırıblarmış ki, cinlə danışmasın. O hər dəfə cinlə rastlaşanda sakitcə sarmaşıq kollarının yanından sivişib evlərinə gələr, qapını bərk-bərk arxadan bağlarmış.

 

Günlərin bir günü cin belində səhəng Qavrı çayından su gətirəndə huşsuz Ömərlə rastlaşıbmış. Müharibədən “qanduş” qayıtmış. Ömər başı-gözü açıq, ayağı yalın dərə yolu ilə döyükə-döyükə gəlirmiş.

 

Cin məlahətli səslə: “Ay qardaş – deyibmiş, – sən allah, gəl döşümdəki sancağı aç, ayağıma tikan batıb”. Ömər başını qaldıranda qarşısında qənirsiz bir gözəl görübmüş.

 

Cinin gözləri iriymiş, isti çəhrayı dodaqları aralanıbmış, yanaqları səhər mehindən qızarıbmış. Ömər üzünü yana tutub gəlinin döşündəki sancağı açıbmış. Sonra dərə yolunun ayağından qalxan burulğan fırlana-fırlana gəlib onları arasına alıbmış.

 

O gözünü açanda gəlin yox imiş, əlində sancaq yoxuşun ortasında durubmuş, yolda böyrü üstə düşüb yarıaşmış səhəngdən qurtaqurtla su tökülüb aşağı axmaqdaymış.

 

Artıq cinin göyə çəkilməsindən kənd xəbər tutanda Ömər böyük yolun üst tərəfindəki qovağın altında kişilərin əhatəsində durubmuş. Anam bir dəstə qız-gəlinlə qazma damın üstünə çıxıb yuxa fətir kimi ağarmış Ömərə baxarmış, Ömər əlini-qolunu ata-ata nəsə danışarmış.

 

Cavanların bir neçəsi cini tutmaq üçün atlanıb biçənəyə doğru gediblərmiş.

 

Cin göyə çəkilməmişdən əvvəl evdə xəmir yoğurubmuş, qayıdanda təndirə çörək bişirəcəkmiş. İndi xəmir acıyıbmış.

 

Arvadlar qollarını çırmayıb xəmiri kündələyirlərmiş, amma xəmir tükənmirmiş, bir ucdan tabaqdan aşıb-daşırmış.

 

Həyətdə adamların çatdığı təndirin tüstüsü qaraymış, hamının gözü yaşarıbmış. Təndirin qalxan alov ərşə dirənibmiş.

 

İsti dalğa-dalğa ətrafa yayılıb adamların üzünü qarsalayırmış. Arvadlar qorxularından bir-birlərinə baxıb, sonra kalafalığın yanında yaşayan Kor mollaya kitab açdırmağa qaçıblarmış.

 

Kor molla qazma damın qarşısında kilimin üstündə durub namaz qılırmış. Arvadlar kənarda durub onun namazının qurtarmasını gözləyiblərmiş. Doqqazın yanında dirək varmış.

 

Dirəyin yanındakı quyu dərinmiş, onun içində ulduzlara oxşayan yumru daş boyda şeylər parıldayırmış.

 

Kor molla namazını qurtarandan sonra kitab açıb xeyli fikrə gedibmiş. Sonra dodaqlarını asta-asta tərpədə-tərpədə dua oxumuş, nə etmək lazım olduğunu arvadlara başa salıbmış.

 

Bütün kənd arvadlı-kişili, oğullu-uşaqlı yoxuşda cin göyə çəkilən yerdə durub gözlərini boşluğa sarı tutub bir ağızdan: – Nə eləyək ki, xəmir qurtarsın? – deyə bağırıblarmış. Göydən səs gəlibmiş: – Kündəni unnayıb tabağa atın!

 

Adamlar durub gözləyirmişlər ki, yenə nəsə eşidəcəklər. Amma daha göydən səs gəlməyib. Zəlimxangili evində arvadlar kündəni unnayıb tabağın içinə qoyublarmış. Xəmir axını elə o dəqiqə kəsibmiş.

 

O gün kənddə hamı cinin yoğurduğu xəmirdən bişirilmiş çörək yeyirmiş. Onda anam pəncərənin qarşısında durub güzgüyə baxırmış, bir dəstə adamsa çörək yeyə-yeyə yoxuşa enirmiş.

 

Səhəng hələ də yolun ortasında qalıbmış və ondan su axıb aşağı gedirmiş. Dəli Bəhmən çubuq atın üstündə adamlara baxa-baxa:- Biz göydən gəldik, göyə də gedərik!- deyə bağırırmış.

 

Onun səsi yarğanda əks-səda verirmiş: – Biz göydən gəldik, göyə də gedərik! Biz göydən gəldik, göyə də gedərik!- Bu səs adamların qulağında zingildəyirmiş.

 

Yarğanın qaşında duran Kor molla: – Onu kiridin – deyə adamlara buyruq veribmiş.

 

Adamlar dəli Bəhməni bürüb-büküb dərə yolu aşağı sürüyüblərmiş, o nəfəsi boğula –boğula yenə də həminki sözü deyirmiş: “Biz göydən gəldik, göyə də gedərik!”.

 

Adamlar onu kiritmək üçün kəndin ortasındakı ağaca sarıyıb döyüblərmiş.

 

Sonra haradansa Cındır Musa hadisə yerinə gəlib çıxıbmış.

 

Uşaqlar Cındır Musanı görəndə analarına sinib gizləniblərmiş, adamlar addımlarını geri ata-ata Dəli Bəhməndən aralanıblarmış. Cındır Musa Dəli Bəhmənin qoluna bağlanmış kəndirə baxanda kəndir öz-özünə paramparça olub yerə tökülübmüş.

 

Dəli Bəhmən elə oradaca dizi üstə çöküb bir bardaq suyu sinəsilə axıda-axıda içib sonra torpaqda oturub adamlara baxa-baxa ağıllı adam sayaq hönkür-hönkür ağlayıbmış.

 

Sonku il atamın toyu olub.

 

Qızı əvvəl ona vermək istəmirlərmiş, hər gün elçilər geri qayıdırmış, axır bir gün qız tərəfi yumşalıb, ortaya şirin çay gəlibmiş. Elçilər şirin çaylarını içəndə anam xalasıgildəymiş, xalası qızları tez-tez bir-birinə baxıb qımışırlarmış.

 

O vaxt kənd toyları çox şöylətli olurmuş, gəlin atlı arabada köçürürlər, başına qırmızı salarlarmış.

 

Anamın ürəyi sınqın olmasın deyə dayıları gedib qonşu kənddəki yeganə “Pobedanı” gətiriblərmiş. Əslində bunu oğlan evi etməliymiş. Onda gəlini “Pobeda” ilə köçürmək dəb deyilmiş.

 

O illərin qızları da bir yerə yığılanda oxuyarlarmış: “Pobeda” –mobeda bilmirəm, “Moskviç”ə minmirəm. Mənim yarım gəlməsə başqasına getmirəm.”

 

O il anamın toy günü mindiyi “Pobeda” yaman gözəl imiş, onun antenasına qırmızı kələğayıdan kəmər bağlayıblarmış.

 

Yengə qabaqda oturub əlindəki güzgünü sağdış və soldışın əhatəsində oturan gəlinə sarı tutubmuş. Amma anam heç nə seçmirmiş, həm də istəsə də özünü görə bilməzmiş, çünki şalın altında o içini çəkə-çəkə ağlayırmış.

 

O illər babamgil yaman kasıb imiş.

 

Onlar hələ də torpaqdan olan qazma damda yaşayırlarmış, fikirləri varmış ki, daşdan ev tiksinlər. Amma onlara gələndən iki il sonra nəhayət ki, onlar daşı-daş üstünə qoyub ev tikə biliblərmiş.

 

Ev hazır olanda payız imiş, elə o vaxtdan babamgil təzə evə köçüblərmiş. Köhnə evdəsə anamla atam yaşamalı olubmuş.

 

O ilisi mən anamın boynuna düşmüşəmmiş. Anam qonşu gəlinlərin yanına gedirmiş, gəlinlər də ona nəsə öyrədirlərmiş, sonra onlar ayrı-ayrı şeylərdən uzun-uzadı danışırlarmış.

 

Elə o vaxtdan nənəm Seyid Şərəbanıya bizim bəxtimizə baxdırmağa gedibmiş. Seyid Şərəbanı iki ilan da yanında sanki uçacaqmış kimi ayaqlarının ucunda öz otağında durubmuş.

 

Nənəm ilanları ilan donuna girmiş məleykə hesab edibmiş.

 

Sonra nənəmin gözünün qabağındaca Seyid Şərəbanını elə bil qeybdən çəkiblərmiş, qız yel kimi skamyanın ayaqları altından uçub otağın o başına gedibmiş, xeyli otağı yarı bölən qara pərdənin dalında qalandan sonra qayıdıb gəlib onunla üzbəüz oturubmuş, məlahətli, yumşaq, hüznlü səslə:- Bəxtinizə baxmağa ilanlar izn vermirlər, ay xala, – deyibmiş, – mənim də vaxtım yoxdur, çox yorğunam, özüm də sabah öləcəm.

 

Qız belə deyəndə nənəm çaşıb qalıbmış. Dili söz tutmayıbmış, özü ilə gətirdiyi nəziri qapının ağzına qoyub gedibmiş.

 

Səhər gün çıxanda Seyid Şərəbanı əlində qırmızı alma həyətdə durubmuş, anasına: – Qulplu qazanları asın, su qaynadın, – deyibmiş, – gün batanda dədəmin meyidini gətirəcəklər.

 

Mən öləndə bu alma harada dayanacaqsa meyidimi orada basdırın. – Seyid Şərəbanı sözünü tamam eləyəndən sonra əlindəki qırmızı almanı yerə atıbmış. Qırmızı alma diyirlənə-diyirlənə gedib bir təpənin döşündə dayanıbmış.

 

Seyid Şərəbanı çiyninin üstündən dönüb yola baxanda gün batırmış, qırımızı qürub şəfəqlərinin altında qəhvəyi rəngə çalan torpağın üstündə adamlar onun dədəsinin cənazəsini kəndə gətirirlərmiş.

 

Qız anasına baxıb gülümsəyibmiş və dərindən nəfəsini alıb buraxıbmış, nəfəsi küləyə qarışan kimi Seyid Şərəbanı torpağa çöküb gözünü yumubmuş.

 

Seyid Şərəbanı ölməsəymiş nənəm bəxtimizi, qismətimizi, bizi gələcəkdə gözləyənləri irəlicədən biləcəkmiş.

 

Bu həvəs arvadı arxayın qoymayıbmış, Seyid Şərəbanının türbəsinə ziyarətə gedib nəzir-niyaz veribmiş.

 

O gecə Seyid Şərəbanı nənəmin yuxusuna keçibmiş, eyni kədərli, yumşaq səslə: “Ay xala, – deyibmiş, – yaman narahatsan, oğul nəvən olacaq…”. Seyid Şərəbanı yenə əvvəlki paltarındaymış, əlində də qırmızı alma tutubmuş, almanın bir tərəfini dişləyiblərmiş, amma ilanlar onun yanında yox imiş.

 

Bura yəqin harasa cənnət imiş, çünki lap yuxuda da olsa nənəmin burnuna xoş bir ətir gəlirmiş.

 

O ilisi Zəlimxangilin saxladıqları cin çaydan gəlirmiş.

 

Yoxuş çox dikdirmiş, cin belində səhəng yoxuşu üzü yuxarı dırmaşırmış, özüdə cinin balası varmış, Zəlimxanın anası cinin körpəsinə geydirdiyi paltarı da sancaqlayıbmış, ona görə cin qaça bilmirmiş.

 

O gün kasıb Umudəlinin atı ipi qırıb çaya tərəf qaçıbmış, Umudəli əli çubuqlu çaya enən vaxt cini görübmüş.

 

Cin bəni-insan görəndə həmişəki tək:” Ay qardaş, gəl sinəmdəki sancağı aç, ayağıma tikan batıb, onu çıxardım”- deyibmiş. Umudəlinin huşu başında deyilmiş, fikri-zikri qaçan atının yanındaymış, düşünürmüş ki, heyvanını tutan kimi əlindəki çubuqla onun burnuna-burnuna döyəcək, Umudəli sancağı açan kimi göydən bir əl çıxıbmış, gəlini götürüb buludların arasında yox olubmuş.

 

Nitqi tutulmuş Umudəli özünə gələndə görübmüş ki, yer-göy başına dolanır.

 

Bayaq cinin belindəki səhəng də yoxuşun ortasında yarıaşmış durubmuş, ondan qurthaqurtla axan su aşağı gedirmiş, Umudəli boylananda qəbirstanlıq tərəfdə qara paltarlı adamlar görübmüş, o adamlar Umudəliyə əl edir: “Yanımıza gəl” — deyirmiş.

 

Umudəli sonku gün kəfənə bürünüb adamların çiynində qəbirstanlığa sarı gedirmiş.

 

Onun atı hələ də çüyünü qırıb çalada oynaqlayırmış, evdə isə üç xırda uşaq çat-çat divarlara baxa-baxa kişilərin çiynində gedən atalarına ağlayırlarmış. Ən qəribəsi də Umudəlinin atının cənazənin arxasınca getməyi imiş, boylu-buxunlu atın yalmanını yel vura-vura tabutun arxasınca gedirmiş, adamlar nədənsə onu qovub eləmirmiş.

O ilisi hər gecə cin Zəlimxangilin qapısına gəlib: “Mənim balamı verin”- deyə zarıyırmış. Zəlimxanın anası cinin balasına gündə daha bir sancaq bağlayır, onu bələyib beşikdə yırğalaya-yırğalaya layla deyirmiş.

 

Cinin səsindən gecələr itlər zar-zar əsirmiş. İtlər basanda bütün kənd bilirmiş ki, cin Zəlimxangilin qapısında durub onun anasına yalvarır.

 

Cinin balası qız imiş. Kəndin ağsaqqalları Zəlimxanın anasının üstünə hər gün minnətə gəlirlərmiş ki, onu buraxsın.

 

Kəndin ağsaqqalları buxarının yanında oturub təsbeh çevirə-çevirə: “Onsuz da o, yekələndə kimsə onun sancağını açacaq, – deyirmiş, – çünki o cindir, cin kimi də yaşamalıdır”.

 

Zəlimxanın anası çoxbilmiş arvadmış, cini xeyli süründürəndən sonra onun nəslinə bir də dəyib toxunmayacağına and içdiribmiş, cinin balasını qaytarmaq əvəzi isə ondan qatır dırnağı ilə bir cadu alıbmış.

 

Bu cadu ilə qatır dırnağını hal arvadlarının üstünə apararlarmış.

 

Ondan qabaqkı günlər yaman yağmurluymuş. Anam kandarda durub yağışa baxırmış.

 

Qodu gəzdirən uşaqlar elə ondan gəlib çıxıblarmış, anam qodunun qırmızı köynəyini görəndə evə şirinlik gətirməyə gedibmiş.

 

O şirinliyi paylayanda uşaqlar yağışın altında cır səslə oxuyurlarmış. “Qodunu gördünmü…” Sonra səs aşağı məhəllələrdə itibmiş. Sonku gün yağış kəsib günəş çıxanda anam qodu gəzdirən uşaqları xatırlayıbmış.

 

O gün yol-iz qupquru olubmuş. Günortadan keçəndən sonra anamın ürəyi bulanıbmış. O gözləyibmiş ki, ürəkbulanması kəsəcək. Ancaq ürəkbulanması keçib getməyibmiş.

 

Dədəm işdən qayıdanda çıraq yanmırmış, içəri qaranlıqmış, həm də axşam yeməyi hazır deyilmiş.

 

Anam taxtın üstündə ağrıdan qavrılırmış. Dədəm gedib qonşudan Gülməhəməri səsləyibmiş, anam qayınanasından utandığı üçün onu çağırtdırmayıbmış.

 

Gülməhəmər gələndə anamın halı pisləşibmiş. Gülməhmər dədəmə: “Bu ağrı çəkir”, – deyibmiş. Dədəm irəli-geri gedibmiş, bayıra çıxıb içəri qayıdıbmış.

 

Belə vaxt nə lazım olduğunu bilmədiyindən karıxıb qalıbmış, o biri evə gedib artırmanın yanından anasını səsləyibmiş. Nənəm onu kənd əbəçisi Gülpərinin arxasınca göndəribmiş.

 

Əvəçi gələndə gecə yarıymış. Gülpəri qonşudan bir neçə çıraq da gətizdiribmiş. O, çırmanıb işə girişəndə anlayıbmış ki, burada onun təcrübəsi azlıq edir.

 

Dədəm gedib qardaşının qonşu kənddə yaşayan feldşerin arxasınca göndəribmiş. Onlar arabanı qoşanadək xeyli vaxt keçibmiş, xamut tərs kimi yerinə düz oturmurmuş, qayışın bağları qırılırmış.

Ana nənəm xəbəri haradansa eşidib özünü həyət salıbmış. Arvadlar ona bir qurtum su içirdiblərmiş.

 

O içəri keçəndə hər halda toxtayıbmış. Qonşudakı qız-gəlin əllərində vedrə, qazan dama çıxıb bərkdən döyəcləyəndə səhər yeni-yeni açılırmış.

 

Qarılardan biri dədəmə: – Toyuqluğa gir, bir xoruzbeçə tut, onun ciyərini diri-diri çıxar, qaça-qaça apar Qavrının suyuna üç dəfə sal çıxar, bura gətir. Amma gedəndə də, gələndə də dönüb geriyə baxma – deyiblərmiş.

 

Sonra Zəlimxanin anasıgilə qatır dırnağı və cinin verdiyi cadu üçün göndəribmiş.

 

Bir azdan dədəm əlində xoruzbeçənin qanlı ciyəri üzü yuxarı yoxuşa sarı yüyürürmüş.

 

Dünya haracandır? Axirətəcən. Bəs axirətdən o yanda nə var? Axirətdən o yana cənnət və cəhənnəm var. Cənnətin qapısında iki mələk oturub, birinin adı Harut, birinin adı Marut.

 

Harutla Marut şeytan kimi adamı pis yola çəkirlər, əxlaqsızlıqlarının ucundan onları cənnətdən qovublar. Cənnətdən sonra cəhənnəm gəlir. Cəhənnəmdə qır qazanları qaynayır. O qır qazanlarına sarı gedən yolda bir qıl körpüsü var.

 

Bəs cənnətdən, cəhənnəmdən o yana nə var? Cənnətlə cəhənnəmdən o yana heç nə yoxdur. – Kor molla daşın üstündə bardaş qurub dörd yanında dövrələmə oturmuş kişilərlə danışırmış. Sübh ayazıymış.

 

Dədəmi təəccüb götürübmüş, axı bu Kor molla hələ keçən ildən xırmandan aşağıdakı quyuya düşüb ölübmüş.

 

Oğlu davadan qayıtmayan Səməngül qarı hər axşam, hər səhər yarğanın başına çıxıb yola baxarmış.

 

Əslində onun baxdığı səmtdə yol yoxuymuş, oradan su axırmış, o suyun rəngi gecələr qaralanda Səməngül qarı elə bilirmiş çay qara torpaq yoldur.

 

Yarğanın altında qaranquşlar, yarasalar uçurmuş. Məleykələr hər dəfə Səməngül qarını fikrindən sapındırırlarmış:- Özünü aşağı burax, – deyirlərmiş, – hər yan genişlikdir. Oğlun da oradadır. – Onlar Səməngül qarını xeyli vaxt beləcə tovlayırlarmış.

 

Səməngül qarı ayağa durub uçuruma sarı gedəndə qeybdən bir əl çıxıb onu tutub saxlayırmış. Səhər tezdən atam onu yarğanın başında görəndə xəyal zənn edibmiş.

 

Qarı dədəmə sarı çevrilib gülümsəyibmiş. Bu təbəssümdə nəsə iyrənc bir şey varmış, atam qurbağa görəndə iyrənibmiş kimi üzünü yana tutubmuş.

 

Çaya enən yol daşlı-kəsəkliymiş. Yarğanın qaşından çıxan bulaqdan pırsılmış yumurta sarısının qoxusu gəlirmiş.

 

Yuxarıda, əkin yerlərində ot tayalarının hərəsi bir tərəfə əyilib qalıbmış. Bəridə, həyətlərdəki payalara yapışdırılmış eşşək kəllələrinə qarğalar qonubmuş.

 

Qarğalar elə lal-tərpənməz durublarmış ki, dədəm əvvəl qorxubmuş, yerə əyilib qarğaları daşlayıb qovmaq istəyibmiş.

 

Arxadan saz səsi gəlibmiş. Hava elə gözəl çalınıbmış ki, dədəm geri boylanmaqdan özünü güclə saxlayıbmış.

 

O, dizləri əsə-əsə çayın ortasına gəlibmiş. Çay soyuq, dalğalar diriymiş.

 

Dədəm əlindəki xoruzbeçə ciyərini üç dəfə dalbadal suya batırıb çıxarıbmış.

 

Elə bu vaxt yarğandan daşlar qopub dığırlana-dığırlana üzüaşağı gəliblərmiş. Dədəm səsi eşitsə də geri çevrilməyib.

 

Daşlar toz qaldıra-qaldıra gəlib suyun kənarında dayanıblarmış. Dədəmə elə gəlibmiş ki, daşlar çaydan su içməyə gəliblər, sonra qayıdıb geri gedəcəklər.

 

Atam üzü yoxuşa sarı yüyürəndə nəfəsi kürəyinin arxasından çıxırmış. O hər dəfə addım atdıqca dağ, daş, çay ağaclar dilə gəlirmiş: “Geri bax! Geri bax! Geri bax!” Daşlar qaval kimi səslənirmiş.

 

Cinni dərədən zurna səsi gəlirmiş. Dərə yolu qəbirstanlığın qırağına dolanıb kəndə çıxırmış.

 

Yolun qırağında ilan oyruqları ağızlarını açıb dədəmə baxırlarmış. Torpaq yol uzanırmış. Yolda ayaq izləri varmış. İzlər üzüaşağı gedirmiş.

 

Qəbiristanlığın yana əyilmiş daşları görükəndə dədəm qaçışını yavaşıdıbmış. Ocaq oğlu Səmədin qəbrindən yenə işıq gəlirmiş. Dədəmə elə gəlib kimsə orada durub üşümüş əlini isidir.

 

Yol uzandıqca uzanırmış. Cinlər pişik cildində, it cildində, qarışqa cildində, kərtənkələ cildindənmiş.

 

Dədəm əli qanlı, nəfəsi təngiyə-təngiyə üzü yuxarı dırmaşırmış, boynunu zorla geri döndərən səsləri əlinin hərəkəti ilə qovurmuş.

 

Kəndin ən gözəl, suyuq arvadı Göyçək arxada durubmuş, gözləri deyirmiş: gecələr ala-tala qar yağanda, ərim xurcununu çiyninə atıb qonşu kəndlərdən dəri yığmağa gedəndə, külək qapılarda vıyıldayanda, ala itimiz quyruğunu qatlayıb samanlıqda yatanda astanamda dayanarsan, üzünə qapım açılacaq, soyuqdan qabaq içəri girərsən, taxtın üstündə açılmış yataqda, isti, ağ məmələrinin arasında… Dön geri bax!

 

Zəlimxanın anasının qulluğunda duran cin çiynində səhəng yolun üstündə dədəmin qarşısına çıxıbmış: – Ay qardaş, sən allah, döşümdəki sancağı aç, ayağıma tikan batıb- deyibmiş. Cin gözəl imiş, qənirsiz imiş. Dədəm baxışlarını yayındırıbmış.

 

O bilirmiş ki, sancağı açsa, səhəng yolun ortasına düşüb qalacaq, tabaqdan xəmir aşıb daşacaq, kənd o gün dadsız-duzsuz çörək yeyəcək.

 

Dədəm yolunun üstündən cini itələyib irəli cumubmuş.

 

Bayaq Kor Molla hədis elədiyi yerdə iri çay daşları durubmuş. Bir daş o birisinə:- Üstündə günahların pöhrələyəcək, – deyirmiş.

 

Evlərin damı yastıymış, bacaların yanında pişik otları yarğalanırmış. Sərv ağaclarında qarğa yuvaları varmış.

 

Damların üstündə adamlar durublarmış, arvadlar qazan döyəcəkləyir, kişilər tüfəng atırmış. “Gor dünyan çatdasın sənin!”- Fatı qarı təndirin yanında durub qarğayırmış.

 

Cin Fatının cildindəymiş.

 

Üç yol ayrıcında arvadlar ələyin içində oturmuş uşağın ayaq barmaqlarına sarınmış sapı qayçı ilə kəsirlərmiş.

 

Dədəm qapıya çatanda mən anadan olmuşammış. Arvadlar məni bələyib bir tərəfə atıblarmış.

 

Bacadan süzülən işığın altında duran nənəmə elə gəlirmiş ki, mənim əlimdə qırmızı alma var. Amma qırmızı alma yox imiş. Ovuclarım açıq imiş, buradan sonra hər şey ovuclarımdan axıb boşluğa gedəcəkmiş.

 

Amma bunu nənəm bilmirmiş. Arvadlardan Bağdagül baxıb görüb ki, alnımda, qaşlarımın üstündə üçüncü göz var. O qorxusundan nitqi tutulmuş halda işarə ilə bunu ətrafdakılara göstərməyə çalışıbmış.

 

Nənəm arvadların dönüb baxmasına imkan vermədən irəli gəlib əli ilə üçüncü gözümü sığallayıbmış.

 

Bu zaman cinlər, şeytanlar göyün dərinliyinə çəkilib torpağa baxırlarmış.

 

Torpaq da səmanın boşluğunda talelərə düşən alın yazısı deyilən şeyi yaradan ulduzların cazibəsi altında milyon il əvvəlki tək ağır-ağır fırlanırmış…

 

1985-ci il

 

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal" 

Y.Səmədoğlu "Astana" 

Ə.Haqverdiyev "Bomba" 

Anar "Gürcü familiyası" 

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib" 

S.S.Axundov "Qaraca qız" 

Ə.Haqverdiyev "Mirzə Səfər" 

Ə.Əylisli "Nənəmin tütün kisəsi" 

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək" 

Qan Turalı "Şaxtababanın qətli" 

Anar "Asılqanda işləyən qadının söhbəti" 

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl" 

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017